Bizə yazın

Baku

-°C

USD

-

Deputat Zahid Oruc: Artıq “ Qara bağ “ yoxdur: general Tomsondan qalib Əliyevədək   

Siyasət 14 Sentyabr 2026, 10:45

5748

Londonun Bakı siyasəti, enerji maraqları, Qarabağ diskursu və Azərbaycanın Zəfərlə dəyişdirdiyi yüzillik siyasi reallıq

Britaniyanın Cənubi Qafqaza münasibəti tarixi xarakter daşıyır. Birinci Dünya müharibəsinin sonunda, 1918-ci ilin noyabrında general Uilyam Tomsonun başçılıq etdiyi beş minlik hərbi qüvvələri Bakıya daxil olmuşdular. Qədim Odlar yurdunun zəngin neft ehtiyatları, Xəzər hövzəsi, İran məsələsi, bolşevik Rusiyasının cənuba çıxışı və Qafqaz üzərində nəzarət rəsmi Londonun strategiyasının əsas məqsədlərini təşkil edirdi. Tomsonun Azərbaycan hökuməti qarşısında qoyduğu ultimativ şərtlərə görə türk hərbi qüvvələri Bakıdan çıxarılmalı, şəhərdə təhlükəsizlik və inzibati nəzarət Britaniya komandanlığının sərəncamına verilməli, neft obyektləri və mühüm kommunikasiya xətləri nəzarətdə saxlanılmalıydı. Haqlı olaraq, ölkə başçısı Cümhuriyyət dövrünə qiymət verərkən, “hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi” ifadəsini etirazla işlədir, məhdud suverenliyin İrəvanın itirilməsilə nəticələndiyini təkrar-təkrar vurğulayır.

Erməni-azərbaycanlı münaqişəsində də Britaniya komandanlığının mövqeyi xüsusi əhəmiyyət qazanmışdı. Azərbaycan hökumətinin Xosrov bəy Sultanovu Qarabağ və Zəngəzurun general-qubernatoru təyin etməsi erməni siyasi dairələrinin kəskin etirazı ilə qarşılandı. Lakin Britaniya hərbi komandanlığı Sultanovun təyinatını müvəqqəti inzibati idarəçilik forması kimi qəbul və təsdiq etdi. Şuşadakı Britaniya hərbi missiyası əhalinin general-qubernatorun qanuni göstərişlərinə tabe olmasını tələb edir, eyni zamanda bildirirdi ki, qərar Qarabağın gələcək hüquqi-siyasi statusunu qabaqcadan müəyyən etmir. Ərazinin yekun mənsubiyyəti Paris Sülh Konfransında həll olunmalı idi.

Cümhuriyyət dövrü və ingilis generallarının hakimiyyəti başa çatsa da Azərbaycan–Britaniya münasibətləri davam etdi. Bakının geosiyasi əhəmiyyəti Britaniya qoşunlarının şəhəri tərk etməsi ilə itirilmədi. Cəmi iki il sonra, 1920-ci ilin sentyabrında bolşeviklər Bakıda Şərq Xalqlarının Qurultayını keçirərək şəhəri Britaniya imperiyasının İran, Əfqanıstan, Türküstan və Hindistandakı mövqelərinə qarşı ideoloji səfərbərlik mərkəzinə çevirməyə çalışırdılar. Beləliklə, Bakı–Türküstan ərazisi Birinci Dünya müharibəsindən sonra da Britaniya, Rusiya və müsəlman Şərqinin rəqabət meydanı olaraq qaldı.

Tarix göstərir ki, London üçün Bakının dəyəri neftdən və yanacaqdan daha yüksəkdir.  Dünya şöhrətli alim Çapay Sultanovun “Bakı nefti dünya şahmat taxtasında: 1939–1945-ci illər” əsərində sovet-alman razılaşması, Molotov–Ribbentrop paktından sonrakı vəziyyəti həqiqi  faktlarla təsvir olunur. Müharibə lideri Uinston Çörçilin nəzərində SSRİ-Almaniya birliyinə qarşı “Operation Pike” adlı plan çərçivəsində Bakı və Batumi neft obyektləri hədəfə çevrilmişdi, daha sonra “Velvet” əməliyyatı çərçivəsində Amerika və Britaniya hava eskadrilyalarının regionun müdafiəsində iştirakı imkanlarını müzakirə etmişdilər. 

