Bizə yazın

Baku

-°C

USD

-

Zahid Oruc: “Qarabağda suverenlik reallığı möhkəmlənir”

Siyasət 16 Sentyabr 2026, 11:00

2743

Azərbaycanla Ermənistan arasında münaqişənin hərbi-siyasi mərhələsi başa çatıb, lakin Qarabağ uğrunda mübarizənin məzmunu da dəyişir. Vaxtilə əsas qarşıdurmanın məqsədi əraziyə faktiki nəzarət, statusun müəyyənləşdirilməsi və təhlükəsizlik məsələləri ətrafında gedirdisə, indi savaşın mühüm hissəsi beynəlxalq legitimlik, tarixi yaddaş, mədəni irsin tanıdılması və postmünaqişə reallığının qəbulu üzərində aparılır. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun 11–12 sentyabrda Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistanda, erməni diaspor strukturlarında və sosial media şəbəkələrində verilən reaksiyalar mübarizənin yeni müstəviyə daşınmasının mahiyyətini açıq göstərdi.

Prezidentin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə 58 ölkəni və doqquz beynəlxalq təşkilatı təmsil edən 150 diplomat və beynəlxalq nümayəndənin Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərə səfəri dövlətimizin və xalqımızın müharibə yolu ilə qazandığı konstitusion haqqın gerçəkləşməsi hadisəsidir. Üstəlik, ziyarət, ilk dəfə həyata keçirilən beynəlxalq tədbir deyildi. Vətəndaşlarımızın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən azad torpaqlara gediş son beş ildə artıq adi hala çevrilib və əsla siyasi mahiyyət daşımırdı. Xarici diplomatlar akkreditə olunduqları dövlətin suveren ərazisinə səfər edirdilər. Lakin reaksiyanın miqyası göstərdi ki, erməni siyasi və informasiya məkanının böyük hissəsi üçün problem diplomatların konkret bir bəyanat verməsi və ya hansısa abidə haqqında mübahisəli tarixi tezislərdən irəli gəlmir. Qarabağın Azərbaycanın suveren siyasi, inzibati və ictimai məkanına inteqrasiyasının beynəlxalq diplomatik praktikada tədricən adi hala — normaya çevrilməsi düşmənçilik məfkurəsində qalanlar tərəfindən qəbul edilmir.

Nəticədə, Ermənistanın rəsmi mövqeyi ilə onun ictimai-siyasi qüvvələrinin və informasiya məkanında aktiv olan dairələrin mövqeləri arasında kəskin ziddiyyət meydana çıxır. Rəsmi İrəvan ölkəmizin ərazi bütövlüyünü tanıyıb, Qarabağın Azərbaycan Respublikasının suveren ərazisi olduğunu və torpaqların üzərində min illərlə yaradılan sərvətlərin sahibinin də azərbaycanlılar olduğunu qəbul edir. Əcnəbi diplomatların Xankəndiyə, Şuşaya və ya Kəlbəcərə səfəri rəsmi Bakıdan başqa heç bir mərkəzlə razılaşdırıla bilməz.

Lakin postmünaqişə dövrünün dünya təcrübəsi göstərir ki, sərhədi tanımaqla atılan rəsmi imzanın yaratdığı siyasi reallığı qəbul etmək eyni mənaya gəlmir. Dövlət rəhbərliyi müqavilələrdə konkret ərazini qonşu ölkənin suveren tərkib hissəsi kimi tanıya bilər, lakin cəmiyyətin media, dini, akademik və diaspor institutları əvvəlki əraziləri düşüncələrində, təbliğat və təşviqat vasitələrində yaşatmaqda davam edərsə, sülhlə ictimai barış arasında ciddi toqquşma yaranır.

