Sərhəddə sülh - 29 743 kvadrat kilometrdən sonra nə gəlir”? — ZAHİD ORUCUN ŞƏRHİ
Cəmiyyət 02 Sentyabr 2026, 11:45
2982
Milli Məclisin deputatı Zahid Oruz yazır:
Hər tərəfdən sıxılan dövlətin yeganə çıxış yolu Bakının şərtləridir….
Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə sülh prosesinin artıq ən mürəkkəb mərhələlərindən birinə-dövlət sərhədinin delimitasiyasına ayrıca yer verilməsi sülhün məhz haradan başlandığını göstərir. Aparılan danışıqlar barədə hər iki tərəfin yaydığı məlumatda Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının mühüm rolu qeyd olunub və onların işinin əldə edilmiş razılaşmalar əsasında davam etdirilməsinin vacibliyi vurğulanıb. Eyni görüşdə ticarət, tranzit, enerji əlaqələri və TRIPP üzrə praktiki addımların müzakirəsi göstərir ki, Bakı ilə İrəvan arasındakı yeni münasibətlər yalnız sülh müqaviləsinin imzalanması ilə ölçülmür. İlham Əliyev qalib lider kimi sərhəd xətlərini müəyyənləşdirir, iki dövlətin ərazilərinin hüdudlarını hüquqi, siyasi və fiziki olaraq rəsmi tanınan bir xəritədə rəsmiləşdirir.
Tarixən yerləşdiyimiz regionun taleyi və milli dövlət quruculuğunun ən mürəkkəb məsələsi də torpaqlar, inzibati ərazi vahidləri, toponomiya keçmişinin qorunması və mədəni-dini abidələrin pasportlaşması təşkil edib. Ona görə də yüzlərlə kilometr sərhəd xətti, sovet dövründə ən azı 7 dəfə aparılan mənsubiyyət dəyişiklikləri, SSRİ Baş Qərargahında hərbi dislokasiyaları müəyyənləşdirmək üçün hazırlanan müxtəlif xəritələr, anklavlar, yollar, yaşayış məntəqələri, su və enerji infrastrukturunun Zəfərdən sonrakı gələcəyi həll olunmalıdır. Azərbaycanla Ermənistan arasında müharibə başa çatıb, lakin dövlət sərhədinin böyük hissəsi iki müstəqil ölkə arasında sonadək müəyyən edilməyib. Ona görə də Bişkek görüşündə komissiyaların işinin ayrıca vurğulanması siyasi protokol yanaşması kimi qəbul olunmamalıdır. Qarşıdakı illərdə görüləcək işlər hələ çoxdur.
Şahin Mustafayev və Mher Qriqoryanın rəhbərlik etdikləri komissiyalar kifayət qədər ciddi hüquqi və texniki baza yaradıblar. 2024-cü ildə Qazax istiqamətində Bağanıs–Bağanıs Ayrım, Voskepar–Aşağı Əskipara, Kirants–Xeyrimli və Berkaber–Qızılhacılı sahələrində sərhədin bir hissəsi keçmiş SSRİ dağılan anda mövcud olan respublikalararası xəttə uyğunlaşdırıldı. Sonrakı mərhələdə tərəflər delimitasiya işlərini Ermənistan–Azərbaycan–Gürcüstan sərhədinin kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba, İran sərhədinə doğru aparmaq barədə razılığa gəldilər.
Proses artıq sərhəd üzərində görüşlər mərhələsini də keçib. 2025-ci ilin noyabrında komissiyaların 12-ci iclası Qəbələdə, 2026-cı ilin aprelində 13-cü iclası isə Ermənistanın Ağveran şəhərində keçirildi. Şahin Mustafayevin Ermənistana səfəri işğal dövründən fərqli olaraq, mühüm siyasi hadisə idi. Ağveranda tərəflər delimitasiya üzrə ekspert qruplarının fəaliyyəti, vahid xəritənin hazırlanması, sənədlərin rəsmiləşdirilməsi və dərc olunması qaydaları haqqında təlimat layihələrini razılaşdırdılar. Baş nazirlərin müavinləri həmin görüşdə təkbətək də danışdılar.
