Banka olan borca görə həbs olunmaq mümkündürmü? – Vəkil AÇIQLADI
Hüquq 24 Sentyabr 2026, 10:00
487
Bankdan kredit götürən, lakin müəyyən müddətdən sonra borcunu ödəməkdə çətinlik çəkən şəxslərin ən çox narahat olduğu məsələlərdən biri də borca görə həbs olunub-olunmayacaqlarıdır. Xüsusilə kredit ödənişləri gecikdikdə, bank tərəfindən məhkəməyə müraciət edildikdə və iş icra mərhələsinə keçdikdə insanlar vəziyyətin daha hansı hüquqi nəticələrə səbəb ola biləcəyini düşünürlər. Bəzən isə sosial şəbəkələrdə “bank borcunu ödəməsən, həbs olunacaqsan” kimi ümumiləşdirilmiş fikirlər yayılır.
Vəkil Elvin Səfərov Citypost.az-a açıqlamasında bildirib ki, məsələyə bu qədər sadə yanaşmaq düzgün deyil. Onun sözlərinə görə, şəxsin banka borclu olması və ya kredit ödənişlərini gecikdirməsi avtomatik olaraq onun həbs ediləcəyi anlamına gəlmir. Həbs məsələsi borcun özündən daha çox, məhkəmə qərarı və onun icrası ilə bağlı yaranan hüquqi vəziyyətlə əlaqələndirilir.
“Banka olan borca görə birbaşa həbs olunmaq kimi yanaşma düzgün deyil. Burada ilk növbədə borcun məhkəmə müstəvisinə keçib-keçməməsinə, məhkəmə qərarının olub-olmamasına və həmin qərarın icra mərhələsində borclunun davranışına baxmaq lazımdır. Əgər məsələ artıq icra mərhələsinə keçibsə, icra məmurunun borcluya qarşı qanunla nəzərdə tutulmuş müxtəlif tədbirlər görmək səlahiyyəti var”, – deyə vəkil bildirib.
Mütəxəssis qeyd edib ki, bank borcu üzrə problem yarandıqda proses bir neçə mərhələdən keçə bilər. Borclunun ödənişi gecikdirməsi halında bank müqavilə və qanunvericiliyə uyğun olaraq borcun tutulması üçün hüquqi addımlar ata bilər. Məhkəmə qərarı qəbul edildikdən və qərar icraya yönəldildikdən sonra isə icra sənədi üzrə məcburi icra tədbirlərinin tətbiqi məsələsi gündəmə gəlir.Azərbaycanın Ədliyyə Nazirliyinin məlumatına görə, məcburi icra tədbirlərinə borclunun əmlakı üzərinə həbs qoyulması və onun satılması, tələbin əmək haqqına, pensiyaya və digər gəlirlərə yönəldilməsi, habelə borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi daxildir.
“İcra işi başladıqdan sonra borclunun qarşısında müəyyən hüquqi öhdəliklər yaranır. İcra məmurunun qanuni tələbləri yerinə yetirilməlidir. Borclunun gəliri varsa, qanunvericilikdə müəyyən edilmiş qaydada həmin gəlirə yönəlmə mümkündür. Əmlakı varsa, qanunun tələblərinə uyğun olaraq həmin əmlaka da yönəlmə həyata keçirilə bilər. Yəni dövlətin məqsədi ilk növbədə məhkəmə qərarının icrasını təmin etməkdir”, – Elvin Səfərov vurğulayıb.
Onun sözlərinə görə, əmək haqqından tutulma da borclunun bütün maaşının əlindən alınması demək deyil. “İcra haqqında” Qanuna əsasən, bir qayda olaraq, əmək haqqından və ona bərabər tutulan digər gəlirlərdən tutulmaların məbləği 50 faizdən çox ola bilməz. Bir neçə icra sənədi olduqda da ümumi qayda olaraq qazancın 50 faizi borcluda qalmalıdır. Qanunda bəzi xüsusi hallar üçün daha yüksək tutulma həddi nəzərdə tutulur.
