Bizə yazın

Baku

-°C

USD

-

Panik atakdır, yoxsa ürək xəstəliyi? – Nevroloqdan AÇIQLAMA

Tibb 08 Oktyabr 2026, 08:30

304

Ürək döyüntüsünün qəfil sürətlənməsi, sinədə sıxılma, nəfəs darlığı, boğulma hissi, başgicəllənmə və güclü qorxu... Bu əlamətlər bir çox insan üçün ilk növbədə ürək xəstəliyini düşündürür. Xüsusilə şikayətlər qəfil başladıqda pasiyent ciddi təhlükə ilə üzləşdiyini düşünə və təşvişə düşə bilər. Lakin eyni əlamətlərin bir qismi panik atak zamanı da müşahidə oluna bilər.Məhz bu səbəbdən ürək xəstəliyi ilə panik atakın əlamətlərini yalnız pasiyentin öz müşahidəsinə əsasən ayırmaq düzgün deyil. Eyni şikayətin müxtəlif səbəblərdən yarana bilməsi diaqnostik yanaşmanı daha da vacib edir. Xüsusilə ilk dəfə meydana çıxan sinə ağrısı, nəfəs darlığı və ya ürəkdöyünmə hallarında insan bunun sadəcə panik atak olduğunu düşünərək həkimə müraciəti gecikdirməməlidir.

Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında nevroloq Nafis Mütəllimov bildirib ki, bu cür hallarda ilk növbədə ixtisaslı həkimə müraciət etmək və əlamətlərin səbəbini dəqiq müəyyənləşdirmək lazımdır.

Həkimin sözlərinə görə, pasiyentin yaşadığı ürəkdöyünmə və nəfəs çatışmazlığı kimi şikayətləri avtomatik şəkildə ürək xəstəliyi ilə əlaqələndirməsi doğru olmadığı kimi, onları birbaşa panik atak kimi qiymətləndirmək də düzgün deyil:“Bu məsələdə böyük çətin fərq yoxdur demək düzgün olmaz. Əksinə, müəyyən hallarda panik atakla ürək xəstəliklərinin əlamətləri bir-birinə bənzəyə bilər. Ona görə də bunu araşdırmaq üçün mütləq həkim, mütəxəssis lazımdır. Pasiyent özünün müşahidəsinə əsasən ‘məndə panik atakdır’ və ya ‘məndə ürək xəstəliyi var’ nəticəsinə gəlməməlidir.Xüsusilə ilk dəfə belə bir vəziyyət yaranırsa, ürək döyüntüsü, sinədə sıxılma, nəfəs darlığı, boğulma hissi və ya halsızlıq müşahidə olunursa, əvvəlcə tibbi qiymətləndirmə aparılmalıdır”.

Nafis Mütəllimov qeyd edib ki, panik atak zamanı insanın yaşadığı fiziki simptomlar kifayət qədər real və güclü ola bilər. Pasiyent bəzən ürəyində ciddi problem olduğunu düşünür və bu fikir onun qorxusunu daha da artırır.

“Panik atak zamanı pasiyentdə ürəkdöyünmə, nəfəs almaqda çətinlik, hava çatmaması hissi, sinədə sıxılma, titrəmə, tərləmə, başgicəllənmə, əllərdə və ayaqlarda keyimə kimi müxtəlif əlamətlər yarana bilər. Bəzi insanlar hətta ‘ürəyim dayanacaq’, ‘öləcəyəm’, ‘infarkt keçirirəm’ kimi güclü qorxu hissi yaşayırlar.Burada əsas məqam ondan ibarətdir ki, pasiyentin hiss etdiyi əlamətlər realdır. Yəni insan bunu uydurmur və özünü elə hiss etməsi həqiqətən baş verir. Sadəcə olaraq, həmin simptomların yaranma mexanizmi ürək-damar xəstəliyindən fərqli ola bilər”.

Mütəxəssis bildirib ki, panik atakın özünü ürək xəstəliyi kimi qəbul etmək və ya ürək xəstəliyini panik atakla əlaqələndirib müalicəni gecikdirmək düzgün yanaşma deyil.