Bir vaxtlar sərhədə yaxınlaşmaq ciddi hərbi insidentə səbəb olurdu. İndi Azərbaycan Baş nazirinin müavini Ermənistana gedir, İrəvan rəsmiləri ölkəmizə gəlir, geodeziya, koordinatlar və xəritələr üzərində mübahisə kabinet və ekspert səviyyəsinə keçir. Müharibənin siyasi dildən çıxmasının əlamətlərindən biri də sərhəd məsələsinin generallardan geodezistlərə keçməsidir.
Lakin ən ağır mərhələ hələ qabaqdadır.
Nikol Paşinyanın avqustun 27-də verdiyi açıqlama Ermənistan daxilində də geniş müzakirə doğurdu. Baş nazir yenidən bəyan etdi ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi 29 743 kvadratkilometrdir. Onun sözlərinə görə, rəsmi rəqəmə Ermənistanın Azərbaycan daxilində qalmış Artsvaşen eksklavı daxildir, Azərbaycanın Ermənistan ərazisində yerləşən üç anklav sahəsi isə orada yer almayıb. Paşinyan “real Ermənistan” kursundan kənara çıxaraq, müxtəlif mifik iddiaları və tarixi ərazi axtarışlarını hökumətin siyasətinə daxil etməyin, ərazisini daha böyük göstərməyin Azərbaycan torpaqların iddia və növbəti qanlı toqquşmalara yol açacağı mənasına gəldiyini söylədi. Doğrudan da çoxəsrlik tariximizdə qazanılan parlaq Zəfər nəinki işğal gerçəkliyini aradan qaldırdı, o cümlədən, düşmənçilik və daşnakçılıq ideologiyasını da sarsıtdı.
Paşinyanın son illərdə irəli sürdüyü “Real Ermənistan” kursunun mərkəzində də həmin 29 743 kvadratkilometr dayanır. Hakimiyyət nümayəndələrinin yeni xəritəni - Qarabağsız və 7 rayonsuz simvolu açıq nümayiş etdirməsi məcburiyyətdən doğan gerçəklikdir. Məqsəd erməni siyasi düşüncəsində dövlətin sərhədini qeyri-müəyyən “tarixi Ermənistan” coğrafiyasından çıxarıb beynəlxalq hüququn tanıdığı əraziyə bağlamaqdır. Lakin İrəvan hökuməti başa düşür ki, prezident İlham Əliyevin tanımayacağı Ermənistanın əraziləri rəsmi hüquqi qüvvəyə malik olmayacaq.
Müxalifətin bir hissəsi yeni konsepsiyanı milli ideologiyadan geri çəkilmə, digərləri ərazi güzəştlərinin ideoloji əsaslandırılması sayır. Paşinyan isə əksinə, anklav məsələsinin gələcəkdə adi işg müzakirəyə çevriləcəyini söyləyir. Onun fikrincə, həm Ermənistanın, həm Azərbaycanın müəyyən yol və kommunikasiya çətinlikləri var və bunlar dinc danışıqlarla həll edilməlidir.
Azərbaycan üçün mühüm prinsip məhz Qələbəmizin nəticəsində meydana çıxır: 29 743 kvadrat kilometr Ermənistanın hüquqi ərazisidirsə, hələ tanınmamış sərhədlərə aid olmayan ərazilər də eyni prinsip əsasında Azərbaycan ərazisi kimi tanınmalıdır. Hüquq bir sərhəd dislokasiyasında tətbiq olunub digər sahədə siyasi məqsədə uyğun dəyişdirilə bilməz.
Anklavlar danışqılar prosesin ən həssas hissəsi olacaq. Sovet inzibati xəritələrində anklavlar geniş yayılmışdı, çünki vahid totalitar ölkənin içərisində milli sərhədlər önəm daşımırdı. Məsələ təkcə neçə kvadrat kilometr torpağın kimə aid olması ilə ölçülmür. Bəzi ərazilərin yaxınlığından Ermənistanın mühüm avtomobil yolları keçir, yaşayış məntəqələrinin giriş-çıxışı sərhəd xəttindən asılıdır. Torpağın hüquqi sahibinə qaytarılması bir tərəfin yol sistemini dəyişdirə, yeni dolama yolların tikilməsini, xüsusi keçid rejimini və əlavə sərhəd infrastrukturunu tələb edə bilər.