Heydər Əliyev: Kremlin və Qərbin varislik planları 

Britaniya ilə Azərbaycan arasında münasibətlər 1991-ci il-SSRİ-nin dağılması ilə yeni mahiyyət qazandı. İkinci dünya müharibəsindən sonra Qərb siyasi institutları və məxvi xidmət orqanları istər milli, istərsə də Kreml rəhbərləri haqqında total izləmə mexanizmləri tətbiq etmişdilər. Heydər Əliyevin adı London üçün hələ 1970–1980-ci illərdə Sovet İttifaqının ali hakimiyyət dairələrinə daxil olan şəxs kimi xüsusi maraq kəsb edirdi. 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosuna namizəd, 1982-ci ildə isə tamhüquqlu üzv, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması onu sovet siyasi elitasının ən yuxarı qatına gətirmişdi. 

Sürətli yüksəliş sovet sistemində varislik böhranının başlandığı dövrə düşürdü. Brejnevin ölümündən sonra Yuri Andropov hakimiyyətə gəlmişdi, lakin yaşı və səhhətinə görə Kremlin uzunmüddətli rəhbərinin kim olacağı mövzusu beynəlxalq siyasi dairələrin müzakirələrindən çıxmırdı. 1983-cü ilin yanvarında nüfuzlu “The New Yorker” jurnalı Heydər Əliyevi “the new star in Soviet politics” – sovet siyasətinin yeni yüksələn siması kimi səciyyələndirirdi. Qərb mətbuatı Əliyevi artıq regional partiya rəhbəri kimi görmür, Sovet İttifaqının ali rəhbərliyinə potensial namizədlər sırasında nəzərdən keçirirdi. 

Marqaret Tetçer Fondunun dərc etdiyi məxfilikdən çıxarılmış hökumət sənədlərində Heydər Əliyev “yeni nəsil sovet liderləri” sırasında Romanov, Vorotnikov və Qorbaçov kimi fiqurlarla birlikdə diqqətdə saxlanılır, 1984-cü ildə isə Tetçerin razılığı ilə Britaniyaya dəvət olunması nəzərdə tutulan ən yüksək səviyyəli sovet rəhbərlərindən biri kimi seçilirdi.

Heydər Əliyevin Qərbin hədəfinə düşməsinin bir neçə səbəbi vardı. Birincisi, o, sovet siyasi elitasında qeyri-rus və qeyri-slavyan respublikasından gələn azsaylı tamhüquqlu Siyasi Büro üzvlərindən biri idi. İkincisi, o, təhlükəsizlik strukturlarından gəlmişdi və sistem adamı kimi əlahiddə məlumatlara malik idi. Üçüncüsü, Azərbaycan İran və Türkiyə ilə sərhəddə yerləşirdi və hər iki istiqamət Britaniya xarici siyasəti üçün soyuq müharibədən əvvəl Big Game-Böyük Oyun adlı çoxəsrlik siyasətin mərkəzində olmuşdu. Dördüncüsü, Bakı nefti və Xəzər regionu Britaniyanın tarixi yaddaşında hələ Birinci və İkinci dünya müharibələrindən etibarən ayrıca yer tuturdu.

Qərb analitikləri Əliyevi İranı, Türkiyəni, müsəlman respublikalarını və Qafqazı yaxşı tanımasını, uzun illər məxvi əməliyyatlara rəhbərlik etməsini SSRİ-nin cənub siyasəti ilə əlaqələndirirdilər. 1986-cı ildə “Middle East Research and Information Project”də dərc olunan analitik yazıda Qərb şərhlərinin Əliyevin yüksəlişini onun İran haqqında biliyi və sovet xarici siyasətində “İslam amili”nin artan rolu ilə əlaqələndirirdilər. 

Bir əsrlik tarixin davamı kimi 1990-cı illərdə Heydər Əliyevin artıq müstəqil Azərbaycanın Prezidenti kimi Londonla qurduğu münasibətlər regionun iqtisadi-siyasi xəritəsinin dəyişməsində müstəsna rol oynadı. 1994-cü ilin fevralında Baş nazir Con Meycorun dəvəti ilə Britaniyaya rəsmi səfər edən Ulu öndər yeni müstəqil dövlətin Qərbə çıxışını məhz neft uğrunda savaşı həll etməkdə görürdü. 

 

Ölkədə hərbi-siyasi xaosa son qoyulması və iqtisadi böhrandan çıxılması yolunda transmilli BP şirkəti ilə münasibətlər mühüm rol oynadı. Enerjidən geosiyasətə keçid Əliyevin əsasını qoyduğu xarici siyasətin doğruluğunu sübut etdi.

