Tofiq Hüseyn – sözə və mətbuata həsr olunmuş ömür
Söz adamı 21 Avqust 2026, 12:28
447
Azərbaycan jurnalistikasının və ədəbi mühitinin tanınmış simalarından biri, Əməkdar jurnalist, şair və publisist Tofiq Hüseynin 80 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilir, yubilyara ünvanlanan səmimi təbriklər və xoş arzular davam edir.
CityPost.az xəbər verir ki,Tofiq Hüseyn 1946-cı ildə Masallı rayonunun Məmmədxanlı kəndində anadan olub.
Gənc yaşlarından ədəbiyyata və jurnalistikaya böyük maraq göstərib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Əli Bayramlı şəhərində, indiki Şirvanda jurnalistika fəaliyyətinə başlayıb. “İşıq” qəzetində ədəbi işçi, şöbə müdiri və məsul katib vəzifələrində çalışaraq bölgə mətbuatının inkişafında mühüm rol oynayıb.
Müstəqilliyimizin ilk illərində yeni yaradılmış Hacıqabul rayonunda nəşr olunan “Hacıqabul” qəzetinin ilk baş redaktoru olub. Sonrakı illərdə “Həyat” qəzetinin cənub bölgəsi üzrə, 1997-ci ildən isə “Respublika” qəzetinin Muğan–Şirvan bölgəsi üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərib. Müxtəlif illərdə “Xalq” qəzetində də çalışıb.
Tofiq Hüseynin jurnalistika sahəsindəki uzunmüddətli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Tərəqqi” medalı ilə təltif olunub və “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Tofiq Hüseynin jurnalistika fəaliyyətinin ilk illəri mənim üçün həm də ailəmizin mətbuat tarixinin bir parçasıdır. 1952 -ci ildən 1972 cu ilə qədər atam, tanınmış şair və jurnalist İlyas Allahverdiyev “Kommunist” qəzetinin bölgələr üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərmişdir. Həmin dövrdə “Kommunist” Azərbaycanın ən nüfuzlu mətbuat orqanlarından biri idi və bölgələrdə çalışan xüsusi müxbirlərə də böyük məsuliyyət düşürdü.
Atam İlyas Allahverdiyev ilə Tofiq Hüseyn arasında həmin illərdən başlayan isti və səmimi münasibət olub. Onları jurnalistikaya olan sevgi, sözə və peşəyə məsuliyyətli münasibət birləşdirirdi. Hər ikisi bölgələrdə baş verən hadisələri, insanların həyatını, qayğılarını və problemlərini mətbuat vasitəsilə geniş oxucu auditoriyasına çatdırmağa çalışırdı.
Atam Tofiq müəllimin jurnalist kimi fəaliyyətinə, istedadına və insanlarla ünsiyyət qurmaq bacarığına yüksək qiymət verirdi. Tofiq müəllim də İlyas Allahverdiyevə böyük hörmət və ehtiram bəsləyirdi. Bu münasibət illər keçdikcə sadəcə həmkar münasibəti olaraq qalmadı, səmimi dostluğa və qarşılıqlı hörmətə çevrildi.
Mənim Tofiq Hüseynlə “Respublika” qəzetində birgə işləməyim isə bu münasibətlərin başqa bir davamı oldu. Onu yaxından tanıdıqca atamın Tofiq müəllim haqqında dediyi xoş sözlərin səbəbini daha yaxşı anladım. O, peşəsinə sədaqətli, sözün məsuliyyətini dərk edən, bölgə jurnalistikasının inkişafına ömrünü həsr etmiş zəhmətkeş bir qələm sahibidir.
Tofiq Hüseynin yaradıcılığı yalnız jurnalistika ilə məhdudlaşmır. O, həm də istedadlı şair və publisistdir. Səkkiz şeir və publisistik məqalələr kitabının, sənədli povestin müəllifidir.
“Sənə inanıram”, “Sənin yaxşılığın”, “Sabah sənin ad günündür”, “Şərurlu polkovnik”, “Əli Bayramlı hacıları”, “Adamları mənim yanıma dərd gətirir”, iki cildlik “Seçilmiş əsərləri” və “Üzünə gün işığı düşən” kitabları müəllifin zəngin yaradıcılıq yolunu əks etdirir.
Tofiq Hüseynin yaradıcılığında insan, Vətən, doğma torpaq, həyatın ağrı-acıları, mənəvi dəyərlər və insan münasibətləri mühüm yer tutur. Onun poetik dili səmimi və düşündürücüdür. Şair sözün zahiri bər-bəzəyindən daha çox onun mənasına, oxucuda yaratdığı duyğuya və düşündürdüyü fikrə üstünlük verir.
Həmçinin oxuyun
Tofiq Hüseynin “Unut...” şeiri onun həyata fəlsəfi münasibətini əks etdirən təsirli poetik nümunələrdəndir. Şeirin başlanğıcındakı “Unut” müraciəti sadəcə nəyisə yaddaşdan silmək çağırışı deyil. Burada insanın özünü mənəvi cəhətdən qoruması, keçmişin ağır yükündən azad olması, qəlbində qəm və kin saxlamaması ideyası dayanır.
