Siyasi dələduz Cəmil Həsənli - Deputat Fazil Mustafanın HADİSƏ KİMİ YAZISI
Cəmiyyət 10 Noyabr 2025, 12:19
23665
Cəmil Həsənlini son kitabımda birbaşa siyasi dələduz kimi xarakterizə etmişəm. Bunu öz siyasi mövcudluğu anından Əli Kərimlinin mirzəsi olmaqdan o tərəfə bir boy da böyüməmiş bu adamın yalnız indiki siyasi mövqeyi ilə əlaqələndirmirəm. Yazdığı "Zamanın sınağında" adlı kitabında şəxsimlə bağlı təsbitlərində nə qədər riyakar olduğunu göstərmişəm. Yəni kiminsə hansısa siyasi mövqedə olması onun tarixi faktları təhrif etməsi üçün əsas ola bilməz.
Tarix fəlsəfəsi barədə bilgisi olmayan insanlar üçün "tarixçi" sayılan bu şəxsin yazdığı kitablarda da bu tendensiyanı anlamaq elə də çətin deyil. Milli azadlıq hərəkatı ilə bağlı yaxın tariximizin təhrifi Cəmil Həsənli kimi bir çox qeyri-ciddi tədqiqatçılar tərəfindən yazılan kitablarda müşahidə olunmaqdadır. Bu hərəkatın başlanğıcından Leytenant Şmidt (Sonrakı adı- Səttarxan) adına zavodun yataqxanasındakı proseslərin, “Çənlibel” birliyi, “Yurd” birliyi, Meydan hərəkatı, BDU-da Xalq Cəbhəsi kimi quruluşların episentrində yer alan tələbə öncüllərindən biri kimi hansısa platformada Cəmil Həsənli adında bir şəxsin varlığı gözümə dəyməyib. Sadəcə 1989-cu ildə Xalq Cəbhəsinin BDU şöbəsi yaradılanda o, idarə heyətinin üzvü kimi peyda oldu və hər kəs onu o zamankı rektor, görkəmli riyaziyyatçı alim Mirabbas Qasımovla koordinasiya quran şəxs kimi tanıdı. Hətta bir çox səmimi cəbhəçilər iddia edirdilər ki, adamı Xalq Cəbhəsinə rektor özü proseslərdən xəbər tutmaq üçün göndərib.
O zaman bizim aramızda aparılan bölgüyə görə mən BDU Hüquq fakultəsində AXC dayaq dəstəsinin sədri, Əli Kərimli isə BDU-da AXC təşkilatının sədri seçilmişdik. Bu ərəfədə onun 70-ci illərdə Əbülfəz Elçibəyin tələbəsi kimi tanıtım özəlliyindən başqa bir ifadəyə rast gəlmədim. İndi mənim hərəkatda hansısa fəaliyyətini sezmədiyim bu şəxs həmin dövr barədə xatirələr toplusu yazır və şəxsimlə bağlı bir neçə epizodu xatırladır və hər dəfə də mənfi obrazda təqdim etməyə çalışır. Xüsusilə də parlamentdə təmsil olunma barədə yazdığına dönüb bir də nəzər salsa, 2000-ci il Milli Məclisə seçkilərdən sonra öz mandatını qorumaq üçün AXCP sıralarından çıxaraq öz dostlarına naxələflik etməyə görə hər zaman utanmalı olduğunu anlayardı. Olsun, adamın həyat tərzi və indiki siyasi mövqeyi bunu tələb edirsə, bunlar məni rahatsız etməz. Çünki bu son əsərində Əli Kərimliyə yaltaqlanmaq üçün işlətdiyi ifadələri, bundan öncə mövcud iqtidara yarınmaq üçün Güney Azərbaycanla bağlı kitabında Əziz Əliyev haqqında yazdığı təşbehlərdə də istifadə etmişdi və buna görə lazımi səviyyədə mükafatlandırılmışdı.
