Bizə yazın

Baku

-°C

USD

-

Səhər oyanan kimi yemək yeməliyikmi? – Nutrisoloq DANIŞDI

Tibb 24 Sentyabr 2026, 10:30

469

Səhər yuxudan oyandıqdan sonra ilk olaraq nə etmək lazımdır – su içmək, səhər yeməyi yemək, yoxsa bir fincan qəhvə ilə günə başlamaq? Xüsusilə son illərdə səhər qidalanmasının vaxtı, kortizol hormonunun səviyyəsi və qəhvənin nə zaman içilməsinin daha düzgün olduğu ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar yuxudan duran kimi süfrəyə oturur, bəziləri isə saatlarla heç nə yemədən yalnız qəhvə və ya çay içməklə kifayətlənir.

Nutrisoloq-dietoloq Afaq Kərimova Citypost.az-a açıqlamasında bildirib ki, səhər qidalanmasına yanaşarkən yalnız saatı deyil, insanın yuxu rejimini, gündəlik fəaliyyətini, sağlamlıq vəziyyətini və ümumi qidalanma modelini nəzərə almaq lazımdır. Onun sözlərinə görə, səhər saatlarında orqanizmdə kortizol hormonunun təbii olaraq yüksəlməsi fizioloji prosesdir və bu, insanın oyanmasına, ayıqlıq səviyyəsinin artmasına və günə hazırlaşmasına kömək edən mexanizmlərdən biridir.

“Baxın, səhər yuxudan oyananda orqanizmdə müəyyən hormonal dəyişikliklər baş verir. Kortizol hormonu da səhər saatlarında yüksəlir. Bu, normal fizioloji prosesdir. İnsanların bəzən düşündüyü kimi, səhər kortizolu mütləq pis və ya zərərli hormon deyil. Əksinə, onun günün müəyyən saatlarında yüksəlməsi normaldır. Ona görə də səhər yeməyini yalnız ‘kortizolu aşağı salmaq üçün’ yemək kimi təqdim etmək düzgün yanaşma olmaz”, – deyə mütəxəssis qeyd edib.

Araşdırmalar göstərir ki, kortizol səviyyəsi yuxu zamanı tədricən yüksəlir və bir çox insanda oyanmadan sonrakı ilk saat ərzində yüksək səviyyələr müşahidə olunur. Lakin bu proses insandan insana dəyişə bilər. 2024-cü ildə yayımlanan araşdırmada da oyanışdan sonrakı kortizol dəyişikliklərinin əvvəl düşünüldüyü qədər eyni və sabit olmadığı, fərdlər arasında əhəmiyyətli fərqlərin mövcud olduğu göstərilib. Buna görə də “hamının kortizolu səhər saat 6-dan 9-a qədər mütləq ən yüksək səviyyədə olur” kimi sərt qayda qoymaq düzgün deyil.

Afaq Kərimovanın sözlərinə görə, səhər yeməyinin konkret saatını bütün insanlar üçün eyni şəkildə müəyyənləşdirmək də doğru deyil. Məsələn, səhər saat 6-da oyanan insanla saat 9-da oyanan insanın qidalanma rejimi eyni olmaya bilər. Burada əsas məsələ gün ərzində qida qəbulunun keyfiyyəti və ümumi balansıdır.

“İnsan yuxudan durdu və saat 6-dırsa, mütləq 6:05-də yemək yeməlidir deyə bir qayda yoxdur. Eyni zamanda, insan səhər acdırsa, saatlarla özünü yeməkdən məhrum etməsi də lazım deyil. Orqanizmin siqnallarına diqqət etmək vacibdir. Səhər yeməyi insanın gündəlik qidalanmasının bir hissəsidir və burada əsas məsələ nə yediyimiz, nə qədər yediyimiz və gün ərzində qidalanmanı necə təşkil etdiyimizdir”, – deyə dietoloq bildirib.

Mütəxəssis qeyd edib ki, səhər yeməyinin tərkibi də onun vaxtı qədər əhəmiyyətlidir. Günə yalnız şirin qidalar, ağ çörək, şirin içkilər və ya yüksək miqdarda şəkər olan məhsullarla başlamaq əvəzinə, daha balanslı qidalanmaya üstünlük vermək məqsədəuyğundur. Zülal, lif, faydalı yağlar və kompleks karbohidratların uyğun kombinasiyası toxluğun daha uzun müddət davam etməsinə və gün ərzində qidalanmanın daha nizamlı olmasına kömək edə bilər.