Erməni mediasının ilk reaksiyası işğal dövrünün davranışlarını və sülhə səs verib, daxilində düşmənçiliyi saxlayan dairələri aydın göstərir. Səfər təkcə diplomatik tədbir sayıla bilməzdi, çünki Azərbaycanın öz tarixini və azad Qarabağın quruculuğunu xarici auditoriyaya təqdim etdiyi növbəti proqram hadisəsi kimi nəzərdə tutulurdu. 30 ildən artıq təcavüzün nəticələrinin qısa müddətdə aradan qaldırılması dövlətimizin və xalqımızın Zəfəri hansı iradəyə söykənərək qazandığını göstərən ən mühüm faktdır.

Yeni Vətən quruculuğu torpaqların əsl sahibini göstərən real nümunədir. Tarixə münasibətdə, xüsusən Gəncəsər və Xudavəngin Qafqaz Albaniyası irsi kimi təqdim olunması əvvəlki onilliklərin elmi və mədəni müharibəsinin tərkib hissəsi kimi dəfələrlə baş verib. Lakin 20 sentyabr 2023-cü ildən sonra Azərbaycanın qalib ordusu bütün mübahisələrə və qarşıdurmalara son qoyub. İndi keçmiş separatçılar erməni ictimai fikrində özlərini reabilitasiya etmək naminə son səfərə qarşı aktiv kampaniyaya başlayıblar. Hökumət nümayəndələri, tarixçilər, ictimai fəallar və media təmsilçiləri absurd arqumentlərlə xarici ölkə nümayəndələrinə qarşı müxtəlif etiraz tədbirləri həyata keçirirlər.

İlk mərhələdə dövlətin sükut mövqeyinə çəkilməsi, əvəzində qeyri-rəsmi dairələrin sərt reaksiyası Paşinyan hakimiyyətinin zəifliyini, sülhə iradəsinin yetərsizliyini və daxili müqavimətin güclü olduğunu göstərdi. Ermənistan hökuməti Azərbaycanla barış anlaşmasının öhdəliklərindən, Ağ Ev Zirvəsinin şərtlərindən geri çəkilə bilməz. Eyni zamanda, Qarabağla bağlı əvvəlki milli ideologiyanı dəfələrlə daxildə pisləyib, onun xalqa faciələr gətirdiyini bəyan edib və real Ermənistan kursuna keçildiyini bildirib. Lakin indi səfərin özünə qarşı getmədiyini, onun mədəni-tarixi məzmununa münasibət bildirməyə başladığını nümayiş etdirir.

Ermənistan hakimiyyəti diplomatik korpusun Azərbaycanın tarixi ərazilərinə səfərinin legitimliyinə etiraz etmir, lakin ziyarət zamanı təqdim olunan tarixi irsin müəllifliyinə və açıqlamalara qarşı olduğunu göstərməyə çalışır. Son dərəcə absurd münasibətdir — çünki rəsmi Bakı Kəlbəcərə, yaxud Xocavəndə gedərkən İrəvandan icazə almır.

Erməni Apostol Kilsəsinin reaksiyası təbliğ etdiyi dini idealları və ilahi missiyanı yenə də unudaraq, vaxtilə Razdan meydanında ordunun önündə gedən rahibləri xatırlatdı. Eçmiədzin təmsilçiləri Gəncəsər və Xudavəngi Qafqaz Albaniyasının xristian irsi kimi tanımaq istəmir, erməni milli identikliyinin əsas institusional dayaqlarından biri olan kilsənin Paşinyan və Azərbaycana qarşı eyni səngərdə birləşdiyini nümayiş etdirir.

Daha sərt mövqe Qarabağ ermənilərinin müxtəlif ictimai-siyasi strukturları tərəfindən ifadə edildi. Diplomatik korpusa müraciətlərdə gələcəkdə belə səfərlərdə iştirak etməmək çağırışı səsləndirildi, Bakının yeni reallığı beynəlxalq səviyyədə normallaşdırdığı iddia olundu. Eyni zamanda Qarabağ ermənilərinin geri dönüşü və kollektiv hüquqları məsələsi mədəni irs mövzusu ilə birləşdirilərək, gələcək siyasi gündəliyi formalaşdırmaq üçün fürsətə çevrildi.

