Bizə yazın

Baku

-°C

USD

-

Nizami Gəncəvinin simasında yaşayan Axund Mehdi Sarıcalı...  

Cəmiyyət 01 Sentyabr 2026, 12:35

283

Nizami Gəncəvinin simasında yaşayan Axund Mehdi Sarıcalı...

  Mirzə Cəlil Məmmədquluzadənin kəbinini kəsən, Üzeyir Hacıbəyova “xalaoğlum” deyə müraciət edən, böyük Nizami Gəncəvinin heykəlinin simasına ilham verən qarabağlı ziyalı – Axund Mehdi Sarıcalı kim idi?

  Azərbaycanın zəngin fikir və maarifçilik tarixində elə şəxsiyyətlər var ki, adları geniş kütləyə çox tanış olmasa da, onların gördüyü işlər bütöv bir dövrün mənəvi mənzərəsini müəyyənləşdirib. Qarabağın tanınmış ziyalısı, ruhani alimi, müəllim və ensiklopedik biliyə malik Axund Mehdi Məşədi İsgəndər oğlu Sarıcalı da belə şəxsiyyətlərdən biri olub.

  Axund Mehdi 1868-ci il fevralın 3-də Şuşa qəzasının Quzanlı obasında dünyaya gəlib. İlk təhsilini dövrünün tanınmış şəriət müəllimi Axund Molla Hüseynin yanında alıb. Burada ərəb əlifbasında yazıb - oxumağı, fars və ərəb dillərini öyrənib. 1884-cü ildə isə Şuşa qəzasının Hindarx kəndində fəaliyyət göstərən kənd natamam orta məktəbində təhsilini davam etdirib.

  Gənc Mehdi hələ məktəb illərindən fitri elmi qabiliyyəti, gücü və yaraşıqlı görkəmi ilə yaşıdlarından seçilib. Onun istedadını görən Sarıcalı-Quzanlı bəyləri müəllimi Axund Molla Hüseynin arzusu ilə Mehdi Məşədini Təbriz Ali Ruhani Məktəbinə göndəriblər.

  Təbrizdə aldığı ali ruhani təhsillə kifayətlənməyən Axund Mehdi elmi biliklərini daha da zənginləşdirmək üçün Qum, Məşhəd, Nəcəf və İsgəndəriyyədə olub. Bağdad, İstanbul, Qahirə və Tehran kitabxanalarında zəngin Şərq ədəbiyyatı ilə tanış olub. Təhsil aldığı və səfər etdiyi şəhərlərdə onun dərin biliyi, geniş dünyagörüşü və ensiklopedik təfəkkürü alimlərin diqqətini çəkib. Bir sıra elm adamları ona vətənlərində qalaraq birlikdə çalışmağı təklif etsələr də, Axund Mehdi doğma Qarabağa qayıtmağı üstün tutub.

  O, Quzanlıya dönərək ata evində bir otağı məktəbə çevirib. Kənd uşaqlarına ana dili, türk dili, ədəbiyyat, tarix və hesabdan dərs deyib. Xaricdə olduğu illərdə topladığı, müxtəlif Şərq alimlərinin ona bağışladığı dörd araba kitabı da doğma yurda gətirib. Bu kitablar onun zəngin şəxsi kitabxanasının əsasını təşkil edib.

  Sadə həyat tərzi sürən Axund Mehdi həyat yoldaşı Əzət xanımla birlikdə beş övlad böyüdüb. Onun ailəsi də Qarabağın ictimai-mədəni mühitində tanınan ailələrdən olub.

  Axund Mehdi yalnız ruhani alim kimi deyil, həm də böyük maarifçi və müəllim kimi tanınıb. Şuşa Rus-Azərbaycan məktəbində onun dərs dediyi və ya onun elmi-mənəvi təsirini görmüş şəxslər arasında Üzeyir, Zülfüqar və Ceyhun Hacıbəyli qardaşları, Yusif Vəzir Çəmənzəminli, Bahadır Vəlibəyov, Mehdi bəy Həyatov, Hüsü Hacıyev, Həmid bəy Ağayev, Mirzə Vəli bəy İsmayılov və başqa ziyalıların adları çəkilir.

  Dahi bəstəkar Üzeyir Hacıbəyov müəllimi Axund Mehdi Sarıcalıya böyük hörmət bəsləyib. Xatirələrə görə, Axund Mehdi Üzeyir bəyə səmimi münasibət göstərərək ona “bacıoğlum”, “bacımın balası”, bəzi mənbələrdə isə “xalaoğlum” deyə müraciət edərmiş.