Vəkil bildirib ki, icra prosesində borclunun ölkədən çıxışına da məhdudiyyət qoyulması mümkündür. Lakin bu da avtomatik tətbiq olunan tədbir deyil. Miqrasiya Məcəlləsinə əsasən, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən edilmiş müddətdə üzrsüz səbəbdən icra edilmədikdə və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
“Bəzən insanlar düşünür ki, borcum var, deməli, sabah hava limanında məni saxlayacaqlar. Belə avtomatik qayda yoxdur. Ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulan əsaslar və müvafiq prosedur olmalıdır. Eyni zamanda, icra işinin başlanması ilə birlikdə borclunun bu məsələni ciddi qəbul etməsi lazımdır. İcra məmurunun çağırışlarını, tələblərini və təqdim etdiyi sənədləri nəzərə almamaq vəziyyəti daha da ağırlaşdıra bilər”, – deyə hüquqşünas qeyd edib.
Mütəxəssis xüsusilə vurğulayıb ki, inzibati həbs birbaşa bank borcuna görə tətbiq edilmir. Burada söhbət icra sənədindəki tələbin üzrsüz səbəbdən müəyyən edilmiş müddətdə yerinə yetirilməməsindən və ya icra məmurunun məhkəmə və digər dövlət orqanlarının qərarlarının icrası ilə bağlı qanuni tələblərinin yerinə yetirilməməsindən gedir.İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, belə hallarda fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilə və ya işin hallarına, şəxsin vəziyyətinə uyğun olaraq bir ayadək inzibati həbs tətbiq oluna bilər. Eyni icra sənədi üzrə həmin xətanın bir il ərzində təkrar törədilməsi halında isə fiziki şəxslər üçün 1000 manatdan 1500 manatadək cərimə və ya iki ayadək inzibati həbs nəzərdə tutulur.
“Burada çox vacib məqam var. İnsan sadəcə banka borclu olduğu üçün həbs edilmir. Söhbət artıq icra sənədinin icrasından yayınmaqdan, icra məmurunun qanuni tələblərinə əməl etməməkdən gedir. Qanunvericilikdə belə davranışa görə inzibati məsuliyyət nəzərdə tutulub. İnzibati həbs məsələsi də məhkəmə tərəfindən, qanunda nəzərdə tutulan əsaslar olduqda həll edilir”, – deyə Elvin Səfərov bildirib.
Qanunvericilikdə borclunun vəziyyətinin nəzərə alınması da mühüm əhəmiyyət daşıyır. Əgər şəxsin borcu ödəmək üçün real imkanı yoxdursa, bunu sadəcə icra prosesindən gizlənməklə həll etməyə çalışması düzgün deyil. Borclu öz maddi vəziyyəti ilə bağlı sənədləri təqdim etməli, icranın təxirə salınması və ya hissə-hissə icra edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadə etməyə çalışmalıdır.Konstitusiya Məhkəməsinin mövqeyinə görə də, borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar nəzərə alınmaqla məhkəmə aktının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, eləcə də icra üsulunun və qaydasının dəyişdirilməsi məsələsinin qaldırılması mümkündür.
“Əgər insan həqiqətən maddi çətinlik içindədirsə, bunu hüquqi formada bildirməlidir. Məsələn, işsizdirsə, gəliri yoxdursa, ailə vəziyyəti ağırdırsa və ya digər əsaslı səbəblər varsa, bunları təsdiq edən sənədlərlə müraciət etmək mümkündür. Əsas məsələ icra prosesindən yayınmaq deyil, yaranmış vəziyyətin hüquqi həllini axtarmaqdır”, – deyə vəkil vurğulayıb.
