Şəhidlik həm də Elm Şuşasını fəth etməklə qazanılır! - Zahid Oruc
Cəmiyyət 09 Sentyabr 2026, 17:15
1086
Ali məktəbə qəbul olunan gənclərin uğurunu dövlətimiz tərəfindən təntənə ilə qeyd edilməsi təkcə on minlərlə tələbənin sevincini bölüşmək hadisəsi kimi qəbul edilməlidir, daha çox gələcəyimizi birlikdə quracağımız yeni nəslə xalqımızın çoxəsrlik tarixini, mədəniyyətini, yaratdıqları zəngin irsi, arzu və istəklərini çatdırmaq deməkdir. Lakin ikiqat qürur doğuran hadisə tələbə adını qazanan oğul və qızlarımızın içərisində şəhid ailə övladlarının xüsusi yer tutmasıdır. Çünki müqəddəs şəhidlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, xalqımızın azad və qalib ölkədə yaşaması naminə canlarından keçərək ən uca zirvələrə yüksəliblər. Onlar torpaqlarımızı azad etməklə gələcək nəsillərin bütöv bir Vətəndə yaşayacağı uğrunda döyüşürdülər.
Bunu Xətai rayon icra hakimiyyətində şəhid övladları tələbə və məktəblilərlə görüşündə çıxışı zamanı deputat Zahid Oruc bildirib.
"Şəhidlərin apardıqları mübarizə ilə onların qardaş və bacılarının elm və təhsil sahəsində qazandıqları uğurlar eyni dövlətçilik idealına xidmət edir: Azərbaycanın güclü, firavan və gələcəyinə özü sahib olan dövlət kimi yaşasın!
Vətən müharibəsindən sonra Azərbaycanda yeni bir nəsil yetişir- Qarabağı işğal altında görməyən, “məcburi köçkünlük” duyğusunu yaşamayan, yurd həsrətini, illərlə ata-baba torpağına qayıda bilməməyin ağrısını əvvəlki nəsillər qədər hiss etməyən yeni milli kimlik qazanılıb. Qalib Azərbaycanın övladları kimi böyümək fəxarətli bir duyğudur.
Uzun illər uşaqlarımız Qarabağ haqqında işğal altında olan torpaq kimi məruz qaldığımız humanitar, iqtisadi və sosial çətinliklərdən dərslik kimi yaşayır, çıxış yollarını məktəblərdə öyrənirdilər. Bir milyonadək insanın doğma yurdundan didərgin düşməsi bütöv bir nəslin mübarizəsinə çevrilmişdi. Aparılan dövlət siyasəti ən uğurlu nəticəyə-xalqımızın iyirmi birinci əsrin tək qalib millətinə çevirdi.
İndi ali təhsilə qədəm qoyan on minlərlə gənc Şuşanı 44 fəth edilən Zirvə kimi öyrənir, təbliğ edir və dünyaya yayırlar. Xankəndi artıq separatizmin ünvanı kimi göstərilmir, Azərbaycan suverenliyinə tam qovuşduğu məkan kimi tərənnüm olunur.
Yüz il əvvəl Azərbaycanda ali təhsilli insanlarımızın sayı cəmi 102 nəfər təşkil edirdi. Bir əsrdən sonra ölkəmiz dünyanın aparıcı elm və təhsil mərkəzlərinə minlərlə gənc göndərir. İndi miqyas və məqsədlər tamamilə başqadır.
2026/2027-ci tədris ili üzrə xaricdə təhsilə dair Dövlət Proqramının əhatə dairəsinə 33 ölkənin 231 nüfuzlu ali təhsil müəssisəsində 4121 proqram daxil edilib. 125 bakalavr, 353 magistr və 22 doktorant olmaqla 500 Azərbaycan gənci Dövlət Proqramının təqaüdçüsü adını qazanıb. Onların 155 nəfəri dünyanın ən nüfuzlu ilk 10 universiteti sırasında yer alan ali məktəblərdə – Stanford, MIT, Oksford, Harvard, Yale, Berkeley, ETH Zürich və digər aparıcı universitetlərdə təhsil alacaq.