  Bu münasibət sonralar da davam edib. Bakıda yaşadığı illərdə Axund Mehdi Üzeyir bəylə və digər köhnə şagirdləri, dostları ilə sıx əlaqə saxlayıb.

  Axund Mehdi Sarıcalının dünyagörüşünü səciyyələndirən hadisələrdən biri də Mirzə Cəlil Məmmədquluzadə ilə bağlıdır. Deyilənə görə, Mirzə Cəlil Məmmədquluzadə ilə Həmidə xanımın evliliyi zamanı bəzi din xadimləri onların kəbinini kəsməkdən imtina ediblər. Buna səbəb kimi yazıçının saxta dindarları, mövhumatı və dini ayinlərdən sui-istifadə edənləri kəskin tənqid etməsi göstərilib.

  Bu xəbəri eşidən Axund Mehdi isə belə deyib: “Müsəlmanı darda qoyanlar İslama müxalifdirlər.” Bunun ardınca Həmidə xanıma xəbər göndərərək onların kəbinini oxumağa hazır olduğunu bildirib. Beləliklə, dövrünün bir çox ruhani nümayəndələrindən fərqli olaraq, Axund Mehdi dinin mahiyyətini insanı çətin vəziyyətdə qoymaqda deyil, ona dayaq olmaqda görüb.

  XX əsrin əvvəllərində Qarabağın ictimai-siyasi həyatı mürəkkəb hadisələrlə müşayiət olunurdu. 1917-ci ildə Axund Mehdi Şuşadan doğma Quzanlıya köçüb. Burada Ağdam, Ağcabədi və Bərdə-Tərtər bölgələrinin axundu vəzifəsini daşıyıb. Eyni zamanda ata-babasından qalan iyirmi hektardan artıq torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olub.

  1918–1920-ci illərin qanlı hadisələri zamanı Zəngəzurda valideynlərini itirmiş çoxsaylı uşaqların taleyi Qarabağın ziyalılarını və ağsaqqallarını ciddi narahat edib. Rəvayətlərə görə, həmin uşaqların xilas edilərək Şuşaya gətirilməsində Axund Mehdi və Gövhər ağa məscidinin baş axundu Böyük Məhəmməd ağa Müctəhidzadənin də mühüm rolu olub. Sultan bəyin rəhbərlik etdiyi silahlı dəstələrin köməyi ilə minlərlə uşağın təhlükəli bölgədən çıxarılaraq Şuşa, Ağdam və Ağcabədi əhalisinin himayəsinə verildiyi bildirilir.

  1920-ci ildən sonra Axund Mehdi Sarıcalının həyatında ağır günlər başlayıb. Yeni hakimiyyət onun kimi müstəqil düşüncəli ziyalı və ruhaniyə də etimadsız yanaşıb.

  İllərlə zəhmət çəkərək topladığı dörd araba həcmində şəxsi kitabxanasının böyük hissəsi, o cümlədən Azərbaycan, türk və İran tarixi və ədəbiyyatına dair əlyazmaları müsadirə edilib. Rəvayətə görə, bu qiymətli kitab və əlyazmalar Ağcabədidə bir düzəngahda yandırılıb.

  Beləliklə, bir ömrün elmi zəhməti, onilliklər ərzində toplanmış nadir mənbələr və əlyazmalar bir anda məhv edilib. Onun yaxın qohumları həbs və sürgünlə üzləşib, dostları və həmfikirləri repressiyaların qurbanı olublar.

  1928-ci ildə Axund Mehdi Bakıya köçmək məcburiyyətində qalıb. Onu burada Üzeyir Hacıbəyov və oğlu Əliş qarşılayıb. Əvvəl Həmid bəy Ağayevin, daha sonra hüquqşünas Mahmud bəy Sarıcalının evində məskunlaşıb.

  Bakıda Axund Mehdi köhnə şagirdləri və dostları ilə yenidən görüşüb. Üzeyir Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Bədəl bəy Bədəlbəyli, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əliabbas Müznib, Salman Mümtaz və başqa ziyalılarla müxtəlif məclislərdə görüşüb, fikir mübadiləsi aparıb.

  Axund Mehdi Sarıcalının adını Azərbaycan mədəniyyət tarixində əbədiləşdirən ən maraqlı hadisələrdən biri isə onun simasının böyük Nizami Gəncəvinin obrazının yaradılmasında istifadə olunmasıdır.

