Ərliklə Ülgen arasında - Əsəd CAHANGİR
Cəmiyyət 18 Avqust 2026, 10:35
488
Əsəd CAHANGİR
Aygün Akınayın şeirlər kitabının əlyazmasını rəy üçün mənə AYB sədrinin Baş müşaviri Rauf Aslanov aylar öncə vermiş və içimdən ani bir etiraz dalğası keçmişdi ki, şeirə, ədəbiyyata bu nə axındır belə? Sonra başlamışdım elə ordaca "Günəş çəkdim qaranlığa" adlı əlyazmasını vərəqləməyə və görmüşdüm ki, tanımadığım müəllifə qarşı önyarğımda ağıllı-başlı yanılmışam - şeirlər öz müəllifinin geniş dünyagörüşü, orijinal metaforları, dərin intellektindən xəbər verirdi. Bəli, eləcə savadı yox, məhz intellekti, yəni oxuduqları əsasında özünəməxsus mühakimə qabiliyyətindən! Şairli-nasirli Afaq Məsuddan sonra ikinci dəfəydi ki, belə xanım yazara rast gəlirdim və bu keyfiyyət mənə xeyli qəribə görünmüş, ilkin rəyimi ləngitməmişdim: "Bu, deyəsən, maraqlı müəllifdir, əlyazmasını oxuyub, fikrimi geniş bildirərəm". Fəhmim məni aldatmayıbmış - budur, nəzərdə tutduğum məqaləni yazıram artıq.
Aygün Cəlilabadda dünyaya göz açıb və bu bölgə son otuz-qırx ildə şeir-şair sarıdan özəl seçilir. Amma indi söz konusu bir şairədir, özü də sıradan biri yox, istedadlı biri və sərt şəriət yasaqlarının qorunub saxlanıldığı mühafizəkar bir yerdən belə kreativ düşüncəli xanımın üzə çıxması özü artıq ilginc olaydır. Cəlilabad ədəbiyyata özgürlük dönəmində Salam, Əlizadə Nuri, Aqşin və digər şairlər versə də, məlum səbəbdən ordan çıxan elə bir şairəyə rast gəlmirik. Aygünə gəlincə, özünün eləcə gender mənsubiyyəti deyil, özəl düşüncə tərziylə də bölgənin ədəbi mentallığından yerlə göy qədər uzaqdır. Salamın avtoironik sinizmi, Əlizadənin lirizmi, Aqşinin nihilizmi Aygün üçün əsla və əsla səciyyəvi deyil.
Bu ayrıcalığın nədənləri var:
birincisi, Aygünün Güney Azərbaycan kodudur - soykökü Təbrizə gedib çıxır; təsadüfi deyil ki, 2014-cü ildə "Elm və Təhsil" nəşriyyatında onun "Təbriz sənətkarları" adlı kitabı işıq üzü görüb; ikincisi, o öz ailəsiylə birlikdə uzun illər Rusiyada yaşayıb və bu onun şeirlərinə fərqli baxış bucağı, geniş dünyagörüşü verir. Üçüncüsü, o, ixtisasca rəssamdır, rəngkarlıq, ümumən sənətin bu və ya digər sahəsi özünün səciyyəvi leksik palitrası, terminoloji arsenalı ilə onun şeirlərinə daxil olur və bu şeirlərə özəl bir sənət ruhu, bohema aurası gətirir.
"Sənət gizləmək üçün deyil, gizlənərək danışmaqdır" deyən Aygün "Ana portreti" şeirində rəngkarlığın, "Fotoqraf"da fotoqrafiyanın, "Aktrisa"da teatrın, "Roman yazırdı"da ədəbiyyatın arxasında gizlənərək danışır. Məsələn, "Ömrün simfoniyası"nda "dirijor çubuğu", "not", "pauza", "partitura", "orkestr", "solo", "xor" və sair çoxsaylı musiqi anlayışlarını şeirin başından sonunacan metaforikləşdirib bütöv bir bədii sistemə çevirir:
Zamanın dirijor çubuğu
əmr verirdi səslərə,
sükut belə vaxtında girirdi musiqiyə.
