Bizə yazın

Baku

-°C

USD

-

Sidiyi uzun müddət saxlamaq sidik kisəsini məşq etdirir, yoxsa zədələyir? – Uroloqdan XƏBƏRDARLIQ

Tibb 02 Oktyabr 2026, 10:30

533

Sidik ifrazını uzun müddət ertələmək gündəlik həyatda bir çox insanın etdiyi vərdişlərdən biridir. İş, yol, toplantı və ya başqa səbəblərdən tualetə getməyi gecikdirən insanlar bəzən bunun sidik kisəsini “məşq etdirdiyini” düşünürlər. Lakin mütəxəssislər sidiyin mütəmadi və uzun müddət saxlanılmasının sidik-ifrazı sisteminə mənfi təsir göstərə biləcəyini bildirirlər.

Uroloq-androloq Nail Şirinov Citypost.az-a açıqlamasında bildirib ki, sidiyin uzun müddət saxlanılması sidik kisəsinin normal fəaliyyətinə mənfi təsir göstərə və zamanla sidik ifrazında müxtəlif problemlərə səbəb ola bilər.

Həkimin sözlərinə görə, sidik kisəsi sidiyi müəyyən həddə qədər toplamaq və daha sonra normal şəkildə boşaltmaq funksiyasını yerinə yetirir. İnsan sidik ifrazı ehtiyacını uzun müddət dəf etdikdə isə sidik kisəsinin divarlarında və onun boşalmasını təmin edən əzələ mexanizmində əlavə gərginlik yaranır.

“Sidiyi uzun müddət saxlamaq, əlbəttə ki, sidik kisəsinə zərər verə bilər. Çünki sidik kisəsinin divarları və əzələləri uzun müddət gərgin vəziyyətdə qalır. Bu əzələlərin yorulmasına və sonradan sidik ifrazında müəyyən pozuntuların yaranmasına səbəb ola bilər”, – deyə uroloq qeyd edib.

Nail Şirinov vurğulayıb ki, sidiyi saxlamaq sidik kisəsini sağlam şəkildə “məşq etdirmək” üsulu hesab edilə bilməz. Sidik kisəsinin normal fəaliyyəti üçün orqanizmin verdiyi sidik ifrazı siqnallarına vaxtında reaksiya vermək vacibdir. Tualetə getmək ehtiyacı yarandıqda bunu davamlı olaraq ertələmək sidik kisəsinin normal boşalma mexanizminə mənfi təsir göstərə bilər.

Mütəxəssisin sözlərinə görə, xüsusilə uzun müddət sidiyi saxlamaq vərdiş halına çevrildikdə diqqətli olmaq lazımdır. Bəzi insanlarda sidik ifrazının çətinləşməsi, sidiyə tez-tez getmə, sidiyi tam boşalda bilməmə və digər narahatlıqlar meydana çıxa bilər. Belə şikayətlər təkrarlanırsa, səbəbin müəyyənləşdirilməsi üçün uroloqa müraciət etmək tövsiyə olunur.

“Uzun müddət sidiyi saxlamaq sidik kisəsinin disfunksiyasına gətirib çıxara bilər. Ona görə də sidik ifrazı ehtiyacı yarandıqda bunu mütəmadi şəkildə ertələmək düzgün deyil”, – deyə Nail Şirinov əlavə edib.

Uroloq həmçinin qeyd edib ki, sidik ifrazı ilə bağlı davamlı və ya təkrarlanan problemlərə laqeyd yanaşmaq olmaz. Sidikdə ağrı və yanma, qan görmək, sidiyə çıxmaqda çətinlik, sidiyi saxlaya bilməmək və ya sidik kisəsinin tam boşalmadığı hissi kimi əlamətlər müşahidə olunarsa, həkim müayinəsi vacibdir.

Mütəxəssis insanların gündəlik həyatlarında sidik ifrazını uzun müddət ertələməyi vərdişə çevirməmələrini və orqanizmin təbii siqnallarına diqqət etmələrini tövsiyə edib.