Britaniya hökumətləri dəyişsə də, Azərbaycan və Cənubi Qafqaz siyasətinə münasibətdə ənənəvi maraq və varislik qorundu. 

Qızıl, mis və azad edilmiş ərazilər: Britaniya kapitalının Qarabağa başqa münasibəti

Britaniya–Azərbaycan münasibətlərinin “qızıl qanunu” həm də əlvan metalların-mədən sənayesinin özü ilə bağlıdır. Yüz illərdir Rodeziya ilə birlikdə London birjasında Anglo Asian Mining şirkətinin Azərbaycanda istehsal etdiyi qızıl, mis və gümüş yataqlarının səhmləri  yüksək əyarla qəbul olunur. İran əsilli Reza Vəzirinin Azərbaycan hökuməti ilə imzaladığı hasilatın pay bölgüsü sazişi yalnız Gədəbəy və digər mövcud yataqlarla məhdudlaşmır, bir vaxtlar işğal altında olan Zəngilan, Kəlbəcər və Qarabağ artıq azad olunduqdan sonra qüvvədə qaldığı və həyata keçirildiyi bəyan edildi.

Uzun tarixi və genişmiqyaslı iqtisadi-siyasi əlaqələr iki dövlət arasındakı siyasətin media diskursu ilə geosiyasi reallığı arasındakı fərqi görməyə imkan verir. Britaniya mətbuatında Ermənistan-Azərbaycan konflikti haqqında məlumatlar müəyyən dövrədək balansla verilib və bölgənin keçmişinə dair mühüm arxiv sənədləri Dauninq Street 10-nun göstərişi ilə istənilən vaxt Hökumət rəhbərlərinin masasına qoyula bilər. Ona görə də The Guardian kimi nüfuzlu nəşrin səhifələrində Qarabağı “mübahisəli region”, “erməni anklavı” və humanitar böhran keçmişi ilə təqdim edərkən, London kapital bazarında fəaliyyət göstərən şirkətlər Azərbaycan dövləti ilə müqavilələrini hüquqi əsas kimi qoruyurdular. 

Ötən həftə Londonda geniş nümayiş olunan “The Black Garden” sənədli filmi və onun geniş informasiya məkanında tirajlanması, silsilə verilişlərlə dəstək qazanması 44 günlük müharibənin nəticələrinə qarşı açıq mübarizəni göstərir.

Filmin quruluşu Qarabağ münaqişəsini erməni ailələrinin, yeniyetmələrin və hərbçilərin şəxsi taleləri üzərindən birtərəfli qaydada qərəzli göstərir. Problem məhz məqsədli seçilən fərdi hekayələrin “əzabkeş obraz”a uyğun gəlməsi, saxta tarixi mənbələrə və məkrli siyasi məqsədlərə xidmət etməsidir. Əgər 1990-cı illərin əvvəllərində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalı, yüz minlərlə insanın məcburi köçkünə çevrilməsi filmin əsas kontekstindən kənarda qalırsa, 2020-ci və 2023-cü illər hadisələri obyektiv göstərilə bilməz. Xalqımızın suverenlik və bütövlük uğrunda ədalətli mübarizəsi erməni əhalisinin ekzistensial, yəni mövcudluğuna təhlükə amili kimi ekranlaşdırılırsa,  britaniyalı nəşr də münaqişənin başlanmasının yaylım atəşi olan fransız Humanite jurnalı ilə eyni məqsəddə birləşir. 

“The Guardian”ın Qarabağ xətti: hüquqi reallıq tanınır, narrativ ağırlıq başqa yerdədir

“The Guardian”ın son iyirmi illik yayımını vahid “anti-Bakı redaksiya siyasəti” kimi təqdim etmək doğru olmaz. Qəzet çoxsaylı müəlliflərin, reportyorların və ekspertlərin mövqelərini müəyyən vaxtlarda dərc edib, Azərbaycan tərəfinin itkilərini və Ermənistanın məsuliyyətini də açıq şəkildə göstərib. 

