Bizə yazın

Baku

-°C

USD

-

Məcburi işdən çıxma ərizəsi yazdırılırsa, səs yazısı məhkəmədə sübut ola bilərmi? – Vəkildən AÇIQLAMA

Hüquq 08 Oktyabr 2026, 10:00

285

İşçinin öz istəyi ilə işdən çıxması ilə rəhbər tərəfindən məcburi şəkildə ərizə yazdırılması hüquqi baxımdan tamamilə fərqli məsələlərdir. Bəzən işçi işdən çıxmaq istəmədiyi halda rəhbər tərəfindən otağa çağırılır, ona təzyiq göstərilir və “öz ərizənlə işdən çıx” tələbi irəli sürülür. Belə vəziyyətdə isə ən böyük problem məcburiyyət faktının sonradan necə sübut ediləcəyidir.Çünki işçi ərizə yazdıqdan sonra işəgötürən həmin sənədə əsaslanaraq əmək müqaviləsinə işçinin öz təşəbbüsü ilə xitam verildiyini bildirə bilər. İşçi isə əksinə, ərizəni öz iradəsi ilə yazmadığını, təzyiq və məcburiyyət altında yazdığını iddia edə bilər. Bu zaman tərəflər arasında yaranan əmək mübahisəsində sübutlar xüsusi əhəmiyyət daşıyır.Məhz belə hallarda işçinin rəhbərlə söhbəti zamanı etdiyi səs yazısının sonradan məhkəməyə təqdim edilib-edilə bilməməsi sualı gündəmə gəlir.

Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında vəkil İmran Ələkbərov bildirib ki, işçinin məcburi şəkildə ərizə yazmağa məcbur edilməsi ilə bağlı səs yazısı müəyyən hallarda məhkəmədə sübut kimi təqdim oluna və məhkəmə tərəfindən qiymətləndirilə bilər.

Vəkilin sözlərinə görə, belə vəziyyətlə üzləşən işçi ilk növbədə hüquqlarının müdafiəsi üçün vaxtında hüquqi addımlar atmalıdır:“Əgər işçi rəhbər tərəfindən məcbur edilərək işdən çıxma ərizəsi yazıbsa və həmin məcburiyyətlə bağlı səs yazısı əldə edibsə, bu səs yazısını sonradan məhkəməyə sübut kimi təqdim edə bilər. Lakin burada bir məsələni nəzərə almaq lazımdır: səs yazısının təqdim edilməsi onun avtomatik olaraq məhkəmə tərəfindən mütləq və təkzibolunmaz sübut kimi qəbul ediləcəyi anlamına gəlmir. Məhkəmə həmin materialı işin digər halları ilə birlikdə qiymətləndirir.Əgər direktor işçini otağına çağırıb və orada ona ‘ərizə yazmalısan’ deyərək məcbur edibsə, işçinin bu faktı başqa hansı formada sübut etməsi sualı ortaya çıxır. Belə hallarda həmin söhbətin səs yazısı əhəmiyyətli sübut vasitələrindən biri ola bilər”.

İmran Ələkbərov qeyd edib ki, işçinin məcburi şəkildə ərizə yazdırıldığını sonradan sübut etməsi hər zaman asan olmur. Çünki belə hallar əksər hallarda rəhbərlə işçi arasında, başqa şəxslərin iştirakı olmadan baş verir.

“Bəzən işçi rəhbərin otağına çağırılır və orada ona təzyiq göstərilir. Məsələn, rəhbər deyir ki, ‘ərizə yaz, öz ərizənlə işdən çıx’. İşçi də işini itirmək qorxusu ilə həmin ərizəni yazır. Sonradan isə məhkəmə qarşısında deyir ki, mən öz istəyimlə işdən çıxmamışam, mənə məcbur yazdırılıb.Burada əsas məsələ həmin məcburiyyətin necə sübut olunmasıdır. Əgər hadisə zamanı otaqda başqa şahid olmayıbsa və yazılı sənəddə də məcburiyyət əks olunmayıbsa, işçinin əlində olan səs yazısı mühüm əhəmiyyət daşıya bilər”.