“Bəzən insan səhər heç nə yemir, sadəcə qəhvə içir. Sonra günün ortasında həddindən artıq acır və daha çox qida qəbul edir. Digər tərəfdən, bəzi insanlar səhər erkən saatlarda ümumiyyətlə iştah hiss etmirlər. Burada fərdi yanaşma lazımdır. Əsas odur ki, insan gün ərzində öz qidalanmasını balanslı şəkildə qura bilsin”, – Afaq Kərimova vurğulayıb.

Son illərdə sosial şəbəkələrdə yayılan fikirlərdən biri də qəhvənin səhər yuxudan oyandıqdan dərhal sonra içilməsinin düzgün olmadığı, onun mütləq 90 dəqiqə və ya 2 saat sonra qəbul edilməsinin lazım gəldiyidir. Mütəxəssis isə bildirir ki, bu məsələdə də həddindən artıq sərt qaydalar yaratmaq doğru deyil.

“Qəhvə nədir? Qəhvənin əsas aktiv komponentlərindən biri kofeindir. Kofein stimullaşdırıcı maddədir və insanın ayıqlıq hissini artıra bilər. İnsanların ‘mən kofesiz yaşaya bilmirəm’ deməsi isə bəzən gündəlik vərdişlə də bağlı olur. İnsan müəyyən müddət hər səhər qəhvə içdikdə bunu bir növ səhər ritualına çevirir. Qəhvəni içməyəndə özünü daha yorğun hiss edə bilər”, – deyə nutrisoloq-dietoloq bildirib.

Elmi ədəbiyyatda qəhvəni oyanandan mütləq 90–120 dəqiqə sonra içməyin “kortizolu qoruduğu” və ya günortadan sonra yaranan yorğunluğun qarşısını aldığı barədə sosial mediada yayılan iddiaların kifayət qədər əsaslandırılmadığı qeyd olunur. Yəni insanın qəhvəni mütləq müəyyən saat gözlədikdən sonra içməsi universal tibbi qayda deyil.Bununla belə, kofein kortizol ifrazına təsir göstərə bilər. Araşdırmalarda kofein qəbulunun bəzi insanlarda kortizol səviyyəsini artıra bildiyi göstərilib. Bu təsir müntəzəm kofein istifadəçilərində müəyyən qədər dəyişə və ya zəifləyə bilər. Buna görə qəhvənin təsiri də hər insanda eyni olmur.

Afaq Kərimova qəhvənin miqdarına da diqqət etməyin vacib olduğunu söyləyib. Çünki söhbət yalnız qəhvədən deyil, gün ərzində qəbul edilən bütün kofein mənbələrindən gedir. Qara və yaşıl çay, enerji içkiləri, şokolad və bəzi digər məhsullar da kofein ehtiva edə bilər.

“İnsan bəzən deyir ki, mən gün ərzində yalnız bir fincan qəhvə içirəm. Amma həmin gün çay da içir, enerji içkisi də qəbul edir, şokolad da yeyir. Beləliklə, ümumi kofein miqdarı artır. Ona görə də kofeini yalnız qəhvə üzərindən qiymətləndirmək olmaz”, – deyə mütəxəssis qeyd edib.

ABŞ Qida və Dərman Administrasiyasının məlumatına görə, əksər sağlam böyüklər üçün gündə 400 milliqrama qədər kofein ümumilikdə mənfi təsirlərlə əlaqələndirilməyən miqdar hesab olunur. Lakin fərdi həssaslıq, qəbul edilən dərmanlar və bəzi sağlamlıq problemləri bu həddi dəyişə bilər. Həddindən artıq kofein narahatlıq, əsəbilik, yuxusuzluq və ürəkdöyünmə kimi əlamətlər yarada bilər.