Tarixi xətt müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin dövlətçilik fəaliyyətində xüsusi yer tuturdu. Ulu öndərin məşhur “Təhsil millətin gələcəyidir” fikri sadəcə təhsil uzunmüddətli dövlət siyasətinin mahiyyətini ifadə edən konseptual yanaşmadır.
Ulu Öndər elmi və təhsili müstəqil dövlət quruculuğunun tükənməz sərvəti, milli mədəniyyətin və intellektual kimliyin dayağı kimi görürdü.
Azərbaycan və onun formalaşdırdığı böyük mədəni-intellektual coğrafiya müxtəlif əsrlərdə dünya elminə böyük simalar bəxş edib.
Nəsirəddin Tusi XIII əsrdə astronomiya, riyaziyyat və fəlsəfədə Şərqin ən böyük elmi məktəblərindən birini yaratdı, Marağa rəsədxanasını dövrünün mühüm elm mərkəzinə çevirdi. XX əsrdə akademik Yusif Məmmədəliyev kimya və neft-kimya elminin inkişafında böyük məktəb yaratdı. Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya elmi düşüncəsinə bütöv bir yeni istiqamət gətirdi və adı qlobal elmin tarixinə daxil oldu. Xudu Məmmədov kristalloqrafiya və struktur kimyası sahəsində Azərbaycan elminin seçilən simalarından birinə çevrildi. Azad Mirzəcanzadə neft və qaz yataqlarının işlənilməsi, tətbiqi mexanika və texniki elmlər üzrə böyük elmi məktəb yaratdı.
XXI əsrin Azərbaycanı dünya elminə hansı yeni adları verəcəyi üzərində düşünməliyik. Parlaq Qələbəmiz özü ilə bərabər, yeni məsuliyyət də gətirir.
İşğal dövrünün gəncliyindən torpağı azad etmək tələb olunurdu. Qalib Azərbaycan nəsli isə Zəfəri uzunmüddətli milli ideologiyaya və həyat amalına çevirməlidir.
Bilik günü ötən on illər Bakının yüz il əvvəlki daşnak-bolşevik birləşmələrindən azad olunması tarixi kimi qeyd olunurdu. Lakin altı il əvvəl məhz sentyabrda başlayan 44 müqəddəs günlük müharibəmiz, nəhayət, yenə də sentyabrın 20-də qovuşdumuz Xankəndi Zəfəri-dövlət suverenliyi sübut etdi ki, millətimizin yeni siyasi təqvimi formalaşır.
Dünya şöhrətli türk alimi, Nobel mükafatı laureatı Əziz Səncərin fikirləri tələbələrimiz üçün xüsusi məna daşıyır. Sadə və çoxuşaqlı kasıb bir ailənin övladının özünü həmişə borclu saydığı Cümhuriyyət və Atatürk idealları ilə böyüməsinin açdığı yollar - elmi bioqrafiyası hər bir azərbaycanlı məktəblisinə, öyrəncisinə böyük örnəkdir. Türkiyənin Mardin bölgəsində dünyaya gələn bir çocuq davamlı zəhmət, məqsədyönlü çalışmalar və elmi intizam yolu ilə dünya elminin zirvəsinə yüksəlib. Nobel mükafatı on illərdə qazanılan biliyin, aparılan tədqiqatların etnik, coğrafi və siyasi sərhədləri aşaraq uğura çatılmasının simvoludur. Uca peyğəmbərimizi ona görə, “elm Çində də olsa, onun dalınca gedin”, tövsiyəsinin ilahi mənası heç vaxt unudulmamalıdır.
Əziz Səncərin Azərbaycan haqqında söylədiyi fikirlər isə bizim üçün ikiqat dəyərlidir. Prezident İlham Əliyevin alimin fəaliyyətinə yüksək qiymət verməsi, dünyaya böyük elmi kəşfi ilə xidmət edən ziyalını xüsusi mükafatla təltif etməsi, yubileyinin qeyd olunması və Əziz Səncərin Azərbaycana səfərləri elmə dövlətimizin verdiyi ali diqqətin və qayğının nümunəsidir.
