Bizə yazın

Baku

-°C

USD

-

Vüqar Rəhimzadə: Azərbaycan–Türkiyə birliyi dünyaya nümunədir

Siyasət 11 İyun 2026, 14:00

761

Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin  dünyaya təqdimatı olan Şuşa Bəyannaməsinin imzalanmasından beş il keçir.  2021-ci il iyunun 15-də Qarabağın tacı, Azərbaycanın, Türk dünyasının və İslam dünyasının  mədəniyyət paytaxtı olan Şuşanın şahidliyi ilə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” təkcə iki dost, qardaş ölkənin  münasibətlərində deyil, ümumilikdə regionun gələcək inkişafında əhəmiyyətli rol oynayacaq mühüm sənəd kimi dəyərləndirildi. Zəngin tarixə, dərin köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri bütün dövrlərdə uğurla inkişaf edir. Azərbaycan və Türkiyə prezidentlərinin 15 iyun 2021-ci il tarixində  Şuşa Bəyannaməsini imzaladıqdan sonra mətbuata birgə bəyanatlarında dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk. İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Türkiyə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində dostluq, əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini təqdim edirlər. Bunun üçün hazırda Türk Dövlətləri Təşkilatı daxilində iki ölkənin yüksələn xətlə inkişafına, eyni zamanda, Türk dünyasının birliyinə verdikləri davamlı töhfələrə diqqət yetirmək kifayətdir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlham Əliyevin çağırışlarında daim bu məqam xüsusi vurğulanır ki, biz birlikdə güclüyük. Tarixi Zəfərimiz bu birliyin möhkəmləndirilməsində də əhəmiyyətli rol oynayır. Türk dövlətləri rəhbərlərinin qarşılıqlı səfərləri, həmçinin Türk Dövlətləri Təşkilatının yalnız rəsmi deyil, qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi də bunun bariz nümunəsidir. Bu ənənənin təşəbbüskarı dövlət başçısı İlham Əliyevdir.

Dünya hər zaman Azərbaycan-Türkiyə birliyinin fonunda ümumilikdə Türk dünyasının  birliyinin şahidi olub. Azərbaycan və Türkiyənin birgə iradəsi əsasında reallığa çevrilən enerji və nəqliyyat layihələri ölkələri, xalqları daha da birləşdirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələr qardaş ölkələrlə yanaşı, bütün bölgənin inkişafına mühüm töhfələr verir. 

Azərbaycan və Türkiyə, həmçinin  İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı  çərçivəsində də  bir-birinə qarşılıqlı dəstəkləri ilə  örnəkdirlər. Azərbaycan-Türkiyə birliyi daim regionda dayanıqlı sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə münasibətlərinin bu səviyyəyə gəlib çatmasında ortaq tarixi köklər, iqtisadi əlaqələr, dövlət maraqları, gələcəyə birgə baxış əhəmiyyətli rol oynayır.  Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı şəxsi dostluq və qardaşlıq münasibətləri də  bu əlaqələrin daha da möhkəmlənməsini, inkişafını şərtləndirən əsas amillərdən biridir.

Vüqar Rəhimzadə vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsində qardaş ölkənin Azərbaycana siyasi və mənəvi dəstəyi dünyanın diqqətində oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” mesajı bütün məqamların təqdimatı oldu. Bu çağırışın davamı olaraq qardaş Türkiyə tarixi Zəfərimizdən sonra azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinə özünün layiqli töhfəsini verməkdədir. Azərbaycan və Türkiyə prezidentlərinin  Bakıda keçirilən Zəfər paradında,  Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanlarının açılışında birgə iştirak etmələri, Rəcəb Tayyib Ərdoğanın Qarabağa ilk  səfər edən dövlət başçısı kimi diqqətdə olması və sair kimi mühüm məqamlar şanlı Qələbəmizdən sonrakı dövrün reallıqlarıdır. Şuşa Bəyannaməsi iki ölkənin münasibətlərinin dünəninin, bu gününün və gələcəyinin təqdimatı oldu. Prezident Rəcəb Tayyib Ərdoğan Şuşa Bəlannaməsinin imzalanmasından sonra Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatında “Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. On bir A4 səhifəsindən ibarət bu Bəyannamə Şuşada bu gün reallığa çevrilir. Bu, son dərəcə önəmlidir. Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük” söyləyərək onu da əlavə etdi ki, bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.