Mütəxəssis yaşıl çayın da kofein mənbəyi olduğunu xatırladaraq, onu qəhvəyə alternativ kimi seçən insanların da miqdara diqqət etməli olduğunu vurğulayıb. “Yaşıl çayda ümumiyyətlə kofein yoxdur” fikri də doğru deyil. Kofeinin miqdarı çayın növündən, dəmlənmə müddətindən və porsiyanın ölçüsündən asılıdır. FDA-nın məlumatlarında 12 unsiya yaşıl çay üçün orta hesabla təxminən 37 milliqram, adi dəmlənmiş qəhvə üçün isə 113–247 milliqram kofein göstərilir. Buna görə konkret məhsullar arasında böyük fərq ola bilər.

“Yaşıl çay da kofeinlidir, amma bir çox hallarda qəhvə ilə müqayisədə daha az kofein qəbul etmiş oluruq. İnsan bunu nəzərə almalıdır. Əgər qəhvə içdikdə ürəkdöyünmə, əsəbilik və ya yuxu problemi yaşayırsa, kofein qəbulunu azaltmaq və özünə uyğun alternativ seçmək daha məqsədəuyğun ola bilər”, – deyə Afaq Kərimova bildirib.

Dietoloq səhər saatlarında su qəbulunun da vacib olduğunu vurğulayıb. Gecə ərzində insan maye qəbul etmir və səhər oyandıqdan sonra su içmək gündəlik maye qəbulunun tamamlanmasına kömək edə bilər. Lakin burada da “səhər mütləq müəyyən miqdarda su içilməlidir” kimi hamıya uyğun sərt rəqəm müəyyənləşdirmək düzgün deyil. Gün ərzində maye ehtiyacı insanın yaşından, fiziki aktivliyindən, hava şəraitindən və digər amillərdən asılıdır.

“İnsan səhər yuxudan duranda su içməyi də unutmasın. Qəhvə içmək olar, çay içmək olar, amma su da gündəlik qidalanmanın vacib hissəsidir. Bəzən insan gün ərzində özünü yorğun hiss edir və bunun səbəbini yalnız qəhvənin azlığı ilə əlaqələndirir. Halbuki kifayət qədər maye qəbul etməmək də özünü pis hiss etməyə səbəb ola bilər”, – deyə mütəxəssis qeyd edib.

Afaq Kərimovanın sözlərinə görə, səhər qidalanmasında əsas məqsəd kortizolu “söndürmək” deyil, orqanizmin ehtiyaclarına uyğun sağlam və balanslı rejim yaratmaqdır. İnsan səhərlər acdırsa, qidalanmasını gecikdirməməli, səhər yeməyinə üstünlük verirsə, bunu qidalı məhsullarla təşkil etməlidir. Əgər səhərlər iştahı yoxdursa, bunu avtomatik olaraq xəstəlik əlaməti kimi qəbul etmək də düzgün deyil. Lakin uzun müddət davam edən iştahasızlıq və digər simptomlar olduqda həkim məsləhəti almaq lazımdır.

“Biz qidalanmaya bütöv yanaşmalıyıq. Təkcə ‘saat neçədə yemək lazımdır?’ sualına cavab axtarmaq kifayət deyil. Gün ərzində hansı qidaları seçirik, porsiyalar necədir, nə qədər su içirik, nə qədər hərəkət edirik, yuxumuz necədir – bütün bunlar birlikdə sağlam qidalanmanı formalaşdırır”, – deyə dietoloq vurğulayıb.

Mütəxəssis həmçinin gec saatlarda həddindən artıq qidalanmanın da gündəlik rejimə təsir göstərə biləcəyini qeyd edib. Araşdırmalarda yemək vaxtının metabolik göstəricilərlə əlaqəsi araşdırılır və bəzi işlərdə gec qidalanmanın qlükoza mübadiləsinə mənfi təsirləri müşahidə olunub. Bununla belə, bütün insanlar üçün eyni “səhər saatı” və ya universal qidalanma pəncərəsi müəyyənləşdirmək mümkün deyil.

Afaq Kərimova sonda bildirib ki, səhər qidalanması ilə bağlı ən doğru yanaşma sosial şəbəkələrdə yayılan sərt qaydalara deyil, elmi əsaslara və insanın fərdi ehtiyaclarına söykənməlidir. Yuxudan oyanan kimi yemək yemək hər kəs üçün məcburi olmadığı kimi, səhər yeməyini uzun müddət gecikdirmək də avtomatik olaraq daha sağlam seçim hesab edilə bilməz. Qəhvə və çaydan istifadə edənlər isə ümumi kofein miqdarını nəzərə almalı, su qəbulunu unutmamalı və kofeinin yuxu, ürəkdöyünmə və narahatlıq kimi fərdi təsirlərinə diqqət etməlidirlər.