Gün notdan-nota keçirdi,
Aralarda taleyin pauzaları.
...Külək partituraları çevirdi.
Mən orkestrdə yerini itirmiş bir səs:
nə solo, nə də xora qarışan.
Bəzən yalnız bir titrəyiş,
bəzən sükutun özü.
Musiqi bitmədi - mən bitsəm də.
Zaman hələ çubuğu yerə qoymamışdı.
Bu şeirlər müəyyən qədər Məhsəti, Xaqani, Füzuli, Vaqif və digər klassiklərimizin yaradıcılığında təsadüf olunan, peşə metaforları üstündə yazılan və "şəhraşub", yaxud "şəhrəngiz" adlanan şeirləri yada salır.
Ruhən isə Aygün daha dərinlərdən - altaylar, dəşti-qıpçaq bozqırları, Türküstan ulusları, Orxon-Yenisey daş bitikləri, əski türk mifologiyası, tanrıçılıq dini, şamançılıq inancı, bir sözlə, islamaqədərki antik tariximizdən gəlir:
Bəlkə, heç doğulmadım,
ya da çoxdan ölmüşəm.
Bu var olan dünyanı
yuxularda görmüşəm.
Davul səsi doğmadı,
başqa səsi yad sanıb,
azıb öz dünyasında
axtarıram ruhumu.
...Ərlik dartır aşağı,
Ülgən çəkir yuxarı.
Bölünmüşəm ikiyə,
İki dünya kimiyəm.
Ərlik, Erlik, Yerlik - əski türk inancında yeraltı dünya tanrısı, yəni antik yunanların Aid dedikləri bir ilah! Ülgən - yerüstü dünya tanrısı, təxminən, yunanların Zevsi! İslamın qəbulu ilə ədəbi-bədii yaddaşımız bu adları unudub. Hətta Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Rüstəm Behrudi kimi türkçü şairlərin poeziyasında belə bu adlara rast gəlmirsən. Elxan Zal Qaraxanlı indiyəcən bu yöndən bir istisna idi, amma Aygünün meydana çıxmasıyla o özünün bu statusunu itirir - artıq onun qız qardaşı var.
İnsan yuxudan oyanır və şüuru aktivləşən kimi özünü yada salır - mən filankəsəm! Əski tanrıların adlarını xatırlamaq da milli oyanış, milli intibah deməkdir - biz filankəslərik! Sadəcə bu adlar deyil, misraların əksərən qafiyəsizliyindən tutmuş "Akınay" təxəllüsünə qədər hər şey Aygünün əski türk ruhu və türk savı - şeiri ilə bağlılığından soraq verir. Ay əski türk düşüncəsində qadın başlanğıcını simgələyir. Odur ki, "Akınay" ilk baxışdan "ayın axını", "ay işığı" demək olsa da, həm də simgəsəl yöndən "akın qız", yəni "ozan qız", "aşıq qız" - "şairə" anlamına gəlir. Bu bədii soyadı Aygünə milliyyətcə tatar olan, Rusiyada şairəyə rəssamlıq kursu keçən ustadı verib.
Örnək gətirdiyim "Keçid" şeiri əski uyğurlardakı qutsal yazılar - manilər kimi qafiyəsizdir. Oxucu minillik vərdiş üzrə qafiyə gözləyir, o isə gəlmir ki, gəlmir və şeir elə beləcə də bitir. Amma əski şairlə çağdaşımızın bir önəmli ayrıntısı var: o, şeiri misrabaşı səsləşmə (alliterasiya) üstündə qururdu və misrasonu qafiyə ağlına da gəlmirdi. Aygündə isə istər misrabaşı, istərsə misrasonu qafiyədən imtina düşünülmüşdür.
