Evdə qeydiyyatda olmaq həmin mənzilə hüquq verir? – Hüquqşünasdan AÇIQLAMA
Hüquq 17 Sentyabr 2026, 11:00
284
Bir çox insan hesab edir ki, hər hansı mənzildə qeydiyyatda olmaq həmin ev üzərində avtomatik olaraq mülkiyyət və ya istifadə hüququnun yaranması deməkdir. Lakin hüquqi baxımdan qeydiyyatla mənzildən istifadə hüququ eyni anlayış deyil. Şəxsin müəyyən ünvanda qeydiyyatda olması, əsasən, onun yaşayış yeri üzrə uçotunun aparılması ilə bağlıdır və yalnız qeydiyyat faktına əsaslanaraq həmin şəxsin mənzilə mülkiyyət hüququnun yarandığını demək olmaz.Başqa sözlə, bir şəxsin hansısa evdə qeydiyyatda olması hələ onun həmin mənzilin sahibi olduğu və ya istənilən halda oradan istifadə etmək hüququna malik olduğu anlamına gəlmir. Mənzildən istifadə hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan konkret hüquqi əsas olmalıdır.
Citypost.az xəbər verir ki, bu məsələ xüsusilə ailə üzvləri ilə bağlı mübahisələrdə tez-tez gündəmə gəlir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri kimi onunla birlikdə yaşayan arvadı və ya əri, uşaqları və valideynləri nəzərdə tutulur. Qanunda müəyyən hallarda digər qohumların və mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayan şəxslərin də mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə ailə üzvü hesab edilə bilməsi nəzərdə tutulur. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə görə, mülkiyyətçi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri onunla birlikdə həmin yaşayış sahəsindən istifadə etmək hüququna malikdirlər. Buna görə də konkret şəxsin yalnız qeydiyyatda olub-olmamasına baxmaq kifayət etmir. Həmin şəxsin mənzilə hansı əsasla köçdüyü, mülkiyyətçi ilə münasibəti, ailə üzvü statusunun olub-olmaması və hüquqi münasibətin hansı dövrdə yarandığı da araşdırılmalıdır.
Burada mühüm məqam isə vaxt amilidir. Çünki Azərbaycanda yaşayış sahəsindən istifadə hüququ ilə bağlı qaydalar zamanla dəyişib və bu səbəbdən bütün mübahisələrə eyni hüquqi norma tətbiq edilmir.Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən, 2000-ci il sentyabrın 1-dən əvvəl yaranmış mübahisəli münasibətlərə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydaları tətbiq edilə bilər. 2000-ci il sentyabrın 1-dən sonra yaranan münasibətlər üzrə isə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunmağa başlayıb. Daha sonra 2009-cu il oktyabrın 1-dən qüvvəyə minən yeni Mənzil Məcəlləsi ilə yaşayış sahəsindən istifadə məsələləri yenidən tənzimlənib.
Xüsusilə 2000-ci il sentyabrın 1-dən sonrakı dövr üzrə Mülki Məcəllənin 228-ci maddəsində yaşayış sahəsindən istifadə hüququ ilə bağlı xüsusi qaydalar müəyyən edilmişdi. Konstitusiya Məhkəməsinin izahına görə, həmin dövrdə mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması, həyata keçirilməsi və xitamı ilə bağlı müəyyən şərtlər mövcud olub. 2009-cu il oktyabrın 1-dən isə yeni Mənzil Məcəlləsi qüvvəyə minib. Konstitusiya Məhkəməsi sonrakı qərarlarında da vurğulayıb ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərdə 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsi, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Bu səbəbdən, məsələn, bir şəxsin 1990-cı illərdə hansısa mənzilə köçməsi və orada yaşaması ilə 2015-ci ildə həmin mənzilə qeydiyyata düşməsi hüquqi baxımdan eyni vəziyyət kimi qiymətləndirilə bilməz. Burada münasibətin hansı tarixdə yarandığı, mənzilin həmin vaxt hansı statusda olduğu, şəxsin mülkiyyətçi ilə ailə münasibəti və digər faktlar mühüm əhəmiyyət daşıyır.
