Bizə yazın

Baku

-°C

USD

-

Zəfərdən sonra: Naxçıvan xilaskarlıq qalasından

strateji qovşağa doğru

Cəmiyyət 11 Avqust 2026, 15:41

3639

Prezident İlham Əliyevin Naxçıvana səfəri ölkəmizin ayrı-ayrı regionlarına səfərlərindən daha üstün siyasi-iqtisadi məna daşıyır. Bir əsr əvvəl Qafqazlarda dəyişən siyasi xəritənin ağır mirasına malik bir bölgənin tarixi, geosiyasi mövqeyi və Azərbaycanın müstəqilliyində daşıdığı missiya ölkə başçısının məhz avqust ayında - Amerika Birləşmiş Ştatlarında imzalanan üçtərəfli anlaşmaların ildönümündə razılaşmanın strateji hədəflərinə doğru atılan mühüm addımları kimi dəyərləndirilə bilər. Naxçıvan Azərbaycan dövlətçiliyinin həm ən çətin illərinin yaddaşını özündə əks etdirir, həm də Zəfərdən sonrakı yeni regional arxitekturanın əsas coğrafi dayaqlarından biridir.

Azərbaycan tarixində elə ərazilər var ki, onların siyasi çəkisi coğrafi ölçülərindən qat-qat böyükdür. Naxçıvan məhz belə məkandır. 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qaldığı zaman Naxçıvan blokadada yaşayan muxtar respublika olmasına baxmayaraq, dövlətçilik iradəsinin qorunduğu siyasi qalaya çevrildi. Ulu Öndər Heydər Əliyevin Ali Məclisə rəhbərlik etdiyi dövr sonradan bütün Azərbaycanın siyasi xilası ilə nəticələnən dövlətçilik salnaməsinin misilsiz mərhələsi oldu. Başqa sözlə, o illərdə Azərbaycanın Milli Qurtuluşu Bakıya Naxçıvandan gələn siyasi yolla başladı.

Ölkəmizin xilaskar muxtar respublikası indi Azərbaycanın Avrasiyaya açılan strateji qapılarından birinə çevrilir. Zəfərdən əvvəl Naxçıvanın əsas geosiyasi xüsusiyyəti onun blokadaya davam gətirməsi idi. Zəfərdən sonra isə əsas xüsusiyyəti onun çoxşaxəli bağlantı yaratmasıdır.

Göründüyü kimi, dövlət rəhbərinin dəfələrlə vurğuladığı 1990-cı illərin məğlub geosiyasətinin dəyişdirilməsi və yaradılan yeni reallıq təkcə sovetlərdən sonrakı Naxçıvanın Azərbaycanın əsas hissəsindən coğrafi baxımdan ayrılmış ərazi statusunu dəyişdirmir, eləcə də Cümhuriyyət dövrünün tarixi gerçəkliklərini müasir dövrümüzə qaytarır, Qarabağ, Şərqi Zəngəzur, Zəngilan, Ermənistanın cənubu, Naxçıvan və Türkiyə xətti üzərində yeni coğrafi, iqtisadi və logistik məkan formalaşdırır.

Vətən müharibəsində qazanılan Qələbənin ən mühüm nəticələrindən biri torpaqların azad edilməsi ilə bərabər, Azərbaycanın parçalanmış kommunikasiya coğrafiyasının yenidən birləşdirilməsidir.

Vaşinqton sənədi: gələcək tarixi birləşmənin siyasi-hüquqi özülü

2025-ci il avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannamənin Naxçıvan üçün tarixi əhəmiyyəti də məhz burada meydana çıxır. Sənəddə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz bağlantının təmin olunması ayrıca təsbit edildi. Ermənistanın ABŞ və qarşılıqlı müəyyən ediləcək üçüncü tərəflərlə birlikdə TRIPP - “Trump Route for International Peace and Prosperity” layihəsinin çərçivəsini hazırlaması nəzərdə tutuldu.

Prezidentin siyasi iradəsi ilə hazırlanan hər bir maddənin siyasi mənası çox böyükdür. Çünki Azərbaycan tarixində ilk dəfə ölkənin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz quru bağlantısı məsələsi ABŞ Prezidentinin şahidliyi ilə Ağ Evdə imzalanan beynəlxalq siyasi sənədin predmetinə çevrildi. Vaşinqton açıqlamasında həmin razılaşmaların Cənubi Qafqazın ticarət, tranzit, enerji, infrastruktur və texnologiya potensialını açacağı vurğulanırdı. Ona görə də 8 avqust tarixi anlaşması gələcək fiziki birləşmənin hüquqi və siyasi başlanğıcıdır.