“Bəzən pasiyent ürək döyüntüsü hiss edir və dərhal bunun ürək xəstəliyi olduğunu düşünür. Digər tərəfdən, bəzi insanlar da əksinə, bütün şikayətlərini panik atakla əlaqələndirərək ürək müayinəsindən keçmirlər. Hər iki yanaşma yanlışdır.Panik atak diaqnozu qoyulmazdan əvvəl pasiyentin şikayətlərinin digər mümkün səbəbləri nəzərdən keçirilməlidir. Lazım gəldikdə kardioloq müayinəsi, elektrokardioqram və digər müayinələr aparıla bilər. Bundan sonra nevroloq və ya digər müvafiq mütəxəssisin qiymətləndirməsi həyata keçirilir”.

Nevroloqun sözlərinə görə, panik atak zamanı simptomların qəfil başlaması və müəyyən müddət sonra azalması müşahidə oluna bilər. Lakin simptomların xarakteri insandan insana dəyişə bilər və yalnız bir əlamətə əsaslanaraq diaqnoz qoymaq mümkün deyil.

“Panik atakın mühüm xüsusiyyətlərindən biri qəfil başlayan güclü təşviş və qorxu hissidir. Bununla yanaşı, ürəkdöyünmə, tərləmə, titrəmə, nəfəs darlığı, başgicəllənmə və digər vegetativ əlamətlər yarana bilər. Pasiyent bu vəziyyət zamanı özünü ciddi təhlükədə hiss edir.Amma bir daha vurğulayıram ki, bu əlamətlərin olması avtomatik olaraq panik atak demək deyil. Çünki ürək-damar sisteminin, tənəffüs sisteminin və digər orqanların bəzi xəstəlikləri də oxşar şikayətlər yarada bilər. Ona görə də diaqnoz həkim tərəfindən müəyyənləşdirilməlidir”.

Həkim həmçinin qeyd edib ki, panik atak yaşayan şəxslərdə vəziyyətlə bağlı qorxu bəzən növbəti tutmanın yaranmasına da təsir göstərə bilər. İnsan əvvəlki epizodu xatırlayaraq yenidən eyni vəziyyətə düşəcəyindən narahat olur və bu narahatlıq özü də əlavə təşviş yarada bilər.

“Pasiyent bir dəfə belə vəziyyət yaşadıqdan sonra ‘yenə olacaq’ qorxusu keçirə bilər. Məsələn, ürəyi sürətlə döyünüb, nəfəsi çatmayıbsa, növbəti dəfə kiçik bir ürəkdöyünmə hiss edən kimi təşvişə düşə bilər. Bu zaman qorxu artır, qorxu artdıqca fiziki simptomlar daha da güclənə bilər. Beləliklə, insan özünü qapalı bir dövrənin içində hiss edir.Bu vəziyyətdə pasiyentin maarifləndirilməsi və problemin düzgün qiymətləndirilməsi çox vacibdir. İnsan bilməlidir ki, yaşadığı simptomların səbəbini müəyyənləşdirmək mümkündür və bunun üçün mütəxəssisə müraciət etmək lazımdır”.

Nafis Mütəllimov bildirib ki, panik atak diaqnozu təsdiqləndikdən sonra da pasiyent müalicəyə məsuliyyətlə yanaşmalıdır. Bu vəziyyət yalnız “özünü ələ almaq” və ya “fikirləşməmək” kimi sadə tövsiyələrlə həmişə aradan qalxmır.

“Panik atakın müalicəsi fərdi yanaşma tələb edir. Bəzi pasiyentlərdə psixoterapiya əsas müalicə üsulu ola bilər, bəzi hallarda isə həkim tərəfindən dərman müalicəsi də nəzərdən keçirilə bilər. Burada pasiyentin vəziyyəti, tutmaların tezliyi, yanaşı problemlər və digər faktorlar qiymətləndirilir.Əsas məsələ odur ki, insan özbaşına sakitləşdirici və ya ürək dərmanı qəbul etməsin. İnternetdən oxuduğu məlumatlara əsasən özünə diaqnoz qoymaq da düzgün deyil”.

Nevroloq xüsusilə ilk dəfə yaranan və güclü olan simptomların diqqətdən kənarda saxlanılmamasını tövsiyə edib:“Əgər insanda ilk dəfə güclü sinə ağrısı, ciddi nəfəs darlığı, huşun itməsi, güclü halsızlıq və ya digər kəskin simptomlar yaranıbsa, bunu avtomatik olaraq panik atak hesab etmək olmaz. Belə vəziyyətlərdə təcili tibbi qiymətləndirmə lazımdır. Çünki həyati təhlükəli vəziyyətləri yalnız əlamətlərə baxaraq istisna etmək mümkün deyil.Pasiyentlərin əsas səhvi özlərinə diaqnoz qoymalarıdır. Ürək döyüntüsü varsa, ‘ürəyimdə problem var’, nəfəs darlığı varsa, ‘panik atakdır’ demək düzgün deyil. Bu əlamətlərin səbəbini həkim müəyyənləşdirməlidir”.