  1930-cu ildə Nizami Gəncəvinin adının əbədiləşdirilməsi və yubileyinin keçirilməsi ilə bağlı Moskvadan tapşırıq gəlir. Nizaminin əsərləri əsasında şairin üz cizgilərinin müəyyənləşdirilməsi və onun təsvirinin hazırlanması tələb olunur. Lakin bir neçə rəssam və heykəltəraşın hazırladığı işlər bəyənilmir.

  Bu zaman gənc heykəltəraş Fuad Əbdürrəhmanov Üzeyir Hacıbəyova müraciət edir. Nizaminin mümkün prototipini tapmaq üçün birlikdə Qarabağa yollanırlar. Ağdam rayonuna çatanda onların diqqətini Axund Mehdi Məşədi İsgəndər oğlu Sarıcalı cəlb edir. Onun üz cizgiləri klassik təsvirlərdə Nizami Gəncəvi haqqında formalaşmış təsəvvürə uyğun gəlir. Fuad Əbdürrəhmanov sonralar xatirələrində bu görüşü xüsusi qeyd edib.

  Axund Mehdinin üz cizgiləri əsasında hazırlanmış təsvir Moskvaya göndərilir və bəyənilir. Beləliklə, Nizami Gəncəvinin XX əsrdə formalaşan məşhur obrazının əsasını Axund Mehdi Sarıcalının siması təşkil edir.

  Bu gün Azərbaycanda və xaricdə Nizami Gəncəvinin heykəllərinə baxarkən, əslində, Qarabağın bu müdrik ziyalısının üz cizgilərindən doğan bir obrazı görürük.

  Mənbələrdə bildirilir ki, Axund Mehdinin təsviri əsasında yaradılmış Nizami heykəlləri Bakı, Gəncə, Təbriz, Daşkənd, Moskva, Sankt-Peterburq, Lüksemburq və Çeboksarı kimi şəhərlərdə ucaldılıb. Maraqlıdır ki, Üzeyir Hacıbəyovun vasitəçiliyi ilə Axund Mehdi bu işə görə pul mükafatı almaq imkanına da malik olub. Lakin o, mükafatdan imtina edib. Səbəbi isə sadə və mənalı olub: bunu Şeyx Nizaminin ruhuna savab hesab edib...

  Axund Mehdi Sarıcalı 1942-ci ilin əvvəlində ağır xəstələnib. O, oğlu Əlişdən özünü doğma Quzanlıya aparmasını istəyib. Doğma torpağına qayıtdıqdan bir neçə gün sonra — 1942-ci il martın 13-də dünyasını dəyişib.

  Bu gün ömür yolu bütün din xadimlərinə nümunə olan Axund Mehdi Sarıcalının izi Azərbaycan mədəniyyətinin müxtəlif qatlarında yaşayır: onun yetişdirdiyi ziyalıların xatirəsində, Mirzə Cəlil və Həmidə xanımın kəbinində, Üzeyir Hacıbəyovla dostluğunda və ən başlıcası, bu gün dünyanın müxtəlif yerlərində ucalan Nizami Gəncəvi heykəllərinin simasında yaşayır...

  Məcid Rəşadətoğlu 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

MİRMAHMUD MİRƏLİOĞLU – 70

     1 sentyabr 1956-cı il - Yardımlı rayonunun Telavar kəndində dünyaya gələn,  Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı (istiqlalçı millət vəkili), Klassik Xalq Cəbhəsi Partiyasının sədri, ictimai-siyasi fəaliyyəti və prinsipial mövqeyi ilə seçilən azman aydınımız Mirmahmud Mirəlioğlunun  həyat yolunun başlanğıcıdır. Bu gün isə həmin yolun 70 illik şərəfli bir mərhələsini qeyd edirik.     Məncə, Mirmahmud Mirəlioğlunun həyat yolunu səciyyələndirən  beş söz - məqam var: məslək, mənsəb, məktəb, mətləb və müdrik.     Məsləkdir Mirmahmud Mirəlioğlu. Çünki məslək insanın hansı yolda getdiyini və  niyə o yolda getdiyini müəyyən edir. Əqidəsinə bağlılıq, inandığı dəyərlərə sədaqət, haqq bildiyi mövqedən geri çəkilməmək insanın...

01 Sentyabr 2026, 12:41

Oktyabrın qeyri-iş günləri AÇIQLANDI

2026-cı ilin oktyabr ayında 9 qeyri-iş günü olacaq.Citypost.az Ajans.az-a istinadən xəbər verir ki, oktyabr ayının 4, 11, 18 və 25-i bazar günlərinə təsadüf etdiyindən, həmin tarixlər qeyri-iş günləri hesab olunur.Bundan əlavə, altıgünlük iş həftəsi ilə işləyənlər 4 gün istirahət edəcəklər.Beləliklə, 2026-cı ilin sentyabr ayında altıgünlük iş həftəsində çalışanlar üçün ümumilikdə 4 bazar günü və digər təqvim üzrə 2 istirahət günü olmaqla 9 gün qeyri-iş günü nəzərdə tutulur.Qeyd edək ki, bu haqda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib....

