Bizə yazın

Baku

-°C

USD

-

Kontraseptivlər xərçəng yaradırmı? – Həkimdən qadınlara vacib xəbərdarlıq

Tibb 05 Oktyabr 2026, 08:30

432

Hormonal kontraseptivlərdən istifadə edən qadınların ən çox narahat olduğu məsələlərdən biri bu preparatların uzunmüddətli perspektivdə xərçəng riskinə səbəb olub-olmamasıdır. Xüsusilə sosial şəbəkələrdə və müxtəlif platformalarda hormonal preparatların süd vəzi xəstəlikləri ilə əlaqələndirilməsi qadınlarda əlavə narahatlıq yaradır. Bu səbəbdən bir çox qadın kontraseptiv vasitələrdən istifadə etməzdən əvvəl onların orqanizmə mümkün təsirləri barədə həkimdən məlumat almağa çalışır.

Mövzu ilə bağlı Citypost.az-a danışan mama-ginekoloq İlhamə Quluzadə bildirib ki, gündəlik praktikada hormonal kontraseptivlərdən kifayət qədər geniş istifadə olunur. Onun sözlərinə görə, müasir kontraseptiv preparatların tərkibində hormonların dozaları əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır və düzgün seçildiyi halda bu preparatlardan istifadə edən qadınların əksəriyyəti üçün təhlükəsiz hesab olunur.

Həkim qeyd edib ki, qadınların əsas diqqət etməli olduğu məqam hormonal kontraseptiv qəbul etməzdən əvvəl ümumi sağlamlıq vəziyyətinin və xüsusilə süd vəzilərinin qiymətləndirilməsidir:

“Biz gündəlik praktikada qadınlarda hormonal kontraseptivlərdən, yəni doğuşa nəzarət həblərindən kifayət qədər tez-tez istifadə edirik. Amma qadınların beynində haqlı olaraq belə bir sual yaranır: “Doktor, bu preparatlar məndə xərçəng yarada bilərmi?” Bu suala cavab verərkən bir neçə mühüm məqama diqqət yetirmək lazımdır. İlk növbədə qadının süd vəzilərinin vəziyyəti nəzərə alınmalıdır”.

İlhamə Quluzadənin sözlərinə görə, qadınlar ginekoloji müayinə və müalicə zamanı süd vəzilərinin müayinəsini də diqqətdən kənarda saxlamamalıdırlar. Çünki bəzi hallarda qadınlar yalnız reproduktiv orqanlarla bağlı problemlərə fokuslanır və süd vəzilərinin vəziyyətini yoxlatdırmağı unudurlar.

“Qadınların böyük əksəriyyəti ginekoloji müalicə alarkən və ya hər hansı hormonal preparatdan istifadə edərkən süd vəzilərini unudurlar. Halbuki qadın sağlamlığı kompleks şəkildə qiymətləndirilməlidir. Əgər süd vəzinizdə hər hansı şübhəli düyün, törəmə və ya başqa dəyişiklik varsa, hormonal preparatların qəbulu məsələsinə mütləq həkim nəzarəti altında yanaşmaq lazımdır. Belə hallarda həmin düyünün xüsusiyyətləri, hormonal həssaslığı və ümumi klinik vəziyyət qiymətləndirilməlidir”, – deyə mama-ginekoloq vurğulayıb.

Həkim bildirib ki, süd vəzisində aşkar edilən hər bir düyün avtomatik olaraq xərçəng anlamına gəlmir. Lakin belə bir dəyişiklik aşkarlandıqda onun səbəbi dəqiqləşdirilmədən hormonal preparatların qəbuluna başlanılması düzgün yanaşma deyil. Bu baxımdan qadınların radioloq və mammoloq müayinələrini vaxtında keçməsi mühüm əhəmiyyət daşıyır.

“Əgər süd vəzilərinizdə hər şey normaldırsa və hər hansı şübhəli dəyişiklik yoxdursa, həkim tərəfindən sizə uyğun hesab edilən hormonal kontraseptivlərdən istifadə etmək mümkündür. Əlbəttə, burada preparatın seçimi, qadının yaşı, yanaşı xəstəlikləri, ailə anamnezi və digər risk faktorları da nəzərə alınmalıdır. Özbaşına kontraseptiv qəbul etməkdənsə, mütləq mama-ginekoloqla məsləhətləşmək lazımdır”, – deyə İlhamə Quluzadə bildirib.

Onun sözlərinə görə, müasir hormonal kontraseptivlərin tərkibində hormonların dozasının əvvəlki nəsil preparatlarla müqayisədə daha aşağı olması da qadınların narahatlığını müəyyən qədər azaltmağa imkan verir. Lakin bu, bütün qadınların heç bir müayinə aparılmadan istənilən hormonal preparatdan istifadə edə biləcəyi anlamına gəlmir.Mama-ginekoloq xüsusilə vurğulayıb ki, qadınlar kontraseptiv istifadəsinə başladıqdan sonra da öz sağlamlıqlarına nəzarəti davam etdirməlidirlər. Süd vəzilərində yeni yaranan düyün, bərkimə, ağrı, dəridə dəyişiklik, məmə başından ifrazat və ya digər qeyri-adi əlamətlər müşahidə olunarsa, həkimə müraciət etmək vacibdir.