Ona görə gələcək danışıqlarda “ərazi mübadiləsi” ifadəsinin meydana çıxmasına İrəvan qərar verə bilməz. Çünki Azərbaycan üçün digər dövlətlərin təcrübəsindən fərqli olaraq, torpaqların dəyişdirilməsi çox ciddi konstitusion çərçivəyə malikdir.
Milli Konstitusiyamızın 11-ci maddəsi ölkə ərazisini vahid, toxunulmaz və bölünməz elan edir və Azərbaycan Respublikasının öz ərazisinin heç bir hissəsini başqasına verilməsini mümkün saymır. Dövlət sərhədinin dəyişdirilməsi referendumla xalqın iradəsi əsasında müəyyənləşməli fundamental məsələdir.
Deməli, Azərbaycan ərazisinin başqa dövlətə verilməsini nəzərdə tutan klassik torpaq mübadiləsini sərhəd komissiyası, hökumətin razılaşması öz-özlüyündə həyata keçirmir.
Burada incə hüquqi fərq var. Delimitasiya əvvəldən mövcud hüquqi sərhədin xəritə və sənədlər əsasında müəyyənləşdirilməsidir. Yəni komissiya Azərbaycanın olan ərazisini Ermənistana vermir, hansı ərazinin hüquqi baxımdan kimə məxsus olduğunu müəyyən edir. Mübadilə isə artıq müəyyən edilmiş suveren ərazinin qarşılıqlı razılaşma ilə dəyişdirilməsidir. Birinci halda geodeziya və hüquqi sənədlər əsasdır, ikinci halda isə dövlətin konstitusion suverenliyi işə düşür.
Azərbaycan cəmiyyətində anklav məsələsi müzakirə edilərkən mühüm və xeyrimizə olan fərqin əvvəldən aydın saxlanılması vacibdir. Yoxsa “praktik sərhəd yaratmaq” adı ilə hüquqi ərazi anlayışı, “ərazi mübadiləsi” adı ilə isə delimitasiya bir-birinə qarışdırıla bilər.
Dünya təcrübəsində mürəkkəb sərhədləri məsəslərinin qarşılıqlı razılıqla həlli nümunəli mövcuddur. Hindistanla Banqladeş arasında onilliklər ərzində bir dövlətin ərazisi içərisində digər dövlətə aid yüzlərlə anklav mövcud idi. 2015-ci ildə qüvvəyə minən tarixi sərhəd razılaşması nəticəsində Hindistanın Banqladeş daxilində 111 anklavı və Banqladeşin Hindistan daxilində 51 anklavı dəyişdirildi.
Belçika ilə Niderland isə Maas çayının məcrasının dəyişməsi nəticəsində praktik idarəetməni çətinləşdirən sərhəd sahələrini 2016-cı ildə bağladıqları müqavilə ilə qarşılıqlı şəkildə dəyişdirdilər. Müqavilə 2018-ci ildə qüvvəyə mindi.
Lakin xarici təcrübənin regiona mexaniki olaraq köçürülməsi mümkün deyil. Hər dövlətin konstitusiyası, tarixi və ərazi məsələsinə fərqli münasibəti var.
Həmçinin oxuyun
Azərbaycanla Ermənistan arasında bəzi sahələrdə sərhəd xətti magistral yolları, kənd təsərrüfatı torpaqlarını, su sistemlərini və gələcək kommunikasiya xətlərini kəsə bilər. Buna görə mütəxəssislər yalnız xəritəyə baxmırlar. Sərhədin hər iki tərəfində yaşayan əhalinin təhlükəsizliyi, yolların fasiləsiz işləməsi, iqtisadi əlaqələr və gələcək ticarət də nəzərə alınmalıdır.
Şahin Mustafayev peşəkar dövlət xadimi və milli idealları yüksək tutan hökumət rəsmisi kimi prezidentin onun üzərinə tarixi bir vəzifəni qoyduğunu yaxşı bilir.
Qazax istiqamətində artıq müəyyən təcrübə əldə olunub. Daha mürəkkəb sahələr anklavların ətrafı, Naxçıvan istiqaməti, yaşayış məntəqələrinin bir-birinə yaxın olduğu hissələr və yeni nəqliyyat infrastrukturu ilə sərhəd xəttinin kəsişdiyi yerlər olacaq. TRIPP layihəsi də delimitasiya məsələsini nəqliyyat siyasəti ilə birbaşa bağlayır.