2026-cı ildə proses artıq növbəti mərhələyə keçib. Yanvar ayında ABŞ və Ermənistan TRIPP-in icra çərçivəsini açıqlayıblar. Layihənin Ermənistan ərazisində maneəsiz multimodal bağlantı yaratmasını, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməsini və Transxəzər ticarət yolunun mühüm halqasına çevrilməsini nəzərdə tutur. May ayında isə ABŞ və Ermənistan arasında TRIPP üzrə strateji əməkdaşlıq çərçivə sazişi imzalanıb.

Beləliklə, Vaşinqton razılaşması artıq siyasi bəyanat mərhələsini geridə qoyur və praktik icra mərhələsinə keçir.

Burada çox mühüm bir tarixi paralel yaranır. Heydər Əliyevin dövründə Naxçıvan Azərbaycanın dövlətçiliyinin qorunduğu siyasi məkan idi. İlham Əliyevin liderliyi ilə Zəfərdən sonra isə Naxçıvan Azərbaycanın ərazi-kommunikasiya bütövlüyünün bərpasının əsas məkanlarından birinə çevrilir. Əgər 2020-ci ildə Azərbaycan döyüş meydanında hərbi reallığı dəyişməsəydi, 8 avqust 2025-ci ildə Ağ Evdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantı haqqında sənəd də imzalanmayacaqdı.

Şərqi Zəngəzurda inşası başa çatmaqda olan dəmir yolu xətti Qələbənin iqtisadi xəritəyə çevrilmiş formasıdır. Horadizdən Ağbəndə qədər azad Cəbrayıl, Zəngilan və vahidləşən Zəngəzur bir millətin tarixi bütövləşdirir. Azərbaycan Ordusunun yaratdığı yeni strateji coğrafiya döyüş meydanında əldə olunan uğurun yeni regional qaydalara, logistika mərkəzlərinə və iqtisadi inteqrasiyaya xidmət etməsi deməkdir.

Əsl sülh keçmiş düşmənlərin maraqlarını gələcək əməkdaşlıq sistemində bir-birinə bağlayan iqtisadi mexanizmlər yaradıldığı zaman dayanıqlı olur.

Naxçıvan artıq “eksklav” deyil, qovşaqdır. Uzun illər beynəlxalq mediada əsasən “Azərbaycanın əsas ərazisindən ayrı düşmüş eksklav” kimi təqdim edilirdi. İndi həmin təsvir köhnəlir. Yeni dövrdə Naxçıvanın əsas statusu bolşeviklərin əli ilə hazırlanan siyasi xəritələrin yenidən dəyişdirilməsi, artıq “ayrı düşən” ərazi yox, məhz qovşağa çevrilən məkan olması ilə müəyyənləşir.

Rəsmi Azərbaycan tranzit strategiyasına görə, TRIPP Azərbaycan-Ermənistan sərhədində Horadiz-Ağbənd dəmir yoluna birləşəcək, Naxçıvana uzanacaq, oradan isə Türkiyə və Avropaya çıxış yaradacaq. Eyni xətt həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat sistemlərinin yeni mühüm seqmenti kimi nəzərdə tutulur. Bununla Naxçıvanın bölgədəki rolu tamamilə yeni məzmun qazanır. Doğrudur, muxtar respublika Türkiyə, İran və Ermənistanla həmsərhəddir.

Lakin həmin xətlər artıq Naxçıvanı geosiyasi mühasirədə saxlaya bilmir, bazarlara çıxış, tranzit, enerji və sənaye inteqrasiyasının xəttinə qoşulmasına mane ola bilmir. Tam əksinə, hazırda qlobal savaşın tərəfinə çevrilən Rusiya və İran üçün də Zəngəzurun və Naxçıvanın yeni statusu yalnız iqtisadi xilas yolu əhəmiyyətinə malikdir.

Əvvəllər Azərbaycan-Türkiyə və Mərkəzi Asiya-Avropa yük axınlarının əsas hissəsi Gürcüstan istiqamətindən keçirdisə, yeni bağlantı Naxçıvan üzərindən ikinci strateji alternativ yaradacaq. ABŞ Ticarət Nazirliyi də TRIPP-i Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əlavə qərb çıxışı kimi qiymətləndirərək onun Mərkəzi Asiya və Xəzərdən Avropaya enerji, kritik minerallar və digər yüklər üçün yeni imkanlar yarada biləcəyini qeyd edib.