Millət vəkili bildirib ki, Şuşa Bəyannaməsi bir millətin iki dövlətinin milli iradəsinin təntənəsi, siyasi, hərbi, mədəni, iqtisadi əhəmiyyət daşıdığı qədər də mənəvi önəm kəsb edən bir sənəddir. Bu Bəyannamə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır, qardaşlığın yeni tarixi mərhələsi kimi diqqətdədir.  Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Sənədin imzalanmasından ötən beş ildə iki ölkənin münasibətlərində uğurlu inkişaf yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsində də özünün aydın ifadəsini tapır. Bu sahələr sırasında media və təhsili xüsusi qeyd etmək istərdik. Ortaq Media Platformasının, həmçinin Azərbaycan-Türkiyə Universitetinin yaradılması bu baxımdan diqqəti xüsusi ilə cəlb edir. O da məlumdur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın şanlı Qələbəsinin dünyaya təqdimatında öz sözünü deyən 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında iştirak etmək üçün Azərbaycana səfəri çərçivəsində bir sırara sənədlər imzalandı ki, bunlardan biri də təbii ki,  media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu oldu. Şuşa Bəyannaməsində də qeyd edilir ki, tərəflər 10 dekabr 2020-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcəklər və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcəkdir.

Vüqar Rəhimzadə qeyd edib ki, Şuşa Bəyannaməsində iki ölkə arasında bütün sahələrdə əlaqələrin gələcək inkişafı ilə bağlı çağırışlar və onların icra mexanizmləri öz əksini tapıb. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi hər iki dövlətin iqtisadi inkişafına böyük təkan verir.  Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı reallıqlardan biri Bəyannamədə də qeyd edilən Zəngəzur dəhlizidir. Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasında ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi Naxçıvan Muxtar Respublikasının nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətin genişlənməsinə yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir, eyni zamanda, daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişli platforma rolunu oynayacaq. Həmçinin bu dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur.

Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrimizin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə, bir-biri ilə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsinə nail olmuşdur.

Millət vəkili vurğulayıb ki, Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin hər zaman - həm çətin, həm də xoş günlərdə birlikdə olduqlarını, bundan sonra da bir yerdə olacaqlarını bir daha bütün dünyaya açıq mətnlə bəyan edir. Şuşa Bəyannaməsinin imzalanmasından ötən beş ildə iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin dinamikliyi, Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri, həmçinin digər  beynəlxalq tədbirlər çərçivəsində görüşlərinin say tərkibi bütün bunların əyani təzahürüdür. Dövlət başçısı İlham Əliyevin qardaş ölkənin Prezidentini  azad Qarabağda və Şərqi Zəngəzurda qarşılamaqdan necə böyük sevinc hissi keçirdiyi Onun müraciətlərində özünün aydın ifadəsini tapır. Şuşa Bəyannaməsinin imzalanmasından sonra  mətbuata bəyanatında “Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm” söylədi və bu məqamı da xüsusi qeyd etdi ki, əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri sözün əsl mənasında dostluğun, qardaşlığın, müttəfiqliyin nümunəsidir və bundan sonra da belə olacaq. Bir millətin iki dövləti hər zaman bir yumruq kimi birləşərək daim hədəflərə doğru inamla addımlayır. Hər iki dövlətin daim ədalətin, beynəlxalq hüququn yanında olması Azərbaycanın və Türkiyənin dünya birliyində söz sahibliyini artırır. Məhz bu birlik yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Türk dünyasının rolunu, mövqeyini daha da möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Pərvanə Vəliyeva: Şuşa Bəyannaməsi qardaşlığın siyasi təsdiqidir

15 iyun 2021-ci il tarixində, Vətən müharibəsindən dərhal sonra Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış, “Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında strateji tərəfdaşlığın yeni səviyyəyə - müttəfiqlik səviyyəsinə yüksəldiyini rəsmən təsbit etdi. Bu gün biz əminliklə deyə bilərik ki, dünyada elə iki dövlət yoxdur ki, Azərbaycan və Türkiyə kimi bir-biri ilə bu qədər yaxın dostluq və qardaşlıq münasibətlərində olsun. Şuşa bəyannaməsi məhz, bu dostluq və qardaşlığın institutsionallaşdırılması, “Bir millət, iki dövlət” prinsipinin siyasi və hüquqi müstəvidə daha da möhkəmləndirilməsi idi.Bu fikirləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva Citypost.az-a açıqlamasında...

11 İyun 2026, 15:10

Hakan Fidan və Məhəmməd İshaq Dar Yaxın Şərqdə sülhün bərpasına çağırış ediblər 

Pakistan və Türkiyə Yaxın Şərqdəki gərginliyin bütün tərəfləri arasında regionda möhkəm və davamlı sülhün bərqərar olmasına kömək edəcək qarşılıqlı anlaşmanın tezliklə əldə olunacağına ümid edirlər."Report" Pakistan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar və onun türkiyəli həmkarı Hakan Fidan arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub.Qurumun məlumatında qeyd edilib ki, tərəflər cari regional vəziyyət barədə fikir mübadiləsi aparıb, dialoq və təmkinliliyin vacibliyini vurğulayıblar."Xarici işlər nazirləri qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə sıx koordinasiyanı saxlamaq, həmçinin çoxşaxəli Pakistan-Türkiyə tərəfdaşlığını daha da gücləndirmək üçün yüksək səviyyəli təmasları davam etdirmək...