Həmçinin oxuyun
Elvin Səfərovun sözlərinə görə, borclunun icra məmuru ilə əməkdaşlıq etməsi də mühüm məsələdir. Şəxs çağırışlara gəlmirsə, gəlirləri və əmlakı barədə düzgün məlumat vermirsə, əmlakı gizlətməyə və ya icradan yayınmağa çalışırsa, bu davranış əlavə hüquqi nəticələr doğura bilər.Ədliyyə Nazirliyinin məlumatında da icradan yayınan borcluya münasibətdə inzibati və cinayət məsuliyyəti, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, məcburi gətirilmə və axtarış kimi tədbirlərin tətbiq oluna biləcəyi qeyd edilir.
Mütəxəssis bildirib ki, məsələ müəyyən hallarda cinayət məsuliyyəti mərhələsinə qədər də gedib çıxa bilər. Lakin burada da əsas məsələ sadəcə borcun ödənilməməsi deyil, icra sənədinin qərəzli şəkildə icra edilməməsidir. “İcra haqqında” Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru cinayət məsuliyyətinə cəlb olunma məsələsi ilə bağlı müvafiq ibtidai istintaq orqanına təqdimat verə bilər.
“Yəni, prosesin ən son mərhələsində cinayət məsuliyyəti məsələsinin də ortaya çıxması mümkündür. Amma bunu ‘kredit borcum var, ödəyə bilmədim, deməli, mənə cinayət işi açılacaq’ formasında başa düşmək olmaz. Cinayət məsuliyyəti üçün qanunda nəzərdə tutulan konkret hüquqi əsaslar olmalıdır və söhbət icra sənədinin qərəzli şəkildə icra edilməməsindən gedir”, – deyə hüquqşünas əlavə edib.
Vəkil həmçinin bildirib ki, borclu üçün ən böyük səhvlərdən biri bankın və ya icra məmurunun tələblərinə ümumiyyətlə reaksiya verməməkdir. Şəxs borcun məbləği ilə razı deyilsə, hesablamada səhv olduğunu düşünürsə, ödəniş imkanının olmadığını bildirirsə və ya icra sənədi ilə bağlı hüquqi etirazı varsa, bunun üçün qanuni müdafiə mexanizmlərindən istifadə etməlidir.
“İnsan məktubu açmır, çağırışa getmir, icra məmuru ilə əlaqə saxlamır və düşünür ki, problem özü-özünə həll olunacaq. Bu, düzgün yanaşma deyil. Əksinə, borclu prosesdə iştirak etməli, hüquqlarını bilməli və mümkün olduğu halda öhdəliyin icra qaydasının dəyişdirilməsi, möhlət və ya hissə-hissə ödəniş kimi məsələləri hüquqi müstəvidə qaldırmalıdır”, – deyə Elvin Səfərov qeyd edib.
Onun sözlərinə görə, bankla borclu arasında razılaşmanın əldə olunması da konkret hallarda problemin daha ağır mərhələyə keçməsinin qarşısını ala bilər. Bununla belə, hər bir kredit müqaviləsi və icra işi ayrıca qiymətləndirilməlidir. Borcun məbləği, məhkəmə qərarının olub-olmaması, icra sənədinin hansı mərhələdə olması, borclunun gəliri və əmlakı, əvvəlki ödənişləri və digər hallar nəzərə alınmadan konkret nəticə çıxarmaq olmaz.
Beləliklə, “banka borcum var, məni həbs edə bilərlərmi?” sualının cavabı birbaşa “bəli” və ya “xeyr” formasında deyil. Sadəcə kredit borcunun mövcudluğu avtomatik həbs əsası deyil. Lakin borc məhkəmə qərarı ilə təsdiqlənib icra sənədi yaranıbsa və şəxs icra prosesində qanuni tələbləri üzrsüz səbəbdən yerinə yetirmirsə, qanunvericilikdə əvvəlcə məcburi icra tədbirləri, müəyyən hallarda inzibati məsuliyyət, daha sonra isə qərəzli icra etməmə ilə bağlı cinayət məsuliyyəti məsələsinin qaldırılması imkanları mövcuddur.