Sərhəd xətti işğalın aradan qalxmasından sonra siyasi və iqtisadi coğrafiyanın, ticarətin hüdudlarının genişlənməsi deməkdir, onlarla dövlətin ərazisindən keçən yolların hansı hüquqi rejimdə işləyəcəyini müəyyən etməkdir.
Bişkekdə Əliyev–Paşinyan görüşündə delimitasiya komissiyalarının fəaliyyətini ayrıca qeyd etməklə yanaşı TRIPP, Azərbaycan məhsullarının Ermənistana ixracı, üçüncü ölkə yüklərinin Azərbaycan üzərindən Ermənistana tranziti və ikitərəfli ticarəti bir paketdə müzakirə olundu.
Tarixi düşmənçiliyə sərhədlə bərabər, insanların yaddaşındakı müharibələrin amansızlığı, hekayələri, ədəbiyyatı, mədəni tablosu, itkilərin və qarşılıqlı inamsızlığın aradan qaldırılması ilə son qoymaq mümkündür. Yüz ildən artıq davam edən qarşıdurmanın əsas təhlükəsi keçmişin hər dəfə yeni ərazi iddialarına çevrilməsi olub. Dövlətlər bir-birinin sərhədini hüquqi sənəddə, xəritədə və nəhayət, torpaq üzərində tanıyandan sonra növbəti nəsillərə müharibə üçün ən təhlükəli miraslardan biri — mübahisəli vətən xəritəsi ötürməməlidir.
Konstitusiya dilemması: Paşinyanın 64 mandatı ilə Bakı arasındakı 6 səs
Bişkekdə İlham Əliyevlə Nikol Paşinyanın görüşündə sülh müqaviləsinin paraflanmış mətninin tarixi əhəmiyyəti bir daha vurğulandı, lakin sənədin yekun imzalanma tarixinin elan edilməməsi prosesdə hələ həllini tapmayan əsas siyasi məsələni yenidən gündəmə gətirdi. Azərbaycan tərəfinin mövqeyi dəyişməyib: Ermənistan Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad qalmaqda davam etdikcə, həmin Bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi haqqında müddəaların hüquqi-siyasi izi də aradan qalxmır. Prezident İlham Əliyev dəfələrlə ermənilərin dövlət quruculuğu fəslsəfəsində ölkəmizə qarşı ərazi iddiasının konstitusion təsbiti kimi xarakterizə edib.
Paşinyanın vəziyyətini mürəkkəbləşdirən, lakin həm də ona müəyyən manevr imkanı yaradan Ermənistan parlamentinin yeni tərkibidir.
7 iyun seçkilərində Paşinyanın “Vətəndaş Müqaviləsi” qalib gəldi, lakin əvvəlki kimi konstitusion çoxluq əldə edə bilmədi. Partiyanın 64 mandatı var. Yeni Konstitusiyanın referenduma çıxarılması üçün isə ən azı 70 deputatın səsi tələb olunur. Deməli, seçicilər Paşinyana hökuməti yenidən qurmaq mandatı verdilər, amma Konstitusiyanı təkbaşına dəyişdirməyə razı olmadılar.
Paşinyanın qarşısında indi paradoksal vəziyyət yaranıb: seçkidə siyasi hakimiyyətini qoruyub, lakin sülh prosesinin son hüquqi addımlarından birini təkbaşına həyata keçirmək imkanını itirib.
Müxalifətin 41 mandatı məhz buna görə xüsusi əhəmiyyət daşıyır. Samvel Karapetyanın “Güclü Ermənistan” bloku və Robert Koçaryanın “Ermənistan” bloku Paşinyanın xarici siyasət xəttinə, xüsusilə Rusiyadan uzaqlaşmasına, “Real Ermənistan” konsepsiyasına və Qarabağ məsələsinin siyasi bağlanmasına fərqli dərəcələrdə qarşı çıxırlar.