Lakin alimin çıxışındakı ən güclü ideyalardan biri şəxsi dünyəvi nailiyyətini Qarabağ uğrunda döyüşən Azərbaycan əsgərinin fədakarlığı ilə müqayisə etdiyi məqamdır. Əziz Səncər deyir:
“Bəli, mən dünya elminə xidmət etmişəm. Lakin məndən soruşsanız, Qarabağı azad etmək üçün canını verən azərbaycanlı əsgərlərimiz mənim qədər türklük üçün fədakarlıq etmişdir. Bunu heç vaxt unutmayın.”
Nobel mükafatı almış bir alimin öz elmi xidmətlərini Vətən uğrunda canından keçmiş əsgərlərin fədakarlığı ilə yanaşı qoyması son dərəcə yüksək qiymətdir. Yəni, millət yalnız elm adamı ilə, təkcə əsgər və siyasətçi ilə güclü olmur. Xalqı qüdrətli edən milyonlarla fərqli peşə, sənət və ixtisaslara malik, lakin vahid amallar uğrunda mübarizəyə qalxmağı bacaran insanların birliyindən doğulur.
Əziz Səncər Qarabağın azad edilməsini Türk dünyası üçün dönüş nöqtəsi adlandırır, lakin növbəti böyük vəzifəni elm və sivilizasiya sahəsində qabaqcıl dövlətlərin səviyyəsinə çatmağı arzulayır.
Həqiqətən torpaqlarımızın azad olunması böyük tarixi mərhələni başa çatdırdı. İndi Azərbaycan gəncliyinin qarşısında prezident İlham Əliyevin dediyi kimi, yeni era-mərhələ başlanır: dünyanın ən güclü universitetləri, laboratoriyaları, texnologiya şirkətləri, elmi mərkəzləri və intellektual iqtisadiyyatları ilə rəqabət yarışını qazanmaq gərəkdir. Texnologiyanın yeni nəslinin-4-cü sənaye inqilabının və süni intellektin qlobal dəyişiklikləri fonunda gənc nəslə Səlcuq Bayraqdarı nümunə göstərməklə Qurtuluş savaşında məhz elm və texnologiyanın əliylə nail olduğumuzu, lakin qarşıda dünya rəqabətində yeni çağırışlara hazır olmağı da tələb edir.
Əziz Səncərin başqa bir fikri ölkə başçısının mövqeyilə tamamilə üst-üstə düşür: “Biz Türk dünyası olaraq böyük insan gücünə sahibik. Çox istedadlı gənclərimiz var. Bu gənclərə imkan verib onları elmə yönəltsək və çalışmalarını təşviq etsək, Türk dünyasının elmdə dünyanın ən qabaqcıl səviyyəsinə çata biləcəyinə inanıram.”
Tarixi sözlər təkcə gənclərə müraciət kimi qəbul olunmamalı, eyni zamanda universitetlərə, müəllimlərə, elmi qurumlara və cəmiyyətə ünvanlanmış proqram kimi dəyərləndirilməlidir. İstedadın olması kifayət etmir, elmi nailiyyətin üzə çıxması üçün imkan, keyfiyyətli təhsil, laboratoriya, müəllim, beynəlxalq əlaqələr və yaradıcı mühit lazımdır.
İyirmi birinci əsrdə Azərbaycan gənclərinin Avropanın, Amerikanın, Asiyanın qabaqcıl universitetlərinə qəbul olunması mühüm dövlət və millət siyasətidir. Gənclərimiz dünyanın yüksək reytinqli universitetlərində mühəndislik, tibb, süni intellekt, iqtisadiyyat, hüquq, energetika, biologiya, beynəlxalq münasibətlər və digər sahələr üzrə təhsil alırlar.
Lakin müasir dünyada dövlətlər artıq yalnız ərazi və təbii sərvətlərlə rəqabət aparmırlar. Süni intellekt, biotexnologiya, kvant texnologiyaları, enerji keçidi, kibertəhlükəsizlik, robototexnika, yeni materiallar, kosmos sənayesi və yüksək məhsuldarlıqlı iqtisadiyyat dövlətlərin yeni güc ölçülərinə çevrilir. Universitetlər diplom verən müəssisələr kimi əlahiddə status daşımır, əsas məqsəd dövlətlərin strateji üstünlük istehsal etdiyi elmi mərkəzlərdir.
