Bizə yazın

Baku

-°C

USD

-

Əmək müqaviləsi bağlanmadan işə götürülmək: İşçinin hansı hüquqları var? 

Hüquq 01 Oktyabr 2026, 11:00

485

Əmək münasibətlərində işçinin hüquqlarının qorunması üçün əmək müqaviləsinin rəsmiləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bəzən vətəndaşlar işə qəbul edilərkən əmək müqaviləsinin bağlanmasını gözləmədən faktiki olaraq işə başlayır, müəyyən müddət işlədikdən sonra isə əməkhaqqı, iş stajı, məzuniyyət, sosial sığorta və digər məsələlərlə bağlı problemlərlə üzləşirlər. Belə hallarda işçinin faktiki olaraq işləməsi ilə bağlı sübutların olması onun hüquqlarının müdafiəsi baxımından əhəmiyyətli ola bilər.

Məsələ ilə bağlı Citypost.az-a açıqlama verən vəkil Mircavid Mircavid bildirib ki, işəgötürənin əmək müqaviləsi bağlamadan şəxsi işə cəlb etməsi qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər.

Vəkilin sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlbetmə ilə bağlı məsuliyyət nəzərdə tutulur. Bu səbəbdən vətəndaş faktiki olaraq işləməyə başladığı halda əmək münasibətlərinin rəsmiləşdirilməsini tələb etməlidir.

“İşəgötürənin əmək müqaviləsi bağlamadan şəxsi işə götürməsi ciddi qanun pozuntusudur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, belə hallarda işəgötürən müvafiq qaydada məsuliyyətə cəlb edilə bilər. Vətəndaş belə bir vəziyyətlə qarşılaşdıqda ilk növbədə əmək müqaviləsinin bağlanmasını və əmək münasibətlərinin rəsmiləşdirilməsini tələb etməlidir”, – deyə vəkil bildirib.

Mircavid Mircavid qeyd edib ki, işəgötürən əmək müqaviləsi bağlamaqdan imtina edirsə, işçi öz hüquqlarını qorumaq üçün aidiyyəti dövlət qurumlarına, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilər. Zərurət yarandıqda isə məhkəmə qaydasında hüquqlarının müdafiəsini tələb etmək mümkündür.

Onun sözlərinə görə, belə hallarda ən vacib məsələlərdən biri şəxsin həmin iş yerində faktiki olaraq işlədiyini sübut edə bilməsidir. Çünki əmək müqaviləsi rəsmiləşdirilmədikdə işəgötürən sonradan həmin şəxslə əmək münasibətlərinin mövcudluğunu inkar etməyə çalışa bilər.

“Belə bir vəziyyətlə qarşılaşan şəxslərə məsləhət görülür ki, aidiyyəti dövlət qurumlarına və ya məhkəməyə müraciət etməzdən əvvəl faktiki olaraq həmin iş yerində işlədiklərini təsdiqləyən mümkün qədər çox sübut toplasınlar. İşçinin əmək fəaliyyəti ilə bağlı elektron yazışmalar, ona verilən tapşırıqlar, iş qrafiki, işə dair sənədlər, sosial şəbəkələr üzərindən aparılmış yazışmalar, elektron poçt məlumatları, ödənişlərlə bağlı sübutlar və şahid ifadələri bu baxımdan əhəmiyyətli ola bilər”, – deyə hüquqşünas vurğulayıb.

Vəkil bildirib ki, xüsusilə işəgötürənin verdiyi tapşırıqların yazılı və ya elektron formada saxlanılması sonradan həmin şəxsin faktiki olaraq iş prosesində iştirak etdiyini göstərən sübutlardan biri ola bilər. Məsələn, işçiyə konkret tapşırığın verilməsi, həmin tapşırığın yerinə yetirilməsi ilə bağlı yazışmaların aparılması, işəgötürənin işçinin fəaliyyətinə nəzarət etməsi və digər hallar əmək münasibətlərinin faktiki mövcudluğunun müəyyənləşdirilməsində nəzərə alına bilər.

Mircavid Mircavid qeyd edib ki, əmək müqaviləsinin olmaması işçinin hüquqlarının avtomatik olaraq müdafiəsiz qalması demək deyil. Əsas məsələ işçinin faktiki əmək fəaliyyətini və həmin münasibətlərin mövcudluğunu mümkün hüquqi sübutlarla təsdiq edə bilməsidir.