Sosial media monitorinqi son kampaniyanın diaspor və vətəndaş cəmiyyəti səviyyəsində necə genişləndirildiyini daha aydın göstərir. Amerika Erməni Milli Komitəsi — ANCA ABŞ-nin Bakıdakı müvəqqəti işlər vəkili Amy Carlonun Şuşadakı iştirakını sərt ifadələrlə təqdim edib, səfəri “etnik təmizləmənin tanınması” kimi qələmə verib və ABŞ Dövlət Departamentini Azərbaycanın siyasətinə mənəvi şəriklikdə ittiham edib. Böyük Britaniyadakı Armenian National Committee isə Qarabağ ermənilərinin hüquqları ilə bağlı komitənin diplomatik korpusa ünvanladığı açıq məktubu tirajlayaraq son səfərlərə etirazı beynəlxalq auditoriyaya çatdırmağa çalışıb.

“Dağlıq Qarabağ ermənilərinin əsas hüquqlarını müdafiə komitəsi” diplomatları artıq neytrallıqdan çıxaraq, Azərbaycanın yaratdığı siyasi reallığın təqdimatında istifadə olunan tərəf kimi göstərib. Ermənistanda fəaliyyət göstərən “Protection of Rights Without Borders” təşkilatı isə xüsusilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin iştirakını tənqid edib. Keçmiş separatçı rejimin nümayəndəsi Artak Beqlaryan isə diplomatların “peşəkarlığı və insani keyfiyyətləri”ni şübhə altına alıb və onlardan Azərbaycanın ünvanına açıq bəyanatlar tələb edib.

Qarabağa səfər edən diplomatların təmsil etdiyi ölkələrə və beynəlxalq təşkilatlara diplomatik nota göndərilməsini tələb edənlər isə xüsusilə fərqlənirlər. Fransa və Avropa İttifaqı nümayəndələrinin hədəfə alınması gələcəkdə Qarabağa səfər edəcək diplomatları çəkindirməyə, onlarda reputasiya riski qorxusu yaratmağa xidmət edir.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono səfərdən yayınmayıb, əksinə, 11–12 sentyabrda Azərbaycan hakimiyyətinin diplomatik korpus üçün təşkil etdiyi ziyarətə ilk dəfə qatıldığını və məqsədin keçmiş münaqişədən təsirlənmiş ərazilərdə vəziyyətlə yerində tanış olmaq olduğunu açıq bildirib. O, yerli hakimiyyət orqanları, keçmiş məcburi köçkünlər və media nümayəndələri ilə görüşdüklərini, məscid və kilsələr daxil olmaqla müxtəlif dini-mədəni irs obyektlərinə baş çəkdiklərini rəsmi səhifəsində çəkinmədən ifadə edib.

Daha sonra baş verənlər işğal beyinlərinin hələ də 26 sentyabrda qaldıqlarını göstərən faktlardır. Çünki Qrono İrəvana gedən kimi onu Matenadarana — Mesrop Maştots adına Qədim Əlyazmalar İnstitutuna apardılar və qədim tarixi eksponatların təqdimatını keçirdilər.

Lakin səfərə diplomatların böyük əksəriyyətinin yüksək münasibəti əks kampaniyanın effektini sıfra endirdi. Ukraynanın səfiri Yuri Husyev Qarabağa işgüzar səfəri alqışlayıb. Niderland səfirliyi Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən bərpa, sosial və iqtisadi infrastruktur layihələri ilə tanışlıq barədə rəsmi məlumat yayıb. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin isə Qarabağdakı yenidənqurmanın miqyasını və sürətini məcburi köçkünlərin təhlükəsiz qayıdışı və davamlı inkişaf baxımından yüksək qiymətləndirib.