Yüksək səviyyəli təhsil alan hər bir gənc ölkənin gələcək elmi, iqtisadi və idarəetmə potensialının bir hissəsidir. Şəhid övladlarının uğuru isə qlobal rəqabətdə xüsusi mənəvi məna daşıyır.
Biz şəhidlərin böyük bir hissəsinin ailə həyatı qurmağa macal tapmadan Vətən uğrunda canından keçdiyini bilirik. Qəhrəmanların arasında 18, 19, 20 yaşında həyatdan gedən gənclərimiz çox olub. Özlərinin universitet arzusu, peşə istəyi, quracaqları ailə, böyüdəcəkləri övladlar, yaşayacaqları həyat yarımçıq qalıb.
Ali məramı və Vətən amalı ilə canını verən şəhid ailəsinin övladının qazandığı hər bir uğurun fərqli mənəvi çəkisi var. Onlar ata və analarının, ailələrinin və bütövlükdə Vətənin keşiyində məhz elm və təhsil səngərində döyüşmək missiyasını qəbul edirlər.
Azərbaycan gəncliyinin müasir idealı da dəyişir. Gəncliyə yalnız “yaxşı oxu, uğur qazan” demək kifayət etmir. XXI əsrin Azərbaycan gənci qarşısına daha böyük məqsədlər qoymalıdır: yeni bilik yaratmaq, beynəlxalq elmi jurnallarda dərc olunmaq, patent almaq, texnologiya yaratmaq, qlobal şirkət qurmaq, dövlət idarəçiliyində yeni həllər təklif etmək, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında iştirak etmək, Azərbaycanın dünyada intellektual nüfuzunu artırmaq olmalıdır.
Əziz Səncərin “elm yaradacağıq” fikri gələcək baxımdan mühüm çağırışdır. Çünki elmi öyrənmək başqa işdir, elm yaratmaq fərqli çalışmaqdır.
Qələbəni elmi və təhsil Zəfərinə çevirmək üçün hərbi və siyasi suverenliyin ardınca elmi, texnoloji və intellektual suverenliyi gücləndirmək gərəkdir.
Əziz Səncər Qarabağ Qələbəsini Türk dünyası üçün dönüş nöqtəsi adlandırır. Qabaqcıl və mütərəqqi fikrin ikinci hissəsini də görmək lazımdır. O, Qələbədən sonra qarşıda dayanan əsas vəzifəni keçmişlə fəxr etməklə məhdudlaşdırmır. Əksinə, deyir ki, bundan sonra elm və sivilizasiya sahəsində dünyanın qabaqcıl dövlətləri ilə rəqabət aparacaq səviyyəyə gəlməliyik.
Deməli, Qələbəni yalnız tarix kimi qorumaq yox, onu inkişaf enerjisinə çevirmək lazımdır. Əsgərin qazandığı ərazini mühəndis qurmalıdır, azad edilmiş şəhərdə həkim vətəndaşın sağlamlığının keşiyində durmalıdır, müəllim xüsusi təyinatlı nəsil yetişdirməlidir, iqtisadçı yeni inkişaf modeli qurmalıdır, memar yeni şəhərləri hər bir infrastrukturu ilə uğurla çalışan bir arxitekturada layihələndirməlidir.
Əgər Vətən müharibəsinin qəhrəmanları “torpaq kimindir?” sualına öz həyatları ilə cavab verdilərsə, müasir Azərbaycan gəncliyi “ qalibiyyəti necə qoruyacağıq və gələcəkdə hansı dövləti quracağıq?” sualına öz bilikləri və fəaliyyətləri ilə cavab verməlidir.
Sizin nəslinizin qarşısında bizdən fərqli Vətən olacaq- işğalsız, qalib Azərbaycan!
Əziz Səncərin Qarabağ şəhidlərinə həsr etdiyi sözləri bir vəsiyyət kimi qəbul etmək olar: “Qarabağ müharibəsində şəhid, qazi olan övladlarımızı, qardaşlarımızı heç vaxt unutmayın.”