01 Sentyabr 2026, 12:20

Atabala Səfərovun doğum günüdür 

Bu gün Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından biri, tanınmış gülüş ustası və Əməkdar artist Atabala Səfərovun doğum günüdür.CityPost.az  xəbər verir  ki,1 sentyabr 1949-cu ildə anadan olan sənətkar, ömrünü teatr səhnəsinə, insanlara sevinc və təbəssüm bəxş etməyə həsr edib.Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Gənclər Teatrı və Gənc Tamaşaçılar Teatrının səhnəsində yaratdığı biri-birindən rəngarəng, koloritli obrazlarla tamaşaçıların qəlbində silinməz izlər qoyub.Onun bənzərsiz yumoru, fitri istedadı və səhnə mədəniyyəti hər zaman yüksək qiymətləndirilib.Atabala Səfərov təkcə istedadlı bir aktyor deyil, həm də sənət dünyasında dərin hörmət qazanmış nəcib bir insan idi. Səhnədə yaratdığı hər bir personaj onun daxili dünyasının zənginliyindən, sənətə olan...

01 Sentyabr 2026, 12:13

Əzizbəyov kim olub?

Adına bir zamanlar metrostansiya, rayon olan, şəninə heykəl qoyulan (Sonradan hamısı ləğv edildi) Məşədi Əzizbəyov, bir qatı bolşevik olaraq Azərbaycanın sovetləşməsi uğrunda fəal mübarizə aparmış adamlardan biridir. Əzizbəyov Məşədi bəy Əziz oğlu 18 yanvar 1876-cı ildə Bakıda anadan olub. Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının ilk üzvlərindən, belə demək olarsa, qurucularından biri olub. Nədənsə, zaman-zaman onun əməlləri də bir neçə dəfə təhrif edilməyə çalışılmış, digər bir çoxları kimi qəhrəman obrazında təqdim edilmək niyyəti də olmuşdur. Bəzi mənbələr onun bənna ailəsində doğulduğunu desə də, əslində, Əzizbəyov zadəgan nəsildən olub. O, əslən Tehran azərbaycanlısıdır. Daha dəqiq desəm, ulu babaları Azərbaycana gələndə artıq torpaq sahələri, neft mədənləri, zavodları var idi. Üstəlik,...

01 Sentyabr 2026, 11:27

Dövlət başçısı Slovakiya Prezidentini təbrik edib 

Prezident İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb.CityPost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adındansəmimi-qəlbdən təbrik edirəm.Azərbaycan ilə Slovakiya arasında qarşılıqlı hörmətə, etimada və konstruktiv dialoqa əsaslanan münasibətlər məmnunluq doğurur. Son illərdə ölkələrimiz arasında siyasi dialoqun inkişafı, ali səviyyəli səfərlərin artması, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi ikitərəfli münasibətlərimizin məzmununu daha da zənginləşdirmişdir.Ölkələrimiz arasında iqtisadi-ticari, energetika, hərbi-texniki sahədə əməkdaşlığın inkişaf dinamikası məmnunluq doğurur.İyul ayında Azərbaycana səfərinizi, o cümlədən Qarabağ bölgəsini birgə ziyarətimizi ən xoş təəssüratlarla xatırlayıram. Slovakiyanın işğaldan azad edilmiş...

01 Sentyabr 2026, 11:17

"O da yaxşı sudur. Amma bu da yaxşı sudur" — Azərbaycan Liderinin viral olan JESTİ 

Bəzən nəyisə təsdiq etməyə çalışmaq lazım deyil. Balaca bir jest, hərəkət hər şeyi söyləyir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dünən  Bişkekdə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü zamanı maraqlı nüanslara şahidlik etdik. Masanın üzərində olan Azərbaycan sularını qarşı tərəfə təqdim edən Prezident İlham Əliyev bunları özü ilə gətirdiyini söyləyib. Qarabağın keçilməz qalası Kəlbəcər dağlarından süzülüb gələn "İstisu" mineral suyunu süzərək, şirin bir eyham da edib.  View this post on Instagram A post shared by oxu24.az (@oxu24.az) Masada Gürcüstan istehsalı olan "Borjomi" suyu...

01 Sentyabr 2026, 11:08