Həkim sonda cəmiyyətə müraciət edərək bildirib ki, panik atak və ürək xəstəlikləri arasında fərqin müəyyənləşdirilməsi üçün mütləq mütəxəssisə müraciət edilməlidir:“Bu cür şikayətləri olan şəxslər yaxşı olar ki, mütəxəssisə müraciət etsinlər. Əvvəlcə mövcud vəziyyət araşdırılmalı, ürək-damar sistemi ilə bağlı problem olub-olmadığı qiymətləndirilməlidir. Bundan sonra şikayətlərin panik atak və ya digər nevroloji səbəblərlə əlaqəli olub-olmadığı müəyyənləşdirilə bilər.Əsas məqsəd pasiyenti qorxutmaq deyil, doğru diaqnoza gəlməkdir. Çünki düzgün diaqnoz qoyulmadan aparılan müalicə həm faydasız ola bilər, həm də əsl xəstəliyin aşkarlanmasını gecikdirə bilər. Ona görə də ürəkdöyünmə, nəfəs darlığı və sinədə sıxılma kimi əlamətləri olan şəxslər özbaşına nəticə çıxarmamalı, vaxtında ixtisaslı həkimə müraciət etməlidirlər”.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

8 saat yatırsınız, amma səhər yorğun oyanırsınız? – Səbəblər AÇIQLANDI

Gecə kifayət qədər yatmasına baxmayaraq səhər özünü yorğun, halsız və enerjisiz hiss edən insanların sayı az deyil. Bir çox insan bunu gün ərzində çox işləmək, stress və ya yuxusuzluqla əlaqələndirir. Lakin gecə 7-8 saat yatıldığı halda səhər davamlı olaraq yorğun oyanmaq hər zaman yuxunun müddəti ilə bağlı olmaya bilər. Bəzi hallarda əsas problem yuxunun keyfiyyətinin aşağı olması və ya orqanizmdə müəyyən sağlamlıq probleminin mövcudluğu ilə əlaqəli ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin fikrincə, insanın neçə saat yatmasından əlavə, həmin müddətdə yuxunun nə qədər fasiləsiz və bərpaedici olması da mühüm əhəmiyyət daşıyır. Yuxu tez-tez bölünürsə və ya orqanizmin normal istirahətinə mane...

07 Oktyabr 2026, 10:30

Skoliozu evdə necə aşkar etmək olar? – Travmatoloq-ortopeddən AÇIQLAMA

Uşaqlarda onurğa əyriliklərinin vaxtında aşkar edilməsi gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə skoliozun ilkin mərhələlərində bəzi əlamətlər gözə çox dəyməyə bilər. Bu səbəbdən valideynlərin uşağın bədən quruluşunda və duruşunda yaranan dəyişikliklərə diqqət etməsi vacib hesab olunur.Bəs valideynlər skoliozun ilkin əlamətlərini ev şəraitində necə müşahidə edə bilərlər?Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında travmatoloq-ortoped İsmayıl Məhərrəmli bildirib ki, valideynlərin uşaqların onurğa və bədən simmetriyasına vaxtaşırı diqqət yetirməsi erkən şübhələnmə baxımından faydalı ola bilər. Onun sözlərinə görə, ev şəraitində aparılan belə müşahidə həkim müayinəsini əvəz etmir, lakin müəyyən dəyişiklikləri erkən görməyə və vaxtında mütəxəssisə müraciət etməyə kömək edə bilər.“Skoliozun...

