Bizə yazın

Baku

-°C

USD

-

Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları müzakirə edilib 

Cəmiyyət 23 Yanvar 2026, 14:33

159

Yanvarın 23-də Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

Citypost.az xəbər verir ki, iclası giriş sözü ilə açan nazir general-polkovnik Vilayət Eyvazov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən hüquq mühafizə siyasəti sayəsində ölkəmizdə möhkəm təməllərə söykənən sabitlik "Konstitusiya və Suverenlik İli" olan 2025-ci ildə də etibarlı qorunub. Cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələr layiqincə yerinə yetirilib, beynəlxalq və respublika əhəmiyyətli kütləvi tədbirlərdə, habelə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik etibarlı təmin edilib. Ümumən qanunla müəyyən edilmiş funksiyaların icrası digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə peşəkarlıq və qətiyyətlə davam etdirilib.

Hesabat məruzəsində vurğulanıb ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 31.852 cinayət qeydə alınıb, onlardan 90,5 faizi açılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 310 fakt təşkil edib. Cinayətlərin 92,8 faizi və ya 29.572-i daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində araşdırılan hüquqazidd əməllər olmaqla 93,5 faizinin açılması təmin edilib. Cinayətlərin ağır və xüsusilə ağır növlərinin 90,1, qeyri-aşkar şəraitdə baş verənlərin 90,9, şəxsiyyət əleyhinə olanların 98,9, mülkiyyət əleyhinə olanların 89,5 faizi, qəsdən adam öldürmələrin, qəsdən sağlamlığa ağır zərər vurmaların, soyğunçuluqların və quldurluqların hamısı açılıb.

Xırda talamaların açılmasının nəticələri də yaxşılaşaraq 92 faizə yüksəlib.

Cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrası sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Prokurorluq orqanları ilə birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə cəmiyyətdə rezonans doğurmuş bir sıra cinayətlərin açılması təmin edilib, eləcə də keçmiş illərdən bağlı qalmış 355 cinayət açılaraq təqsirli şəxslər məsuliyyətə cəlb olunub.

Ağır və xüsusilə ağır cinayətlər törətmiş 1.033 nəfər tutulub, 214 kriminal qrup zərərsizləşdirilib. Qrup halında baş verən cinayətlər 8,9, odlu silahın tətbiqi ilə törədilənlər 44,1, ailə münaqişəsi zəminli cinayətlər 3,1, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 17,5 faiz azalıb. Eyni zamanda, ümumi cinayətlər 6,2, ağır və xüsusilə ağır cinayətlər 8,6, qeyri-aşkar şəraitdə baş verənlər 10,5, qəsdən adam öldürmələr 8,8, qəsdən sağlamlığa ağır zərər vurmalar 4,7, mülkiyyət əleyhinə olanlar 6,7, onlardan informasiya texnologiyalarından istifadə edilməklə törədilənlər 16,9, habelə yol-nəqliyyat hadisələri 12,3, qəzalarda ölənlərin sayı 9,8, xəsarət alanların sayı 13,6 faiz azalıb.

Həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb. Həmçinin 15 qız qaçırma faktı üzrə Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılaraq 32 şəxs haqda müvafiq məsuliyyət tədbirləri görülüb.

Qeyri-leqal dövriyyədən 2024-cü illə müqayisədə 961 kiloqram çox - 5 ton 675 kiloqram narkotik vasitə çıxarılıb, 272 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 2 ton 724 kiloqram müvafiq vasitə aşkarlanıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 294 tondan artıq çətənə və xaş-xaş kolu yığılaraq məhv edilib, narkotiklərlə əlaqəli cinayətlərə görə 88 cinayətkar qrup zərərsizləşdirilib.

İnternet resurslarının real vaxt rejimində monitorinqi də davam etdirilərək dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1.131, ümumilikdə 3.315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib.

Təqsirləndirilən şəxslərin axtarışının nəticələri də yaxşılaşaraq 89,3 faiz təşkil edib, İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 82 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 40 nəfərin yeri müəyyən olunub.

Ümumilikdə 5.199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1.079 döyüş silahı, 2.183 mərmi və 220 mindən çox patron aşkarlanıb. Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.

Qarabağ və Şərqi Zəngəzurda xidmət aparan polis və Daxili Qoşunlar Böyük Qayıdış proqramının sürətlənməsi üçün əzmlə çalışaraq üzərlərinə düşən vəzifələri tam həcmdə yerinə yetirib.