“Qadınlara tövsiyəm odur ki, kontraseptiv istifadə edərkən ginekoloqunuza olduğu kimi radioloqunuzu da unutmayın. Müəyyən yaş qruplarında və risk faktorlarından asılı olaraq süd vəzilərinin müayinəsi, ultrasəs və digər müayinələr həkimin tövsiyəsinə uyğun şəkildə aparılmalıdır. Əsas məsələ qorxuya görə hormonal kontraseptivlərdən imtina etmək deyil, onları düzgün və nəzarətli şəkildə istifadə etməkdir”, – deyə həkim əlavə edib.

İlhamə Quluzadə qeyd edib ki, qadınların hormonal kontraseptivlərlə bağlı qərar qəbul edərkən internetdə yayılan məlumatlara deyil, fərdi tibbi qiymətləndirməyə üstünlük verməsi daha doğrudur. Çünki hər bir qadının sağlamlıq vəziyyəti, hormonal fonu və xəstəlik tarixçəsi fərqli ola bilər.

Həkim sonda qadınlara müraciət edərək bildirib ki, profilaktik müayinələrə laqeyd yanaşmamaq, süd vəzilərində hər hansı dəyişiklik müşahidə olunduqda vaxtında mütəxəssisə müraciət etmək və hormonal preparatları yalnız həkim məsləhəti ilə qəbul etmək lazımdır.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sidiyi uzun müddət saxlamaq sidik kisəsini məşq etdirir, yoxsa zədələyir? – Uroloqdan XƏBƏRDARLIQ

Sidik ifrazını uzun müddət ertələmək gündəlik həyatda bir çox insanın etdiyi vərdişlərdən biridir. İş, yol, toplantı və ya başqa səbəblərdən tualetə getməyi gecikdirən insanlar bəzən bunun sidik kisəsini “məşq etdirdiyini” düşünürlər. Lakin mütəxəssislər sidiyin mütəmadi və uzun müddət saxlanılmasının sidik-ifrazı sisteminə mənfi təsir göstərə biləcəyini bildirirlər.Uroloq-androloq Nail Şirinov Citypost.az-a açıqlamasında bildirib ki, sidiyin uzun müddət saxlanılması sidik kisəsinin normal fəaliyyətinə mənfi təsir göstərə və zamanla sidik ifrazında müxtəlif problemlərə səbəb ola bilər.Həkimin sözlərinə görə, sidik kisəsi sidiyi müəyyən həddə qədər toplamaq və daha sonra normal şəkildə boşaltmaq funksiyasını yerinə yetirir. İnsan sidik ifrazı ehtiyacını uzun müddət dəf etdikdə isə sidik...

02 Oktyabr 2026, 10:30

Aritmiyası olanlara idman etmək olarmı? – Kardioloqdan vacib açıqlama

Ürək ritmində pozğunluq yaşayan insanların bir çoxu fiziki aktivlikdən uzaq durmağa çalışır. Xüsusilə səyirici aritmiyası olan pasiyentlər arasında idmanın ürəkdöyünməsini artıracağı, aritmiya tutmalarını çoxaldacağı və vəziyyəti ağırlaşdıra biləcəyi ilə bağlı narahatlıqlar geniş yayılıb. Lakin mütəxəssislər bildirirlər ki, düzgün seçilmiş və nəzarət altında həyata keçirilən fiziki aktivlik bəzi pasiyentlər üçün əksinə, ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər.Kardioloq Üzeyir Rəhimov Citypost.az-a açıqlamasında səyirici aritmiyası olan şəxslərdə fiziki aktivliyin mümkün təsirlərindən danışıb.Həkim bildirib ki, uzun müddət həm pasiyentlər, həm də bəzi hallarda həkimlər səyirici aritmiyası olan insanların idmanla məşğul olmasına ehtiyatla yanaşıblar. Bunun əsas səbəbi fiziki yükün ürəkdöyünməsini sürətləndirərək aritmiya tutmasına səbəb ola...