11 İyun 2026, 11:27

Sahib Alıyev: Nüvədidəki Rusiya hərbçiləri ilə bağlı suallar cavabsız qalır  

Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanda yayımlanan materiallardan birinə diqqət çəkərək Nüvədi istiqamətində yerləşən Rusiya hərbçiləri ilə bağlı bir sıra suallar qaldırıb.Citypost.az xəbər verir ki, Deputat sosial şəbəkədə paylaşdığı fikirlərdə bildirib ki, Ermənistan hakimiyyətinə yaxın və hərbi mövzularda yazılar dərc edən media resurslarından birində Rusiya hərbçilərinin Nüvədi ətrafında hələ də mövcudluğu barədə məlumat yer alıb.Onun sözlərinə görə, xəbərdə Rusiya hərbçilərinin kəndin yaxınlığında yerləşdiyi, bəzi şəxslərin əraziyə girişinə icazə verdiyi, bəzilərinin isə girişini məhdudlaşdırdığı iddia olunur.Sahib Alıyev qeyd edib ki, həmin materialda jurnalistlə Rusiya hərbçisi arasında baş tutduğu bildirilən dialoq da yer alıb. İddiaya görə, jurnalistin “Bağışlayın, bizi ora niyə buraxmırsınız?”...

11 İyun 2026, 10:58

Bədəl Bədəlov: 15 İyun dövlətçiliyimizin dönüş nöqtəsidir

15 İyun - Milli Qurtuluş Günü milli dövlətçilik tariximizdə dönüş nöqtəsi olaraq xüsusi əhəmiyyət daşıyır. Hər il Azərbaycanda böyük ehtiramla qeyd olunan həmin gün ölkənin ictimai-siyasi həyatında sabitliyin bərpası və yeni inkişaf mərhələsinin başlanğıcı kimi yadda qalmışdır. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublika rəhbərliyinə gəlişindən sonra ölkənin sosial-iqtisadi həyatında genişmiqyaslı yüksəliş mərhələsi başlanmışdır. Sənayeləşmə prosesinin sürətləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və iqtisadiyyatın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi nəticəsində respublikanın sosial-iqtisadi tərəqqisi sürətlənmiş, ümumi inkişaf göstəriciləri əhəmiyyətli dərəcədə yüksəlmişdir. Kənd təsərrüfatı sahəsində aparılan məqsədyönlü islahatlar məhsuldarlığın artmasına, yeni aqrar texnologiyaların tətbiqinə və meliorasiya sistemlərinin genişləndirilməsinə səbəb olmuşdur. Elm və təhsil sahəsində...

11 İyun 2026, 10:55

Azər Niftiyev: İrəvandan gələn mesaj yeni reallıqların qəbuludur

Jurnalist və siyasi şərhçi Azər Niftiyev Ermənistanda keçirilən parlament seçkilərinin ilkin nəticələrini şərh edib.Citypost.az xəbər verir ki, Azər Niftiyev sosial şəbəkədə paylaşdığı yazıda bildirib ki, yayılan “exit-poll” nəticələri təsdiqlənərsə, bu, təkcə Ermənistanın Baş naziri Nikol Paşinyanın növbəti seçki qələbəsi deyil, həm də Ermənistan cəmiyyətində son illərdə baş verən siyasi və ictimai transformasiyanın göstəricisi olacaq.Azər Niftiyevin sözlərinə görə, ilkin nəticələrə əsasən Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 56,7 faizini toplayaraq açıq üstünlük əldə edib və bu nəticə təsdiqlənərsə, hökuməti təkbaşına formalaşdırmaq imkanı qazanacaq.Siyasi şərhçi hesab edir ki, nəticələrin əsas səbəblərindən biri Ermənistan cəmiyyətində uzun illər formalaşdırılmış siyasi miflərin və qeyri-real...

11 İyun 2026, 10:53

Qulu Məhərrəmli: Simonyanın açıqlamaları yeni Ermənistanın konturlarını göstərir  

Jurnalist, Əməkdar jurnalist, BDU-nun professoru Qulu Məhərrəmli Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlamalarını şərh edib.Citypost.az xəbər verir ki, Qulu Məhərrəmli sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə Ermənistanın Baş naziri Nikol Paşinyanın komandasının fəaliyyətinə diqqət çəkib.“Hiss olunur ki, N.Paşinyanın yaxşı komandası var. Onlardan birinin – A.Simonyanın ağıllı bəyanat və müsahibələrini izlədikcə yeni Ermənistanın konturlarını görmək olur”, – deyə o bildirib.Professor xüsusilə Alen Simonyanın parlament seçkilərindən sonra Rusiyanın Ermənistana mümkün təzyiqləri ilə bağlı suala verdiyi cavabı diqqətəlayiq hesab edib. Onun sözlərinə görə, Simonyan ölkəsinin müstəqilliyi və azadlığı məsələsində qəti mövqe nümayiş etdirib.“Biz ölkənin azadlığını çiyələyə dəyişməyəcəyik. Azadlığın qiyməti çiyələk, badımcan və ya...

11 İyun 2026, 10:28