Vəkil bildirib ki, səs yazısının məzmunu və əldə edildiyi şərait də məhkəmə üçün əhəmiyyətli ola bilər:“Əgər səs yazısında rəhbərin işçini ərizə yazmağa məcbur etməsi, işçinin isə öz istəyi ilə işdən çıxmaq istəmədiyini bildirməsi açıq şəkildə eşidilirsə, həmin material məhkəməyə təqdim edilə bilər. Məhkəmə səs yazısını digər sübutlarla birlikdə qiymətləndirə bilər.Burada söhbət iki tərəf arasında baş verən və birbaşa əmək münasibətləri ilə bağlı olan danışıqdan gedir. Yəni bu, direktorun şəxsi və ya ailə həyatına aid gizli məlumatların əldə edilməsi məqsədilə aparılan bir yazı deyil. Söhbətin mövzusu işçinin əmək fəaliyyəti, işdən çıxarılması və əmək hüquqları ilə bağlıdır. Bu baxımdan belə səs yazısının iş üzrə sübut əhəmiyyəti ayrıca qiymətləndirilə bilər”.

İmran Ələkbərov vurğulayıb ki, səs yazısının olması işçinin digər hüquqi addımları atmasına mane olmamalıdır. İşçi hüququnun pozulduğunu bildiyi andan etibarən məsələnin həlli üçün qanunvericilikdə nəzərdə tutulan prosedurlara əməl etməlidir.

“İşçi artıq məcburi şəkildə ərizə yazıbsa və bunun əsasında işdən çıxarılıbsa, vaxt məsələsi çox önəmlidir. İşə bərpa ilə bağlı iddia müddəti bir aydır. Buna görə də şəxs hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan etibarən gecikmədən hüquqi addımlar atmalıdır.İşçi əvvəlcə aidiyyəti dövlət qurumuna, o cümlədən əmək qanunvericiliyinə əməl olunması ilə bağlı səlahiyyətli dövlət orqanına müraciət edə bilər. Eyni zamanda əmək mübahisəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan mediasiya proseduru da nəzərə alınmalıdır. Mediasiya prosesindən sonra zərurət yaranarsa, məhkəməyə müraciət edilə bilər”.

Vəkilin sözlərinə görə, işçi məhkəməyə müraciət edərkən əlində olan bütün sübutları təqdim etməlidir. Səs yazısı da həmin materiallar arasında ola bilər.

“Əgər işçinin başqa sübutu yoxdursa, səs yazısını təqdim edə bilər. Çünki məcburiyyət faktını başqa formada sübut etmək bəzən həqiqətən çətin olur. Məsələn, direktor işçini otağına çağırıb, orada yalnız ikisi olub və işçiyə ərizə yazmağa məcbur edib. Sonradan həmin söhbətin yazılı izi olmaya bilər.Belə vəziyyətdə səs yazısı mühüm materialdır. Məhkəmə həmin səs yazısının məzmununu, kimlər arasında aparıldığını, iş üzrə digər halları qiymətləndirə bilər və qanunvericiliyin tələblərinə uyğun olaraq onun sübut əhəmiyyətini müəyyənləşdirə bilər”.

İmran Ələkbərov qeyd edib ki, işçinin səs yazısını təqdim etməsi ilə yanaşı, həmin yazının orijinallığının qorunması da vacibdir.

“İşçi belə bir səs yazısı əldə edibsə, onun üzərində dəyişiklik etməməlidir. Səs yazısının montaj edilməsi, ayrı-ayrı hissələrin çıxarılması və ya məzmunun dəyişdirilməsi sonradan mübahisələrə səbəb ola bilər. Ona görə də mümkün qədər ilkin və tam materialın saxlanılması daha məqsədəuyğundur.Məhkəmə səs yazısının həqiqiliyini və iş üçün əhəmiyyətini digər sübutlarla birlikdə qiymətləndirə bilər. Tərəflərdən biri yazının saxtalaşdırıldığını və ya dəyişdirildiyini iddia edərsə, bu məsələ də araşdırıla bilər”.

