Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: “Azərbaycan Avrasiyanı birləşdirən qovşağa çevrilə bilər”

Siyasət 09 Oktyabr 2026, 10:49

481

İlham Əliyev və Donald Trampın Bakı Zirvəsini keçirməsi mümkündürmü?

Mərkəzi Asiya vahid geosiyasi məkana çevrilir. Birləşmənin institusional əsasları 2017-ci ildən başlandı. Əsas məqsəd regionun problemlərini və gələcəyini xarici vasitəçilərin iştirakı olmadan əvvəlcə öz aralarında həll etmək idi. Çoxəsrlik tarixi olan, Sovetlər Birliyinin dağılmasından sonra Qərb, Çin, Türkiyə və Rusiya arasında gələcəyini müəyyənləşdirməyə çalışan müstəqil dövlətlər son illər bütöv halda hansı qlobal iqtisadi və siyasi sistemə qoşulacaqlarını müəyyənləşdirməyə çalışırlar. 

9 ildir yaradılan C5 regional formatı beynəlxalq dairələrdə mühüm təsisat kimi qəbul edilir. Lakin ondan iki il öncə ABŞ-ın formalaşdırdığı C5+1 Platforması əvvəlcə təhlükəsizlik, Əfqanıstan və sərhəd problemlərinə yönəltmək üçün qurulmuşdu, indi isə kritik minerallar, enerji, nəqliyyat və təchizat zəncirləri məsələləri ön plana çıxarılıb. Lakin Mərkəzi Asiyanın əhəmiyyəti təkcə təbii sərvətlərilə ölçülmür. Region böyük bir siyasi məkanda - Çin, Rusiya, Cənubi Qafqaz, İran, Əfqanıstan və Xəzər arasında yerləşir. Hansı qlobal güc və qonşu dövlətin liderliyi strateji bir coğrafiyada etibarlı nəqliyyat, enerji və rəqəmsal şəbəkə qurmağı bacararsa, Avrasiyada həlledici təsir imkanı qazanır. 

Avropa İttifaqının apardığı siyasətdə də seçdiyi prinsiplər və maraqların dairəsi oxşardır. 2025-ci ilin aprelində Səmərqənddə keçirilən ilk AB–Mərkəzi Asiya sammitində münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldı, Brüssel 12 milyard avroluq Global Gateway paketini elan etdi. Transxəzər nəqliyyat infrastrukturuna artıq 10 milyard avroluq beynəlxalq investisiya paketinin səfərbər edilməsi qərarların həyata keçirildiyini təsdiqləyir. Məqsəd Avropa ilə Mərkəzi Asiya arasında yükdaşımalarını 15 günə və ya daha aşağı müddətə endirməkdir. Brüssel Mərkəzi Asiyanı Rusiya və Çin arasında yerləşən təhlükəsizlik buferi kimi görür, lakin Avropanın Mərkəzi Asiyaya birbaşa çıxışı yoxdur. Moskvadan kənar əsas qərb marşrutu Xəzərdən və Cənubi Qafqazdan keçməlidir. 

Çin isə regionu tarixən öz iqtisadi və mədəni arealının bir parçası sayır. Si Tzinpinin “Bir Kəmər, Bir Yol” təşəbbüsü, Çinlə beş Mərkəzi Asiya ölkəsi arasında mal dövriyyəsinin ilk dəfə 100 milyard dolları keçməsi tarixi mənafelərin və bağların necə güclü bir şəkildə Pekin tərəfindən qorunub saxlanıldığını göstərir. 

Məhz belə bir şəraitdə Azərbaycan Mərkəzi Asiyanın geosiyasi məkanına daha dərindən daxil olmaq qərarını verdi. Vətən müharibəsində Qələbədən sonra ölkəmiz yeni geosiyasi status qazanıb və daha güclü bir şəkildə post-işğal strategiyasını həyata keçirir. 2025-ci ilin noyabrında Azərbaycan Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşünə tamhüquqlu iştirakçı kimi qəbul edildi və dördü türk dövləti olan birliklə Cənubi Qafqaz arasında yeni geosiyasi və geoiqtisadi məkan formalaşdı. Tarixən qlobal güclər arasında Xəzərin iki tərəfini birləşdirən yalnız müxtəlif imperiyalar olub. İndi isə İlham Əliyev qətiyyətli iradə göstərərək, qalibiyyətin coğrafiyasını genişləndirməyə və daha çox dövlətin maraqlarını Bakının təşəbbüsləri ətrafında birləşdirməyə çalışır. Əslində iqtisadi və ya tranzit layihələrlə yanaşı, məhz təhlükəsizlik baxımından Cənubi Qafqazın taleyi Türküstan coğrafiyası ilə sıx bağlıdır. Min illər ərzində İpək yolunun keçdiyi əraziləri indi yenidən dirçəltmək və xalqları birləşdirmək böyük siyasi-iqtisadi imkanlar tələb edir.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması tarixi hadisədir, lakin işğal dövründə Küveyt dövlətinin ərazisinə bərabər coğrafiyada kommunikasiyalar münaqişənin girovuna çevrilmişdi. İndi vəziyyət köklü şəkildə dəyişib və bölgədə yeni geosiyasi reallıq yaranıb. 

