Zəfərdən sonra: Xəzərin iki sahilində yeni müttəfiqlik - Zahid Oruc
Cəmiyyət 24 Avqust 2026, 19:38
1626
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin növbəti yüksək səviyyəyə keçdiyini güstərən uğurlu diplomatik hadisə olmaqla yanaşı, mühüm regional və beynəlxalq nəticələr doğuran tarixi ziyarətdir. Daşkənddə aparılan danışıqlar, imzalanan “Əbədi dostluq haqqında Müqavilə”, iqtisadi layihələr, Qarabağla Özbəkistan şəhərləri arasında qurulan yeni əlaqələr və səfər ərəfəsində Prezidentin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə irəli sürdüyü tezislər daha böyük strategiyanın konturlarını göstərir.
Azərbaycanla Özbəkistan arasında son illərdə qurulan müttəfiqlik Xəzərin iki sahilini birləşdirir, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında geosiyasi vahidliyi təmin edir.
Prezident İlham Əliyevin 2025-ci ildə Daşkənddə söylədiyi fikir baş verən dəyişikliyin siyasi tərifidir: Azərbaycan Cənubi Qafqazda yerləşsə də, Mərkəzi Asiya və Azərbaycan artıq “vahid geosiyasi və geoiqtisadi region” kimi çıxış edir.
İki ölkəni yaxınlaşdıran ortaq türk mənşəyi, dil, mədəniyyət, tarixi yaddaş və mənəvi dəyərlər xalqlarımızın qədim tarixdən başlayan qardaşlıq münasibətlərinin təbii əsasını təşkil edir. Lakin çoxəsrlik yaxınlıq öz-özlüyündə müasir strateji tərəfdaşlıq yaratmır. Bunun üçün siyasi iradə, qarşılıqlı maraqlar və uzunmüddətli dövlət strategiyası lazımdır.
İlham Əliyevlə Şavkat Mirziyoyev son illərdə həmin tarixi yaxınlığı dövlətlərarası müttəfiqliyə və iqtisadi əməkdaşlığın real institutlarına çeviriblər.
Prezident Əliyevin UzA-ya müsahibəsində açıqladığı bir rəqəm münasibətlərin intensivliyini göstərməyə kifayətdir: son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfər həyata keçirilib. Azərbaycan Prezidenti iki ölkə arasındakı münasibətlərin ən yüksək pilləyə — müttəfiqlik səviyyəsinə çatdığını bildirib və qazanılan uğurlarda Şavkat Mirziyoyevlə şəxsi dostluq, qarşılıqlı hörmət və etimadın xüsusi rolunu vurğulayıb.
Şavkat Mirziyoyevin Azərbaycanla dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin inkişafındakı xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilməsi də həmin siyasi xəttin qiymətləndirilməsidir. Ulu Öndərin adı və böyük siyasi irsinin Azərbaycanın coğrafiyasından qat-qat geniş məkanda tanınması, xüsusilə ötən əsrin 70–80-ci illərində Azərbaycanla Özbəkistan arasında yaranmış münasibətlərin tarixi yaddaşda qorunması bugünkü əlaqələrə mənəvi varislik verir. Özbəkistanın İlham Əliyevi ali dərəcəli “Dostluq” ordeni ilə təltif etməsi qarşılıqlı ehtiramın digər ifadəsidir.
Dövlətlərarası münasibətlərdə şəxsi etimad mürəkkəb geosiyasi dövrlərdə xüsusilə böyük siyasi kapitaldır. Bakı–Daşkənd xəttində həmin kapital artıq konkret nəticələrə çevrilib.
23 avqust 2026-cı ildə Daşkənddə imzalanmış “Əbədi dostluq haqqında Müqavilə” son illərdə aparılan siyasətin hüquqi-siyasi ifadəsidir. Şavkat Mirziyoyev İlham Əliyevin dövlət səfərini “tarixi əhəmiyyət” daşıyan hadisə adlandırdı. Tərəflər Ali Dövlətlərarası Şuranın üçüncü iclasının qərarını da imzaladılar.