Elə son statusunda da 1993-cü il iyun qiyamından sonrakı tarixi mirzəlik etdiyi qrupun maraqları üzərindən təhrif edərək yazmaqdadır. Prosesin içində olan cəbhəçilərə də bəlli idi ki, mənim həbs olunmam üçün parlamentdə qərar verilməklə yanaşı, qiyamçı qüvvələr tərəfindən fiziki terrora məruz qoymaq barədə dəqiq informasiyalar vardı. Polis orqanları tərəfindən axtarışda olduğumdan ümumiyyətlə öz mənzilimdə deyil, yaxın dostlarımın ayrı-ayrı mənzillərində bir il gizli şəraitdə yaşamalı oldum. İlk fürsət düşən kimi başqa bir pasportla Naxçıvana -Kələki kəndinə gedib Elçibəyin aparatının rəhbəri oldum. Bir il bu vəzifəni icra etdim, lakin mənimlə bağlı verilən sərəncam hava limanında Qənimət Zahidovdan polislər tərəfindən götürüləndən sonra təkrar cinayət işi açıldı və yenidən həbs olunmam üçün Kələkiyə Naxçıvan MR Daxili işlər nazirliyinin əməkdaşları gəldi. O zaman bütün bu hadisələrin şahidi və iştirakçısı olan Oqtay Qasımovla Elçibəyin yanında müzakirə apardıq və mənim Türkiyəyə göndərilməyim barədə Əbülfəz bəy təkid etdi və bunu Türkiyə rəsmi məqamlarından şəxsən özü xahiş etdi. Bu saxtakar Cəmil Həsənlinin yazdığı məlumatın əksinə olaraq, Tükiyədə Elçibəyin heç bir rəsmi təmsilçisi yox idi (Xanım Xəlilova orada sadəcə mühacir həyatı yaşayırdı) və düşündük ki, orada təbliğat və təşviqat işlərinin yürüdülməsi üçün ayrıca sərəncamla xüsusi təmsilçi olaraq vəzifəyə başlayım. Üç il ərzində orada hansı önəmli işlər gördüyümün şahidi olan Oqtay Qasımov yəqin ki, bir zaman bunları sizlərdən fərqli olaraq doğru-dürüst qələmə alacaqdır. 1993-cü ildə hakimiyyətdən getdikdən sonra mənim depressiyaya düşdüyüm barədə mirzəlik etdiyin şəxsin pıçıldadıqları tamamilə yalandır və ümumiyyətlə bomboz üzə durarkən danışdıqlarının arxasında sübut edə bilməyəcəyin fikirləri yazmaqdan çəkinmək özün üçün daha faydalı olardı. Qeyd etmək yerində olardı ki, döyüş bölgəsinə 37 yaşda ağır hərbi xitmədə göndəriləndə, hətta Cəmil Həsənli ilə eyni mənbəyə bağlı olan terrorçular həyatıma qəsd edəndə belə kimsə davranışımda depressiyaya yaxın hansısa bir davranış müşahidə etməmişdir.
Cəmil Həsənli kimi siyasi dələduzun ən yeni tarixə saxtalaşdırılmış baxışını özünün kirli vicdanına buraxıram. Tez-tez onun kimi eyni rolu üzərinə götürmüş məxluqlar bizim siyasi keçmişimizi mənfi çalarlalarla xatırlatmalarının sadəcə bir məqsədi var: sağlığında Əbülfəz Elçibəyə qarşı etdiyi ləyaqətsizlikləri ört-bas etmək. Maraqlıdır ki, mən dünyasını dəyişən günədək Əbülfəz Elçibəylə eyni cinahda, onun lider mövqeyini gücləndirməklə məşğul olmuşam. Savaşdığım cinah isə yalnız dövrün iqtidarı deyil, onunla gizli danışıqlarla gedərək Elçibəyi siyasi meyitə çevirmək istəyən Cəmil Həsənlinin də iştirak etdiyi məlum qrup idi. Maraqlıdır ki, məni yenidən hərbi xidmətə göndərəndə o dönəmin iqtidarı onları parlamentə göndərirdi.
Ancaq Cəmil Həsənlinin yazdıqlarında bir həqiqət var: Bu iqtidara qarşı ən sərt mübarizə aparanlardan biri mən olmuşam. İndiyədək bunu hansısa müstəvidə gizlətmədim və öz şərəfli mübarizə keçmişimdən imtina etmədim. Bu barədə Cəmil Həsənli kimi işverənlər dəfələrlə mövcud iqtidara pas ötürməyə çalışanda da anlamadılar ki, 45 illik siyasi yaşamı boyu hansısa xaricə dövlətin nüfuz dairəsinə girməyən, dövlətinə, millətinə bağlı bir partiya rəhbəri olaraq məhz öz açıq, dürüst mövqeyimi qorumuşam və hər gün Allahıma şükür edirəm ki, milli-azadlıq hərəkatının şərəfli insanlarına böhtan atmaqla məşğul olan bu hərəkat siçovullarının qarşısından bir addım da geri durmamışam.