ABŞ birinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda formalaşan qüvvələr nisbətini, Moskva və İranın regionda ənənəvfuz zonası olduğunu yaxşı bilirdi. Lakin müharibə geosiyasi inqilaba çevrildi və otuz illik məğlubiyyət üzərində qurulan arxitekturanı iflasa uğratdı. Daha sonra 8 avqust 2025-ci il Vaşinqton Zirvəsi ilk dəfə ABŞ-a Ermənistan-Azərbaycan normallaşmasında müstəsna söz sahibi olmaq imkanı verdi, üstəlik, barış prosesini nəqliyyat və iqtisadi layihələrlə möhkəmləndirməyə şərait yaratdı. Ağ Evin rəsmi bəyanatında tarixi görüşün nəticələri açıq şəkildə strateji layihələrlə əlaqələndirilir. Deməli, Vaşinqton üçün TRİPP Naxçıvanı ana torpaqla birləşdirən, eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqazın geosiyasi və geoiqtisadi məkanını vahidləşdirən dərin plandır. Lakin indi Orta Dəhlizlə TRİPP-in birləşdirilməsi Amerikanın regional siyasətinə təsir üçün güclü və alternativsiz bir rıçaq qazandırır. 

Oktyabrın 8-də Türkmənistanda keçirilən 8-ci Məşvərət Görüşü Azərbaycanın yeni geosiyasi statusunun ifadəsidir. Prezident İlham Əliyev Avazadakı toplantıda ilk dəfə ölkəmizin tamhüquqlu iştirakçı statusunu xüsusi vurğuladı. Xəzərin iki sahilində yerləşən dövlətlər vahid siyasi platformada birləşirlər.

Azad edilmiş ərazilərin bərpasında Mərkəzi Asiya dövlətlərinin iştirakı siyasi yaxınlığın mühüm göstəricilərindən biridir. Lakin qardaş və dost ölkələrin malik olduğu iqtisadi imkanlar və xalqlarımızın dərin tarixi bağları azad Qarabağın bərpasında daha yüksək iştirakını tələb edir. Təkcə onu demək kifayətdir ki, C5 ölkələrinin ümumi nominal ÜDM-i 2025-ci ilin göstəricilərinə görə 540 milyard dollardan artıqdır. Azərbaycanla birlikdə böyük iqtisadi güc formalaşır.

Orta Dəhliz, yaxud Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çini və Mərkəzi Asiyanı Xəzər, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya bağlayır. Uzun müddət qitələri birləşdirən plan alternativ xətt kimi təqdim edilirdi. Ukrayna müharibəsindən, Rusiyaya qarşı sanksiyalardan, Qırmızı dəniz və İran ətrafındakı təhlükəsizlik risklərindən sonra isə alternativ olmağın özü strateji üstünlüyə çevrilib.

Dünya Bankına görə, 2040-cı ilə qədər Transxəzər dəhlizi üzrə ticarət həcmi üç dəfədən çox arta bilər. 

Türkmənbaşı görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təklifi layihələrin gələcəyi baxımından xüsusi əhəmiyyət daşıyır. Qazax liderinin Orta Dəhlizlə TRİPP-in inteqrasiyasını irəli sürməsi nəinki iştirakçı dövlətlərin, o cümlədən, yeni tranzit və kommunikasiya layihələrindən daha böyük dövlətlərin faydalanmasına imkanlar açır. Zəfərdən sonra Azərbaycanın ən böyük məqsədi otuz il qapalı qalan regionun dünyaya inteqrasiyasıdır . Ölkə başçısının dəfələrlə vurğuladığı kimi, bölgəni inkişafdan saxlayan keçmiş işğalın yaratdığı regional təhlükələr və beynəlxalq iqtisadi-ticarət zəncirinə natamam qoşulması olub.