“Unut bu dünyada çox şeyləri sən” misrası oxucunu düşünməyə vadar edir. Şair insanın hər hadisəni ürəyinə salmasının, hər incikliyi illərlə daşımasının əleyhinə çıxır. Həyatın keçiciliyini xatırladaraq insanı bağışlamağa, yaxşılığı qorumağa və könül rahatlığına səsləyir.
Şeirin əsas poetik gücü onun səmimiliyindədir. Tofiq Hüseyn burada oxucu ilə sanki üz-üzə dayanır və ona uzun həyat yolundan, gördüklərindən, yaşadıqlarından süzülüb gələn bir nəsihət verir. “Unut” sözünün poetik təkrarından istifadə edilməsi şeirin həm ritmini gücləndirir, həm də əsas fikri ön plana çıxarır.
Bu şeir bir daha göstərir ki, Tofiq Hüseyn jurnalist kimi hadisələri, şair kimi isə insanın daxili dünyasını müşahidə edir. Onun poeziyasında yaşanmış ömrün, insanlarla ünsiyyətin və həyat təcrübəsinin izləri aydın görünür.
Tofiq Hüseynin 80 illik yubileyi münasibətilə keçirilən tədbirlər və ünvanına səslənən səmimi təbriklər onun uzun illər ərzində gördüyü əməyə verilən mənəvi qiymətin ifadəsidir. Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən görüş də bu ehtiramın gözəl nümunələrindən biridir.
80 il böyük bir ömürdür. Bu ömrün böyük hissəsini mətbuata, jurnalistikaya, poeziyaya və insanlara həsr etmək isə hər qələm sahibinə nəsib olmur. Tofiq Hüseyn bu illər ərzində yazıb, axtarıb, insanların sevincinə və kədərinə şərik olub, bölgələrin həyatını ölkə mətbuatına çatdırıb və öz sözünü Azərbaycan jurnalistikasında yaşadıb.
Əziz Tofiq müəllim, 80 illik yubileyiniz ilin axırına qədər davam edəcək və Sizi ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayıram. Qoy yubileyiniz münasibətilə başlayan xoş təbriklər, səmimi görüşlər və gözəl arzular hələ uzun müddət davam etsin.
Qələminiz daim işlək, sözünüz kəsərli, ürəyiniz Vətən və insan sevgisi ilə dolu olsun. Sizə bundan sonrakı illərdə də sağlamlıqla, könül xoşluğu ilə yazıb-yaratmağı, yeni kitablarla və yeni şeirlərlə oxucularınızı sevindirməyi arzulayıram.
Növbəti yubiley illərində iştirak etmək ümidiylə Sizə uzun və sağlam ömür arzulayırıq.
Rauf İLYASOGLU.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
"Elə sən boydadı dünya dediyin..." – Vasif Süleymanın "Olursan" şeiri
OLURSANElə sən boydadı, dünya dediyin,Gözümdə-könlümdə hər an olursan.Adın çəkiləndə dönərgəm dönür,Adım çəkiləndə viran olursan.Tanrı yazdığına neyniyəsiyəm,Bu boyda saflığın divanəsiyəm.Mən bu məhəbbətin azan səsiyəm,And içmək istəsəm, Quran olursan.Haqqın dərgahından keçdi, ələndi,Canım bu sevdaya çoxdan bələndi.Vədəsiz bu sevgi Haqdan gələndi,Bəs niyə, sən mənə haram olursan…
21 Avqust 2026, 10:26
Kitab tapırıq ki oxuyaq!!! - SƏRRAF BALAXAN YAZIR
Ölkəmizdə kitab müəllifi olmaqla bağlı qızğın mübarizənin getdiyinə şahidlik edirik. Bu mübarizə əsasən pandemiya dövründə başladı və hazırda ən yüksək səviyyəsinə çatmışdır. İctimai, siyasi, hüquqi, tarixi, iqtisadi, mədəni, dini və fəlsəfi mövzuda mübarizə daha kəskin hal almışdır. Bəzən bir müəllif il ərzində 5-7 kitab çıxarmaq zirvəsinə qədər dırmaşa bilmişdir. Taleyin qismətindənmi deyim, bəxtəvərlikdəmi deyim, belə kitabların böyük bir qismi qapı-qapı gəzib-gəzib gəlib axırda məni tapır. Bu kitabların demək olar ki, hamısı eyni formatdadır. Kitabın əvvəlində müəllifin özünə məxsus olduğunu iddia etdiyi bir məqaləsi verilir. Bu bəzən sadəcə ön söz də ola bilir. Qalanı haqqında isə bənd-bənd yazım ki, xalqımızın ərinmədən oxuduğu...