“Əsas məsələ səhər bir fincan qəhvə içib-içməməyimiz deyil. Əsas məsələ günə necə başladığımız və ümumilikdə gün ərzində necə qidalandığımızdır. Səhər su içmək, ehtiyac varsa balanslı qidalanmaq, kofeini həddində qəbul etmək və gün ərzində hərəkətli olmaq daha sağlam yanaşmadır. İnsan özünü yalnız qəhvə ilə ‘oyatmağa’ çalışmamalıdır. Yaxşı yuxu, düzgün qidalanma, kifayət qədər maye və fiziki aktivlik gün ərzində enerjinin əsasını təşkil edir”, – deyə Afaq Kərimova əlavə edib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Uzun müddət oturmaq bel fəqərələri üçün təhlükəlidirmi? – Fizioterapevtdən AÇIQLAMA

Müasir dövrdə insanların böyük hissəsi günün əhəmiyyətli bölümünü oturaq vəziyyətdə keçirir. Ofisdə işləmək, uzun müddət kompüter qarşısında qalmaq, avtomobil idarə etmək, dərs oxumaq, televizora baxmaq və hətta evdə istirahət zamanı saatlarla eyni vəziyyətdə qalmaq bel və dayaq-hərəkət sistemi üçün əlavə yük yarada bilər. Xüsusilə insan uzun müddət fasiləsiz oturur və gün ərzində kifayət qədər hərəkət etmirsə, zaman keçdikcə bel nahiyəsində ağrı, əzələ gərginliyi və hərəkət məhdudluğu kimi problemlərlə qarşılaşa bilər.Fizioterapevt-reabilitoloq Rəhimə Atəş Citypost.az-a açıqlamasında bildirib ki, burada əsas problem yalnız oturmaq deyil, uzun müddət eyni vəziyyətdə və hərəkətsiz qalmaqdır. Onun sözlərinə görə, insan bədəni hərəkət üçün yaradılıb və xüsusilə bel...

24 Sentyabr 2026, 09:30

USM ilə hansı xəstəliklər aşkarlanır? 

Ultrasəs müayinəsi, yəni USM, müasir tibbdə ən geniş istifadə olunan diaqnostik müayinələrdən biridir. Şüalanma yaratmaması, qeyri-invaziv olması və bir çox daxili orqanın real vaxt rejimində görüntülənməsinə imkan verməsi ultrasəs müayinəsini həkimlərin tez-tez müraciət etdiyi üsullardan birinə çevirib. Qarın boşluğu orqanlarından qalxanabənzər vəzə, süd vəzlərindən qadın reproduktiv orqanlarına, prostat vəzidən damar sisteminə qədər müxtəlif nahiyələrin qiymətləndirilməsində ultrasəsdən istifadə edilir.Lakin insanların bəzən USM haqqında yanlış təsəvvürləri də olur. Ultrasəs müayinəsi ilə “bütün xəstəlikləri görmək” mümkün deyil. Müayinənin imkanları orqandan, xəstəliyin növündən, xəstənin bədən quruluşundan və müayinə şəraitindən asılıdır. Bəzi hallarda ultrasəs ilkin məlumat verir və bundan sonra daha dəqiq qiymətləndirmə üçün KT,...

