Bizə yazın

Baku

-°C

USD

-

Nikah dövründə alınan ev boşananda necə bölünür? – Vəkildən AÇIQLAMA

Hüquq 28 Sentyabr 2026, 10:18

436

Nikah dövründə əldə edilən əmlakın boşanma zamanı necə bölünməsi cütlüklər arasında ən çox mübahisə doğuran məsələlərdən biridir. Xüsusilə ailə qurduqdan sonra alınan evin kimin adına rəsmiləşdirilməsi, alış zamanı hansı vəsaitdən istifadə olunması və ər-arvad arasında nikah müqaviləsinin olub-olmaması əmlakın hüquqi statusunun müəyyənləşdirilməsində mühüm rol oynayır.

Məsələ ilə bağlı vəkil Könül Yaqubova Citypost.az-a açıqlamasında bildirib ki, ümumi qayda olaraq, ər-arvadın nikah dövründə əldə etdiyi əmlak, nikah müqaviləsində və ya tərəflər arasında başqa razılaşmada fərqli qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyəti hesab olunur. Azərbaycan qanunvericiliyində də ər-arvadın nikah dövründə qazandıqları əmlakın ümumi mülkiyyət olması əsas prinsip kimi müəyyən edilib.

Vəkilin sözlərinə görə, bu səbəbdən vətəndaşların “ev yalnız ərimin və ya arvadımın adına rəsmiləşdirilib, boşanma zamanı bölünə bilməz” düşüncəsi hər zaman doğru deyil. Əmlak nikah dövründə əldə edilibsə və onun ayrıca mülkiyyət sayılmasını əsaslandıran xüsusi hal yoxdursa, həmin ev ər-arvadın ümumi əmlakı kimi qiymətləndirilə bilər.

“Dinləyəcəyimizdən gələn bir sual var. Deyir ki, birgə nikah dövründə ev almışıq. O ev boşanma zamanı bölünürmü? Bəli, bölünür. Birgə nikah vaxtı ev alıblarsa, boşanma zamanı bölünür. Amma nəzərə almaq lazımdır ki, həmin ev hansı vəsait hesabına alınıb. Yəni əgər bundan əvvəl ərin və ya arvadın nikaha qədər hansısa əmlakı var idisə və həmin əmlakı sataraq əldə etdiyi vəsait hesabına nikah dövründə bu evi alıbsa, burada məsələ fərqli qiymətləndirilə bilər. Çünki həmin əmlak birgə nikahda əldə olunan gəlir hesabına alınmış əmlak kimi qiymətləndirilməyə bilər”, – deyə vəkil bildirib.

Könül Yaqubova qeyd edib ki, burada əsas məsələlərdən biri əmlakın əldə edilmə tarixindən əlavə, onun hansı vəsait hesabına alınmasının müəyyənləşdirilməsidir. Məsələn, şəxsin nikaha daxil olmazdan əvvəl ona məxsus mənzili, torpağı və ya digər əmlakı olubsa və həmin əmlak sonradan satılaraq əldə olunan pulla yeni ev alınıbsa, tərəf həmin vəsaitin öz şəxsi əmlakından formalaşdığını sübut etməli ola bilər. Belə hallarda yalnız evin nikah dövründə alınması faktına baxmaqla yekun nəticəyə gəlmək düzgün deyil.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ər-arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Eyni zamanda, nikaha qədər ər-arvaddan hər birinə məxsus olmuş əmlak həmin şəxsin öz mülkiyyəti sayılır. Həmçinin nikah dövründə hədiyyə və ya vərəsəlik yolu ilə əldə edilən əmlak da, ümumi qaydada, onu əldə edən şəxsin ayrıca mülkiyyəti hesab olunur.

Bu baxımdan, vəkilin sözlərinə görə, boşanma zamanı “ev nikah dövründə alınıbsa, mütləq yarı bölünəcək” yanaşması da bütün halları əhatə etmir. Əvvəlcə əmlakın hüquqi rejimi, alınma mənbəyi və tərəflər arasında hər hansı müqavilənin olub-olmaması araşdırılmalıdır.

“Əslində qısa bir şey deyim. Bizdə ər-arvadın əmlakının iki rejimi var: qanuni rejim və müqavilə rejimi. Qanuni rejimdə qanun müəyyən edir ki, hansı hallarda əmlak bölünür, hansı hallarda bölünmür, nə bölünür, nə bölünmür. Müqavilə rejimi isə ondan ibarətdir ki, qanunun verdiyi imkan çərçivəsində tərəflər özləri müəyyən şərtlər müəyyənləşdirə bilərlər”, – deyə hüquqşünas vurğulayıb.