Financial Times isə 2026-cı ildə Orta Dəhlizin Asiya–Avropa ticarəti üçün geosiyasi baxımdan daha mühüm alternativə çevrildiyini, TRIPP-in əsas elementlərindən biri olduğunu qeyd edir. Beləliklə, Naxçıvan tarixən malik olduğu tranzit missiyasını yenidən bərpa etməyə başlayır. Bir zamanlar Şərqdən Qərbə, İrandan Anadoluya, Qafqazdan Yaxın Şərqə gedən İpək yolları Naxçıvanın iqtisadi həyatını müəyyən edirdi.

XX əsrin siyasi sərhədləri azərbaycanlıların tarixi coğrafiyasını bağladı. XXI əsrin yeni nəqliyyat, iqtisadi, eyni zamanda təhlükəsizlik xəritəsi isə onu yenidən açır. 15 milyon tonluq yeni arteriya yaradılır. TRIPP və Zəngəzur bağlantısının iqtisadi miqyası da kifayət qədər böyükdür.

Azərbaycanın rəsmi tranzit məlumatlarına əsasən, Horadiz–Ağbənd–Naxçıvan–Türkiyə istiqamətində formalaşdırılan xətt üçün ilkin hesablamalar illik 5,5 milyon sərnişin və 15 milyon ton yükdaşıma potensialını nəzərdə tutur. Logistika, anbar kompleksləri, gömrük və sərhəd xidmətləri, yük terminalları, istehsal müəssisələri, servis infrastrukturu, yeni otellər və əmək bazarı bütöv bir regionun gələcəyini dəyişəcək, İrəvan-Bakı əməkdaşlığının ayrılmaz qovşağına çevriləcək. Əslində, bundan sonra daha mühüm iqtisadi mərhələ başlayır: TRIPP-in ətrafında istehsal klasterləri, logistika və azad iqtisadi zonalar, emal sənayesi və ixrac yönümlü müəssisələr formalaşdırmaq mümkündür.

Yeni xətt yalnız dəmir yolu və avtomobil magistralı ilə məhdudlaşmır. Rəsmi Azərbaycan tranzit strategiyasında Zəngəzur/TRIPP xəttinin gələcəkdə qaz kəmərləri, elektrik ötürücü xətləri və fiber-optik kommunikasiya infrastrukturu üçün də platforma ola biləcəyi göstərilir. Mərkəzi Asiyanın enerji ehtiyatları Xəzər üzərindən Azərbaycana, Azərbaycandan Naxçıvana, Naxçıvandan Türkiyə və daha sonra Avropa istiqamətinə yönələ bilər.

Eyni coğrafiyadan yaşıl elektrik enerjisi və rəqəmsal tranzit keçə bilər. Beləliklə, Naxçıvan təkcə nəqliyyat marşrutu kimi deyil, enerji və rəqəmsal kommunikasiyanın əsas arteriyalarından biri kimi formalaşa bilər.

Ötən əsrdə Naxçıvanın sərhədlərlə əhatə olunması onun iqtisadi məhdudiyyəti idi. XXI əsrdə həmin sərhədlərin üç regional bazara - Türkiyə, İran və Ermənistan istiqamətlərinə açılması onun üstünlüyünə çevrilə bilər.

Türkiyə ilə quru bağlantısının böyük strateji mənası tarixən Bakı-Ankara əlaqələrinin ən simvolik hissələrindən biri olub. Yeni nəqliyyat arxitekturasında həmin sərhədin əhəmiyyəti qat-qat artır.

TRIPP Naxçıvana çatdıqdan sonra Türkiyə istiqamətində Kars-Iğdır-Aralık-Dilucu dəmir yolu ilə Avropaya bağlantı nəzərdə tutulur. Azərbaycan tərəfdə 110 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun tikintisi aparılır, Türkiyə isə öz hissəsinin inkişafı üzərində işləyir. Beləliklə, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi ilk dəfə coğrafi baxımdan daha geniş fasiləsiz iqtisadi arteriya əldə edə bilər. Türk dünyasının Mərkəzi Asiyadan Anadoluya qədər fiziki bağlantısı güclənir, həm də Azərbaycanın Orta Dəhlizdə çəkisini artırır.

İran amilini nəzərə aldıqda, Naxçıvanın geosiyasi dəyəri daha aydın görünür. 2026-cı ilin martında İran Naxçıvan ərazisinə pilotsuz uçuş aparatları ilə zərbə vurdu. Hadisə dinc vasitələrlə nizamlandı, ölkəmizi beynəlmiləl toqquşmaların hədəfinə yönəltməyə çalışanların planları iflasa uğradı, muxtar respublika milli təhlükəsizlik baxımından Azərbaycanın ən həssas strateji məkanlarından biri kimi qorundu.