Elvin Səfərov sonda bildirib ki, kredit ödənişində çətinlik yaşayan şəxslər problemi gizlətmək və icra prosesindən yayınmaq əvəzinə, mümkün qədər erkən mərhələdə hüquqi məsləhət almalı və vəziyyətlərini sənədlərlə əsaslandırmalıdırlar. Çünki borcun ödənilməsində çətinlik yaşamaqla icra sənədinin qərəzli şəkildə yerinə yetirilməməsi eyni hüquqi vəziyyət deyil. Əsas məsələ borclunun öz hüquq və öhdəliklərini bilməsi, icra məmurunun qanuni tələblərinə əməl etməsi və real maliyyə çətinliyi varsa, bunun hüquqi həll yollarından istifadə etməsidir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Boşanmadan sonra kişilər niyə peşman olur? – Vəkildən AÇIQLAMA
Boşanma yalnız ər-arvad münasibətlərinin hüquqi baxımdan sona çatması deyil, eyni zamanda insanların həyat tərzində, sosial münasibətlərində, maddi vəziyyətində və psixoloji durumunda ciddi dəyişikliklər yaradan prosesdir. Bəzən tərəflər nikahın pozulması qərarını emosional vəziyyətdə qəbul edir, zaman keçdikdən sonra isə əvvəlki ailə həyatının müəyyən üstünlüklərini daha aydın görməyə başlayırlar. Xüsusilə boşanmadan sonra tərəflərin qarşılaşdığı hüquqi və maddi məsuliyyətlər də onların sonrakı münasibətinə təsir edə bilər.Vəkil Fərhad Mehdiyev Citypost.az-a açıqlamasında bildirib ki, boşanmadan sonra bəzi kişilərin peşmanlıq hissi keçirməsini yalnız bir səbəblə izah etmək doğru deyil. Burada ailə münasibətlərinin necə bitməsi, boşanma qərarının kim tərəfindən verilməsi, uşaqların olması, tərəflərin maddi vəziyyəti, əmlak bölgüsü...
24 Sentyabr 2026, 09:00
Qəza zamanı xəsarət alan yoxdursa, hadisə yerini tərk etmək olar?
Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra sürücülərin qarşılaşdığı əsas suallardan biri hadisə yerində qalmağın məcburi olub-olmaması ilə bağlıdır. Xüsusilə qəza nəticəsində heç kimin xəsarət almadığı, yalnız avtomobillərə maddi ziyan dəydiyi hallarda bəzi sürücülər hadisəni öz aralarında razılaşdırdıqdan sonra ərazini tərk edə biləcəklərini düşünürlər. Lakin belə hallarda da qanunvericiliyin tələblərinə diqqət etmək vacibdir.Məsələ ilə bağlı vəkil Pirəli Şirəliyev Citypost.az-a açıqlamasında bildirib ki, ümumi qayda olaraq, yol hərəkəti qaydalarını pozan sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınması inzibati məsuliyyət yarada bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə 100 manat məbləğində cərimə...
23 Sentyabr 2026, 11:41
Əsassız kommunal borc yazılıbsa, necə sildirmək olar? – Vəkildən AÇIQLAMA
Vətəndaşların qarşılaşdığı problemlərdən biri də istifadə etmədikləri və ya əvvəlki mülkiyyətçiyə aid olan kommunal borcların sonradan onların adına hesablanmasıdır. Bəzən mənzil yeni alındığı halda əvvəlki sahibin borcu yeni mülkiyyətçinin hesabında görünür, bəzi hallarda isə uzun müddət istifadə olunmayan mənzil üzrə kommunal ödənişlərin hesablanması davam edir. Texniki səhvlər, sayğac göstəricilərinin düzgün əks etdirilməməsi və digər səbəblər də abonentin hesabında əsassız borcun yaranmasına gətirib çıxara bilər.Belə vəziyyətlə üzləşən vətəndaşın həmin borcu avtomatik olaraq ödəməsi məcburi deyil. Əvvəlcə borcun hansı əsasla yarandığını müəyyənləşdirmək, hesablamanın düzgünlüyünü yoxlamaq və əsassız hesablamanın aradan qaldırılması üçün aidiyyəti kommunal xidmət qurumuna rəsmi qaydada müraciət etmək lazımdır.Məsələ ilə bağlı...