Lakin ümumi redaksiya siyasətində mühüm fərq indi aydın görünür. Qəzet 2020-ci ildə başlanan müharibəni “köhnə konfliktə Türkiyənin yeni müdaxiləsi” kimi xarakterizə edirdi. 2023-cü ildə əvvəlki balans tamamilə pozuldu-xəbərlər və redaksiya məqalələri əsasən Laçın yolundakı aksiyalar, Xankəndi ermənilərinin təhlükəsizlik qorxusu və ərazini kütləvi tərk etməsi üzərində qurulurdu. “Blokada”, “məcburi miqrasiya”, “humanitar fəlakət” və “etnik təmizləmə” iddiaları intensiv şəkildə istifadə edilirdi. Qəzetin 28 sentyabr 2023-cü il redaksiya məqaləsi Xankəndi ermənilərinin bölgədən çıxmasını əsas humanitar arqumentə çevirdi, halbuki eyni məqalədə 1990-cı illərdə azərbaycanlıların da ağır etnik təmizləmə və məcburi köç yaşadığı etiraf edilirdi.

Lakin dünya ictimai fikrinə 2023-cü ilin ermənilərin könüllü köçü və İrəvanda hakimiyyət uğrunda mübarizəyə qoşulmaları əsil səbəb kimi göstərilmədi. Azərbaycan dövlətinin reinteqrasiya cəhdləri, müharibəni beynəlxalq humanitar hüququn bütün tələblərinə uyğun aparmasının hətta Ermənistan tərəfindən də etiraf olunması və mülki insanların itki statistikası, qeyri hərbi obyektlərinin dağılmasının az qala sıfra yaxın olması fonunda diqqətin daha çox qarşı tərəfin məzlumluğuna yönəldilməsi 1990-cı illərdə Moskva telekanallarında əzabkeş erməni xalqı təbliğatı ilə eyniyyət təşkil edir. Üstəlik, canlı reportaj, fərdi insan hekayələri, foto, video və davamlı redaksiya şərhləri istənilən auditoriyada birtərəfli təəssübkeşlik və rəsmi Bakıya qarşı etirazlar doğurmağa qadirdir. 

Müsbət haldır ki, Azərbaycan səfirliyinin etiraz məktubu elə “The Guardian”ın özündə dərc olunub. Məktubda filmin indiki sülh gündəliyinə zərbə vurduğu, beynəlxalq auditoriyada birtərəfli və yanlış təsəvvür yaratdığı, azərbaycanlıların uzunmüddətli məcburi köçkünlük və işğal tarixinin kənarda qaldığı qeyd olunub.

Lakin Azərbaycan və Ermənistanın barış yolunda həlledici məsafəni qət etdiyi bir dövrdə nüfuzlu nəşrin informasiya ekstremizmi təsadüfi sayıla bilməz. Onun hansı ssenarini həyata keçirdiyini müəyyənləşdirmək sonrakı təxribatlara cavab üçün çox gərəklidir.

Zəfərin legitmliyini tanımamaq və Qarabağın siyasi statusunu yenidən gündəliyə qaytarmaq cəhdi tamamilə nəticəsiz, perspektivsiz bir mübarizədir. Ona görə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı “itirilmiş vətən”, “kollektiv travma”, “mədəni hüquqlar” və “məcburi köç” məfhumlarının qarşı qoyulması düşmənçiliyi siyasi gəlir məqsədinə çevirən diasporun və revanşist dairələrin planlarına yarayır. Zədələnmiş təfəkkür daşıyıcılarını hətta Baş nazir Paşinyan nəinki öz adları ilə çağırır, üstəlik imperiya maraqlarına xidmət edənlərin altruist olmadıqlarını, Qarabağ hərəkatından hər iki xalqın faciəsi üzərində külli miqdarda sərvət topladıqlarını, ona görə də qanun qarşısında cavabdehlik daşıdıqlarını açıq bəyan edir.

1990-cı illərin dövlət quruculuğu məntiqi-əsrlərdən gələn mifik dənizdən-dənizə planlarının tamamilə hüquqi dövriyyədən çıxarıldığı bir vaxtda Britaniya nəşri dünyaya ənənəvi narrativləri təqdim etməklə gündəliyin dəyişməsində maraqlı olmayan tərəf kimi çıxış edir.

Qarabağ məsələsi dövlətlərarası ərazi müharibəsi kimi artıq tarixdə qalıb. Onun etnik konflikt kimi açıq saxlanılması gələcək nəsillər üçün revanşist düşüncənin ideoloji bazasını təşkil edir. “Zorla itirilmiş tarixi vətən” məfkurəsi əbədi savaş mahiyyətli, xüsusilə Yaxın Şərqdə əsrlərdir vuruşan  xalqların miflərlə zəbt olunmuş beyin məhsullarını xatırladır. Münaqişələrin yenidən alovlanması üçün “kollektiv qurban və ana torpaq” ideologiyası kifayət qədər güclü siyasi resursdur. 