02 Oktyabr 2026, 09:30

Boyun və qoltuqaltında qaralma nəyin əlamətidir? – Endokrinoloqdan xəbərdarlıq

Bədəndə, xüsusilə boyun, qoltuqaltı və qasıq nahiyələrində dərinin tündləşməsi və qaralması bir çox insan tərəfindən sadəcə kosmetik problem kimi qəbul edilir. Lakin bəzi hallarda dəridə yaranan bu dəyişikliklər orqanizmdə gedən metabolik proseslərlə bağlı ola bilər. Mütəxəssislər bildirirlər ki, boyun nahiyəsində və dəri büküşlərində müşahidə olunan müəyyən tip qaralmalar insulin müqavimətinin əlamətlərindən biri kimi ortaya çıxa bilər.Endokrinoloq Hidayət Məmmədzadə Citypost.az-a açıqlamasında bildirib ki, tibbdə akantoz nigrikans adlandırılan bu vəziyyət xüsusilə boyun, qoltuqaltı, qasıq və digər dəri büküşlərində tündləşmiş, bəzən isə qalınlaşmış dəri sahələri ilə özünü göstərə bilər.Mütəxəssisin sözlərinə görə, akantoz nigrikans cəmiyyətdə geniş yayılmış insulin müqavimətinin xarici əlamətlərindən biri ola bilər....

02 Oktyabr 2026, 08:30

40 yaşdan sonra sümük sağlamlığına diqqət artırılmalıdır – Endokrinoloqdan VACİB XƏBƏRDARLIQ

40 yaş insan həyatında mühüm mərhələlərdən biridir. Bu dövrdə orqanizmdə yaşla əlaqədar bir sıra dəyişikliklər baş verir və xüsusilə qadınlarda menopauzaya keçid dövrünün ilk əlamətləri özünü göstərə bilər. Məhz buna görə 40 yaşdan sonra sağlamlığın qorunması, düzgün qidalanma və fiziki aktivlik daha ciddi şəkildə diqqətdə saxlanılmalıdır.Endokrinoloq Hidayət Məmmədov Citypost.az-a açıqlamasında bildirib ki, bu yaş dövründə xüsusilə qadınlarda sümük sağlamlığına diqqət artırılmalıdır. Onun sözlərinə görə, perimenopauza dövrünə yaxınlaşdıqca orqanizmdə baş verən hormonal dəyişikliklər sümük sıxlığına da təsir göstərə bilər.Həkim qeyd edib ki, osteoporoz yaş artdıqca inkişaf edə bilən və uzun müddət heç bir ciddi əlamət verməyən xəstəliklərdən biridir. Bu səbəbdən insan...

01 Oktyabr 2026, 10:30

CRP yüksək çıxıbsa, bu, mütləq infeksiya demək deyil – Həkimdən AÇIQLAMA 

Laborator analizlər zamanı bəzi göstəricilərin normadan yüksək çıxması insanlarda ciddi narahatlıq yarada bilər. Xüsusilə C-reaktiv zülalın (CRP) yüksək olması bir çox şəxsdə avtomatik olaraq orqanizmdə infeksiyanın olduğu düşüncəsini formalaşdırır. Bəzi hallarda isə insanlar yalnız analiz nəticəsinə əsaslanaraq özbaşına antibiotik qəbul etməyə başlayırlar. Mütəxəssislər bildirirlər ki, bu yanaşma düzgün deyil. CRP-nin yüksəlməsi müxtəlif səbəblərlə əlaqəli ola bilər və yalnız bu göstəriciyə əsasən konkret xəstəlik və ya bakterial infeksiya diaqnozu qoymaq mümkün deyil.Doktor Elvin Abdullayev Citypost.az-a açıqlamasında CRP göstəricisinin nə ifadə etdiyini və yüksək nəticə aşkarlandıqda nələrə diqqət edilməli olduğunu izah edib.Həkimin sözlərinə görə, CRP – C-reaktiv protein və ya C-reaktiv zülal...

01 Oktyabr 2026, 09:30

“Hemoglobin normaldırsa, qan azlığım yoxdur” demək olmaz – Həkimdən vacib xəbərdarlıq

Qan azlığı, xüsusilə də dəmir çatışmazlığı ilə bağlı problemlər geniş yayılmış sağlamlıq məsələlərindən biridir. Lakin bir çox insan qan analizinin nəticələrində hemoglobin göstəricisinin normal olduğunu gördükdə orqanizmdə dəmir çatışmazlığının olmadığını düşünür. Halbuki mütəxəssislərin fikrincə, yalnız hemoglobin göstəricisinə əsaslanaraq dəmir çatışmazlığını istisna etmək düzgün deyil.Doktor Mehdi Babaşov Citypost.az-a açıqlamasında bildirib ki, orqanizmdə dəmir ehtiyatlarının azalması ilə hemoglobinin aşağı düşməsi eyni vaxtda baş verməyə bilər. Bu səbəbdən insanın hemoglobini normal olduğu halda belə, dəmir deposunun tükənməsi prosesi artıq başlamış ola bilər.Həkimin sözlərinə görə, dəmir çatışmazlığı müəyyən mərhələlərlə inkişaf edir. İlk mərhələdə qanda dövr edən dəmirin miqdarı azalmağa başlayır. Daha sonra orqanizmdə dəmirin...

01 Oktyabr 2026, 08:30