Vəkil izah edib ki, ər-arvad nikah müqaviləsi bağlamaqla əmlak münasibətlərinin müəyyən məsələlərini əvvəlcədən tənzimləyə bilər. Məsələn, tərəflər müəyyən əmlakın ayrıca mülkiyyətdə qalmasını, gəlirlərinin ayrıca idarə edilməsini və ya konkret əmlakla bağlı fərqli hüquqi rejimin tətbiq olunmasını nəzərdə tuta bilərlər. Belə razılaşmanın hüquqi qüvvəsi onun qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsindən asılıdır.

“Yəni sən ailə qurursan, sənin çoxlu aktivlərin, əmlakların var. Sən deyə bilərsən ki, mən bu şərtlərlə ailə qururam, mənim qazandığım mənim olacaq, sənin qazandığın sənin olacaq və biz bunu birgə bölməyəcəyik. Bu şərtlərlə müqavilə bağlanırsa, həmin müqavilə qüvvədə olur. Buna ər-arvadın əmlakının müqavilə rejimi deyilir”, – deyə Könül Yaqubova bildirib.

Beləliklə, nikah dövründə ev alan şəxslərin boşanma zamanı həmin əmlakın taleyi ilə bağlı əvvəlcədən bir sıra mühüm məsələləri nəzərə almaları vacibdir. İlk növbədə evin nə vaxt alındığı, hansı vəsait hesabına əldə edildiyi, pulun mənbəyinin necə sübut oluna biləcəyi, evin kimin adına rəsmiləşdirildiyi və tərəflər arasında nikah müqaviləsinin olub-olmadığı müəyyənləşdirilməlidir.

Məsələn, tərəflər nikah dövründə əmək fəaliyyəti nəticəsində əldə etdikləri ümumi gəlirlə mənzil alıblarsa, ümumi qayda həmin mənzilin ər-arvadın ümumi əmlakı kimi qiymətləndirilməsidir. Əksinə, tərəflərdən biri nikaha qədər ona məxsus olan əmlakı satıb və satışdan əldə etdiyi vəsaitlə yeni mənzil alıbsa, həmin şəxsin bu vəsaitin şəxsi əmlakına aid olduğunu sübut etməsi məsələnin hüquqi qiymətləndirilməsində əhəmiyyət daşıya bilər.

Eyni zamanda, evin yalnız tərəflərdən birinin adına rəsmiləşdirilməsi də avtomatik olaraq digər tərəfin həmin əmlak üzərində hüququnun olmadığı anlamına gəlmir. Əgər əmlak ümumi mülkiyyət hesab olunursa, onun kimin adına qeydiyyata alınmasından asılı olmayaraq, digər tərəfin də hüquqları yarana bilər. Daşınmaz əmlak üzərində sərəncam verilməsi zamanı da ər-arvadın ümumi mülkiyyəti ilə bağlı qanunvericilikdə xüsusi tələblər mövcuddur.

Bundan başqa, nikah dövründə tərəflərdən birinin nikaha qədər sahib olduğu əmlakın dəyərinin digər tərəfin və ya ailənin ümumi vəsaiti hesabına əhəmiyyətli dərəcədə artırılması da ayrıca hüquqi qiymətləndirmə tələb edə bilər. Qanunvericilikdə əsaslı təmir, yenidənqurma və digər mühüm yatırımlar nəticəsində şəxsi əmlakın ümumi mülkiyyət hesab edilə bilməsi nəzərdə tutulur.

Əmlakın bölünməsi məsələsində tərəflərin razılığa gəlməsi də mümkündür. Əgər ər-arvad ümumi əmlakın bölünməsi ilə bağlı razılığa gələ bilmirsə, məsələ məhkəmə qaydasında həll oluna bilər. Bu zaman əmlakın alınma tarixi, pul vəsaitinin mənbəyi, bank ödənişləri, alqı-satqı müqavilələri, əvvəlki əmlakın satılması ilə bağlı sənədlər və digər sübutlar əhəmiyyət daşıya bilər.