Digər tərəfdən, şəxsin qardaş, bacı, dayı, əmi və ya başqa qohum olması da avtomatik şəkildə həmin mənzildən istifadə hüququnun yaranması demək deyil. Hazırkı Mənzil Məcəlləsində mülkiyyətçinin ailə üzvlərinin dairəsi konkret göstərilib. Bununla yanaşı, qanun digər qohumların müəyyən hallarda ailə üzvü kimi qəbul edilməsinə də imkan verir. Buna görə “qohumam, deməli istifadə hüququm var” yanaşması da düzgün deyil. Eyni zamanda, qeydiyyatda olan şəxsin sadəcə qeydiyyatdan çıxarılması məsələsi də ayrıca hüquqi prosedur tələb edə bilər. Əgər şəxsin mənzildən istifadə hüququ varsa, onun qeydiyyatda olub-olmaması ilə həmin hüququn özünü eyniləşdirmək olmaz. Başqa sözlə, qeydiyyatın dəyişdirilməsi ilə mənzildən istifadə hüququnun avtomatik olaraq aradan qalxdığını düşünmək düzgün deyil. Konkret halda həmin hüququn hansı əsasla yarandığı və ona xitam verilməsi üçün hansı hüquqi əsasın mövcud olduğu müəyyən edilməlidir.Xüsusilə keçmiş ailə üzvləri ilə bağlı məsələlərdə də xüsusi qaydalar var. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, ümumi qayda olaraq mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün istifadə hüququ saxlanmır. Lakin qanunda müəyyən hallarda, şəxsin maddi vəziyyəti və diqqətəlayiq digər hallar nəzərə alınmaqla, məhkəmə qərarı əsasında həmin hüququn müəyyən müddətə saxlanılması imkanı da nəzərdə tutulur. Konstitusiya Məhkəməsi də bu məsələlərdə məhkəmələrin işin bütün faktiki hallarını, o cümlədən mübahisəli yaşayış sahəsinin nə vaxt və hansı əsasla xüsusi mülkiyyətə keçdiyini, şəxsin həmin mənzildən istifadə hüququnun hansı dövrdə yarandığını və tətbiq edilməli qanunvericiliyi araşdırmalı olduğunu vurğulayır.
Həmçinin oxuyun
Deməli, “bu evdə qeydiyyatım var, ona görə evə hüququm var” və ya əksinə, “bu şəxs yalnız qeydiyyatdadır, ona görə heç bir hüququ yoxdur” formasında ümumi nəticə çıxarmaq düzgün deyil. Qeydiyyat bir məsələdir, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququ isə başqa məsələdir. İstifadə hüququnun olub-olmaması şəxsin həmin mənzilə hansı hüquqi əsasla bağlı olmasından və münasibətin nə vaxt yaranmasından asılı olaraq müəyyən edilir. Ona görə də belə mübahisələrdə yalnız qeydiyyat haqqında arayışa baxmaq kifayət etmir. Mənzilin çıxarışı, əvvəlki sənədlər, şəxsin həmin evə nə vaxt və hansı əsasla köçməsi, ailə münasibətləri, əvvəlki qeydiyyat məlumatları və digər sübutlar birlikdə qiymətləndirilməlidir. Xüsusilə 2000-ci il sentyabrın 1-i və 2009-cu il oktyabrın 1-i tarixləri hüquqi rejimin müəyyənləşdirilməsi baxımından mühüm tarixlərdir.
Qısacası, mənzildə qeydiyyatda olmaq avtomatik olaraq həmin mənzilə mülkiyyət hüququ yaratmır, lakin konkret şəxsin mənzildən istifadə hüququnun olub-olmaması yalnız qeydiyyat faktına əsasən də müəyyən edilə bilməz. Bunun üçün hüququn yaranma əsası, şəxsin statusu və həmin münasibətin hansı dövrdə formalaşması araşdırılmalıdır. Xüsusilə köhnə tarixlərdən qalan yaşayış hüquqları ilə bağlı mübahisələrdə tətbiq ediləcək qanunvericilik dövrə görə dəyişdiyindən, məsələyə fərdi hüquqi qiymət verilməsi vacibdir.
Yusif
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Müddətli əmək müqaviləsi bitəndə işçiyə xəbərdarlıq edilməlidir?
Müddətli əmək müqaviləsi ilə çalışan bir çox işçi müqavilənin üzərində göstərilən tarix başa çatdıqda əmək münasibətlərinin avtomatik olaraq sona çatdığını düşünür. Lakin Azərbaycan Respublikasının Əmək Məcəlləsində bununla bağlı xüsusi qayda müəyyən edilib. Müqavilənin müddətinin başa çatması özü-özlüyündə kifayət etmir və qanunvericilikdə nəzərdə tutulan xəbərdarlıq qaydasına da əməl olunmalıdır.Citypost.az-ın məlumatına görə, əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinə onun müddəti bitdikdə xitam verilir. Lakin müqavilənin müddətinin başa çatmasına azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müqaviləyə xitam veriləcəyi barədə yazılı formada, o cümlədən elektron informasiya sistemi vasitəsilə xəbərdar etməzsə, həmin əmək müqaviləsi göstərilən müddətə uzadılır. Qanunda nəzərdə tutulan...
17 Sentyabr 2026, 10:00
Hücum edən şəxsə zərər vurmaq nə vaxt cinayət sayılmır? – Qanunda mühüm məqam
İnsan özünü və ya başqa şəxsi hücumdan qoruyarkən qarşı tərəfə zərər yetirərsə, bu hal hər zaman cinayət məsuliyyəti yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində belə hallar üçün “zəruri müdafiə” institutu nəzərdə tutulub. Qanunun 36-cı maddəsinə əsasən, şəxs özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, həmçinin dövlətin və cəmiyyətin mənafelərini ictimai təhlükəli qəsddən qoruyarkən hücum edən şəxsə zərər yetirə bilər. Əgər müdafiə zamanı qanunda nəzərdə tutulan hədd aşılmayıbsa, törədilən hərəkət cinayət sayılmır.Citypost.az xəbər verir ki, qanunvericilikdə mühüm məqam ondan ibarətdir ki, zəruri müdafiə hüququ yalnız xüsusi hazırlığı olan şəxslərə və ya müəyyən peşə sahiblərinə aid deyil. Cinayət Məcəlləsinin 36.2-ci maddəsinə...