Qərb informasiya məkanında “Qara bağ” obrazı hələ 2003-cü ildə britaniyalı jurnalist Thomas de Waal “Black Garden: Armenia and Azerbaijan Through Peace and War” kitabı ilə formalaşmışdı. Paradoks ondadır ki,  Serj Sarkisyanın etirafları Azərbaycan üçün məhz həmin əsərlə hüquqi və beynəlxalq mübarizənin əsasına çevrilmişdi. Zəfərdən sonra ikinci dəfə yeni “nifaq bağı” salmağa ehtiyac yoxdur. Azərbaycan coğrafiyasında “erməni məsələsi” artıq bitib. Əliyev “ikinci dünya müharibəsindən keçən 80 il ərzində tam və qəti qələbə qazanan tək dövlətik”, deyərkən məhz yeni geosiyasi reallığı nəzərdə tutur.  

Lakin Britaniyanın rəsmi mövqeyi ilə yerli mediasının yanaşması qarışdırıla bilməz. 44 günlük müharibə zamanı London hərbi əməliyyatların dayandırılmasına, atəşkəsə və danışıqlara üstünlük verirdi, lakin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini şübhə altına almırdı. 2023-cü ilin sentyabr hadisələri zamanı da Britaniya hərbi əməliyyatlarla bağlı tənqidi mövqe nümayiş etdirsə də, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tanıdığını açıq şəkildə vurğuladı. 

44 günlük müharibədən sonra erməni və rus informasiya məkanında Britaniya kəşfiyyatının Türkiyə və Azərbaycanla koordinasiyada müharibəyə gizli dəstək verdiyi barədə geniş versiyalar yayılırdı. Çox vurğulanan ehtimallardan biri 2014–2017-ci illərdə Britaniyanın Türkiyədə səfiri olmuş, türk dilini bilən və Türkiyə siyasi elitası ilə yaxın əlaqələri olan diplomat Riçard Murun 2020-ci ildə Mİ6 rəhbəri təyin edilməsi ilə Vətən müharibəsinin baş planının hazırlanmasına kəşfiyyat yardımı göstərməsi iddia olunurdu. Lakin tezisləri araşdıran EuvsDisinfo platforması iddiaları faktlarla təsdiqlənməyən konspirativ və pro-Kreml dezinformasiyası kimi qiymətləndirmişdi.

Londonun məqsədi prinsipial olaraq Bakının maksimum güclənməsi olmasa da öz maraqları ilə uyğun gələn dərəcədə suveren, sabit, iqtisadi baxımdan açıq və Rusiya–İran dominantlığına daxil olmayan bir dövlət statusunda həmişə yer tutub. Böyük dövlətlərin siyasəti maraqlar balansı  üzərinə qurulur. Məhz buna görə də Britaniya eyni zamanda Ermənistanla münasibətləri genişləndirir, onun Rusiyadan uzaqlaşmasına təsir göstərir və Cənubi Qafqazda bir dövlətin tam monopoliyasından daha çox çoxvektorlu regional arxitekturanı üstün tutur.

Britaniyanın Azərbaycana münasibətində yüz il ərzində dəyişməyən əsas prinsipi geosiyasi zərurətdir. Rejimlər, ittifaqlar və müharibələr dəyişib, amma Bakı–Xəzər–İran–Türkiyə xəttinin London üçün strateji əhəmiyyəti daha da artıb.

Qarabağdan sonra – yaddaşın istismarı

“The Black Garden” nümunəsinin özü ayrıca götürüldükdə bir müəllifin sənədli filmidir. Lakin qarşıdakı illərdə belə məhsulların sayı arta bilər. Çünki Ermənistan Qarabağ iddiasından rəsmi olaraq, hüquqi-siyasi qərarla imtina edir və sülh müqaviləsindən sonra Azərbaycanın dövlət kimliyini tanıyaraq, bütün dünyaya fərqli mesaj verir. Tarixi düşmənçiliyin sona çatmasından sonra münaqişə layihəsinin beynəlxalq dövriyyədə saxlanması, status savaşı və ya öz müqəddəratını təyin etmək iddiası da iflasa uğrayır.  Ermənilər könüllü şəkildə ərazini tərk ediblər, daxili mübarizədə Şahramanyanın Yevlax əvəzinə Sofiyaya görüş yeri tələb etməsi, Ruben Vardanyanı dövlət naziri təyin edərək təzədən Koçaryanın yolunu təkrar etməsi dəfələrlə İrəvan rəsmilərinin dilindən təsdiqlənib. Ona görə də Qarabağdan sonra mədəni yaddaşı, insan talelərini, köçü, dini irsi, fərdi travmaları və nəsillərarası xatirələri istismar etmək daha sərfəlidir. Başqa sözlə, ərazi məsələsi bağlandıqca onun mənəvi və siyasi keçmişini əldə saxlamaq cəhdləri daha da artır.