Həmçinin oxuyun
Həm də Cəmil Həsənlilərdən fərqli olaraq səmimi şəkildə, hansısa gizli sövdələşmələrə getmədən siyasi kursumu bəyan etmişəm. İstənilən ləyaqətsiz arxamca, yaxud da yazdığı cızma-qaralarda hər cür böhtan ata bilər, ancaq hansısa namuslu bir cəbhəçi mənim xalq hərəkatına, Elçibəyə xəyanət etdiyimi heç vaxt söyləməz və söyləməyəcəyindən əminəm!
Çünki Elçibəy 2000-ci ilin avqust ayının 21-də dünyasını dəyişən zaman mən onun siyasi məsələlər üzrə müavini idim və Cəmil Həsənlinin mirzəlik etdiyi hakimiyyətlə gizli sövdələşməyə getmiş qrup yığışaraq AXCP Rəyasət heyəti adından avqustun 7-də məni təşkilatdan xaric etmək barədə qərar çıxardı. AXCP Nəzarət-Təftiş komissiyasi buna mənfi rəy verirdi və faktik olaraq təşkilat parçalandı. Maraqlıdır ki, cəbhənin rayon təşkilatlarının böyük hissəsi Elçibəy kursuna sadiq qalaraq Əli Kərimli qrupundan ayrıldı. Əbülfəz bəyin dəfnindən sonrakı dövrdə iki Cəbhə təşkilatı ayrı-ayrılıqda təşkilatlanmağa davam etdi. O zaman xarici ölkə səfirlərinin çağırışı ilə o zaman Milli Məclisə proporsional qaydada iqtidarla gizli sövdələşmədə olan Əli Kərimlinin başçılıq etdiyi qrup buraxıldı. Mirmahmud Fəttayevin sədrlik etdiyi AXCP isə bu seçkilərdə “Müsavat” partiyasını dəstəklədı. Bir il keçməmiş bu gizli sövdələşməni ifşa etdiyimə görə məni cəbhə bölgəsinə hərbi xidmətə göndərdilər və il yarımlıq xidmətdən dönüşdən sonra qərara aldım ki, AXCP ilə bağlı hansısa iddia ortaya qoymadan hallalaşıb yeni partiya yaradım və siyasi fəliyyətimi bu platformada gerçəkləşdirim. 2003-cü ilin may ayında hərbi xidmətdən dönüb iyun ayında yaradılan Böyük Quruluş Partiyasının təşkilat komitəsinin sədri seçildim. Maraqlıdır ki, yuxarıda söylədiyim kimi həmin sərt müxalifətçiliyi prezident seçkilərində “Müsavat” partiyasının başqanı İsa Qəmbərin namizədliyini dəstəkləməklə davam etdirdim. Bir neçə ay sonra İsa Qəmbərin Əli Kərimli ilə koalisiya barədə danışıqlar apardığını gördükdən sonra qərara aldım ki, artıq bu cinahla və bu anlayışla siyasət tamamilə dalana dirənib və iqtidara qarşı münasibətimizi konstruktiv zəminə keçirməliyik. Çünki xarici səfirliklərin dəstəyi ilə bu cür müxalifətçilik etməkdənsə, mövcud reallıqlar içində yeni müxalifət konsepsiyasını başlamaq ölkə mənfəəti üçün daha doğru yoldu. Bu prosesə də Milli Məclisə 2005-ci ildə seçildikdən sonra sistemli şəkildə davam etdik. İndi Elçibəyə qarşı sağlığında ləyaqətsizlik etmiş Cəmillər, Əlilər onun ölümündən sonrakı dövrdə atdığımız addımlarda hansı məntiqsizliyi bizə irad tuta bilərlər ki? Elçibəydən sonra mənim liderim olmadı və öz müstəqil kursumu millətimin və dövlətimin faydasına bu cür müəyyənləşdirmişəm və əminəm ki, mənim keçmişim də, indiki fəaliyyətim də bu adamların hamısının bir yerdə mövcudluğundan daha dürüst, şəffaf və şərəflidir!