17 Sentyabr 2026, 09:00
Rəsmi nikah olmadan birlikdə yaşayanların aldığı ev bölünə bilərmi? – Hüquqşünaslardan AÇIQLAMA
Rəsmi nikahı olmayan, lakin uzun müddət bir yerdə yaşayan cütlüklərlə bağlı ən çox mübahisə doğuran məsələlərdən biri də həmin dövrdə əldə edilən əmlakın taleyidir. Tərəflər illərlə bir ailə kimi yaşaya, eyni evdə qala, ümumi təsərrüfat apara, hətta övlad sahibi ola bilərlər. Lakin münasibətlərə son qoyulduqda ortaya belə bir sual çıxır: birlikdə yaşadıqları müddətdə alınan ev, avtomobil və ya digər əmlak tərəflər arasında bölünə bilərmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, burada ilk növbədə faktiki birgə yaşayışla rəsmi nikah arasındakı hüquqi fərq nəzərə alınmalıdır. Azərbaycan qanunvericiliyinə əsasən, ər-arvadın nikah müddətində əldə etdikləri əmlak, ümumi qayda olaraq, onların ümumi birgə mülkiyyəti hesab...
16 Sentyabr 2026, 11:00
İşçi yeni iş tapıb köhnə işə getməsə, işdən necə çıxarıla bilər?
Yeni iş yeri ilə əmək müqaviləsi bağlayan, lakin əvvəlki iş yerində əmək müqaviləsinə hələ xitam verilməyən şəxslər bəzən ciddi problemlə üzləşirlər. Xüsusilə işçi yeni işə başlamaq üçün əvvəlki iş yerinə getməyi dayandırdıqda, köhnə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi məsələsi gündəmə gəlir. Belə hallarda xitamın hansı əsasla rəsmiləşdirilməsi işçinin gələcək əmək fəaliyyəti və əmək münasibətləri barədə elektron sistemdə formalaşan məlumat baxımından əhəmiyyət daşıya bilər.Citypost.az-ın məlumatına görə, Əmək qanunvericiliyinə görə, işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək istəyirsə, bir təqvim ayı əvvəl işəgötürənə yazılı və ya elektron formada xəbərdarlıq etməlidir. Yəni işçinin başqa iş tapması və yeni işəgötürənlə əmək müqaviləsi...
16 Sentyabr 2026, 10:00
Satdığınız evi sonradan geri istəyə bilərsinizmi? – Hüquqşünaslardan AÇIQLAMA
“Evi notarial qaydada almışam, pulunu da tam ödəmişəm, çıxarış artıq mənim adımdadır. Amma satıcı sonradan deyir ki, evi geri qaytar. Belə vəziyyətdə nə etmək olar? Satıcı evi məndən geri ala bilərmi?”Son dövrlərdə daşınmaz əmlak alqı-satqısı ilə bağlı bu tip suallar vətəndaşları düşündürən məsələlərdən biridir. Xüsusilə evini satan şəxsin müəyyən müddət sonra fikrini dəyişməsi, daşınmaz əmlakın qiymətinin artmasından sonra “evi geri istəyirəm” deməsi alıcını ciddi narahat edə bilər.Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, daşınmaz əmlakın alqı-satqısı notarial qaydada rəsmiləşdirilib, tərəflər müqaviləni könüllü şəkildə imzalayıb, pul ödənilib və mülkiyyət hüququ dövlət reyestrində alıcının adına qeydiyyata alınıbsa, satıcının sonradan sadəcə fikrini dəyişməsi...
16 Sentyabr 2026, 09:00
Baba evinin kimin adına olduğunu necə öyrənmək olar? – Hüquqşünasdan AÇIQLAMA
Baba və atası vəfat edən şəxslərin miras qalan evin kimin adına rəsmiləşdirildiyini öyrənməsi bəzən ciddi çətinlik yaradır. Xüsusilə də daşınmaz əmlakın dövlət reyestrindəki məlumatların birbaşa nəvəyə təqdim edilməməsi belə şəxslərdə “əmlakın sahibi barədə məlumatı başqa hansı yolla əldə etmək olar?” sualını gündəmə gətirir.Citypost.az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünaslar bildirib ki, burada əsas məsələ şəxsin həmin əmlakla bağlı hüquqi marağını və vərəsəlik əlaqəsini sənədlərlə təsdiq etməsidir.Hüquqşünasların sözlərinə görə, daşınmaz əmlakın dövlət reyestrindən məlumatlar tamamilə hər kəsə açıq şəkildə təqdim edilmir. Qanunvericiliyə əsasən, reyestrdən daşınmaz əmlakın təsvirinə, qeydiyyata alınmış hüquqlara və yüklülüklərə dair arayış hüquq sahibinə, onun vəkil etdiyi şəxsə,...
15 Sentyabr 2026, 11:00