Tarix çoxlu nümunələrin gələcək savaşlara necə xidmət etdiyini yaxşı göstərir. Holokost yaddaşı İsrail dövlətinin ilk illərində indiki qədər mərkəzi siyasi və təhsil mövzusu deyildi. 1980-ci illərdən etibarən sağ qalanların sayı azaldıqca canlı şəxsi yaddaşın yerini məktəb proqramları, muzeylər, memorial günləri və “yaddaş məkanlar”ı almağa başladı. Beləliklə, hadisəni şəxsən yaşamış nəslin yaddaşı tədricən institusional və mədəni silaha çevrildi. 

Holokost və Xocalının müqayisəsi fərqli dövrlərdə daim aparılıb. Lakin yaddaşın nəsillər arasında ötürülmə mexanizmi olduğunu heç vaxt unutmaq olmaz. 

Ruandada 1994-cü il soyqırımından sonra sənədli obrazlar keçmişin necə xatırlanacağına, zərərçəkmiş və cinayət törətmiş icmaların sonrakı münasibətlərinə, “digər tərəf”in insan kimi qəbul edilməsinə və barışıq prosesinə təsir göstərən ən güclü alət idi. 

Ukraynanın hazırkı təcrübəsi isə kollektiv yaddaşın hətta müharibə davam etdiyi vaxtda da necə yaradıldığını göstərir. Kiyev milli muzeyləri və mədəni institutları müharibəni hər gün eksponatlaşdırır.

Müharibədən sonra yaddaş yalnız abidələrdə saxlanılmır. Film, muzey, musiqi, şəxsi gündəlik, ailə arxivi və ictimai rituallar keçmişi növbəti nəslə daşıyan vasitələrə çevrilir. 

Azərbaycanın qarşısında duran ən mühüm məsələ Qələbəyə gələn yolu millətin hard diskinə-qan yaddaşına yazmağı bacarmasıdır. 2020-ci ilin parlaq Zəfəri hələ “canlı” mərhələdədir-müharibəni görən əsgərlər, şəhid ailələri, qazilər, 30 il məcburi köçkünlüyü yaşamış insanlar, 10 noyabr gecəsinin küçələrə çıxan milyonlarla şahidi, azad olunmuş ərazilərə ilk qayıdan ailələrin hekayələri minlərlə əsərin gerçək süjetini təşkil edir. Lakin tarix göstərir ki, yaddaş daimi qalmır. İndi toplanmayan şəxsi arxiv, lentə alınmayan ilk qayıdış, sənədləşdirilməyən bir ailə hekayəsi onilliklər sonra itir.

Yeni millət quruculuğu baxımından Böyük Qayıdış sosial və infrastruktur hadisəsi olmaqdan çox, insanların tarixi yurd yerlərinə, doğma ocaqlarına və əcdadlarının mirasına dönüşü kimi qəbul edilməlidir. 

Qardaş Türkiyə imperiya keçmişini canlı tutur, ona görə “Diriliş Ərtoğrul”u, “Möhtəşəm Yüz il”i, “Paytaxt Əbdülhəmid”i, “Fateh-1453”-ü istehsal və ixrac edir, yumşaq güc siyasəti ilə təkcə keçmişini qorumur, həm də gələcəyinə ideoloji yol salır. Rusiya 80 ildir İkinci Dünya müharibəsinin nəticələrini qlobal geosiyasi mənafeləri üçün istismar edir.