Bu parça Aygünün ədəbi nəsil və zamanının öncəkilərdən fərqini göstərir:
tipik sovet şairi üçün ruh anlayışı yox idi, belə təsəvvür olunurdu ki, insan eləcə bədəndən ibarətdir;
altmışıncılar üçün ruh var, amma o nəslin ən səciyyəvi təmsilçisi Ramiz Rövşənin "Ruhum, dur yığış, gedirik, sən yuxarı, mən aşağı" sözlərindən görünür ki, şair özünü ruh deyil, bədənlə eyniləşdirir.
Aygün və onun timsalında çağdaş bədii düşüncə ruha doğru daha bir addım atır - o, ruhla bədən, aşağıyla yuxarı, Ərliklə Ülgen arasındadır;
Həmçinin oxuyun
sonrakı dönəmin şairi özünü artıq ruhla eyniləşdirəcək. Ruhla bədən arasında beş köynək var və hər köynək özünüdərkin daha bir dönəmidir. Ruhun istəyi bədənə həmqafiyə olmaqdan qurtulmaq, qeydü təəllüqdən azad varoluşa keçməkdir. "Keçid" şeirində Aygün həm özü, həm də şeirimizin bu canatımından danışır.
Aygünün şeirləri yüksək materiyaya iddialı ruhani-metafizik səciyyə daşıyır:
Yaman ağır yatıb, qan-tər içində,
Üzü göy üzünə baxan bədənim.
Barmağım ucunda çıxdım evimdən,
Aman, oyanmasın səsə bədənim.
Səhər oyanacaq, yenə bir ağac,
Yarpağı tökülmüş, suyu qurumuş.
Edam olunacam günahkar kimi,
Hər gün asılacam mən bu ağacdan,
Mənim dar ağacım bədənimiymiş.
Kökü özbək folkloruna gedib çıxan və türk dünyasında çoxsaylı şairlərin üz tutduğu dar ağacı mövzusunda ən ünlü şeirin müəllifi, "o hansı millətdir, taleyi sirdir/ yüz adla bölündü, yenə də birdir/ məni hüzuruna bu dərd gətirdi/ salam, dar ağacı,/ əleyküm salam/ deyən R.Behrudidən fərqli, Aygün turançı şeir yazmayıb. Onun hər cür türkçülük butaforiyasından arınmış dar ağacı obrazı fərdi-metafizikidir. Burda olay çöldən içə köçürülüb: dar ağacı və dara çəkilən bir şəxsin iki yönüdür; onlar üz-üzə deyil, iç-içədir - dar ağacı bədən, dara çəkilən ruhdur. Aygünün şəxsində çağdaş poeziya bölünməz hissəciyə - ruha qədər gedib çıxır. Şairin ən önəmli görəvi estafeti özündən öncəkilərdən alaraq sonrakılara ötürmək, fasiləsiz hörülən söz divarına öz kərpiclərini qoymaqdır. Aygündə belə kərpiclər yetərincədir və "mənim dar ağacım bədənimiymiş" misrası da onlardan biridir.
Düşüncə diapozonu geniş olan Aygün həm də dərin düşünür, o qədər ki, hətta ulu babamız, Xanlar xanı Qazan xan kimi Ərlik səltənətinə - yeraltı dünyaya enir:
Bir gün yuxudan oyanıb
dünyanı fərqli görəsən.
Göy üzünü yamyaşıl
torpağı şəffaf görəsən.
Ağacların əyrüm-üyrüm kötüklərini,
dağların romb şəklində olduğunu biləsən.
Yaxınlarımızın necə çürüdüklərini,
dişlərini ağartmış kəllələrinin
altdan yuxarı bizə necə güldüklərini
görəsən!
İlk misralar Ramiz Rövşənin "Bir səhər yuxudan durub/ özünü uşaq görəsən/ görəsən, hamı evdədir/ ölənləri sağ görəsən" misralarıyla başlayan şeirini yada salsa da, müəlliflərin baxışı diametral əksdir - Ustadda ölülər dirilərin yanına gəlir, Aygündə isə diri ölülərin yanına gedir.