Yusif 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Aritmiyası olanlara idman etmək olarmı? – Kardioloqdan vacib açıqlama

Ürək ritmində pozğunluq yaşayan insanların bir çoxu fiziki aktivlikdən uzaq durmağa çalışır. Xüsusilə səyirici aritmiyası olan pasiyentlər arasında idmanın ürəkdöyünməsini artıracağı, aritmiya tutmalarını çoxaldacağı və vəziyyəti ağırlaşdıra biləcəyi ilə bağlı narahatlıqlar geniş yayılıb. Lakin mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş və nəzarət altında həyata keçirilən fiziki aktivlik bəzi pasiyentlər üçün əksinə, ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər.Kardioloq Üzeyir Rəhimov Citypost.az-a açıqlamasında səyirici aritmiyası olan şəxslərdə fiziki aktivliyin mümkün təsirlərindən danışıb.Həkim bildirib ki, uzun müddət həm pasiyentlər, həm də bəzi hallarda həkimlər səyirici aritmiyası olan insanların idmanla məşğul olmasına ehtiyatla yanaşıblar. Bunun əsas səbəbi fiziki yükün ürəkdöyünməsini sürətləndirərək aritmiya tutmasına səbəb ola...

02 Oktyabr 2026, 09:30

Boyun və qoltuqaltında qaralma nəyin əlamətidir? – Endokrinoloqdan xəbərdarlıq

Bədəndə, xüsusilə boyun, qoltuqaltı və qasıq nahiyələrində dərinin tündləşməsi və qaralması bir çox insan tərəfindən sadəcə kosmetik problem kimi qəbul edilir. Lakin bəzi hallarda dəridə yaranan bu dəyişikliklər orqanizmdə gedən metabolik proseslərlə bağlı ola bilər. Mütəxəssislər bildirirlər ki, boyun nahiyəsində və dəri büküşlərində müşahidə olunan müəyyən tip qaralmalar insulin müqavimətinin əlamətlərindən biri kimi ortaya çıxa bilər.Endokrinoloq Hidayət Məmmədzadə Citypost.az-a açıqlamasında bildirib ki, tibbdə akantoz nigrikans adlandırılan bu vəziyyət xüsusilə boyun, qoltuqaltı, qasıq və digər dəri büküşlərində tündləşmiş, bəzən isə qalınlaşmış dəri sahələri ilə özünü göstərə bilər.Mütəxəssisin sözlərinə görə, akantoz nigrikans cəmiyyətdə geniş yayılmış insulin müqavimətinin xarici əlamətlərindən biri ola bilər....

02 Oktyabr 2026, 08:30

40 yaşdan sonra sümük sağlamlığına diqqət artırılmalıdır – Endokrinoloqdan VACİB XƏBƏRDARLIQ

40 yaş insan həyatında mühüm mərhələlərdən biridir. Bu dövrdə orqanizmdə yaşla əlaqədar bir sıra dəyişikliklər baş verir və xüsusilə qadınlarda menopauzaya keçid dövrünün ilk əlamətləri özünü göstərə bilər. Məhz buna görə 40 yaşdan sonra sağlamlığın qorunması, düzgün qidalanma və fiziki aktivlik daha ciddi şəkildə diqqətdə saxlanılmalıdır.Endokrinoloq Hidayət Məmmədov Citypost.az-a açıqlamasında bildirib ki, bu yaş dövründə xüsusilə qadınlarda sümük sağlamlığına diqqət artırılmalıdır. Onun sözlərinə görə, perimenopauza dövrünə yaxınlaşdıqca orqanizmdə baş verən hormonal dəyişikliklər sümük sıxlığına da təsir göstərə bilər.Həkim qeyd edib ki, osteoporoz yaş artdıqca inkişaf edə bilən və uzun müddət heç bir ciddi əlamət verməyən xəstəliklərdən biridir. Bu səbəbdən insan...