Xatırlamağın ən yüksək forması isə azad edilən torpaqları, qurulan və Böyük qayıdışla bütövləşən Vətəni daha güclü etməkdir.
Ən böyük imtahandan alnıaçıq çıxan və ən yüksək qiymət alan şəhidlərimizlə sizin qazandığınız ballar və gələcəkdə millətimizə xidmətlə əldə etdiyiniz nailiyyətlər vahid bir məqsəddə birləşir. Qəhrəman oğul və qızlarımızın ala bilmədiyi diplomları qazanmaq, görə bilmədikləri şəhərləri qurmaq, çata bilmədikləri elmi zirvələri fəth etmək və nəhayət, həyata keçirə bilmədikləri arzuları yeni nəslin imkanlarına çevirmək yeni millət quruculuğunun əsas idealıdır.
Şəhidlik həm də Elm Şuşasını fəth etməklə qazanılır!
Müqəddəs yolda hər birinizə böyük uğurlar arzulayırıq!",-deyə millət vəkili qeyd edib.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən və Səxavət Sərdər oğlu Qaragözova məxsus olan çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, aparılan yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya tələblərinin pozulduğu müəyyən edilib.Aşkarlanmış nöqsanlarla bağlı müəssisənin sahibi barəsində inzibati protokol tərtib olunub. Eyni zamanda, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib....
09 Sentyabr 2026, 17:30
Azərbaycanda kursant vəfat edib
Bakı Hərbi Kollecinin kursantı məzuniyyətdə olduğu zaman vəfat edib.Citypost.az "Unikal"a istinadən xəbər verir ki, kursant Oruc Qasımov dünyasını dəyişib.Mərhum ötən gün dəfn edilib.
09 Sentyabr 2026, 17:15
Şahin Bağırov Samuxda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Samux şəhərində vətəndaşları qəbul edib.Citypost.az komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Samux və Göygöl rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan vətəndaşlarla görüşüb.Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda sakinlərin müraciətləri dinlənilib. Müraciətlər əsasən işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.Qəbul zamanı müraciətlər dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib....
09 Sentyabr 2026, 17:15
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, valideynlər övladlarını mygov platforması vasitəsilə sentyabrın 14-ü saat 15:00-dan başlayaraq sentyabrın 25-i saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir....
09 Sentyabr 2026, 16:50
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər təyin edilib
Dünya Bankı Qrupuna (DB) Azərbaycanda vahid ölkə nümayəndəliyinə Saşa Bakes rəhbər təyin edilib.Citypost.az xəbər verir ki, Dünya Bankı Qrupunun Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçidi çərçivəsində Saşa Bakes (Sacha Backes) yeni rəhbər təyin edilib.Əvvəlcə onun Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə təyin edildiyi bildirilsə də, qeyd olunub ki, Saşa Bakes ümumilikdə Dünya Bankı Qrupunun – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (IBRD) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) daxil olmaqla – Azərbaycandakı fəaliyyətinə rəhbərlik edəcək.Dünya Bankının Azərbaycan ofisindən bildirilib ki, Bakes sentyabrın 1-dən vəzifəsinin icrasına başlayıb. Qeyd olunub ki, Dünya Bankı Qrupu bütün ölkələr üzrə vahid ölkə nümayəndəliyi modelinə keçir.Bundan əvvəl...
09 Sentyabr 2026, 16:43
FHN-dən “Şəki Yaylası”dakı faciə ilə bağlı açıqlama YAYDI
Şəkidə yerləşən “Şəki Yaylası” istirahət mərkəzində əyləncə qurğusunun trosunun qırılması nəticəsində iki nəfərin həyatını itirməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.Citypost.az xəbər verir ki, hadisə ilə bağlı qurğunun texniki təhlükəsizlik tələblərinə uyğunluğu, qeydiyyatı, texniki baxışdan keçirilib-keçirilməməsi və qəzanın səbəbləri barədə FHN-ə suallar ünvanlanıb.Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil.
09 Sentyabr 2026, 16:35