Sənədlər paketində ən mühüm iqtisadi hədəflərdən biri 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasıdır. Beləliklə, siyasi müttəfiqlik artıq iqtisadiyyat qarşısında konkret rəqəmlərlə ölçülən vəzifələr qoyur.
Mirziyoyevin Qarabağ siyasəti: bəyanatdan Füzuliyə
Özbəkistanın Azərbaycana münasibətini fərqləndirən mühüm cəhətlərdən biri Qarabağ məsələsində tutduğu mövqedir. Şavkat Mirziyoyev Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra Qarabağa səfər edən ilk xarici liderlər sırasında oldu və münasibətini yalnız siyasi bəyanatlarla məhdudlaşdırmadı.
Füzulidə özbək xalqının hədiyyəsi olaraq Mirzə Uluqbəy adına 960 şagirdlik məktəb tikildi.
Prezident İlham Əliyev 2025-ci ildə Daşkənddə Mərkəzi Asiya liderləri qarşısında Füzulidəki Mirzə Uluqbəy məktəbini, Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzini və Ağdamdakı Qırğızıstan layihəsi olan Manas məktəbini Mərkəzi Asiya xalqlarının Azərbaycanın bərpa prosesinə qardaşlıq dəstəyi kimi xüsusi qeyd etmişdi.
Qarabağ Zəfərinin türk dünyasında yaratdığı siyasi və mənəvi birlik bununla bitmir. Son Daşkənd səfərində Ürgənc–Xankəndi, Buxara–Laçın və Ürgənc–Naxçıvan qardaşlaşması azad torpaqların açdığı yeni siyasi üfüqlərdir. Özbəkistan şəhərlərinin Xankəndi və Laçınla birbaşa münasibətlər qurması postmüharibə dövrünün yeni diplomatik coğrafiyasıdır.
Bir neçə il əvvəl Füzulidə məktəb tikən Özbəkistan indi Xankəndi və Laçınla şəhərlər diplomatiyası qurur. Qarabağ Azərbaycan–Özbəkistan münasibətlərinin artıq ortaq quruculuq və gələcək əməkdaşlıq məkanına çevrilib.
Mərkəzi Asiya artıq Xəzərin şərq sahilində bitmir
Azərbaycan–Özbəkistan münasibətlərindəki yüksəliş ikitərəfli əlaqələrin sərhədlərini aşır. 2025-ci ilin noyabrında Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə Azərbaycanın tamhüquqlu iştirakı haqqında qərarın yekdilliklə qəbul edilməsi region anlayışının özünü dəyişdirdi.
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın yaratdığı regional siyasi dialoq ilk dəfə Xəzərin qərb sahilinə çıxdı.
Prezident Əliyevin həmin sammitdəki “Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi regiondur” fikri buna görə sadəcə siyasi bəyanat deyil.
Azərbaycan coğrafi baxımdan Cənubi Qafqaz dövlətidir. Lakin XXI əsrin geosiyasətində regionların sərhədlərini yalnız xəritə müəyyənləşdirmir. Nəqliyyat yolları, enerji şəbəkələri, investisiyalar, siyasi ittifaqlar və təhlükəsizlik maraqları yeni məkanlar yaradır. Xəzərin hər iki sahilində məhz belə dəyişiklik baş verir.
Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində yaxınlaşması da türk dövlətləri arasında əməkdaşlığın yalnız ortaq dil və tarixi yaddaş üzərində qurulmadığını göstərir. Enerji, nəqliyyat, gömrük, investisiya, rəqəmsallaşma və təhlükəsizlik artıq türk birliyinin iqtisadi-siyasi məzmununu dəyişir.
Türk Dövlətləri Təşkilatı Xəzərin iki sahilini siyasi, tarixi və mədəni mənsubiyyət üzərindən yaxınlaşdırırsa, Orta Dəhliz həmin yaxınlığı fiziki və iqtisadi bağlantıya çevirir.