Ona görə də hüquqşünaslar vətəndaşlara belə hallarda yalnız evin kimin adına rəsmiləşdirilməsinə deyil, əmlakın əldə edilməsinin bütün tarixçəsinə diqqət yetirməyi tövsiyə edirlər. Çünki boşanma zamanı mübahisənin nəticəsinə məhz bu detallardan biri və ya bir neçəsi təsir göstərə bilər.

Könül Yaqubovanın sözlərinə görə, əsas prinsip sadədir: nikah dövründə əldə edilən əmlak, əks halı müəyyən edən nikah müqaviləsi və ya başqa hüquqi əsas yoxdursa, ümumi əmlak hesab olunur. Lakin konkret evin bölünüb-bölünməyəcəyini müəyyən etmək üçün onun hansı vəsait hesabına alındığı və tərəflərin həmin vəsaitlə bağlı hüquqlarını hansı sənədlərlə sübut edə bildiyi ayrıca araşdırılmalıdır.

Bu səbəbdən boşanma ərəfəsində olan şəxslər əmlak məsələsində yalnız şifahi razılaşmalara deyil, hüquqi sənədlərə və maliyyə sübutlarına da diqqət yetirməlidirlər. Xüsusilə nikahdan əvvəl mövcud olmuş əmlak satılaraq yeni ev alınmışsa, əvvəlki əmlakın sənədləri, satış müqaviləsi, ödənişin həyata keçirilməsini təsdiqləyən sənədlər və yeni evin alınması ilə bağlı maliyyə izləri sonradan hüquqi mübahisənin həlli baxımından mühüm əhəmiyyət kəsb edə bilər.

Yeganə 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İddia ərizəsi yazarkən bunlara diqqət edin – Hüquqşünasdan 5 VACİB MƏSLƏHƏT

Məhkəməyə müraciət etmək istəyən şəxslər üçün ən vacib mərhələlərdən biri iddia ərizəsinin düzgün hazırlanmasıdır. Bir çox hallarda vətəndaşın hüquqi probleminin özü ilə yanaşı, həmin problemin məhkəməyə hansı formada təqdim edilməsi də əhəmiyyət daşıyır. İddia ərizəsində məlumatların natamam göstərilməsi, tələbin aydın ifadə edilməməsi, yanlış məhkəməyə müraciət olunması və ya iddianın kifayət qədər əsaslandırılmaması prosesin uzanmasına, ərizənin geri qaytarılmasına və ya digər prosessual problemlərə səbəb ola bilər.Citypost.az xəbər verir ki, hüquqşünaslar bildirirlər ki, məhkəməyə iddia ərizəsi hazırlayan şəxs yalnız öz tələbinin nə olduğunu yazmaqla kifayətlənməməli, həmin tələbi doğuran faktları, hüquqi əsasları və mümkün sübutları da sistemli şəkildə təqdim etməlidir. Mülki Prosessual Məcəllədə...

25 Sentyabr 2026, 11:49

İpotekada olan evi satmaq mümkündürmü? – Vəkildən AÇIQLAMA

İpoteka ilə alınan və ya sonradan kredit öhdəliyinin təminatı kimi banka girov qoyulan mənzilin satılıb-satıla bilməməsi vətəndaşlarda tez-tez sual doğuran məsələlərdəndir. Bir çoxları düşünür ki, ev bankın ipotekasında olduğu müddətdə onun satışına ümumiyyətlə icazə verilmir. Halbuki qanunvericilikdə müəyyən şərtlər daxilində ipoteka predmetinin satılması mümkündür.Vəkil Şirəli Pirəliyev Citypost.az-a açıqlamasında bildirib ki, ipoteka ilə yüklü edilmiş əmlakın satılması məsələsi əsas öhdəliyin, yəni banka olan borcun necə təmin ediləcəyindən asılıdır. Onun sözlərinə görə, ipoteka predmetinin satışından əldə ediləcək vəsait əsas öhdəlik üzrə borcun ödənilməsinə kifayət edirsə, müvafiq prosedura əməl edilməklə həmin əmlakın satılması mümkündür.“İpoteka haqqında” qanunvericiliyin mahiyyətinə görə, ipoteka predmeti ilə bağlı əməliyyat...

25 Sentyabr 2026, 10:48

Alimentin məbləğini azaltmaq və aliment ödəməkdən tam azad olmaq mümkündürmü?