Bəli, bir mahnıda deyildiyi kimi, dələduz məhz sənsən Cəmil Həsənli! 1989-cu ildə AXC-yə daxil olub Elçibəyin liderliyini qəbul edirsən, AXC-yə Mütəllibov komandasının açıq hücumları başlayanda 1992-ci ildə AMİP-in hakimiyyətə gəlmək ehtimalını düşünərək Etibar Məmmədovun liderliyini qəbul edib ora keçirsən, sonra AXC hakimiyyətində yer almaq üçün Elçibəyin liderliyini qəbul edərək təkrar AXC üzvü və prezidentin müşaviri olursan, nəhayət 1998-ci ildə “Yurd” birliyinə daxil olub Əli Kərimlinin mirzəsinə çevrilirsən. Bununla da iş bitmir. 2002-ci ildə AXCP qanadı parlamentdə iştirakı boykot edəndə, parlamentdə qalmaq üçün guya müstəqilləşirsən və hakimiyyətin ən əziz xələf deputatına çevrilirsən. Nəhayət 2010-cu ildə imtiyazlar almaq üçün tələblərin çoxaldıqca hamını bezdirirsən və parlamentə düşmədiyini dəqiqləşdirəndən sonra iqtidardan küsüb yenidən Əlinin qucağına qayıdırsan- indi anladınmı niyə beş-altı dəfə lider dəyişib bunu demokratiya uğrunda mübarizə kimi qələmə verən siyasi dələduz sənsən? Sənin bu böhtanlarını bəyənən, dəstəkləyən bütün sürü üzvləri də birmənalı şəkildə anlasınlar ki, Fazil Mustafanın siyasi həyatında Əbülfəz Elçibəydən başqa lider adı olmamış və Fazil Mustafa Azərbaycana bütün varlığı ilə xidmət etmək ideyalarına birmənalı şəkildə ardıcıl şəkildə bağlı olmuşdur.
Bu ağılla vallahi bircə tezisimin qarşısında duracaq savada malik olmadığını da göstərirsən. Əlbəttə, sizin anladığınız tarix barədə ciddi bilgim və düşüncəm ola da bilməz. Azərbaycanda bir çox sıradan arxivşünas özləri üçün tarixçi deyilən bir status mənimsəmiş və bu predmet barədə cəmiyyətdə yanlış təsəvvür yaratmışlar. Cəmil Həsənli də sıradan bir arxivşünas kimi çox önəmli araşdırmalar aparmış, Cümhuriyyət tarixi, Güney Azərbaycan tarixi, 50-60-cı illərdə Sovet Azərbaycanında baş verən siyasi proseslər istiqamətində xeyli faydalı materialları üzə çıxarmış və bu aspektdə maraqlı kitablar yazmışdır. Bu, əlbəttə təqdirəlayiq və zəhmətkeş fəaliyyətdir və onun arxivşünas kimi çalışmalarını çox vaxt təqdir etmişəm. Əlmərdan bəy Topçunaşov haqqında da çox əhatəli və yeni bilgilərlə zəngin kitab yazması da müsbət addım sayılmalıdır. Ancaq onun Səfəvilər mövzusuna burun soxmaqla əslində tarix şüurunun nə qədər yanlış və təhlükəli olduğunu büruzə verməsi məni xeyli sevindirdi. Azərbaycanın Nəsib Nəsibli, Elnur Nəsirli kimi savadlı tədqiqatçılarının aradabir bu mövzuda fikirlərini izləyib öyrənməsinin faydalı olacağını düşünürəm. Maraqlıdır ki, yazdığı son mətnində ara-sıra eyhamlarla Ramiz Mehdiyevdən də bəhs edir. Səfəvilər mövzusunda Ramiz Mehdiyevlə Cəmil Həsənlinin düşüncə eyniliyi məni qətiyyən təəccübləndirmədi. Mənim Səfəviliyə münasibətim də həmişə açıq olub: teokratik bir məzhəb dövləti bizim dövlətçiliyin əsası ola bilməz. Eyni xarakterdə olan dövləti İran İslam Respublikası yaradıb və bütün sistem Səfəviliyin ideyaları üzərində qurulub. Bizim dövlətçiliyin mənbəyi Azərbaycan Xalq Cümhuriyyətidir. Necə ki, Atatürk də geriçi teokratik Osmanlı mirasından imtina edərək çağdaş dünyəvi Türkiyə Cümhuriyyətini qurdu. Çağdaş, dünyəvi Azərbaycan dövləti Səfəviliyin idarəçilik fəlsəfəsini deyil, məhz bu Xalq Cümhuriyyətinin idarəçilik fəlsəfəsini qəbul edib. Qeyd edim ki, AXC iqtidarı dövründə Xətaiyə heykəl qoyulması, bu adda orden təsis edilməsi içi mən