01 Oktyabr 2026, 10:30

CRP yüksək çıxıbsa, bu, mütləq infeksiya demək deyil – Həkimdən AÇIQLAMA 

Laborator analizlər zamanı bəzi göstəricilərin normadan yüksək çıxması insanlarda ciddi narahatlıq yarada bilər. Xüsusilə C-reaktiv zülalın (CRP) yüksək olması bir çox şəxsdə avtomatik olaraq orqanizmdə infeksiyanın olduğu düşüncəsini formalaşdırır. Bəzi hallarda isə insanlar yalnız analiz nəticəsinə əsaslanaraq özbaşına antibiotik qəbul etməyə başlayırlar. Mütəxəssislər bildirirlər ki, bu yanaşma düzgün deyil. CRP-nin yüksəlməsi müxtəlif səbəblərlə əlaqəli ola bilər və yalnız bu göstəriciyə əsasən konkret xəstəlik və ya bakterial infeksiya diaqnozu qoymaq mümkün deyil.Doktor Elvin Abdullayev Citypost.az-a açıqlamasında CRP göstəricisinin nə ifadə etdiyini və yüksək nəticə aşkarlandıqda nələrə diqqət edilməli olduğunu izah edib.Həkimin sözlərinə görə, CRP – C-reaktiv protein və ya C-reaktiv zülal...

01 Oktyabr 2026, 09:30

“Hemoglobin normaldırsa, qan azlığım yoxdur” demək olmaz – Həkimdən vacib xəbərdarlıq

Qan azlığı, xüsusilə də dəmir çatışmazlığı ilə bağlı problemlər geniş yayılmış sağlamlıq məsələlərindən biridir. Lakin bir çox insan qan analizinin nəticələrində hemoglobin göstəricisinin normal olduğunu gördükdə orqanizmdə dəmir çatışmazlığının olmadığını düşünür. Halbuki mütəxəssislərin fikrincə, yalnız hemoglobin göstəricisinə əsaslanaraq dəmir çatışmazlığını istisna etmək düzgün deyil.Doktor Mehdi Babaşov Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə dəmir ehtiyatlarının azalması ilə hemoglobinin aşağı düşməsi eyni vaxtda baş verməyə bilər. Bu səbəbdən insanın hemoglobini normal olduğu halda belə, dəmir deposunun tükənməsi prosesi artıq başlamış ola bilər.Həkimin sözlərinə görə, dəmir çatışmazlığı müəyyən mərhələlərlə inkişaf edir. İlk mərhələdə qanda dövr edən dəmirin miqdarı azalmağa başlayır. Daha sonra orqanizmdə dəmirin...

01 Oktyabr 2026, 08:30

Yeni doğulan körpənin üzündə ağ nöqtələr və səpkilər niyə yaranır? – Pediatrdən  AÇIQLAMA

Yeni doğulan körpələrin üzündə və bədəninin müxtəlif nahiyələrində xırda səpkilərin, qırmızı nöqtələrin və ya ağ rəngli kiçik qabarcıqların yaranması valideynləri çox vaxt narahat edir. Xüsusilə ilk dəfə valideyn olanlar körpənin dərisində hər hansı dəyişiklik gördükdə bunu xəstəlik əlaməti kimi qəbul edə bilərlər. Halbuki yeni doğulmuşlarda bəzi dəri səpkiləri kifayət qədər yayğındır və xüsusi müalicə tələb etmədən öz-özünə keçə bilir.Pediatr Nihad Abdullayev Citypost.az-a açıqlamasında bildirib ki, yeni doğulan körpənin üzündə yaranan bəzi səpkilər fizioloji xüsusiyyət daşıya bilər və valideynlərin ilk növbədə panikaya düşməməsi vacibdir. Onun sözlərinə görə, xüsusilə toksik eritema kimi tanınan səpkilər yenidoğulmuş dövründə tez-tez müşahidə olunur və əksər hallarda...

30 Sentyabr 2026, 11:18