Boşanmadan sonra uşağın saxlanılması üçün aliment ödəyən valideynin maddi və ya ailə vəziyyəti dəyişdikdə tez-tez sual yaranır: müəyyən edilmiş aliment məbləğini azaltmaq mümkündürmü, yaxud şəxs ümumiyyətlə aliment ödəməkdən azad edilə bilərmi? Xüsusilə gəlirini itirən, yeni ailə quran, himayəsində başqa şəxslər yaranan və ya səhhəti ilə bağlı ciddi problemlərlə üzləşən şəxslər belə hallarda qanunun hansı imkanlar yaratdığını bilmək istəyirlər.Vəkil Şəhram Şəmmədli Citypost.az-a açıqlamasında bildirib ki, qanunvericilik müəyyən hallarda məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsinə, hətta aliment ödəməli olan şəxsin aliment ödəməkdən azad edilməsinə imkan verir. Bununla belə, bu, avtomatik həyata keçirilən proses deyil və aliment ödəyən şəxsin sadəcə maddi çətinlik...

24 Sentyabr 2026, 11:00

Banka olan borca görə həbs olunmaq mümkündürmü? – Vəkil AÇIQLADI

Bankdan kredit götürən, lakin müəyyən müddətdən sonra borcunu ödəməkdə çətinlik çəkən şəxslərin ən çox narahat olduğu məsələlərdən biri də borca görə həbs olunub-olunmayacaqlarıdır. Xüsusilə kredit ödənişləri gecikdikdə, bank tərəfindən məhkəməyə müraciət edildikdə və iş icra mərhələsinə keçdikdə insanlar vəziyyətin daha hansı hüquqi nəticələrə səbəb ola biləcəyini düşünürlər. Bəzən isə sosial şəbəkələrdə “bank borcunu ödəməsən, həbs olunacaqsan” kimi ümumiləşdirilmiş fikirlər yayılır.Vəkil Elvin Səfərov Citypost.az-a açıqlamasında bildirib ki, məsələyə bu qədər sadə yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, şəxsin banka borclu olması və ya kredit ödənişlərini gecikdirməsi avtomatik olaraq onun həbs ediləcəyi anlamına gəlmir. Həbs məsələsi borcun özündən daha çox, məhkəmə qərarı...

24 Sentyabr 2026, 10:00

Boşanmadan sonra kişilər niyə peşman olur? – Vəkildən AÇIQLAMA

Boşanma yalnız ər-arvad münasibətlərinin hüquqi baxımdan sona çatması deyil, eyni zamanda insanların həyat tərzində, sosial münasibətlərində, maddi vəziyyətində və psixoloji durumunda ciddi dəyişikliklər yaradan prosesdir. Bəzən tərəflər nikahın pozulması qərarını emosional vəziyyətdə qəbul edir, zaman keçdikdən sonra isə əvvəlki ailə həyatının müəyyən üstünlüklərini daha aydın görməyə başlayırlar. Xüsusilə boşanmadan sonra tərəflərin qarşılaşdığı hüquqi və maddi məsuliyyətlər də onların sonrakı münasibətinə təsir edə bilər.Vəkil Fərhad Mehdiyev Citypost.az-a açıqlamasında bildirib ki, boşanmadan sonra bəzi kişilərin peşmanlıq hissi keçirməsini yalnız bir səbəblə izah etmək doğru deyil. Burada ailə münasibətlərinin necə bitməsi, boşanma qərarının kim tərəfindən verilməsi, uşaqların olması, tərəflərin maddi vəziyyəti, əmlak bölgüsü...

24 Sentyabr 2026, 09:00

Qəza zamanı xəsarət alan yoxdursa, hadisə yerini tərk etmək olar?

Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sürücülərin qarşılaşdığı əsas suallardan biri hadisə yerində qalmağın məcburi olub-olmaması ilə bağlıdır. Xüsusilə qəza nəticəsində heç kimin xəsarət almadığı, yalnız avtomobillərə maddi ziyan dəydiyi hallarda bəzi sürücülər hadisəni öz aralarında razılaşdırdıqdan sonra ərazini tərk edə biləcəklərini düşünürlər. Lakin belə hallarda da qanunvericiliyin tələblərinə diqqət etmək vacibdir.Məsələ ilə bağlı vəkil Pirəli Şirəliyev Citypost.az-a açıqlamasında bildirib ki, ümumi qayda olaraq, yol hərəkəti qaydalarını pozan sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınması inzibati məsuliyyət yarada bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat məbləğində cərimə...

23 Sentyabr 2026, 11:41