Azərbaycanla Mərkəzi Asiyanın vahid geoiqtisadi məkana çevrilməsi isə Xəzərin əhəmiyyətini qat-qat yüksəldir.
Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Xəzərdə gəmiçilik imkanları, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxış Mərkəzi Asiyanın Qərbə açılmasında Azərbaycanın rolunu artırır.
Həmçinin oxuyun
Rəqəmlər də Orta Dəhlizin artıq nəzəri layihə olmadığını göstərir. Prezident Əliyevin açıqladığı məlumata görə, son üç ildə dəhliz üzrə Azərbaycandan keçən yükdaşımaların həcmi 90 faiz artıb, daşınma müddətləri isə əhəmiyyətli dərəcədə azalıb.
Avropa İttifaqının hesablamalarında Transxəzər dəhlizi Avropa ilə Mərkəzi Asiyanı təxminən 15 gün ərzində birləşdirə biləcək rəqabətqabiliyyətli marşrut kimi nəzərdə tutulur.
2026-cı ilin yanvarında Avropa İttifaqı ilə Azərbaycan Global Gateway və yeni Cross-Regional Connectivity Agenda çərçivəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Uzun illər Azərbaycan Cənubi Qafqazın Şərqə aparan yolu kimi təqdim olunurdu. İndi ölkəmiz eyni zamanda Mərkəzi Asiyanın Qərbə açılan qapısına çevrilir.
ABŞ, C5+1 və yeni ticarət coğrafiyası
Mərkəzi Asiyanın geosiyasi çəkisinin artmasının başqa istiqaməti ABŞ-la münasibətlərdir. Vaşinqtonun klassik C5+1 formatı ABŞ-la beş Mərkəzi Asiya dövlətini birləşdirir. Azərbaycan həmin formatın formal iştirakçısı deyil, lakin formalaşan Transxəzər iqtisadi və nəqliyyat sisteminin əsas tərəfdaşlarından biridir.
Rusiya–Ukrayna müharibəsi və İran ətrafında uzun illər davam edən gərginlik ticarət və təchizat zəncirlərini dəyişib. Əvvəllər iqtisadi baxımdan ikinci dərəcəli görünən alternativ marşrutlar strateji əhəmiyyət qazanıb.
ABŞ və Qərbin Mərkəzi Asiya ilə ticarət, enerji, kritik minerallar və investisiya əməkdaşlığı genişləndikcə əsas suallardan biri həmin resursların dünya bazarlarına hansı yolla çıxacağıdır. Rusiyadan yan keçən əsas istiqamətlərdən biri məhz Mərkəzi Asiya – Xəzər – Azərbaycan – Cənubi Qafqaz – Türkiyə/Avropa xəttidir.
Deməli, Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında aparılan yeni strategiyalarda masa arxasında formal olaraq hər formatın üzvü olmasa da, xəritə üzərində yan keçilməsi çətin olan dövlətdir.
Xarici baxış: Azərbaycana alternativ varmı?
Xarici analitik mərkəzlərin Azərbaycan–Özbəkistan münasibətlərinə yanaşmasının dəyişməsi də təsadüfi deyil. Carnegie Mərkəzi Asiya ilə Cənubi Qafqazın yaxınlaşmasını Avrasiyanın yeni bağlantı xəritəsinin yaranması kimi qiymətləndirir. CACI Analyst Özbəkistanın Cənubi Qafqaza yönəlişini “struktur dəyişikliyi”, Jamestown isə Bakı–Daşkənd münasibətlərini tranzit, enerji və genişlənən Mərkəzi Asiya formatları fonunda yüksələn tərəfdaşlıq kimi təqdim edir. “The Diplomat” da Azərbaycanın Mərkəzi Asiya siyasi məkanına qoşulmasını regionun ənənəvi sərhədlərini dəyişdirən proses kimi dəyərləndirir.