TRİPP-Zəngəzur dəhlizi tarixi məna daşıyan layihədir. Əslində, ikinci Qarabağ müharibəsinin yekununda imzalanan üçtərəfli Bəyannamədə işğal altında olan torpaqlarla bərabər, bir əsr əvvəl parçalanan region yenidən birləşir. İndi Rusiya, Pers, Qərb və Osmanlı arasında bölüşdürülən ərazilərin taleyi və statusu dəyişir. ABŞ-ın liderliyi ilə Azərbaycanın açdığı yolların və irəli sürdüyü strateji planların reallaşması regionun geosiyasi çəkisini artırır. Cənubi Qafqazın müharibə keçmişini qapatmaq və sülh erasını başlatmaq üçün yeni iqtisadi-ticarət xəritəsi yaradılmasa, xalqlar yenidən silahlı toqquşmaya qayıdacaqlar. Orta Dəhlizlə TRİPP-in inteqrasiyası güc mərkəzləri arasında maraqlar birliyini və gələcək təhlükəsizliyi təmin edir. 

Təsadüfi deyil ki, Carnegie Europe mərkəzi ölkəmizin planlarını “Cənubi Qafqazın yenidən şəbəkələndirilməsi” adlandırır. Tokayevin ifadə etdiyi, Azərbaycanın müəllifi olduğu və ABŞ-ın, Çinin toqquşmadığı layihə gerçəkləşərsə, Orta Dəhlizin Qərbə çıxışında ikinci mühüm alternativ yaranar: Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Naxçıvan-Ermənistan-Türkiyə-Avropa xətti neft-qaz kəmərlərindən sonra yeni arteriyadır. TRİPP-in reallaşması üçün Ararat Mirzoyanın Abbas Arakçı ilə ötən həftə görüşü Tehran hakimiyyətinin müqavimətini azaltmağa yönəlib. Layihə işlək regional iqtisadi xəttə çevrilərsə, Ermənistan da Şərq–Qərb ticarətindən daim faydalanan tərəflərdən biri olacaq. Sülhün təminatı üçün İrəvanın hər gün işləyən dəmir yolu və ticarət əlaqələrinə qoşulması onun İran-Rusiyanın nüfuz dairəsindən çıxarılmasında müstəsna rol oynayar. 

Yeni strategiyanı həyata keçirmək üçün yaxın gələcəkdə Orta Dəhliz–TRİPP sammitinin keçirilməsi, ABŞ və digər maraqlı tərəflərin birgə iştirakı ilə məhz Bakı şəhərində baş tutması sülh müqaviləsinin imzalanmasından əvvəl çox güclü etimad və iqtisadi dayaqların qurulmasına beynəlxalq dəstək, güclü zəmanət olar. Nüfuzlu maliyyə institutları Donald Trampın adı ilə bağlı olan və Azərbaycan liderinin yeni dünya nizamı, regional və beynəlxalq təhlükəsizlik arxitekturası kimi layihəyə istənilən sərmayeni qoymaqda risk görməzlər. 

Mümkün Bakı Zirvəsinin gündəliyi sülh danışıqlarından daha böyükdür — perspektiv Sammitdə Azərbaycan, Ermənistan və ABŞ-la yanaşı, Qazaxıstan və digər Mərkəzi Asiya dövlətləri, Türkiyə, Gürcüstan, Avropa İttifaqı və Dünya Bankı kimi maliyyə institutlarının iştirakı Orta Dəhlizlə TRİPP-i qitələrarası qovşağa, Qafqazda daimi təhlükəsizlik platformasına çevirə bilər. Yeni dünya düzəni SSRİ-nin süqutunun başlandığı tektonik məkanda start götürər, daha sonra Rusiya-Ukrayna və İran ətrafındakı qlobal gərginliyin çözümü üçün də nümunə yaranar. 

ABŞ liderinin son illər xüsusi maraq göstərdiyi, dəfələrlə prezident İlham Əliyevin regional və beynəlxalq nüfuzunu yüksək qiymətləndirdiyi və ölkəsinin adı ilə bağlı olan TRİPP layihəsinin investor şirkət, texniki əsaslandırma və digər vacib işçi mərhələdə olduğunu nəzərə alaraq, əyani iştirakı ilə prosesə təkan verə, regionun gələcəyinə misilsiz təsir göstə bilər. 