Fəaliyyətin mühüm istiqamətlərindən olan və gündəlik nəzarətdə saxlanılan vətəndaş məmnunluğunun təmin edilməsi tədbirləri çərçivəsində ümumilikdə 8.491, o cümlədən mediada qabaqcadan məlumat verilməklə respublikanın 70 şəhər və rayonundan olan 6.910 şəxs qəbul edilib, qaldırılan məsələlərin əksəriyyəti yerində və müsbət həll edilib. Vətəndaş müraciətlərinə həssaslıqla baxılaraq Nazirliyə, onun "102" Xidmətinə və qaynar xətlərə daxil olmuş, eləcə də sosial şəbəkələrdə yayımlanmış 3 milyona yaxın müraciətə çevik reaksiya verilib, habelə cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 86,7 faizi ödənilib. Dövlət-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılmasına xidmət edən, sənədlərin və informativ məlumatların əldə olunması funksionallığını özündə birləşdirən "E-Polis" mobil tətbiqi təkmilləşdirilib və ötən ilin sonuna 825 mindən çox vətəndaş qeydiyyatdan keçib.

Şəxsi heyətin peşəkarlığının artırılması, mükəmməl nəzəri və praktiki hazırlığa malik olması, müasir iş metodlarına yiyələnməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə ölkə daxilində və xarici dövlətlərdə keçirilən təlim, seminar, treninq, kurslara və onlayn formatda proqramlara 63 mindən çox polis əməkdaşı və Daxili Qoşun hərbi qulluqçusu cəlb edilib.

İclasın gündəliyinə uyğun olaraq məruzəətrafı çıxışlar da dinlənilib. Çıxış edənlər görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, mövcud nöqsanlardan və onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlərdən danışıb.

Kollegiya iclasına yekun vuran nazir 2025-ci ildə əldə olunmuş müsbət nəticələrin polis-vətəndaş münasibətlərinin davamlı inkişafının təzahürü və aidiyyəti dövlət orqanları ilə səmərəli əməkdaşlığın məntiqi yekunu olduğunu qeyd edərək göstərdikləri dəstəyə görə onlara təşəkkürünü bildirib. Cəmiyyətdə sabitliyin və təhlükəsizliyin qorunub saxlanılması naminə mövcud əlaqələrin gücləndirilməsinin vacibliyini, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsinin və hər bir şəxsin qanuni mənafeyinin və hüquqlarının müdafiəsinin əsas vəzifələrdən olduğunu vurğulayıb. Bu konteksdə cinayətlərin qarşısının alınması, açılması və araşdırılması üzrə xidməti vəzifələrin icrasına, hüquqazidd əməllər nəticəsində vurulmuş maddi ziyanın ödətdirilməsi, vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinə yüksək məsuliyyət və peşəkarlıqla yanaşılmasını tələb edib. Antinarkotik təbliğat sahəsində keçirilmiş maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də diqqət çəkərək bu istiqamətdə fəaliyyətin məqsədyönlü davam etdirilməsini və müvafiq tədbirlərdə iştirak edən dövlət qurumlarının mütəxəssislərinin, pedaqoqların, ictimaiyyət nümayəndələrinin tərkibinin genişləndirilməsini, məktəblərdən, valideynlərdən gələn hər bir aidiyyəti siqnala çevik reaksiya verilməsini tövsiyə edib.

Çıxışında bəzi ərazi orqanlarının fəaliyyətində olan çatışmazlıqları da qeyd edərək onların aradan qaldırılması və xidməti fəaliyyətin səmərəliliyinin davamlı surətdə artırılması ilə bağlı tapşırıqlarını verib.

General-polkovnik Vilayət Eyvazov daxili işlər orqanlarına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsinə, infrastrukturunun yenilənməsinə göstərdiyi ali diqqət və qayğıya, fəaliyyətinə verdiyi böyük dəyərə və etimadına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib və əmin edib ki, ölkədə qanunçuluğun, hüquq qaydasının qorunması, vətəndaşların təhlükəsizliyinin və məmnunluğunun təmin olunması sahəsində vəzifələr böyük əzm və qətiyyətlə davam etdiriləcəkdir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Son bir ildə azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib 

İşğaldan azad edilmiş ərazilərdə 2025-ci il ərzində 1079 döyüş silahı aşkar edilib.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında məlumat verilib.Bildirilib ki, sözügedən dövrdə 5 199 odlu silahın 1 079-u işğaldan azad edilmiş ərazilərdə aşkarlanıb.Həmin ərazilərdən odlu silahlarla yanaşı, 2 183 mərmi və 220 mindən çox patron da tapılıb.2025-ci ildə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub....