Qələbədən sonra qəhrəmanlıq eposu yeni milli kimliyin mühüm ideologiyasıdır. Lakin “The Black Garden” nümunəsi göstərir ki, Azərbaycanın cavabı yalnız qarşı tərəfin arqumentlərini təkzib etmək olmamalıdır. Otuz illik mübarizə, Böyük Qayıdış və yeni Vətən quruculuğu artıq hazır, canlı salnamədir. Doğrudan da ərazi və konstitusion bütövlük 2020–2023-cü illərdə bərpa edilib, lakin yaddaş üzərində suverenlik mübarizəsi əbədidir. Onu kino, ədəbiyyat, arxiv, jurnalistika, muzey, musiqi və şəxsi hekayələr formalaşdırır.

BBC, CNN, ARTE, Netflix kimi qlobal ekranlarda xalqımızın müharibə və sülh  mübarizəsi dolğun şəkildə əksini tapmalıdır. Şuşalı bir köçkünün otuz ildən sonra evinə dönüşü, dağıntılar arasında keçmiş həyatının izlərini tapması, yalnız xarabalığın qaldığı məkanda yenidən insan məskənlərinin yaranması beynəlxalq sənədli kino üçün hazır materialdır. 

Britaniya ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin tarixi son yüz ilin ən sabit və praqmatik əlaqələrindən biri olduğu halda, London mərkəzli informasiya məkanında azərbaycanlıların milli dövlət, azadlıq və torpaq uğrunda savaşı eyni dərəcədə ədalətli əks etdirilməyib.

 

Tomsondan “The Black Garden”a qədər gələn yol göstərir ki, ingilis hökumətləri üçün Cənubi Qafqaz heç vaxt ucqar əyalət olmayıb. Generalların qurduğu hakimiyyətdən Çörçillin Bakı neftinə dair hesablamalarına, Ulu öndərin neft savaşını BP ilə qazanmasından otuz ildən sonra işğaldan Qurtuluşa və azad mədənlərdə tərəfdaşlığa qədər dəyişməyən bir qızıl qanun var: Azərbaycan yerləşdiyi coğrafiyanın əsas siyasi gücüdür. 

Qarabağın taleyi haqqında köhnə terminləri dövriyyədə saxlamaq sülhün qarşısını ala bilməz. Dünya ekranına çıxarılmalı əsas süjet Qafqazın barış yüksəkliyinə çevrilməsi, Qarabağ Zəfərinin və yeni Vətən quruculuğunun hekayələridir. 

Artıq işğalda olan “the Black Garden”-“Qara bağ” yoxdur — Azad Qarabağda Vətən bağı salınır!

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qulu Məhərrəmli: “Müharibənin bundan sonra daha da şiddətlənəcəyi aksiomadır”

Professor Qulu Məhərrəmli Rusiya-Ukrayna müharibəsində son günlər müşahidə olunan gərginliyin artması ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, professor sosial media hesabında yazıb ki, ABŞ Prezidenti Donald Trampın xüsusi elçilərinin Moskva və Kiyevə səfərindən sonra tərəflər arasında döyüşlər yenidən intensivləşib.“Son 24 saatda Ukrayna və Rusiyada xeyli obyekt vurulub. Aşkar görünür ki, Rusiya Ukraynanı – Kiyev, Odessa, Zaporojye və digər şəhərləri daha qorxunc silahlarla vurur. Ukrayna ordusu isə ardıcıl və məqsədyönlü şəkildə yanacaq və hərbi logistika obyektlərini hədəfə alır”, - deyə Q.Məhərrəmli bildirib.Professor qeyd edib ki, qarşıdurmalar nəticəsində hər iki tərəfdə, xüsusilə də Ukraynada dinc əhali arasında çoxsaylı itkilər var.“Müharibənin bundan...

14 Sentyabr 2026, 09:35

Səxavət Məmməd: “Dağılanın proksisi o hoqqanı çıxarmaz”

Hərbi jurnalist Səxavət Məmməd İranla bağlı fərqli fikirlər səsləndirən ekspertləri tənqid edib.Citypost.az xəbər verir k, sosial media hesabında jurnalist  yazıb ki, bəzi şəxslər bir gün “İran dağılır, rejim çöküb” deyir, digər gün isə İranın proksisi olan husilərin Qırmızı dənizdə ciddi təsir imkanlarına malik olduğunu bildirirlər.“Adının qabağına da ‘politoloq’, ‘analitik’, ‘geopolitik’ yazdırır. Belələrinin debil olduğunu deyəndə də inciyirlər, küsürlər, adamı agent-zad çıxarırlar. Dağılanın proksisi o hoqqanı çıxarmaz, çıxara bilməz”, - deyə S.Məmməd bildirib.Hərbi jurnalist qeyd edib ki, İran-İsrail/ABŞ toqquşması başladıqdan sonra husilərin mümkün addımları, hərbi imkanları, istifadə etdikləri silahlar, eləcə də Çin və Rusiyanın onlara mümkün dəstəyi barədə müxtəlif platformalarda fikirlərini...