Bununla yanaşı, vətəndaşlar işə qəbul olunarkən əmək müqaviləsinin hansı şərtlərlə bağlandığına da diqqət yetirməlidirlər. Əməkhaqqının məbləği, iş vaxtı, vəzifə və əmək funksiyası, məzuniyyət hüququ və digər şərtlərin rəsmiləşdirilməsi gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir.

Mütəxəssis sonda vətəndaşlara tövsiyə edib ki, faktiki işləməyə başladıqları halda əmək münasibətlərinin rəsmiləşdirilməsini tələb etsinlər və əmək müqaviləsi bağlanmadan uzun müddət işləməyə razılaşmasınlar. Əgər artıq belə vəziyyət yaranıbsa, işçi öz hüquqlarını qorumaq üçün faktiki əmək fəaliyyətini təsdiqləyən sübutları toplamalı və qanunvericilikdə nəzərdə tutulan qaydada aidiyyəti qurumlara müraciət etməlidir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qeydiyyatda olduğunuz evdə yaşamırsınızsa, mülkiyyətçi sizi qeydiyyatdan çıxara bilərmi? 

Daşınmaz əmlak məsələləri ilə bağlı vətəndaşların ən çox maraqlandığı suallardan biri də qeydiyyatla bağlıdır. Xüsusilə ailə münasibətləri pozulduqdan sonra tərəflərdən birinin digər qohumuna məxsus evdə qeydiyyatda qalması müxtəlif hüquqi mübahisələrə səbəb ola bilir. Bəzi hallarda şəxs uzun müddət həmin ünvanda yaşamasa da, formal olaraq evdə qeydiyyatda qalır. Bu zaman evin sahibi əmlakı satmaq, bağışlamaq və ya digər formada sərəncam vermək istəyərkən həmin şəxsin qeydiyyatda olması müəyyən çətinliklər yarada bilər.Mövzu ilə bağlı hüquqi məsələlərə aydınlıq gətirən vəkil Adil Piriyev bildirib ki, yalnız bir şəxsin mənzildə qeydiyyatda olması onun həmin əmlak üzərində mülkiyyət hüququnun olması demək deyil.Vəkilin sözlərinə görə, xüsusilə ər-arvad münasibətlərində...

01 Oktyabr 2026, 10:00

MMC-də payınız satılıbsa, illər sonra həmin müqaviləni ləğv etdirmək mümkündürmü? 

Təsəvvür edin ki, ortağı olduğunuz məhdud məsuliyyətli cəmiyyətdə (MMC) sizə məxsus pay sizin xəbəriniz olmadan üçüncü şəxsə satılıb. Üstəlik, həmin əməliyyat zamanı təqdim olunan sənədlərdə sizin imzanızdan istifadə edilib, lakin sonradan ekspertiza nəticəsində imzanın sizə məxsus olmadığı müəyyənləşib. Belə vəziyyətdə bir çox insan hesab edir ki, saxta imza faktı müəyyən edildiyi üçün həmin müqavilə avtomatik olaraq etibarsız sayılmalıdır. Lakin hüquqi baxımdan məsələ yalnız imzanın saxta olub-olmaması ilə yekunlaşmır. Burada həm müqavilənin bağlandığı tarix, həm iddianın hansı müddətdə qaldırıldığı, həm də həmin dövrdə qüvvədə olan qanunvericilik və MMC-nin nizamnaməsinin tələbləri nəzərə alınır.Mövzu ilə bağlı Citypost.az-a açıqlamasında vəkil Bəhruz Orucov bildirib ki,...