20 Avqust 2026, 18:37
Aslan Aslanov kimdir? – Həyatı, elmi irsi və 100 illik yubileyi
Avqustun 20-də Azərbaycan elm və təhsilinin görkəmli simalarından biri, Bakı Dövlət Universitetinin Estetika və etika kafedrasının müdiri (1961-1977), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (1989), Azərbaycan Dövlət İncəsənət Universitetinin rektoru (1977–1987), AMEA-nın vitse-prezidenti, Fəlsəfə və Hüquq İnstitutunun direktoru (1990–1995), fəlsəfə elmləri doktoru (1974), professor (1976), Əməkdar elm xadimi, akademik Aslan Aslanovun (1926-1995) anadan olmasının 100 ili tamam olur. Aslan Məhəmməd oğlu Aslanov 1926-cı il avqustun 20-də Ağstafa rayonunda dünyaya gəlmişdir. Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından bir il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinifdə müəllim işləmişdir. Ali təhsilini 1945–1950-ci illərdə Bakı Dövlət Universitetində almışdır. O,...
20 Avqust 2026, 17:30
"Təskinlik üçün də gücsüz hiss edirəm özümü..." – Mədət Coşqunun acı taleyi
MƏDƏT COŞQUNA təskinlik əvəzi…Ölüm haqdır. Hər şey zamanında daha gözəldi. Zaman anlayışı da nisbidi. Ən gənc yaşlarında xilaskar olub şəhadətə ucalanlar da, 100-ü keçib ətaflar üçün fayda verməyənlər də yaşayır.Biz ən əzizimizə uzun ömür arzulayırıq. Amma bu arzu dilə gələndə hər ucalan yaşın məziyyətlərini unuduruq. Uzun ömür yaşayan insan 70-80-dən sonra dramatik ömür yaşamaq zorunda qalır. Əzizləri azalır, onların ağrısını yaşamaq qismətin olur. Ata-ana, bacı-qardaş, qohum itkilərinin hər biri streslər yaşadır. Ən pisi 100 yaş ömür arzuladığımız əzizimizin həyat yoldaşını, oğul, qızını itirməsidir, o dəhşətli ağrını yaşamasıdır. Mədət Coşqun ləyaqətli kişidir. Gözümün qabağında hansı ağrılar yaşadığını görnüşəm. Həyat yoldaşını itirdi. Uzun...
20 Avqust 2026, 17:13
"Hər gün ürəyimdən gəlib-gedirsən..." – Vasif Süleymanın "Səyyah" şeiri
Hər gün ürəyimdən gəlib-gedirsən,Yaxşı yol tapmısan gəlib-getməyə.Elə yaxşısını sən eyləyirsən,Qorxuram, başqası gələ, getməyə.Birdən səsə düşər, qulağın səsə,Dinlə o sözləri bir yalan kimi.Hələ harasıdır, ürəyim üstə,Dünyanı gəzəcən Magellan kimi.Elə sənsizlikmiş ümid, pənahım,Hər şeyi yazıram qəmin boynuna,Heç qubar eyləmə mənim səyyahım,Dəmir çarığın da mənim boynuma.Tələsmə, bu yolda, astaca, aram,Gör neçə gecəmiz, səhərimiz var.İndidən deməyə bir az qorxuram,Hələ o dünyaya səfərimiz var.Tələsmə, adına biçilib bu yol,Tələsmə, bu yolla tən gedənin yox.Mənim ürəyimdə sən arxayın ol,Qapıdan çıxanda ləngidənin yox.Bu yol nə uzundu, nə də ki, qısa,Bu yol ömür ilə ölüm arası.Qəlbimə yol saldın, amma..Hardasa,Yolunu gözləyir kimsə, qadası.Hər gün ürəyimdən gəlib-gedirsən,Yaxşı yol tapmısan gəlib-getməyə.Elə yaxşısını...
19 Avqust 2026, 20:50
Sözdə müqəddəslikdən gerçək dəyərə: Ailəni qorumaq üçün nə yetmir?
Ailə önəmli deyil. Ailə hər şeydir.Bu gün Sürixdə maşınla gedərkən yol kənarında bir plakat diqqətimi çəkdi. Almandilli şəhərdə ingiliscə yazılmışdı:”Family is not an important thing. It’s everything.”(Ailə önəmli şeylərdən biri deyil. Ailə hər şeydir.)Bir anlıq düşündüm.Bu cümlənin Avropanın ortasında, Sürixdə böyük bir plakata yazılması özü maraqlıdır.Biz uzun illər Qərb haqqında danışanda onu ailə dəyərlərinin zəiflədiyi, insanların getdikcə fərdiləşdiyi bir dünya kimi təqdim etmişik.Amma görünür, Qərbdə də ailənin dəyəri yenidən düşünülür, onun insan həyatındakı yeri haqqında danışılır.Bəlkə məsələ ailəni sadəcə “önəmli” hesab etməkdə deyil.İnsanın həyatında çox önəmli şeylər var: iş, pul, karyera, dostlar, uğur, rahatlıq…Amma bu plakat başqa şey deyirdi:Ailə onların...
19 Avqust 2026, 20:47