07 Oktyabr 2026, 09:30

Diş çəkiləndən sonra edilən ən böyük səhv nədir? – Stomatoloqdan AÇIQLAMA

Diş ağrısı və ya ciddi diş problemi ilə üzləşən insanların bir qismi üçün dişin çəkilməsi problemin birdəfəlik həlli kimi görünür. Pasiyent düşünür ki, ağrıya səbəb olan diş artıq yoxdur və deməli, məsələ də bununla bitib. Lakin mütəxəssislər bildirirlər ki, dişin çəkilməsi müalicə prosesinin son mərhələsi deyil. Əksinə, bəzi hallarda bundan sonra ağız və diş sağlamlığı baxımından mühüm qərarlar vermək lazım gəlir.Xüsusilə çəkilmiş dişin yerində uzun müddət boşluğun saxlanılması gələcəkdə müəyyən problemlərə səbəb ola bilər. Dişin kökü artıq çənə sümüyünə təzyiq göstərmədiyi üçün həmin nahiyədə sümük toxumasının həcmi zaman keçdikcə azala, sümükdə atrofiya baş verə bilər. Bu isə gələcəkdə həmin nahiyəyə...

07 Oktyabr 2026, 08:30

Uşaqlarda öskürəyi dərhal kəsmək doğrudurmu? – Pediatrdan AÇIQLAMA

Uşaqlarda öskürək valideynləri ən çox narahat edən simptomlardan biridir. Xüsusilə gecə saatlarında uşağın ardıcıl öskürməsi valideynlərdə narahatlıq yaradır və bir çox hallarda ilk olaraq öskürəyi dayandıran dərmanlara müraciət edilir. Lakin mütəxəssislər bildirirlər ki, öskürək hər zaman aradan qaldırılması lazım olan problem deyil. Əksinə, bir çox hallarda öskürək orqanizmin özünü qoruma mexanizmlərindən biridir.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında pediatr Nərmin Quluzadə bildirib ki, öskürəyin müalicəsində əsas məqsəd yalnız simptomu dayandırmaq deyil, onun yaranmasına səbəb olan amili müəyyənləşdirmək və həmin səbəbi aradan qaldırmaqdır.Pediatrın sözlərinə görə, tənəffüs yollarında mikroorqanizmlər, selik, bəlğəm və digər qıcıqlandırıcı maddələr olduqda orqanizm onları xaric etmək üçün öskürək refleksindən istifadə...

07 Oktyabr 2026, 08:30

Herpes ömürlük qalır? – Həkimdən AÇIQLAMA

Dodaqda və ya bədənin digər nahiyələrində herpes səpkilərinin yaranması bir çox insanda narahatlıq və suallar doğurur. Xüsusilə səpkilər təkrarlandıqda insanlar herpes virusunun orqanizmdən tamamilə yox olub-olmadığını və bu xəstəliyin ömürlük davam edib-etmədiyini düşünürlər. Herpeslə bağlı ən çox maraq doğuran məqamlardan biri də virusun orqanizmə daxil olduqdan sonra nə qədər müddət qalması və hansı hallarda yenidən aktivləşməsidir.Həkim-infeksionist Ziba Hüseynova Citypost.az-a açıqlamasında bildirib ki, herpes virusu orqanizmə daxil olduqdan sonra sinir düyünlərində gizli şəkildə qala və müəyyən hallarda yenidən aktivləşə bilər. Lakin bu, herpesə yoluxan hər bir şəxsdə xəstəliyin mütləq ömür boyu səpkilər şəklində özünü göstərəcəyi anlamına gəlmir.Həkimin sözlərinə görə, bəzi insanlarda...

06 Oktyabr 2026, 11:27

Ağıl dişi nə zaman çəkilməlidir, nə zaman saxlanmalıdır? – Stomatoloqdan AÇIQLAMA

Ağıl dişləri ilə bağlı problemlər bir çox insanın qarşılaşdığı stomatoloji məsələlərdən biridir. Xüsusilə ağıl dişinin düzgün çıxmaması, diş ətində iltihab yaratması, qonşu dişlərə təzyiq göstərməsi və ağrıya səbəb olması pasiyentləri narahat edən əsas problemlər sırasındadır. Bu səbəbdən ağıl dişinin hər bir halda çəkilməli olduğu, yoxsa bəzi hallarda ağız boşluğunda saxlanmasının mümkünlüyü ilə bağlı suallar yaranır.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında stomatoloq Vüsal Həsənli bildirib ki, ağıl dişinin çəkilib-çəkilməməsi hər pasiyent üçün fərdi şəkildə qiymətləndirilməlidir. Onun sözlərinə görə, ağıl dişi sağlam, düzgün yerləşmiş və funksionaldırsa, onu mütləq şəkildə çəkməyə ehtiyac olmaya bilər.Stomatoloq qeyd edib ki, ağıl dişi ağız boşluğunda tam şəkildə çıxıbsa,...

06 Oktyabr 2026, 10:21