Lakin Ermənistanın daxilində bütün reaksiyaların eyni mahiyyət daşımadığını göstərmək də vacibdir. “Peace Bridge Initiative Armenia” Azərbaycan tərəfinin təqdimatına etiraz etsə də, öz mövqeyini açıq revanşist siyasi tələb üzərində qurmadı. Təşəbbüs xəbərdarlıq etdi ki, belə hadisələr etimadsızlığı dərinləşdirir və “dialoqun mənasız olduğunu” iddia edən qüvvələr üçün əlavə imkan yaradır.

Göründüyü kimi, hakimiyyət və ona yaxın qüvvələrin bir çoxu Azərbaycanın ərazi bütövlüyünü tanısalar da, hökumət daxilində yerləşdirilən xarici qüvvələr və diaspor agenturası, kilsə, keçmiş separatçılar, Daşnaksütyun strukturları, diaspor təşkilatları və hökumətə qarşı siyasi müxalifətin bir hissəsi üçün Qarabağ siyasi korrupsiya, ideologiya və hakimiyyət uğrunda mübarizə vasitəsidir.

Qarşısıalınmaz proses Cənubi Qafqazda işğal dövrünün geosiyasi arxitekturasını dəyişir. Qarabağ məsələsi xarici və daxili qüvvələrin siyasi gündəliyindən çıxır.

Torpaqların azad olunması məscidləri, kilsələri, monastırları, qəbiristanlıqları, arxeoloji qazıntıları və digər irs nümunələrini də uzunmüddətli əsarətdən çıxarıb. Mədəni irsin azad olunması onu münaqişə silahından çıxarıb dövlətin və millətin sərəncamına vermək deməkdir.

Qarabağ nə qədər çox bərpa olunursa, orada universitet, yollar, nəqliyyat sistemləri, yaşayış məntəqələri və iqtisadi fəaliyyət nə qədər çox formalaşır, xarici diplomatlar və beynəlxalq nümayəndələr bölgəyə nə qədər çox səfər edirlərsə, suverenlik azad torpaqların hər bir nişanəsi üzərində nümayiş olunur. Kilsələrin və sinaqoqların da pasportu Azərbaycan dövləti tərəfindən verilir.

İki ölkəni yenidən düşmənçilik atmosferinə qaytarmaq istəyən qüvvələrə bəzən bir monastır, bir əlyazmanın reproduksiyası, bir xəritə, bir foto, diplomatik səfərdə səslənmiş bir ifadə də kifayətdir. Hadisə əvvəlcə tarixi polemika kimi başlayır, sonra sosial mediada mənəvi ittihama çevrilir, diaspor strukturları onu beynəlxalq lobbi gündəminə çıxarır, daxili müxalifət hakimiyyətə qarşı istifadə edir və nəticədə tamamilə başqa ölçüdə olan sülh prosesinin özü zərbə altında qalır.

Əgər tarix haqqında həqiqi elmi mübahisələr siyasi ərazi iddiasından ayrılarsa, xarici diplomatların Qarabağa səfəri nə Bakıda xüsusi siyasi qələbə, nə də İrəvanda milli faciə kimi qəbul ediləcək.

Zahid Oruc
Millət vəkili

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Tofiq Zülfüqarov: “Ermənistanda ilhaq siyasətinin qalıqları hələ də qorunur”  

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi silahlı təcavüzün yalnız ərazilərin işğalı ilə məhdudlaşmadığını, bunun daha geniş dövlət və milli siyasətin tərkib hissəsi olduğunu düşünürəm.Citypost.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, diplomat Tofiq Zülfüqarov sosial şəbəkədəki paylaşımında bildirib.O qeyd edib ki, qonşu ölkənin ərazisini ələ keçirmək üçün cəmiyyətin şüurunda müəyyən tarixi, ideoloji və mənəvi narrativlər formalaşdırılmalı idi. T. Zülfüqarovun sözlərinə görə, bu narrativlər gənc əsgərlərin verilən əmrləri mənəvi tərəddüd keçirmədən yerinə yetirməsinə zəmin yaradıb.Diplomat hesab edir ki, Azərbaycan bu strukturların ardıcıl şəkildə aradan qaldırılması istiqamətində addımlar atdıqca, revanşist dairələrin reaksiyası Ermənistan mediasında, o cümlədən hökumətyönlü resurslarda özünü göstərir.“Buradan belə nəticə...

