Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyev: Qazaxıstanın Azərbaycan ilə münasibətləri qardaşlıq və etimad nümunəsidir - MÜSAHİBƏ 

Müsahibələr 18 Oktyabr 2025, 12:19

7407

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən bəhs edib.

CityPost.az müsahibəni təqdim edir.

-Hörmətli cənab Prezident, ən yaxın vaxtda Sizin Qazaxıstan Respublikasına dövlət səfəriniz gözlənilir. Azərbaycan ilə Qazaxıstan arasında siyasi münasibətlərin hazırkı səviyyəsini necə xarakterizə edərdiniz və qarşıdakı səfərdən gözləntiləriniz nədən ibarətdir?

-Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq.

Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur.

Bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir. Qazaxıstana hər səfərimdə dinamik inkişafı, yeni uğurları müşahidə etmək mənim üçün xoşdur. Bu nailiyyətlər Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətindən xəbər verir. Ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır. Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istərdim. Həmin müddət ərzində Prezident Kasım-Jomart Kemeleviç Tokayev Azərbaycana altı dəfə səfər edib. Bütün bunlar ölkələrimiz arasında hərtərəfli tərəfdaşlıq və qarşılıqlı strateji fəaliyyətin inkişafına müştərək səylərimizi nümayiş etdirir. Bundan əlavə, müntəzəm təmaslar bizə gündəlikdə duran aktual məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir.

Fürsətdən istifadə edərək, işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə qardaş Qazaxıstana bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır.

Biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq. Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib.

Həmçinin ilk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd etmək lazımdır. Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür.

-Son illər Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq necə inkişaf edir?

-Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. İqtisadi-ticari qarşılıqlı fəaliyyətin davamlı artımını məmnunluqla qeyd edirik. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkün olub.

Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

Qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.

Bununla yanaşı, Azərbaycan ilə Qazaxıstan arasında investisiya əməkdaşlığı möhkəmlənir: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir.

-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika və neft-qaz sektorlarında, həmçinin yaşıl enerji sahəsində əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz? Orta Dəhlizin hər iki ölkə üçün əhəmiyyəti nədən ibarətdir? Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün hansı addımlar atılır?

-Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir. İnfrastrukturun davamlı inkişafı, tarif və logistika üstünlüklərinin genişləndirilməsi daşımaların həcminin artırılması və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi üçün əlverişli şərait yaradır.

Hazırda bu qarşılıqlı fəaliyyət sahəsi əhəmiyyətli tərəqqi nümayiş etdirir. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımaları əvvəlki dövrlə müqayisədə 20 faiz artaraq 3,5 milyon tondan çox olub. Orta Dəhliz ölkələr arasında davamlı və səmərəli əlaqələrin təmin edilməsində əsas rol oynayır.

2022-ci ildə Aktauda Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən Orta Dəhlizin inkişafı və istismarı üzrə “2022–2027-ci illər üçün Yol Xəritəsi” imzalanıb. Sənəd üç ölkənin nəqliyyat-logistika infrastrukturunun sinxron inkişafını, əməliyyatların optimallaşdırılmasını, əlavə yük axınının cəlb edilməsini, vahid tarif siyasətinin həyata keçirilməsini, logistika mərkəzləri şəbəkəsinin inkişafını və digər əsas məsələlərin həllini nəzərdə tutur.

İnfrastruktur sahəsində əhəmiyyətli layihələrdən biri Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisidir. Tikinti müqaviləsi 2025-ci ilin martında Bakıda imzalanıb və işlərin tamamlanması 2026-cı ilin sonuna planlaşdırılır ki, bu da rəqəmsal inteqrasiyanı gücləndirəcək.

Neft-qaz sektorunda SOCAR və “KazMunayQaz” Milli Şirkəti arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb. 2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb.

Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək.

Gəmiqayırma sahəsində tərəfdaşlıq da sənaye əməkdaşlığının mühüm istiqamətidir.

Yaşıl energetikanın inkişafı ikitərəfli gündəlikdə mühüm yer tutur. 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalayıb. Bu təşəbbüslər ölkələrin davamlı inkişafa və ekoloji cəhətdən təmiz texnologiyalara keçidə birgə sadiqliyini əks etdirir.

-Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində Türk Dövlətləri Təşkilatının rolunu necə qiymətləndirirsiniz?

-Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.

2009-cu ildə qədim Azərbaycan torpağı Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb.

TDT çərçivəsində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Birgə təşəbbüslər festivalların, sərgilərin, ədəbi gecələrin və konfransların təşkilindən tutmuş elm və təhsil müəssisələri arasında fəal əməkdaşlığa qədər geniş istiqamətləri əhatə edir.

Türk Dövlətləri Təşkilatı çərçivəsində tədqiqatların aparılmasında, elm və təhsil əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan Beynəlxalq Türk Akademiyası uğurla fəaliyyət göstərir. Biz TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edirik. Bu, Azərbaycan ilə Qazaxıstan arasında etimadın yüksək səviyyəsinin daha bir göstəricisidir.

1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini ayrıca qeyd etmək istərdim. Bu hadisə türk elminin, mədəniyyətinin, birliyinin inkişafında mühüm mərhələ oldu. Gələn il bu əlamətdar Forumun keçirilməsinin 100 illiyi tamam olur və Birinci Türkoloji Qurultayın ildönümünün TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi planlaşdırılır.

-Ölkələrimiz mədəni-humanitar sahədə nə dərəcədə sıx əməkdaşlıq edir?

-Əvvəl dediyim kimi, xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. Mədəni əlaqələrin inkişafı xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında, qardaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır.