Lakin məhz TRIPP Naxçıvanın tranzit asılılığının azalmasına imkan verə bilər. Əvvəllər Azərbaycan əsas ərazisindən Naxçıvana quru daşımalarının mühüm hissəsi İran üzərindən həyata keçirilirdisə, Ermənistan ərazisindən yeni yolun açılması Naxçıvana alternativ və daha birbaşa marşrut verəcək.

Vaşinqton Bəyannaməsi Ermənistan üçün beynəlxalq və daxili bağlantılardan qarşılıqlı faydanı ayrıca qeyd edir, sülhün iqtisadi əsaslarını yaradır. Ermənistan uzun illər təcavüzkarlıq siyasətinə görə regional enerji və nəqliyyat layihələrindən kənarda qalmışdı. İndi kommunikasiyalar açıldıqca İrəvan da Türkiyə, Azərbaycan, Xəzər hövzəsi və Mərkəzi Asiya bazarlarına çıxış əldə edə bilər.

Artıq “sülh iqtisadiyyatı” yaranır. Növbəti Ermənistan-Azərbaycan müharibəsinin qarşısını almaq və İrəvanı tarixən asılı olduğu mərkəzlərdən xilas etmək üçün qarşılıqlı ticarət və faydalı əməkdaşlıq ən yaxşı yoldur.

İndi Naxçıvan haqqında danışarkən yalnız subsidiyalar, sosial layihələr və blokadanın çətinliklərindən danışmaq kifayət etmir. Yeni mərhələdə Naxçıvanın iqtisadi modelinin özü dəyişir.

Beləliklə, Prezident İlham Əliyevin məqsədi Naxçıvanı regional iqtisadi sistemin mərkəzlərindən birinə çevirməkdir. 1990-cı illərin əvvəlində Heydər Əliyev Naxçıvanda Azərbaycan dövlətçiliyinin gələcəyini qoruyurdu. Lakin həmin coğrafi təcrid içərisindən Azərbaycanın siyasi birliyi doğuldu. İndi, bir nəsil sonra, Prezident İlham Əliyevin siyasəti Naxçıvanın qarşısında tamamilə yeni tarixi perspektivlər açır. Bir zamanlar yolların bağlandığı Naxçıvan indi yolların kəsişdiyi Naxçıvana çevrilir.

Vətən müharibəsinin ən böyük nəticəsi Azərbaycan xəritəsində yalnız sərhədlərin dəyişməzliyinin təmin olunması olmadı. Qələbə nəticəsində qalib regional arxitektura formalaşır.

Qarabağ və Şərqi Zəngəzur quruculuq və bağlantı məkanıdır. Ölkə başçısı hər iki ərazinin vahid iqtisadi-siyasi planda inkişaf etdirilməsinin zəruriliyini vurğulamışdı.

Məhz buna görə Prezident İlham Əliyevin Naxçıvana səfərinin siyasi mənası regionun gələcək iyirmi-otuzillik statusunu və bütövlükdə Cənubi Qafqazın təhlükəsizliyini, Ermənistanla imzalanacaq sülh müqaviləsinin gələcəyini müəyyənləşdirməyə xidmət edir.

“Zəif bənd”ə çevrilən və parçalanmanın simvolu adlandırılan bir diyarın ucqar yüz ili arxada qalıb. İndi Qalibiyyət Əsri başlanıb. Azərbaycanın ən güclü coğrafi, ərazi, siyasi və iqtisadi məkanı məhz Naxçıvan torpağıdır.

Vətənin bütövlüyü Qarabağla bitmir, başlayır!

Zahid Oruc, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İLYAS İSMAYILOV: "SƏMƏD VURĞUN AZƏRBAYCAN XALQININ MİLLİ SƏRVƏTİDİR!"    

Mən Baş Prokuror olarkən Mikayıl Müşfiqin cinayət işinin materialları ilə şəxsən tanış olmuşam.Səməd Vurğun Azərbaycan xalqının yetişdirdiyi ən böyük şairlərindəndir. Əslində o, bizim milli sərvətimizdir. İlhamı bulaq kimi çağlayan, hətta bir neçə gün ərzində böyük poema yazacaq qədər mahir sənətkar olan bu adamın yeganə bədbəxtçiliyi sovet hakimiyyətinin ən repressiv dövründə yaşamış olmasıdır. Bununla belə, bütün çətinliklərə baxmayaraq o, ədəbiyyat xəzinəmizə misilsiz əsərlər vermiş, ölkəmizin dünyaya tanıdılmasında əvəzsiz xidmət göstərmişdir. Xüsusilə, II Dünya müharibəsi dövründə onun qələmə aldığı əsərlər bütün dünyanın mübarizə apardığı alman faşizminə qarşı mübarizədə sözün həqiqi mənasında ideoloji silaha çevrilmişdir. Təsadüfi deyil ki, onun müharibə illərində yazdığı "Ukrayna...