Daha radikal fərq "Qocaların stəkana qoyulmuş protez dişlərinin səssiz gülüşündən, bu gülüşün gecə boyu evdəkilərə verdiyi əzabdan kədərli heç nə yoxdur" deyən Aqşinlə müqayisədə üzə çıxır: Aqşində süni dişlər, Aygündə təbii skeletlər gülür - obraz "canlanır"; Aqşin hamının, Aygün yalnız özünün "gördüyündən" danışır - obraz virtuallaşır; horizontal düşüncəli Aqşinin baxış bucağı yüz səksən, vertikal düşünən Aygünün baxış bucağı üç yüz altmış dərəcədir - obraz bütövləşir; Aqşin yerin sadəcə üstünü, Aygün altını da bilir - obraz dərinləşir; Aqşinə xas sentimentalizm Aygün üçün səciyyəvi deyil - obraz ciddiləşir.
Bəs, skeletlər bizə niyə gülür? Bu barədə mətndə nə bircə kəlmə var, nə də o kəlməyə ehtiyac. Aygün fəna haqqında danışmır, onu ekran effekti ilə birbaşa göstərir. Şeiri oxuyandan sonra ayağını torpağa bərk basmağa ehtiyat edirsən - birdən yatanları oyadar, aləmi özümə güldürərəm!
Sevgi haqqında şeirlərindən biri "Gəl, heç ağıllanmayaq, dəli olaq" misrası ilə bitsə də, Aygün yetərincə ağıllı, elmli şairdir. Şeir onun üçün ağlına gələni yazmaq, ağzına gələni demək deyil. İndi belə düşünmək dəbdir, axı! Pol Valeri, Andre Bretan, şüuraltı axın, verlibr və sair və ilaxır... İyirminci yüzildə şeir gerçək əsasından qoparaq, hallüsinasiyalara üz tutdu. Bu proses bizdə 60-lardan sonra simbioz şəklində baş verdi - həm Füzulidən danışır, həm də dahi şairin şeirin qarşısına qoyduğu elmilik və poetik məntiq tələbini bir kənara qoyur, unudurduq ki, "elmsiz şeir əsassız divar olur..." Aygünün şeirlərində bədii obrazların gerçək əsası var:
Günəş özünü isitdi,
Ay özünü soyutdu,
Mars utanıb qızardı
Bu gözəllik önündə -
Bir ana portreti çəkdim bu axşam.
Sitatdakı ilk iki misra folklora söykənir: Aya dedi, sən çıxma, mən çıxacam, Günə dedi, sən baxma, mən baxacam, yaxud "camalından şəmsü qəmər utanır". Günəşin isitməsi, ayın soyutması məlum - birincisi həyat, ikincisi ölüm enerjisi verir. Ayı görəndə buna görə salavat çeviririk. Hətta ezoterikada belə hesab olunur ki, Ayın soyuqluğu olmasa, Günəşin istiliyi nəticəsində həyat əbədi olardı. Günəş fasiləsiz canlandırır, Ay fasiləsiz öldürür və bu iki enerjinin bir araya gəlməsi sonucunda müddətli ömrümüz müəyyənləşir.
Bəs, Mars niyə utanıb qızarmalıdır? Nədən ki bu planetin dəmir oksid təbəqəsiylə örtülməsi ona qırmızı rəng verir. Yunanların Ares, romalıların Mars, şərqlilərin Mərrix adı verdiyi planet bu rənginə görə əski miflər və astrologiyada qan-qada, müharibə tanrısı sayılır. Ay, gün söhbətini çox eşitmişik, Marsın utanıb qızarmasıyla bağlı bənzətməyə isə ancaq indi - Aygündə rast gəlirəm. Mif, elm və folklorun bir araya gəldiyi, vur-tut üç sözdən ibarət bu misralar yaşı min illərlə ölçülən bilgiyə dayanır.