Vəkil bildirib ki, məcburi işdən çıxma hallarının sübutu yalnız səs yazısı ilə məhdudlaşmır. İşçi digər materialları da toplamalıdır.

“Əgər rəhbərlə yazışmalar varsa, mesajlar, elektron məktublar, işdən çıxarılma ilə bağlı sənədlər, əmək müqaviləsinə xitam əmri və digər materiallar saxlanılmalıdır. Həmçinin hadisənin şahidi olan şəxslər varsa, onların ifadələri də işin hallarından asılı olaraq əhəmiyyət kəsb edə bilər.Məsələn, rəhbər işçiyə əvvəlcədən ‘sən ərizə yazmalısan’ deyə mesaj göndəribsə və ya işçi başqa əməkdaşlara rəhbərin onu məcbur etdiyini bildirib­sə, bu kimi materiallar da iş üzrə ümumi mənzərənin müəyyənləşdirilməsinə kömək edə bilər”.

İmran Ələkbərov xüsusilə vurğulayıb ki, işçi “ərizə yazmışam, deməli, artıq heç nə edə bilmərəm” düşüncəsinə qapılmamalıdır.

“İşçinin ərizə yazması hər bir halda məsələnin mütləq onun öz iradəsi ilə baş verdiyini göstərən yeganə hal kimi qiymətləndirilməməlidir. Əgər həmin ərizənin təzyiq və ya məcburiyyət nəticəsində yazıldığını işçi iddia edirsə, bunu təsdiq edən halları və sübutları təqdim edə bilər.Amma burada yenə də əsas məsələ sübutdur. İşçi sonradan yalnız ‘məni məcbur etdilər’ deməklə kifayətlənməməlidir. Əlində olan səs yazısı, yazışmalar, sənədlər və digər materiallar varsa, bunları vaxtında təqdim etməlidir”.

Vəkil həmçinin bildirib ki, işçinin hüququnun pozulduğunu düşündüyü halda prosesin uzadılması ciddi risk yarada bilər:“Əmək mübahisələrində müddətlərə xüsusi diqqət etmək lazımdır. Xüsusilə işə bərpa tələbi ilə bağlı müddətin qısa olması səbəbindən işçi hüququnun pozulduğunu bildiyi andan etibarən gecikmədən hüquqi məsləhət almalıdır.Mediasiyaya müraciət və sonrakı məhkəmə prosesi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş prosedurlara əməl olunmalıdır. Müddətin ötürülməsi işçinin hüququnun müdafiəsini çətinləşdirə bilər. Ona görə də belə hallarda ‘sonra müraciət edərəm’ demək düzgün deyil”.

İmran Ələkbərov sonda qeyd edib ki, rəhbər tərəfindən işçiyə məcburi şəkildə işdən çıxma ərizəsi yazdırılması iddiası hər bir konkret halda ayrıca araşdırılmalıdır:“Əgər işçi həqiqətən öz iradəsi ilə işdən çıxmayıbsa və ona məcburi şəkildə ərizə yazdırılıbsa, bu faktın hüquqi qiymətləndirilməsi mümkündür. Əgər həmin söhbətin səs yazısı varsa, onu məhkəməyə təqdim etmək olar. Məhkəmə isə səs yazısını digər sübutlarla birlikdə qiymətləndirərək onun iş üzrə sübut kimi qəbul edilib-edilməməsinə qərar verə bilər.Xüsusilə səs yazısının iki tərəf arasında baş tutan, əmək münasibətlərinə və işçinin işdən çıxarılması məsələsinə dair söhbəti əks etdirməsi mühüm məqamdır. Bu, şəxsin özəl həyatına dair məlumatların toplanması ilə eyni məsələ deyil.