Mühüm təhlillərin ortaq məxrəcində bir fikir dayanır: Xəzərin iki sahili arasında yeni siyasi və iqtisadi məkan yaranır və Azərbaycanla Özbəkistan həmin məkanın əsas dayaqlarındandır. Carnegie-nin Orta Dəhlizlə bağlı işlədiyi formul xüsusilə diqqətəlayiqdir:
“Mərkəzi Asiyada bir neçə variant var, Azərbaycana isə alternativ yoxdur.”
Haqlı fikir Özbəkistan üçün Bakı ilə müttəfiqliyin niyə strateji xarakter aldığını yaxşı izah edir.
Son Daşkənd səfəri də əvvəlcədən mövcud olan tendensiyanın sadəcə davamı deyil. “Əbədi dostluq haqqında Müqavilə”, 1 milyard dollarlıq ticarət hədəfi, yeni investisiya layihələri və Transxəzər logistika əməkdaşlığı xarici müşahidəçilərin bir neçə ildir gördüyü Mərkəzi Asiya–Cənubi Qafqaz yaxınlaşmasına artıq konkret iqtisadi məzmun verir.
Lakin yeni dəhlizlərin siyasi xəritədə çəkilməsi - Bakı ilə Daşkəndin qarşısındakı növbəti vəzifə siyasi yaxınlığı logistika sürətinə, yük həcminə, qarşılıqlı kapitala və üçüncü bazarlarda birgə fəaliyyətə çevirməkdir.
Son səfərdə Xəzərdə birgə donanma, tranzit və investisiya layihələrinin önə çıxması məhz yeni mərhələyə keçidin əlamətidir.
Xəzərin iki sahilində yeni siyasi coğrafiya
Beləliklə, İlham Əliyevin Özbəkistana səfərinin nəticəsini yalnız imzalanan sənədlərin sayı ilə ölçmək olmaz. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqazın siyasi və nəqliyyat xəritəsində yeni imkanlar açıb. Özbəkistan isə Mirziyoyev dövründə Mərkəzi Asiyanın iqtisadi və siyasi çəkisini artıran əsas dövlətlərdən birinə çevrilib.
Bakı ilə Daşkənd arasındakı müttəfiqlik, ortaq tarix və gələcəyə yönələn Qarabağda tikilən məktəbdən Xankəndi–Ürgənc və Laçın–Buxara əlaqələrinə, Orta Dəhlizdən Global Gateway-ə, TDT-dən Mərkəzi Asiyanın yeni siyasi formatlarına qədər uzanan geniş məkan onun real sütunlarını yaradır.
Əvvəllər Xəzərin iki sahilində yerləşən Azərbaycan və Özbəkistan arasında məsafədən danışılırdı. İndi yaradılan arteariylar Xəzəri birlik dənizinə çevirir.
İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycan–Özbəkistan müttəfiqliyini möhkəmləndirməklə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqazın birləşdiyi yeni siyasi və iqtisadi məkanın qurucuları sırasında çıxış edirlər. “Əbədi dostluq haqqında Müqavilə” həmin böyük coğrafiyada iki dövlətin gələcəyə yönələn siyasi iradəsinin ifadəsidir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakı-Daşkənd münasibətlərində yeni mərhələ: Əbədi dostluqdan regional tərəfdaşlığa - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 23-də Özbəkistana dövlət səfəri Bakı-Daşkənd münasibətlərinin inkişafında yeni mərhələ kimi qiymətləndirilir.Səfərin əsas siyasi nəticələrindən biri Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Sənəd son illərdə formalaşmış xüsusi münasibətlər sistemini siyasi-hüquqi baxımdan möhkəmləndirir.Azərbaycan və Özbəkistan münasibətləri ardıcıl qurulan strateji xəttin nəticəsidir. Son illərdə əlaqələr strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlib. “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması da bu prosesin məntiqi davamıdır.Əbədi dostluqdan strateji gələcəyəMüqavilədə suverenlik, ərazi bütövlüyü və təhlükəsizlik məsələlərində qarşılıqlı dəstək prinsiplərinin təsbit edilməsi münasibətlərin ayrı-ayrı layihələRlə məhdudlaşmadığını göstərir. Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfə isə siyasi həmrəyliyin konkret nümunəsidir.Bakı-Daşkənd xəttinin güclənməsi Türk dünyasının siyasi və iqtisadi...