Aygün "İnsanlar gözləyir dayanacaqda/ ümid marşrutu radardan keçir", yaxud "dünən xəritədən konum atmısan/ mənim ürəyimi ünvan göstərib" kimi bənzətmələrlə gündəlik həyatımızla bağlı faktları bədii obraza çevirə bilir. İstərdik ki, belə obrazlara Aygünün şeirlərində daha intensiv rast gələk. Yox, mən şairin qarşısına sosial-siyasi mövzular, məsələn, güzəran sorunları, yaxud Qarabağ və şəhidliklə bağlı şeirlər, ümumən nədənsə yazmaq tələbi qoymuram. Söz konusu yaşadığımız zamanın ən azından metaforik ştrix kimi bədii mətnə düşməsi, yəni virtuallıqla yanaşı vizuallığın da bu şeirlərdə öz əksini tapmasıdır. Zaman bir zərrə, əbədiyyət külldür. Ən yaxşısı, onları sufiyanə tərzdə bir araya gətirmək - zərrədə küllü göstərməkdir. Aygünün küll məsələsi ilə bağlı sorunu yoxdur, sadəcə, zərrəyə bir az diqqət eləməsinə ehtiyac var.
Aygünün adı və təxəllüsü ilə onun "Günəş çəkdim qaranlığa" adlı bu ilk şeirlər kitabının adı arasında gizli bir semantik ilişki var. Hər iki adda işıqla qaranlıq, gecə ilə gündüz birləşir - bütövlük yaranır. Deyirlər ki, təsadüf yoxdur, hər şey zərurətdən doğur. Bəlkə, Aygün və "Günəş çəkdim qaranlığa" adlarının məna paralelliyinin də arxasında gizli zərurət dayanır? Qoy, bu məsələ eləcə sual kimi qalsın.
Bir məsələdə isə əminəm - Aygün Akınay min beş yüzillik poetik özül üzərində şeiri gəlişdirəcək yeni nəsil imzalardan biridir. Təzə işıq üzü görən kitabından dolayı müəllifi qutlayır, onun şeirlərinin ədəbi cameənin də, oxucuların da marağına səbəb olacağına inanıram.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Pensiyalarla bağlı vacib məlumat
Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (426 milyon manat) çox olmaqla 4 milyard 568 milyon manat vəsait yönəldilib.Citypost.az xəbər verir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.Bildirilib ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.1 avqust 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 595 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 633 manata çatıb.Yanvar-iyul aylarında 25 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 203 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib./NOCOMMENT.az...
18 Avqust 2026, 11:50
İki futbolçunun həyatını itirdiyi qəzanın görüntüləri yayıldı - (Video)
İyulun 29-u Qobu-Lökbatan yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.Citypost.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.Qeyd edək ki, 99 EN 361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə toqquşub.Qəza nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar. "Ford Transit"in sürücüsü isə xəsarət alıb.Qəzada ölənlər "Qobu" futbol klubunun oyunçuları olublar.Qeyd edək ki, "Qobu" futbol klubu 2025/2026 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb....
18 Avqust 2026, 11:43
Millətimizin yaddaşını yoxlamaq istədim…
Heç kim unudulmur, heç nə yaddan çıxmır…Sadəcə, millətimizin yaddaşını yoxlamaq və kiçik bir müşahidə aparmaq istədim.Bir zamanlar bütün millət ayağa qalxaraq müstəqillik tələb edəndə, bu və bunun kimilər Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş, ölkəmizdə rus və erməni təbliğatına açıq və ya dolayı şəkildə dəstək vermiş, tarixi türk şəhərimiz Dəvəçi şəhərinin adının dəyişdirilməsinin təşəbbüskarı, bəzi çıxışlarında Türklüyə və türklərə qarşı sətiraltı nifrəti hiss olunan bir siyasətçini bu gün necə xatırlayırsınız?..Qarabağın işğal altında olduğu illərdə işğalçıya qarşı ciddi mövqe nümayiş etdirməyən, haqqı tapdanan insanların müdafiəsində prinsipial mövqe ortaya qoymayan, uzun illər parlamentdə təmsil olunmasına rəğmən sosial problemlərin həlli, xüsusilə uşaqlara dövlət tərəfindən...