Əsas tövsiyəm budur ki, işçi belə vəziyyətlə üzləşibsə, vaxt itirmədən hüquqi yardım alsın, dövlətin aidiyyəti qurumlarına müraciət etsin, mediasiya prosedurunu nəzərə alsın və məhkəməyə müraciət üçün qanunvericilikdə müəyyən edilmiş müddətləri ötürməsin. Əlində olan səs yazısı və digər sübutları da qoruyub saxlasın. Çünki məcburi işdən çıxarılma iddiasında məhz bu materiallar işçinin mövqeyinin əsaslandırılmasında mühüm rol oynaya bilər”.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Evi uşaqlara xəbər vermədən bağışlamaq olar? – Vəkildən AÇIQLAMA

Daşınmaz əmlakın bağışlanması ilə bağlı vətəndaşların ən çox verdiyi suallardan biri də mülkiyyətçinin evini övladlarına xəbər vermədən və ya onların razılığı olmadan başqa şəxsə bağışlayıb-bağışlaya bilməməsidir. Bir çox hallarda valideyn öz adına rəsmiləşdirilmiş evin gələcək taleyini özü müəyyənləşdirmək istəyir. Lakin əmlakın hüquqi statusu, həmin evdə digər şəxslərin qeydiyyatda olub-olmaması, pay hüququnun mövcudluğu və əmlakın hansı əsasla əldə edilməsi bağışlanma zamanı mühüm əhəmiyyət daşıya bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Roman Qaraşov bildirib ki, əmlakın bağışlanması məsələsində ilk növbədə həmin əmlak üzərində kimin mülkiyyət və ya digər hüquqlarının olduğu müəyyənləşdirilməlidir.Vəkilin sözlərinə görə, yalnız şəxsin övladı olması həmin uşağın avtomatik olaraq valideynə...

08 Oktyabr 2026, 09:00

Birinci qrup əlilliyi olan şəxslərə kredit verilməyə bilər? – Vəkildən AÇIQLAMA

Banklardan kredit götürmək istəyən vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri müraciətin müxtəlif səbəblərdən qəbul edilməməsidir. Xüsusilə gəliri olan, pensiya və ya əməkhaqqı alan şəxslər bankdan kredit üçün müraciət etdikdə imtina ilə üzləşdiklərini bildirirlər. Bu zaman isə ən çox müzakirə olunan məsələlərdən biri bankların əlilliyi olan şəxslərə kredit verib-verməməsi ilə bağlıdır.Bəzən vətəndaşlar düşünürlər ki, şəxsin birinci qrup əlilliyi varsa, bank onun kredit müraciətindən avtomatik imtina edə bilər. Lakin əlilliyin olması özlüyündə kreditdən imtina üçün əsas hesab edilə bilməz. Kredit müraciətinə baxılarkən bank tərəfindən şəxsin gəlirləri, mövcud öhdəlikləri, kredit tarixçəsi, ödəmə qabiliyyəti və digər risk meyarları qiymətləndirilə bilər.Mövzu ilə bağlı Citypost.az-a danışan vəkil...

07 Oktyabr 2026, 11:44

Qızının adına olan evə qayınanası iddia qaldıra bilər? – Vəkildən AÇIQLAMA

Ailə daxilində əmlak məsələləri bəzən münasibətlərin ən həssas mövzularından birinə çevrilir. Xüsusilə həyat yoldaşlarından birinin vəfat etməsindən sonra onun valideynləri ilə digər ailə üzvləri arasında ev, mənzil və digər əmlaklarla bağlı mübahisələr yarana bilər. Belə hallarda ən çox ortaya çıxan suallardan biri budur: əgər mənzil və ya ev sağ qalan həyat yoldaşının adına rəsmiləşdirilibsə, mərhumun anası həmin əmlaka iddia edə və çıxarışın dəyişdirilməsini tələb edə bilərmi?Mövzu ilə bağlı Citypost.az-a danışan vəkil Mircavid Miriyev bildirib ki, belə məsələlərdə yalnız tərəflərin qohumluq münasibətlərinə əsaslanaraq nəticə çıxarmaq olmaz. Əmlakın kimin adına rəsmiləşdirilməsi, onun hansı vaxtda və hansı əsasla əldə edilməsi, nikah dövründə alınıb-alınmaması...