11 Avqust 2026, 16:57

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir 

Bu gün və sabah zəif geomaqnit qasırğası (G1) gözlənilir.Bu barədə  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.Bildirilib ki, əgər axınlar eyni vaxtda birləşib çatarsa, qasırğanın G2 səviyyəsinədək yüksəlməsi istisna olunmur.Günəş küləyi sürətinin 11-12 avqustda gözlənilən Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınlarının (TDA) təsiri ilə normadan yüksək olacaq.

11 Avqust 2026, 13:30

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib 

Daxili İşlər Nazirliyi vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlıq edib.Bu barədə  nazirlikdən məlumat verilib.Bildirilib ki, mütəmadi olaraq aparılan maarifləndirmə tədbirlərinə və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq, onlayn alış-veriş zamanı vətəndaşların kiberdələduzluqla üzləşməsi halları hələ də müşahidə olunur.Aparılan araşdırmalar və daxil olan müraciətlər göstərir ki, kiberdələduzlar saxta satış səhifələri yaradaraq müxtəlif məhsulları cəlbedici qiymətlərlə təklif edir, ödəniş alındıqdan sonra isə vətəndaşla əlaqəni kəsərək telefon nömrələrini və sosial şəbəkə hesablarını bloklayırlar:"Bu kimi halların qarşısının alınması məqsədilə vətəndaşlara internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları və etibar etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə əvvəlcədən ödəniş tələb olunan təkliflərə qarşı diqqətli olmaq...

11 Avqust 2026, 12:58

Sabah Azərbaycanda yağış yağacaq 

Bakıda və Abşeron yarımadasında avqustun 12-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə...

11 Avqust 2026, 12:51

Cəmiyyətdə tənqid olunmaq qorxusu: Şəxsi sərhədləri qorumağın psixoloji yolları

Cəmiyyətdə başqalarının düşüncələrinə həddən artıq əhəmiyyət vermək və tənqid olunmaqdan çəkinmək günümüzdə bir çox insanın şəxsi vər peşəkar inkişafının qarşısını alan əsas psixoloji maneələrdən biridir. Çox vaxt uşaqlıq dövründə formalaşan "özgələr nə deyər" təfəkkürü yetkinlik yaşlarında özünəinamın sarsılmasına, qərarsızlığa vər öz istəklərini arxaya atmağa gətirib çıxarır. Tənqid olunmaq qorxusu insanı davamlı olaraq ətrafın gözləntilərinə uyğun yaşamağa vər hər kəsi razı salmağa məcbur edir ki, bu da zamanla fərdin öz mənliyini vər daxili rahatlığını itirməsi ilə nəticələnir.Citypost.az xəbər verir ki, psixoloqlar bildirirlər ki, tənqid olunmaq qorxusunun arxasında qəbul olunmamaq və cəmiyyətdən təcrid olunmaq narahatlığı dayanır. Lakin hər kəsin rəğbətini qazanmaq qeyri-mümkündür...

11 Avqust 2026, 11:45

Eyni vaxtda bir neçə işi görmək məhsuldarlığı azaldır? – Diqqət dağınıqlığı

Müasir iş dünyasında və gündəlik həyatda eyni vaxtda bir neçə tapşırığı icra etmək, yəni çoxşaxəli fəaliyyət göstərmək (multitasking) zəruri bir bacarıq və yüksək məhsuldarlıq göstəricisi kimi qəbul olunur. Bir tərəfdən e-poçtları cavablandırarkən, digər tərəfdən telefonla danışmaq və ya layihə üzərində işləmək bir çox insana zaman qazandırdığı təəssüratını verir. Lakin neyroelm sahəsində aparılan son tədqiqatlar və psixoloji araşdırmalar tam fərqli bir reallığı ortaya qoyur. Mütəxəssislərin qənaətinə görə, eyni anda bir neçə işi görməyə çalışmaq məhsuldarlığı artırmır, əksinə diqqət dağınıqlığı yaradaraq işin keyfiyyətini və beynin səmərəliliyini 40 faizə qədər aşağı salır.Citypost.az xəbər verir ki, insan beyninin quruluşu eyni anda iki fərqli intellektual...

11 Avqust 2026, 11:21