24 Avqust 2026, 19:16
Unudulmaz unudulmuşlar silsiləsindən
Bu gün xalqımızın görkəmli xanımlarından biri, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı (1965-1967), Mikrobiologiya kafedrasının müdiri (1967-1989), Əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim, biologiya elmləri doktoru, professor Həbibə Qasımova (1922-2014) anadan olmuşdur.Həbibə Süleyman qızı Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir.1939-cu ildə Bakıda orta məktəbi, 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir.1945–1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında (doktoranturasında) təhsil almış, 1949-cu ildə "Azərbaycanın penisillin əmələgətirən göbələkləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, biologiya...
24 Avqust 2026, 15:21
Tahir Rasizadə haqqında MARAQLI FAKTLAR
Rasizadələr nəslinin daha bir nümayəndəsi - Tahir Rasizadə haqqında sizə qısa bir məlumat vermək istəyirəm. Fotoda gördüyünüz bu gənc Hüseyn Cavidin böyük qardaşı, Şeyx Məhəmməd Rasizadənin oğlu Tahir Rasizadədi. Bu fotoda onun 19 yaşı var. Ümumiyyətlə, Rasizadələr nəsli Azərbaycanda köklü nəsillərdən hesab olunur və bu tayfa say-seçmə ziyalıları ilə tanınıb. Ən böyük nümayəndəsi də romantik şeirin banisi Hüseyn Cavid əfəndidir. Turan Cavid Rasizadələr haqqında məlumat verərək deyirdi: "Deyirlər, Rasi dindar sözündəndir. Cavidin babası Məşədi Qulu ömrünün yarısını əkinçiliklə, yarısını da həllaclıqla, yəni pambıq daramaqla keçirib. Məşədi Qulunun dörd oğlu olub. Məşədi Ənnağı, Məşədi Tağı, Hacı Molla Abdulla və Kəblə Mirzəli…...
24 Avqust 2026, 14:41
ŞAH İSMAYIL POLEMİKASI BİTDİMİ?!
Deputat Fazil Mustafanın başladığı "Şah İsmayıl Xətai diskussiyaları" çox uzun çəkdi, amma faydasız da olmadı. Cəmiyyət bu tarixi şəxsiyyət haqqında xeyli məlumat aldı, çoxları öz intellektual cəbbəxanasını yeni ideya və fərqli mənbə biliklərilə zənginləşdirdi. Bəzi nüfuzlu tarixçilərin polemikalarda iştirakı da faydalı oldu. Hər halda çoxluqda belə bir qənaət möhkəmləndi ki, tarixi gerçəkliyi təhrif etmək olmaz. Yəni hərbi şücaətinə görə qədim Roma və Yunan sərkərdələri ilə, qurduğu idarəçilik sisteminə görə Avropa kralları ilə müqayisə edilən Şah İsmayılın şəxsiyyətinə emosional müstəvidə deyil, tarixi kontekstdə, o dövrün tarixi şəraitinin gerçəkləri çərçivəsində, həmçinin dövlətçilik düşüncəsi, Ana dili, ədəbi irs və milli yaddaş müstəvisində yanaşmaq...
24 Avqust 2026, 14:05
İlham Əliyevin sosial media hesablarında Buxaraya getməsinə dair video paylaşılıb
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Özbəkistanın paytaxtı Daşkəndən Buxara şəhərinə getməsi ilə bağlı paylaşım edilib.Citypost.az Prezidentin sosial media hesablarına istinadən videonu təqdim edir: View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az)
24 Avqust 2026, 13:50
Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub.Citypost.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.Bildirilib ki, bununla da respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq./Ajans.az
24 Avqust 2026, 13:16