2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Belə tədbirlər xalqlarımız arasında yaradıcılıq əlaqələrinin dinamik inkişafını əks etdirir və iki ölkənin mədəni ənənələrinin qarşılıqlı zənginləşməsinə töhfə verir.

Qazax ədəbiyyatının inkişafında mühüm xidmətləri olan ən görkəmli simalardan biri Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusunun Azərbaycan dilində nəşrini məmnunluqla qeyd etmək istərdim.

Həmçinin 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

-Xəzər dənizinin dayazlaşması problemi getdikcə daha çox aktuallaşır. Azərbaycan və Qazaxıstan bu məsələdə öz fəaliyyətlərini necə əlaqələndirir?

-Təəssüf ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır. 2022-ci ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil.

Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir.

Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin görülməsi zərurəti yaradır.

Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi, sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin zəruriliyinin rəmzinə çevrilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ

Azərbaycanın bölgələrində milli estrada musiqisinin formalaşmasına töhfə verən musiqi kollektivlərdən biri də İmişlidə fəaliyyət göstərən “Şəms” ansamblı olub. 1980-ci illərdən etibarən dinləyicilərin rəğbətini qazanan ansambl təkcə ifaları ilə deyil, həm də milli ruhu müasir estrada üslubu ilə birləşdirən yaradıcılığı ilə seçilib. Kollektivin bədii rəhbəri, bəstəkar-müğənni Şakir Quliyev uzun illər ərzində çoxsaylı mahnıların müəllifi olub, bəstələri tanınmış ifaçılar tərəfindən səsləndirilib, mahnılarından biri isə Rusiyanın "Mosfilm" kinostudiyasının istehsalı olan "Trio" filmində istifadə olunub. İstedadlı bəstəkar Şakir Quliyevlə söhbətimizdə "Şəms" ansamblının yaranma tarixindən, yaradıcılıq yolundan, uğurlarından və bu günə qədər davam edən sənət fəaliyyətindən danışdıq. Həmin müsahibəni oxuculara təqdim edirik. - Şakir müəllim, istərdik...

14 İyul 2026, 20:47

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində 78 kiloqram 250 qram narkotik vasitə və 1990 ədəd nakotik tərkibli həbin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 380 qram narkotik vasitə (5 kiloqram 530 qram marixuana; 850 qram tiryək) və 1990 ədəd psixotrop tərkibli Metadon M-40 həbi, “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində isə 71 kiloqram 870 qram marixuana...

08 İyul 2026, 13:02

Dələduzluq edən altı nəfər saxlanıldı

Azərbaycanda dələduzluq edən altı nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.Məlumata görə, polis əməkdaşlarının iyulun 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

08 İyul 2026, 09:05

İlham Qəhrəman AYB-ni rüsvay etdi

İlham Qəhrəman: "Məhkəmə AYB-nin iddiasını haqlı saymadı, nə üzr istədim, nə də təzminat ödədim" - Müsahibə Kulis.az Ülvi Bahadırın şair İlham Qəhrəmanla müsahibəsini təqdim edir.– İlham bəy, Laçın azad olunandan sonra ora getmisiniz?– Laçın azad olunandan təxminən iki il sonra – 2022-ci ilin aprelində getdim. O vaxt getmək çox çətin idi. Qubadlı tərəfdən gedəndə Laçının ilk kəndi Güləbirddi. Sarı Aşığın qəbri də həmin kənddədir. Orada “Laçın” sözü yazılmış banner vardı. Maşından düşüb bannerə sarıldım, kövrəldim, özümü saxlaya bilmədim. Vaxtilə yazdığım “Laçın” şeirinin ilk bəndini xatırladım:"Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş"Avatar"ın yaradıcısı oğurluqda ittiham olunur"Bəlkə, əynindəki mundirinə görə onunla xoş danışdılar?" -...

26 May 2026, 10:51

Qaya uçqunu İsmayıllı–Lahıc yolunda hərəkəti dayandırıb

İsmayıllı–Lahıc avtomobil yolunda baş verən qaya uçqunu səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçalarının qoparaq magistrala düşməsi nəticəsində hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə səbəbindən Lahıc qəsəbəsi də daxil olmaqla, ətraf kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti kəsilib.Yolun qaya parçaları və daşlardan təmizlənməsi məqsədilə əraziyə səhər saatlarından etibarən ağır texnika cəlb olunub. Hazırda yolun qısa müddətdə yenidən istifadəyə verilməsi üçün təmizləmə və bərpa işləri aparılır....

16 May 2026, 09:04

Qalib İbrahimoğlu: “MEDİA mətbuatın inkişafında mühüm rol oynayır” 

Müasir informasiya cəmiyyətində media artıq yalnız xəbərin çatdırılması funksiyası ilə məhdudlaşmır, o həm də ictimai şüurun formalaşmasında, dövlətlə vətəndaş arasında etibarlı informasiya mübadiləsinin təmin olunmasında mühüm strateji institut kimi çıxış edir. Qlobal rəqəmsallaşma proseslərinin sürətləndiyi bir dövrdə medianın rolu daha da genişlənir, onun operativliyi, peşəkarlığı və texnoloji imkanlara uyğunlaşması əsas prioritetlərdən birinə çevrilir.Bu baxımdan Azərbaycanda medianın inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti xüsusi əhəmiyyət daşıyır. Medianın İnkişafı Agentliyi tərəfindən icra olunan dəstək mexanizmləri media subyektlərinin institusional güclənməsinə, onların maddi-texniki bazasının təkmilləşdirilməsinə və peşəkar jurnalistika standartlarının yüksəldilməsinə xidmət edir. Bu yanaşma xüsusilə onlayn medianın inkişafında yeni mərhələnin formalaşmasına şərait yaradır.Agentlik tərəfindən...

12 May 2026, 15:51