23 Yanvar 2026, 14:51

Maliyyə Nazirliyi süni intellektin tətbiqinə hazırlaşır 

Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işlərə başlayıb.Citypost.az "Report"-a  xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında nazirliyin Müasir texnologiyalar və innovasiyalar şöbəsinin müdiri Nurlan Soltanov bildirib."Artıq nazirlikdə öz texniki dilində olsa da bir "data warehouse"un formalaşması ilə bağlı iş aparılır. Məhz süni intellektin istifadə olunmasının əsas mahiyyəti datanın formalaşmasıdır. Düzgün data formalaşsa təbii ki, bundan istifadə imkanı yaradılacaq. Bu istiqamətdə artıq işlərə başlanıb, lazımi addımlar atılıb ki, bu infrastruktur formalaşsın", -deyə o qeyd edib....

23 Yanvar 2026, 13:27

Siqareti tərgitməyin 5 effektiv yolu – Sağlam həyata keçid tövsiyələri

Siqaret asılılığı dünya üzrə milyonlarla insanın sağlamlığını təhdid edən əsas risk faktorlarından biri olaraq qalır. Mütəxəssislər bildirirlər ki, siqareti buraxmaq təkcə iradə məsələsi deyil, düzgün strategiya və dəstək tələb edən mərhələli bir prosesdir. Citypost.az xəbər verir ki, sağlam həyat tərzinə keçidi asanlaşdıran və elmi əsaslara söykənən bir neçə effektiv üsul mövcuddur.1. Nikotin əvəzedici vasitələrdən istifadəSiqaret buraxma prosesində ən geniş tətbiq olunan metodlardan biri nikotin əvəzedici terapiyadır. Nikotinli saqqızlar, plastırlar və pastillər orqanizmdə nikotin ehtiyacını tədricən azaldaraq, asılılığın daha yumşaq şəkildə aradan qalxmasına kömək edir. Mütəxəssislərin sözlərinə görə, bu üsul siqareti qəfil dayandırmaqda çətinlik çəkən şəxslər üçün daha təhlükəsiz və effektiv...

23 Yanvar 2026, 13:25

Sabah bəzi yollar buz bağlayacaq.

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 23-dən 24-nə keçən gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 1-3, gündüz 5-10 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5...

23 Yanvar 2026, 12:57

Elnarə Akimova seçicilərlə görüş keçirib- FOTO

46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı, YAP Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru Elnarə Akimovaötən gün  Sumqayıt şəhəri, Dəmir yolu Yük həyəti yaşayış massivində səyyar görüş keçirib. Citypost.az xəbər verir ki, görüş zamanı deputat ərazidə yaşayan sakinlərin sosial-məişət problemləri ilə yerində tanış olub, onların müraciət və narahatlıqlarını diqqətlə dinləyib. Səyyar görüşdə Sumqayıt şəhəri 3 nömrəli sahə inzibati ərazi dairə üzrə nümayəndəliyinin məsləhətçisi Aslan Hacılı də iştirak edib.Sakinlər əsasən kanalizasiya xətlərinin olmaması problemi ilə bağlı narahatlıqlarını bölüşüblər. Bildirilib ki, kanalizasiya sisteminin mövcud olmaması səbəbindən evlər çirkli və üfunətli sular altında qalır ki, bu da ciddi sanitariya və sağlamlıq problemlərinə yol...

23 Yanvar 2026, 12:00

Nigar Köçərli: “Klinikanın bu münasibətini özümə qarşı açıq hörmətsizlik kimi qəbul edirəm”  

Əli və Nino kitab mağazaları şəbəkəsinin və Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli rəsmi FACEBOOK səhifəsində səhhəti ilə bağlı son günlər ona göstərilən dəstək, sevgi və dualara görə hər kəsə minnətdarlığını bildirib. O, ən böyük arzusunun tezliklə toparlanaraq sevdiyi işinin başına qayıtmaq və ailəsi ilə daha çox zaman keçirmək olduğunu qeyd edib.Citypost.az xəbər verir ki, Nigar Köçərli eyni zamanda müalicə prosesi ilə bağlı LIV Bona Dea Hospital və LIV Hospital rəhbərliyinə ünvanladığı şikayətə adekvat cavab ala bilmədiyini açıqlayıb. Onun sözlərinə görə, klinika məsələni araşdırmaq və aydınlaşdırmaq əvəzinə, onları yalan və böhtan yaymaqda ittiham edib, hətta paylaşımın silinməsi üçün müxtəlif təzyiqlər göstərib.Köçərli...

23 Yanvar 2026, 11:47