16 Sentyabr 2026, 09:06

İlham Əliyev: Şəhidlərimizin qanı yerdə qalmadı

İkinci Qarabağ müharibəsi zamanı biz ancaq hərbi birləşmələri atəşə tutmuşduq. Biz Ermənistandan fərqli olaraq, əliyalın, mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq.Citypost.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə bildirib.“Bu, bizim xalqımızın mentalitetinə də, adətlərinə də ziddir. Mən hələ müharibə dövründə demişdim ki, biz intiqamımızı, qisasımızı döyüş meydanında almalıyıq və artıqlaması ilə aldıq da. Şəhidlərimizin qanı yerdə qalmadı”, - deyə dövlətimizin başçısı əlavə edib....

15 Sentyabr 2026, 16:50

Prezidentdən Avropa Parlamentinə SƏRT İTTİHAM

“İşğal dövründə Ağdamda bir dənə də olsun bina qalmamışdı. Nə şəhərdə, nə də ki, işğal altında olan kəndlərdə. Bütün binalar söküldü, daşlar talan edildi, aparıldı, bazarlarda satıldı. Bunun əsas məqsədi o idi ki, şəhərlər dağıdılsın, ondan sonra azərbaycanlılar heç vaxt qayıtmasınlar”.Citypost.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib.Prezidentin sözlərinə görə, bu, birinci məqsəd idi: “İkinci məqsəd əlbəttə ki, təmənna, yəni talançılıq idi. Sökülən o daşları, binaların dam örtüklərini, çərçivələri - hamısı - hətta qəbir daşlarına qədər - onları da aparmışdılar. Sonra o rəhmətə getmiş insanların o qəbir daşlarında olan adlarını silib onları...

15 Sentyabr 2026, 16:49

Elçin Əmirbəyov Almaniya səfiri ilə görüşüb

Almaniya səfiri Dirk Lölke bu gün Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəfindən qəbul edilib.Citypost.az  xəbər verir ki, bu barədə Almaniya səfirliyi məlumat yayıb.Görüş zamanı ikitərəfli münasibətlər, eləcə də əməkdaşlığın, xüsusilə iqtisadiyyat və siyasət sahələrində daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

15 Sentyabr 2026, 16:48

TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevin ümumi qardaşlıq naminə göstərdiyi səyləri yüksək qiymətləndirib.Citypost.az xəbər verir ki, Baş katib bu barədə sentyabrın 15-də Azərbaycan Prezidentinin qəbulunda olarkən deyib.Kubanıçbek Ömüralıyev bildirib:"Biz Sizin ümumi qardaşlıq naminə göstərdiyiniz səyləri yüksək qiymətləndiririk və Siz bunu bu gün bir daha göstərdiniz.Dünən də Türk dünyasının dini liderlərinin 7-ci görüşünü keçirdik. Əlbəttə ki, sonrakı beynəlxalq konfrans Bakının beynəlxalq aləmin paytaxtına necə çevrilməsini nümayiş etdirir.Həmin Qələbədən sonra təkcə Azərbaycan xalqı deyil, həmçinin bütün dünyada yaşayan azərbaycanlılar Sizin liderlik keyfiyyətlərinizdən fərəhlənir"....

15 Sentyabr 2026, 16:45

Prezidentdən müsəlman dünyasına ÇAĞIRIŞ

Əminəm ki, gələn il Azərbaycanda keçiriləcək bu Zirvə Görüşünün (İƏT-in toplantısı – red.) çox gözəl nəticələri olacaq. Bizim ümidlərimiz ondan ibarətdir ki, o Zirvə Görüşünə qədər bəzi müsəlman ölkələri arasında gedən proseslər, anlaşılmazlıq, bəzi hallarda toqquşmalar başa çatacaq.Citypost.az  xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib.Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar”....

15 Sentyabr 2026, 16:33