Corc Buşun inqilabdan sonra Tbilisiyə səfəri istisna olmaqla, Ağ Ev rəhbərlərindən heç biri Cənubi Qafqaza, o cümlədən, Bakıya gəlməyib. Lakin 2003-cü ilin qızılgül inqilabından fərqli olaraq, İlham Əliyevin 2020-ci ildə müharibədə qalibiyyəti daha qlobal siyasi əhəmiyyətə malikdir. Azərbaycan liderinin tərpətdiyi tektonik laylara görə ona simpatiyasını gizlətməyən Trampın Bakıya mümkün gəlişi ABŞ prezidentinin müstəqil Azərbaycanın tarixində ilk Bakı səfəri və Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni eraya — sülhün inşasına töhfəsi olardı. 

Qarşıdakı dövrdə Azərbaycan diplomatiyası üçün əsas hədəflərdən biri məhz Orta Dəhliz-TRİPP platformasını Cənubi Qafqazın və ABŞ-ın birgə gündəliyinə çıxararaq, Bakı Zirvəsinin keçirilməsinə nail olmaqdır. İranın hazırda müharibə tərəfi olması və Rusiyanın Ukraynaya qarşı apardığı savaş onlara belə bir strategiyada iştiraka nə maliyyə, nə də Orta Dəhliz-TRİPP sammitində moderatorluq üçün əsaslar yaradır.

Tarixində ilk dəfə, Azərbaycanın qarşısında nadir coğrafi və siyasi imkanlar açılıb. Şərqdən Çin və Mərkəzi Asiya, qərbdən Türkiyə və Avropa, cənub-qərbdən TRİPP və Naxçıvan, şimal-cənub oxunda isə Rusiya–Azərbaycan–İran marşrutu ölkənin ərazisində bir-birilə qovuşur. Əvvəllər ölkəmizin geosiyasi mövqeyi “Şərqlə Qərb arasında körpü” kimi təsvir edilirdi. İndi Qələbədən sonra daha yüksək perspektiv formalaşıb: Avrasiyanı birləşdirən marşrutların kəsişdiyi, enerji ixracı və müxtəlif siyasi mərkəzlərin maraqlarının uzlaşdığı qovşağa çevrilmək imkanı var.

Bakı keçmiş imperiyaların toqquşduğu mərkəz olmaqdan artıq çıxıb, çünki xarici paytaxtların təsiri böyük dərəcədə İlham Əliyevin liderliyi sayəsində zəifləyib. Şimalda Rusiyanın tarixi təzyiq mexanizmləri azalıb, lakin Moskva iqtisadi-nəqliyyat xətlərini qorumağa çalışır, cənubda İranın strateji gücü — hərbi arsenalı xeyli zərbə alsa da Tehran Ermənistan üzərindən əlaqələrini davam etdirir, Türkiyə Şərq-Qərb bağlantısını və Türk dünyası ilə iqtisadi inteqrasiyanı genişləndirir, Çin Orta Dəhlizi “Bir Kəmər, Bir Yol” sisteminin qollarından biri kimi görür, Avropa İttifaqı isə enerji və təchizat zəncirlərini şaxələndirməyə çalışır. ABŞ-ın TRİPP-Orta Dəhliz vasitəsilə regionda nüfuz və təsir gücü qazanması Bakının geosiyasi statusunu daha da gücləndirir, post-müharibə dövrünə keçməyə imkan yaradır. 

Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirən coğrafi və etibarlı iqtisadi arteriyadır. Yaxın gələcəkdə, Orta Dəhliz və TRİPP-in inteqrasiyası nəticəsində Naxçıvanın da Bakı ilə birləşməsi göstərəcək ki, İlham Əliyev tarixin izi ilə gedərək, itirilmiş torpaq və mövqeləri bərpa edir, dövlətimizi ərazisindən qat-qat böyük siyasi və iqtisadi coğrafiyaya sahibləndirir. 