18 Avqust 2026, 11:05
ƏRƏFƏ: MİLLİ MƏSULİYYƏT VAXTI
Allah bilir neçənci dəfədir bu mövzuya qayıdıram: sosial şəbəkələrdə “prioritetlərin” quraşdırılması. Prosesin bir başqa adı əsl prioritetlərin populist mövzular, ani maraq oyadan, sonra da tez bir vaxtda unudulan, amma lazım olan an üçün öz işini görmüş olan, strateji mahiyyətdən verstlərlə uzaq məsələlərin arxasında ya gizlədilməsi, ya da itirilməsidir. Bunu edən ayrı-ayrı müəlliflər, ən fərqli zehniyyət düşərgələrini təmsil edən şəxslər ya qəsdən, ya bilməyərəkdən- dövlətin, xalqın tarixi taleyinə aid mövzuların sosial şəbəkələrdə uzun müddət və faydalı müzakirə edilməsinə mane olur, quraşdırılmış psevdovacib mövzulara maraq oyatmağa çalışırlar. Təəssüf ki, bəzən öz istədiklərinə nail olurlar da. Məsələn, sosial şəbəkələrdə Azərbaycanın 8 Avqust gündəliyi,...
18 Avqust 2026, 10:58
Müəmmalı şəkildə həlak olan Pakistan prezidenti
17 avqust 1988-ci il, Pakistan prezidenti Məhəmməd Ziyaülhəqq müəmmalı təyyarə qəzasında həlak olur.Ziyaülhəqq 1924-cü ildə, indi Hindistanda olan Calandhar şəhərində anadan olub. Hərbi təhsil alandan sonra İkinci dünya müharibəsinin sonlarında Britaniya ordusunun tərkibində yaponlara qarşı döyüşüb. 1947-ci ildən Pakistan ordusunda xidmət edib. 1967-1970-ci illərdə İordaniyadakı Pakistan hərbi missiyasında olub və kral ordusunun Fələstin silahlı qruplarına qarşı “Qara sentyabr” döyüşlərində iştirak edib. 1971-ci ildə Pakistan Xalq Partiyasının sədri Zülfüqar Əli Bhutto prezident, 1973-cü ildə yeni konstitusiyanın qəbulundan sonra isə baş nazir oldu. Bu dövrdə Ziyaülhəqq Bhuttoya özünü loyal, ordunun siyasətdən kənar qalmasının tərəfdarı kimi göstərə bilir və onun etimadını qazanır. 1976-cı ilin martında...
18 Avqust 2026, 10:56
ÖZ QAPISINI SÜPÜRÜB, ZİBİLİ QONŞUNUN QAPISINA TÖKMƏK
Biz təmiz şəhər istəyirik. Təmiz küçələr, səliqəli binalar, təmiz ictimai nəqliyyat, zibilsiz parklar, sahili tullantılardan uzaq dəniz arzulayırıq. Amma çox vaxt bir şeyi unuduruq: təmizlik yalnız başqalarından gözlənilən bir xidmət deyil, hər birimizin gündəlik davranışıdır.Avtobusa və ya metroya minəndə oturacağın təmiz olmasını istəyirik. Küçələrin səliqəli qalmasını istəyirik. Dənizə gedəndə təmiz sahil görmək istəyirik. Blokumuza daxil olanda pilləkənlərin, dəhlizlərin və liftlərin təmiz olmasını gözləyirik. Amma bəzən əlimizdəki kağızı, salfeti və ya plastik qabı yerə atır, küçədən gətirdiyimiz palçığı və tozu ümumi məkanlara daşıyır, dəniz sahilində istifadə etdiyimiz əşyaları arxamızda qoyub gedirik.Bəzən isə daha paradoksal davranırıq: öz evimizi, həyətimizi və qapımızın qarşısını...
18 Avqust 2026, 10:51