14 Sentyabr 2026, 09:26

Səfir: Meksika Azərbaycanda investisiyaları genişləndirmək niyyətindədir

Meksika və Azərbaycan ticarəti fəallaşdırmaq, investisiya əməkdaşlığını genişləndirmək və Azərbaycan bazarında Meksika mallarının mövcudluğunu artırmaq niyyətindədir.Citypost.az xəbər verir ki, bu barədə Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero Kabalyero Şuşada Meksikanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə bildirib.Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə möhkəmlənib, lakin hələ də gələcək inkişaf üçün əhəmiyyətli potensiala malikdir."Biz investisiya əməkdaşlığını və ticarət mübadiləsini fəallaşdırmaq, həmçinin ölkəmizin ən tanınmış mallarının Azərbaycanda təqdimatını davam etdirmək istəyirik", - diplomat bildirib.Səfir həmçinin Meksika və Azərbaycan arasında siyasi dialoqun və institusional əlaqələrin genişləndiyini qeyd edib....

11 Sentyabr 2026, 21:07

Hikmət Hacıyev: Azərbaycan-Meksika əlaqələri möhkəm təmələ əsaslanır

Azərbaycan-Meksika münasibətləri dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.Citypost.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Azərbaycandakı Səfirliyinin Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil etdiyi qəbulda deyib.H.Hacıyev bildirib ki, hazırda Azərbaycan ilə Meksika arasında dostluq, tərəfdaşlıq, qarşılıqlı anlaşma və hörmətə əsaslanan münasibətlər mövcuddur.Onun sözlərinə görə, bu əlaqələrin mühüm tarixi təməli 1978-ci ildə Meksika prezidentinin Bakıya səfəri və 1982-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu dövrdə Meksikaya səfəri ilə qoyulub.H.Hacıyev qeyd edib ki, həmin tarixi təmaslar sonrakı dövrdə Azərbaycan-Meksika dostluğunun inkişafında mühüm rol oynayıb.O vurğulayıb ki,...

11 Sentyabr 2026, 21:05

Qulu Məhərrəmli: “11 sentyabr bəşəriyyət üçün dönüş nöqtəsi oldu”

Professor Qulu Məhərrəmli 11 sentyabr terror aktının 25-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb.Citypsot.az xəbər verir ki, professor sosial şəbəkə hesabında 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən və 3 minə yaxın insanın ölümü ilə nəticələnən terror aktının yalnız ABŞ üçün deyil, bütün bəşəriyyət üçün mənfi mənada dönüş nöqtəsi olduğunu qeyd edib.“25 il əvvəl baş vermiş və 3 minə yaxın insanın ölümünə səbəb olmuş dəhşətli terror aktı təkcə ABŞ üçün deyil, bütün bəşəriyyət üçün pis mənada dönüş nöqtəsi oldu.XXI əsrin bu dəhşətli terror və zorakılıq aktı sonradan zəncirvari faciələr dalğası yaratdı, eyni zamanda dünyada təhlükəsizlik, sülh və insan həyatının dəyəri haqqında...

11 Sentyabr 2026, 11:34

Deputat gənc diplomatları gördü, Topçubaşovu xatırladı

Milli Məclisin deputatı Fariz İsmayılzadə gənc azərbaycanlı diplomatlarla bağlı təəssüratlarını bölüşüb.Citypost.az xəbər verir ki, Deputat sosial şəbəkə hesabında qeyd edib ki, bir həftə ərzində BMT ofisində enerjili, savadlı və vətənpərvər gənc azərbaycanlı diplomatlarla qarşılaşıb.“Bir həftə ərzində BMT ofisində gənc azərbaycanlı diplomatları gördüm. Enerjili, vətənpərvər, savadlı. Bu yüksək orqanın bütün işlərini mükəmməl bilirdilər.Bir anlıq gözümün qarşısına Topçubaşov gəldi — İstanbulda Parisə getmək üçün 3 ay viza gözləyən Topçubaşov. Düşündüm ki, Vətənimiz haradan hara gəlib”, – deyə Fariz İsmayılzadə bildirib.Əli...

11 Sentyabr 2026, 09:17