Əsil strateji liderlik Qələbəni yerləşdiyin regiona və dünyaya yaymaqdır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rövşən Muradov: “Regional əməkdaşlıq Azərbaycanın strateji rolunu gücləndirir”

Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı ölkəmizin xarici siyasətində strateji əhəmiyyəti davamlı yüksələn istiqamətlərdən birinə çevrilmişdir. Tarixi-mədəni yaxınlıq, ortaq iqtisadi maraqlar və regional təhlükəsizlik prioritetləri üzərində formalaşan bu münasibətlər Prezident İlham Əliyevin ardıcıl diplomatik fəaliyyəti nəticəsində keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu sözləri Milli Məclisin deputatı Rövşən Muradov Citypost.az-a açıqlamasında bildirib. Deputatın sözlərinə görə, Azərbaycanın 2025-ci ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsi isə Xəzərin hər iki sahilində yerləşən dövlətlər arasında siyasi koordinasiyanın və iqtisadi inteqrasiyanın institusional əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir.Bu baxımdan 2026-cı il Azərbaycan–Mərkəzi Asiya münasibətlərinin inkişaf dinamikası ilə...

09 Oktyabr 2026, 10:47

Prezident: “Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biridir”

2026-cı ilin ilk yarısında Azərbaycan üzərindən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.Dövlət başçısının sözlərinə görə, əlverişli coğrafi mövqeyə malik Azərbaycan müasir nəqliyyat-logistika infrastrukturunu demək olar ki, sıfırdan yaradıb.“Azərbaycan Şimal–Cənub və Şərq–Qərb beynəlxalq dəhlizləri üzrə etibarlı tranziti təmin etməklə regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqeyini ardıcıl şəkildə möhkəmləndirir”, – Prezident İlham Əliyev vurğulayıb....

09 Oktyabr 2026, 10:33

Elçin Rüstəmli: “Mürəkkəb vəziyyət yaranıb”

Jurnalist Elçin Rüstəmli məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib.Citypost.az xəbər verir ki, Elçin Rüstəmli qeyd edib ki, internetdə apardığı araşdırma zamanı bir sıra postsovet ölkələrində məktəbli geyimi ilə bağlı dövlət tərəfindən müəyyənləşdirilmiş qaydaların mövcud olduğunu öyrənib. Onun sözlərinə görə, Türkiyə və Rusiyada da bu məsələ ilə bağlı fərqli yanaşmalar tətbiq olunur.Jurnalist Azərbaycanda Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə bağlı qərarından sonra sosial şəbəkələrdə hicablı müəllimələrə xəbərdarlıq edildiyini göstərən videoların yayıldığını bildirib.“Etiraf edək ki, mürəkkəb vəziyyət yaranıb. Onun həll edilməsində dövlət qurumları ilə yanaşı, ictimai təşkilatların və medianın da öz rolunu oynaması vacibdir”, – deyə Rüstəmli vurğulayıb.Onun...

09 Oktyabr 2026, 09:12

İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi söhbəti oldu

Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Türkmənistanda keçirilən konsertdə bir araya gəliblər.Citypost.az xəbər verir ki, onlar konsert proqramını izləyərkən qeyri-rəsmi söhbət aparıblar. Qeyd edək ki, Azərcaycan və Ermənistan liderləri sabah keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistandadırlar. Bu gün hər iki ölkənin dövlət başçıları mədəni tədbirdə iştirak edirlər.

08 Oktyabr 2026, 21:21

Cəlil Xəlilov: “İtkinlərlə bağlı konfrans yeni zəmin formalaşdıracaq”

“Oktyabrın 7-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda IV beynəlxalq konfrans qlobal əhəmiyyətə malikdir”.Citypost.az xəbər verir ki, bunu Redaktor.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Pokovnik qeyd edib ki, konfransda itkin probleminin həlli istiqamətində Azərbaycan dövlətinin atdığı addımlara diqqət çəkilib, habelə, bu istiqamətdə görülməsi gərəkən işlər vurğulanıb:“İtkin düşmüş şəxslərlə bağlı IV beynəlxalq konfrans sözügedən problemin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin...

08 Oktyabr 2026, 13:44

İlham Əliyev: “Yaşıl enerji dəhlizinin yaradılması istiqamətində iş aparırıq”

Energetika sahəsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıqda xüsusi yer tutur.Citypost.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan və Orta Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.Dövlət başçısı bildirib ki, Azərbaycan Mərkəzi Asiyadan enerji resurslarının beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır.Onun sözlərinə görə, Türkmənistan və Qazaxıstandan hasil olunan neft Azərbaycanın ərazisi ilə nəql edilir və bu daşımaların həcmi artır.Prezident İlham Əliyev qeyd edib ki, bərpaolunan enerji sahəsində də əməkdaşlıq ardıcıl şəkildə genişləndirilir.“Biz Qazaxıstan və Özbəkistanla “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində birgə iş aparırıq”, – Prezident bildirib.Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında...

08 Oktyabr 2026, 11:12