07 Oktyabr 2026, 09:49

Xaricdə bağlanan nikah Azərbaycanda pozula bilərmi? – Vəkildən AÇIQLAMA

Azərbaycan vətəndaşlarının xarici ölkə vətəndaşları ilə nikaha daxil olması son illərdə kifayət qədər geniş yayılıb. Belə nikahların pozulması zamanı isə tərəflərdən birinin Azərbaycanda, digərinin isə xarici ölkədə yaşaması müxtəlif hüquqi suallar yaradır. Xüsusilə nikah Türkiyədə bağlanıbsa, həmin nikahın Azərbaycan məhkəməsində pozulmasının mümkün olub-olmaması və bunun üçün hansı sənədlərin tələb edilməsi vətəndaşları maraqlandıran məsələlərdəndir.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında vəkil İlham Mehrəliyev bildirib ki, müəyyən hallarda xarici ölkədə qeydə alınmış nikah Azərbaycan məhkəməsində də pozula bilər.Vəkilin sözlərinə görə, nikahın xarici ölkədə bağlanması onun Azərbaycan ərazisində pozulmasına avtomatik olaraq maneə yaratmır. Əgər tərəflərdən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, qanunvericilikdə nəzərdə tutulan hallarda nikahın pozulması...

06 Oktyabr 2026, 11:00

Mülki hüquqda iddia müddəti nə qədərdir? – Hüquqşünasdan AÇIQLAMA

Mülki hüquq münasibətlərində şəxslərin pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə vaxtında müraciət etməsi mühüm əhəmiyyət daşıyır. Qanunvericilikdə bu məqsədlə müəyyən müddətlər nəzərdə tutulub. Hüququ pozulmuş şəxsin öz hüququnun müdafiəsi üçün məhkəməyə müraciət etməli olduğu qanunla müəyyən edilmiş müddət isə iddia müddəti adlanır. İddia müddətinin düzgün müəyyən edilməsi və bu müddət ərzində hüquqi addımların atılması bir sıra mübahisələrdə həlledici rol oynaya bilər.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında hüquqşünas Nail Həsənov bildirib ki, mülki hüququ pozulmuş şəxsin məhkəməyə vaxtında müraciət etməsi onun hüquqlarının effektiv şəkildə müdafiəsi baxımından əsas məsələlərdən biridir.Hüquqşünasın sözlərinə görə, iddia müddəti pozulmuş hüquqların müdafiəsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş zaman çərçivəsidir:“İddia...

06 Oktyabr 2026, 10:00

Hərbi xidmətdən qayıdan şəxs əvvəlki işinə nə vaxt bərpa olunmalıdır?

Hərbi xidmətə çağırılan şəxslərin xidmət başa çatdıqdan sonra əvvəlki iş yerlərinə qayıtmaq hüququ qanunvericiliklə qorunur. Lakin hərbi xidmətdən qayıdan şəxsin əvvəlki iş yerində yenidən çalışması üçün müəyyən müddətlərə və prosedurlara əməl olunmalıdır.Citypost.az xəbər verir ki, hüquq mütəxəssislərinin sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsi, həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun müvafiq müddəaları hərbi xidmətdən qayıdan şəxslərin əmək hüquqlarının müdafiəsini nəzərdə tutur. Müddətli həqiqi hərbi xidmətdən qayıdan şəxs əvvəlki iş yerinə ən geci 60 təqvim günü ərzində müraciət etməlidir.Mütəxəssislər bildirirlər ki, müəyyən edilmiş müddət ərzində işçidən müraciət daxil olduqda işəgötürənin də üzərinə konkret öhdəlik düşür. Belə ki, işəgötürən...

06 Oktyabr 2026, 09:00