Yeni palitra, ziddiyyətli qüvvələr nisbəti yeni Konstitusiya referendumunu hüquqi prosedur olmaqdan çıxarır. Ümumxalq səsverməsi Paşinyanın siyasi kursuna dair ikinci böyük plebisitə çevrilə bilər: seçici yeni dövlət idarəetməsi ilə yanaşı, tarixi torpaqlar mifinə, çoxəsrlik düşmənçiliyə, Qarabağ hərəkatının siyasi mirasına, “Real Ermənistan” konsepsiyasına, Azərbaycanla sülhə və Ermənistanın Rusiya ilə münasibətlərinin gələcəyinə münasibət bildirmiş olacaq.
Lakin Ararat Mirzoyanın dediyi kimi hər tərəfdən sıxılan bir dövlətin yeganə çıxış yolu Bakının şərtləridir. “Paşinyan referendumu təxirə salıb” demək hazırda bir qədər qabağa getməkdir. İyunda Ədliyyə Nazirliyi yeni Konstitusiya mətninin hələ tamamlanmadığını və referendum üçün tarix müəyyən edilmədiyini bildirmişdi. Avqustun 24-də isə Paşinyan artıq mətnin qarşıdakı aylarda açıqlanacağını söylədi. Deməli, proses dayandırılmayıb, lakin əvvəlcədən təsəvvür edilən siyasi təqvim pozulub və referendumun vaxtı qeyri-müəyyənləşib.
Daha mühüm yenilik odur ki, Paşinyan açıq şəkildə yeni Konstitusiyanın preambulasında Müstəqillik Bəyannaməsinə istinad olmayacağını bəyan edir. Yəni Bakı üçün “nifaq daşı” yeni layihədən çıxarılırsa, Ermənistan hakimiyyəti dövlət quruculuğunun yeni fəlsəfəsinə - dünyada sivil xalqların qəbul etdiyi formulla yaşamağa qadir olduqlarını göstərirlər. Əks halda, Baş nazirin dediyi kimi münaqişə və qarşıdurma məntiqi üzərində qurulan üçüncü Respublikanın taleyi ilə - məğlubiyyətlə, iflasla üzləşəcəksən.
Ona görə də Paşinyan iki maneəni aşmalıdır: əvvəlcə parlamentdə 70 səsi, sonra xalqın iradəsi ilə tələb olunan legitimliyi qazanmalıdır.
Müxalifət liderlərinə qarşı cinayət işləri və seçki dövründə aparılan həbslər düzgün yolu göstərir. Lakin Konstitusiya referendumu Ermənistanın daxili siyasətində yeni qarşıdurma xəttinə çevrilməyəcək.
Bakı üçün gələcək sülh müqaviləsinin qarşısında ərazi iddiasını yenidən hüquqi və siyasi şəkildə dirçəldə biləcək konstitusion istinadın qalmamasıdır.
Əgər tərəflər Alma-Ata Bəyannaməsini əsas götürərək sərhədi keçmiş sovet respublikalarının hüquqi inzibati sərhədləri üzrə müəyyənləşdirirlərsə, Ermənistanın daxili konstitusion sistemi də həmin sərhəddən kənarda başqa ərazi iddiasını legitimləşdirən mətn saxlamamalıdır. Əks halda bir tərəfdən komissiyalar sahədə sərhəd dirəkləri basdırar, digər tərəfdən dövlətin əsas qanununda həmin sərhədlərin kənarına uzanan siyasi-hüquqi interpretasiyanın izi qalardı. Ermənistanın dövlət sərhədi 29 743 kvadratkilometrdə bitirsə, Azərbaycan ərazisində “tarixi Ermənistan” üçün hüquqi və konstitusion yer qalmamalıdır.
İlham Əliyevin qalib liderliyi “Real Ermənistan”ın xəritə ilə bərabər, Konstitusiyada da tamamlanması, delimitasiya və demarkasiya qərarları ilə gələcək üçün heç bir hüquqi iddianın saxlanmaması hədəflərinə yönəlib.
Sülh müqaviləsinin imzalanmasından əvvəl düşmənçiliyin və ərazi iddialarının hüquqi ləğvi sonrakı mərhələdə xalqları birgəyaşayışa hazırlamağın ən yaxşı yoludur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qaradağ İH-nin vəzifəli şəxslərinə hökm oxundu – CƏZALAR AÇIQLANDI
Qaradağ Rayon İcra Hakimiyyətində ötən ilin noyabr ayında keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin cinayət işi üzrə qərar verilib.Citypost.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Qaradağ rayon təsərrüfat şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev 2 il müddətinə dövlət orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə, 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Digər iki təqsirləndirilən İsa Şəmsəliyev 10 min, Rəşad Nadirli 9500 manat miqdarında cərimələnib. Onlar da 2 il müddətə dövlət orqanlarında vəzifə tutma hüququndan məhrum edilib.Qeyd edək ki, əməliyyat...