01 Oktyabr 2026, 09:00

Evin çıxarışı varsa, heç kim onu əlinizdən ala bilməz? – Hüquqşünaslardan AÇIQLAMA

“Evin çıxarışı var, deməli, heç kim həmin əmlaka iddia edə bilməz və onu əlimdən ala bilməz”. Daşınmaz əmlakla bağlı ən çox səsləndirilən fikirlərdən biri məhz budur. Həqiqətən də daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mülkiyyət hüququnun dövlət qeydiyyatını təsdiq edən əsas sənədlərdən biridir. Lakin çıxarışın mövcudluğu həmin qeydiyyatın heç bir halda mübahisələndirilə bilməyəcəyi anlamına gəlmir.Citypost.az xəbər verir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunvericiliyə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar müəyyən hallarda məhkəmə qaydasında mübahisələndirilə bilər. Mülki Məcəllənin 149.2-ci maddəsində də daşınmaz əmlaka hüquqların qeydiyyatının əsassız olduğu və ya düzgün aparılmış qeydiyyatın sonradan əsassız çıxarıldığı və ya dəyişdirildiyi hallarda, hüquqlarına...

30 Sentyabr 2026, 11:00

Ata uşaq doğulmadan əvvəl vəfat edibsə, doğum haqqında şəhadətnamədə adı yazıla bilərmi?

Ata uşağın doğulmasından əvvəl vəfat edibsə, onun adı sonradan doğulan uşağın doğum haqqında şəhadətnaməsində ata kimi qeyd edilə bilərmi? Bu, ailə münasibətlərində və doğumun dövlət qeydiyyatında tez-tez sual doğuran məsələlərdən biridir. Xüsusilə hamiləlik dövründə həyat yoldaşını itirən qadınlar üçün uşağın hüquqi statusunun necə müəyyənləşdirilməsi mühüm əhəmiyyət daşıyır.Vəkil Aysel Mustafayeva Citypost.az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində uşağın doğulmasından əvvəl vəfat etmiş atanın doğum haqqında qeydiyyatda ata kimi göstərilməsi ilə bağlı xüsusi norma mövcuddur. Bu məsələ Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 169-cu maddəsi ilə tənzimlənir. Həmin normaya əsasən, uşaq anası ilə rəsmi nikahda olmuş şəxsin ölümündən sonra doğulduqda, həmin şəxs uşağın doğum haqqında...

30 Sentyabr 2026, 10:00

Boşanmadan da aliment almaq mümkündürmü? – Vəkildən AÇIQLAMA

Cəmiyyətdə aliment məsələsi çox vaxt boşanma prosesi ilə əlaqələndirilir. Bir çox insan hesab edir ki, ər-arvad nikahda olduğu müddətdə tərəflərdən biri digərindən uşağın saxlanılması üçün aliment tələb edə bilməz və bunun üçün əvvəlcə nikah mütləq pozulmalıdır. Halbuki bu, doğru deyil. Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi onların nikahda olub-olmamasından asılı deyil. Buna görə də müəyyən hallarda ər-arvad nikah münasibətlərini davam etdirdiyi halda belə, uşağın saxlanılması üçün digər valideyndən aliment tələb oluna bilər.Vəkil Adil Piriyev Citypost.az-a açıqlamasında bildirib ki, nikahın davam etməsi aliment tələb etmək hüququnu avtomatik olaraq aradan qaldırmır. Əsas məsələ uşağın maddi təminatında...

30 Sentyabr 2026, 09:00

Digər vərəsələrin razılığı olmadan evi öz adına keçirmək mümkündürmü?

Valideynləri vəfat etdikdən sonra ailəyə məxsus evin heç bir vərəsənin adına rəsmiləşdirilməməsi sonradan ailə üzvləri arasında ciddi hüquqi mübahisələrə səbəb ola bilər. Xüsusilə də vərəsələrdən birinin digər ailə üzvlərinin razılığı olmadan evi yalnız öz adına keçirmək istəməsi belə hallarda ən çox yaranan suallardan biridir. Bəs valideynlərdən miras qalan, lakin dövlət reyestrində heç kimin adına qeydiyyatda olmayan ev vərəsələrdən birinin adına digər şəxslərin imzası olmadan keçirilə bilərmi? Digər vərəsələrin razılığı olmadan belə bir qeydiyyat aparılması mümkündürmü? Saxta sənəd hazırlanaraq əmlakın bir şəxsin adına keçirilməsinə cəhd edilərsə, bunun hüquqi nəticələri nə ola bilər?Məsələ ilə bağlı vəkil Şamxal Məmmədov Citypost.az-a açıqlamasında bildirib ki,...

29 Sentyabr 2026, 11:00