24 Sentyabr 2026, 08:30

Uşaqlarda allergiya niyə bu qədər yayılıb? – Pediatr səbəblərdən DANIŞDI

Son illərdə uşaqlarda müxtəlif allergik reaksiyalara daha çox rast gəlinməsi valideynləri narahat edən əsas məsələlərdən birinə çevrilib. Dəri səpgiləri, qaşınma, burun axması, asqırma, gözlərdə sulanma, qida qəbulundan sonra yaranan reaksiyalar və digər allergik əlamətlər xüsusilə uşaqlıq dövründə tez-tez müşahidə olunur. Bəzi valideynlər isə övladlarında allergiya aşkarlandıqdan sonra bunun ömürlük davam edib-etməyəcəyini və müalicəsinin mümkün olub-olmadığını düşünürlər.Pediatr həkim Zərifə Şıxzadayevanın sözlərinə görə, uşaqlarda allergik xəstəliklərin geniş yayılması son illərdə diqqət çəkən məsələlərdəndir. Onun sözlərinə görə, allergiyanın yaranmasında tək bir səbəb axtarmaq düzgün deyil. İrsi meyllilik, uşağın immun sisteminin xüsusiyyətləri, ətraf mühit, qidalanma, mikrobiom, müxtəlif allergenlərlə təmas və digər amillər birlikdə rol...

23 Sentyabr 2026, 11:00

Hepatit B və C yoluxucudurmu? – İnfeksionist AÇIQLADI

Hepatit deyəndə bir çox insanın ağlına ilk olaraq eyni xəstəlik gəlir. Halbuki hepatit A, B və C müxtəlif virusların yaratdığı infeksiyalardır və onların insandan insana keçmə yolları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Xüsusilə hepatit A-nın qida və su vasitəsilə yayılması ilə bağlı məlumatlılıq daha çox olsa da, hepatit B və C-nin necə yoluxması barədə cəmiyyətdə hələ də müxtəlif yanlış təsəvvürlər mövcuddur.İnfeksionist Vasif Əliyev Citypost.az-a açıqlamasında bildirib ki, hepatit B və C də yoluxucu xəstəliklərdir, lakin bu virusların ötürülmə mexanizmləri hepatit A-dan fərqlidir. Onun sözlərinə görə, hepatit A əsasən çirkli su və qida, həmçinin yoluxmuş şəxslə müəyyən yaxın təmaslar vasitəsilə yayıldığı halda,...

23 Sentyabr 2026, 10:00

Metabolik sindrom artıq geniş yayılıb – Endokrinoloqdan AÇIQLAMA

Son illərdə artıq çəki, piylənmə, yüksək qan təzyiqi, qanda şəkərin yüksəlməsi və xolesterin mübadiləsində pozuntular kimi problemlər daha çox insanın qarşılaşdığı sağlamlıq məsələlərinə çevrilib. Bu göstəricilərin bir neçəsinin eyni şəxsdə birlikdə müşahidə olunması isə metabolik sindrom adlanan vəziyyətin yaranmasına səbəb ola bilər. Mütəxəssislər metabolik sindromu yalnız bir xəstəlik kimi deyil, gələcəkdə ürək-damar xəstəlikləri və 2-ci tip diabet də daxil olmaqla bir sıra ciddi problemlərin riskini artıran metabolik risk faktorlarının bir araya gəlməsi kimi qiymətləndirirlər.Endokrinoloq Fərizə Zahirova Citypost.az-a açıqlamasında metabolik sindromun son dövrlərdə geniş rast gəlinən problemlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, insanlar bəzən bu vəziyyətin mövcudluğundan xəbərsiz ola bilirlər....

23 Sentyabr 2026, 09:00

Qulaqlarımızı pambıq çubuqla təmizləmək doğrudurmu? – həkimdən AÇIQLAMA


Qulaq gigiyenası ilə bağlı cəmiyyətdə ən geniş yayılmış vərdişlərdən biri qulaq kanalının pambıq çubuqlarla təmizlənməsidir. Bir çox insan qulaqda kir gördükdə və ya qulağında narahatlıq hiss etdikdə pambıq çubuqdan istifadə edir. Halbuki mütəxəssislər qulaq kanalının içərisinə pambıq çubuq və digər əşyaların salınmasının düzgün olmadığını bildirirlər. Çünki qulaq kiri insan orqanizmi üçün lazımsız və atılmalı bir maddə deyil, əksinə, qulaq kanalını qoruyan təbii mexanizmlərdən biridir.Məsələ ilə bağlı LOR həkimi Gülayə Səfərova Citypost.az-a açıqlamasında bildirib ki, insanların “qulaq çöpü” adlandırdığı pambıq çubuqlar əslində qulaq kanalının dərinliyini təmizləmək üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, bu vasitələrdən qulaq kanalının daxilində istifadə etmək əvəzinə qulağın...

22 Sentyabr 2026, 11:20