02 Sentyabr 2026, 12:01
Prezident: Azərbaycanın 13 faizindən çoxu minalıdır
Azərbaycan Ermənistan tərəfindən ərazilərinin təxminən 30 il işğalı nəticəsində dünyanın mina ilə ən çox çirklənmiş ölkələrindən birinə çevrilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub.Dövlət başçısı müraciətində bildirib ki, ilkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb:"Qarabağın və Şərqi Zəngəzurun azad edilmiş əraziləri mina və partlamamış sursatlarla artıq dərəcədə çirklənmiş vəziyyətdə qalır ki, bu da yenidənqurma, iqtisadi fəaliyyət, təhlükəsiz hərəkət və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün ciddi maneələr...
02 Sentyabr 2026, 11:36
Tibb işçilərinin maaşları ilə bağlı YENİLİK
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan əməkdaşların əməkhaqları artırılır.Citypost.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında çıxışı zamanı deyib.Onun sözlərinə görə, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq edilir və ümumilikdə 72 212 tibb işçisini əhatə edəcək.A.Bayramov bildirib ki, onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyətinin əməkdaşlarıdır. 8 675 nəfər ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfər isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, eləcə də regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlərdir.Qeyd olunub ki, islahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu...
02 Sentyabr 2026, 11:35
Ali Məhkəmədən icarəçilərə xəbərdarlıq: Təmir xərcləri geri ödənməyə bilər
İcarəyə götürülmüş obyektdəki təmir xərcləri geri ödənilməyə bilər.Citypost.az xəbər verir ki, bu barədə Ali Məhkəmədə baxılan iş əsasında qərar qəbul olunub.Belə ki, Ali Məhkəmənin Kommersiya Kollegiyasında baxılan işlərin birində icarəçi qeyri-yaşayış sahəsində öz vəsaiti hesabına geniş həcmli təmir, yenidənqurma və yaxşılaşdırma işləri apardığını bildirərək, həmin xərclərin icarəyə verəndən tutulmasını tələb edib.Tərəflər arasında bağlanmış icarə müqaviləsində əvvəlcədən razılaşdırılıb ki, müqaviləyə xitam verildikdə daşına bilən mebel və avadanlıqlar icarəçi tərəfindən götürülə bilər, ayrılmaz yaxşılaşdırmalar və digər avadanlıqlar isə icarəyə verənin mülkiyyətində qalır.Ali Məhkəmə vurğulayıb ki, tərəflər arasında müqavilə mövcuddursa, ilk növbədə həmin müqavilənin şərtləri tətbiq edilməlidir.Mülki Məcəllənin 680-ci maddəsi kirayəçinin (icarəçinin) çəkdiyi...
02 Sentyabr 2026, 11:34
Azərbaycan lideri vyetnamlı həmkarını təbrik edib
Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu göndərib.Citypost.az xəbər verir ki, təbrik məktubunda deyilir:“Zati-aliləri,Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.İqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının artırılması və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində dost Vyetnam mühüm nailiyyətlər qazanmışdır.Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır. Son illərdə yüksək səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırmışdır.Bu gün bir sıra sahələrdə, xüsusilə...
02 Sentyabr 2026, 11:27
Prezident IV Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına müraciət ünvanlayıb.Citypost.az xəbər verir ki, müraciətdə deyilir:“Hörmətli Konfrans iştirakçıları,Sizi “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının açılışı münasibətilə salamlayıram.Artıq bir neçə ildir ki, Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq çərçivəsində ev sahibliyi etdiyi Beynəlxalq Minatəmizləmə konfransları dövrümüzün ən ciddi humanitar, təhlükəsizlik və inkişafla bağlı çağırışların həlli üçün mühüm platforma rolunu oynayır.Təəssüflər olsun ki, minalar və partlamamış hərbi sursatlar dünyanın bir çox ölkələrində insan həyatını və təhlükəsizliyini təhdid etməyə...
02 Sentyabr 2026, 11:20