23 Sentyabr 2026, 10:39
Əmlakı bağışlamaq, yoxsa vəsiyyət etmək daha təhlükəsizdir? – Vəkildən AÇIQLAMA
İnsanlar sahib olduqları əmlakı gələcəkdə övladlarına, yaxınlarına və ya digər şəxslərə keçirmək istədikdə qarşılarında əsasən iki hüquqi seçim dayanır. Bunlardan biri əmlakın sağlığında bağışlanması, digəri isə vəsiyyətnamə tərtib edilərək həmin əmlakın şəxsin vəfatından sonra müəyyən edilmiş vərəsəyə və ya vərəsələrə keçirilməsidir. İlk baxışdan hər iki üsul oxşar məqsədə xidmət etsə də, onların hüquqi nəticələri tamamilə fərqlidir.Məsələ ilə bağlı vəkil Elmar Süleymanov Citypost.az-a açıqlamasında bildirib ki, əmlak sahibi qərar verməzdən əvvəl bağışlama ilə vəsiyyət arasındakı əsas fərqləri bilməli və öz vəziyyətinə uyğun seçim etməlidir. Onun sözlərinə görə, burada ən vacib məqamlardan biri mülkiyyət hüququnun nə vaxt və hansı formada başqa şəxsə...
22 Sentyabr 2026, 11:00
İşçi iş vaxtı xəsarət alıbsa, işəgötürənin hansı öhdəlikləri var?
İş yerində əməkdaşın xəsarət alması zamanı bir çox hallarda hadisənin ağırlıq dərəcəsinə diqqət yetirilir. Halbuki qanunvericilik baxımından istehsalatda baş verən bədbəxt hadisənin yüngül və ya ağır olması işəgötürənin ilkin məlumatlandırma öhdəliyini aradan qaldırmır. Belə hadisələr zamanı işçinin sağlamlığının qorunması ilə yanaşı, hadisənin rəsmiləşdirilməsi, araşdırılması və qanunvericiliyin tələb etdiyi qaydada uçota alınması da mühüm əhəmiyyət daşıyır.Məsələ ilə bağlı vəkil Aysel Süleymanova Citypost.az-a açıqlamasında bildirib ki, işçi iş vaxtı və ya istehsalat fəaliyyəti ilə əlaqədar bədbəxt hadisə nəticəsində xəsarət alıbsa, işəgötürən hadisəni gizlətməməli və qanunvericilikdə nəzərdə tutulan qaydada məlumat verməlidir.Onun sözlərinə görə, Əmək Məcəlləsinin 217-ci maddəsində istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması...
22 Sentyabr 2026, 10:00
Qadınlar niyə əvvəlkindən daha rahat boşanmağa qərar verirlər? – Vəkildən AÇIQLAMA
Son illərdə ailə münasibətlərində və boşanma qərarlarına yanaşmada müəyyən dəyişikliklərin müşahidə olunmasının səbəbləri barədə müxtəlif fikirlər səsləndirilir. Xüsusilə qadınların öz hüquqları barədə daha çox məlumat əldə etməsi, internet və sosial şəbəkələrin geniş yayılması, hüquqi maarifləndirmənin artması və əmək bazarında qadınların rolunun genişlənməsi bu məsələnin cəmiyyətdə daha çox müzakirə olunmasına səbəb olur. Əvvəllər, xüsusilə internet və informasiya resurslarının indiki qədər əlçatan olmadığı dövrlərdə bir çox insan ailə münasibətləri, boşanmanın hüquqi nəticələri, aliment, əmlak bölgüsü və digər məsələlərlə bağlı hüquqlarını tam bilmirdi. Bununla yanaşı, ailə və cəmiyyətin münasibəti də insanların qərarlarına ciddi təsir göstərə bilirdi. Xüsusilə rayon və kənd yerlərində “qadın boşanmamalıdır”, “bir...
22 Sentyabr 2026, 09:00