qarışıq bizim mövzu ilə bağlı cahilliyimizdən qaynaqlanırdı. Gözü hələ bağlı olanlar bunu da mənim qəti təsbitim kimi dəftərlərinin bir qırağına yazsınlar: Adam Səfəvilik üzərindən İrana olan könül bağlarını pərdələmək məqsədi güdür. Çünki inandırıcı deyil ki, mənim bu məsələyə baxışımda məhz Rəsulzadənin, Əhməd Ağaoğlunun doğru görüşlərini referans aldığımdan Cəmil Həsənli xəbərsiz olsun. Onun Babəkizmlə bağlı Rəsulzadənin sabit görüşləri ilə də tanış olduğundan əminəm. Bu həm də Səfəvilik üzərindən sadəcə İrana bağlılığı pərdələmək kimi anlaşılmamalıdır. Xatırlayıram, şəxsimə qarşı İran xüsusi xidmət orqanları tərəfindən sui-qəsd düzənlənəndə, hadisəni əhmiyyətsizləşdirmək üçün ilk dəfə Cəmil Həsənlinin açıqlaması oldu ki, guya bunu Azərbaycan hüquq-mühafizə orqanları özü təşkil edib. Cinayətkarlar həbs ediləndən və layiqli cəzalarını aldıqdan sonra belə hər dəfə İran saytları etibarlı mənbə olaraq ona isnad edərək, bu dəhşətli terroru şübhəli məcraya çəkməyə çalışırdılar. Demək ki, onun Səfəvilikdən başqa həm də Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadənin alovlu müdafiəçisi olması da səbəbsiz deyildir. Bağırzadənin həbsxanadan göndərdiyi hər müraciəti Əli Kərimli ilə birlikdə sosial şəbəkədə paylaşanda yəqin ki, heyranı olduqları Qərb demokratiyası ilə şəriət teokratiyasınının sintezini yaratmağın nəzəriyyəsini düşünmüşlər. Bundan sonra Cəmil Həsənlinin yeni liderinin Azərbaycan dövlətinə düşmən münasibət bəsləyən və teokratik bir rejim qurmaq təbliğatı aparan Tale Bağırzadə olarsa, qətiyyən təəccüblənmərəm.
Sonda məni ciddi düşündürən bir məqama diqqət çəkim. Hər dəfə cəmiyyətə açıq söyləyirəm və yazıram ki, ötən əsrin 80-90-cı illərində, hətta 2000-ci illərin başlanğıcında siyasətə, tariximizə, gələcəyin paradiqmalarına baxışlarımda köklü dəyişiklər var. Çünki oxuduqlarım, yaşadıqlarım, dünyanın real mənzərəsi bir çox məsələlərə yeni baxış tələb edir. Cəmil Həsənli kimi az-çox yazı-pozu adamların və onları izləyən sürünün hətta 2020-ci ildən- yəni Qarabağ, yəni Vətən torpağı işğaldan azad ediləndən, Rəsulzadənin, Elçibəyin ən böyük arzusu olan Azərbaycanın bütövləşməsi baş verəndən sonrakı yeni dönəmdə bir dəyişim yaşamamasının adı nadanlıq, cahillik deyil, bəs nədir? Unutmayaq, deputat olarkən indiki iqtidar barədə ən yaltaq cümlələri söyləyən və yazan, hər dəfə Fəxri Xiyabanda hamını itələyib Heydər Əliyevin abidəsi önündə baş əyməyə tələsən Cəmil Həsənli indi müxalifətdə olarkən Qarabağın azadlığını təmin edən prezident İlham Əliyevi tariximizin son iki yüz ilinin ən ağrılı problemini çözən fədakar və qəhrəman bir azərbaycanlı kimi hansısa xoş sözə layiq görmürsə, adamın davasının adının “Azərbaycan”, Rəsulzadə, Elçibəy olmadığını bir daha göstərir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ucarda yük maşını aşıb, avtomobildə olan pomidor-xiyar yola dağılıb - FOTO
Ucarda yük maşını aşıb.APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı- Qazax magistralının rayonun Qaracallı kəndindən keçən hissəsində baş verib.Belə ki, hərəkətdə olan pomidor və xiyarla yüklənmiş yük maşını idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb. Nəticədə yola dağılmış yük avtomobillərin hərəkətində çətinlik yaradıb.
16 Avqust 2026, 20:35
Bakıda bəzi marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib
M1, M2 və M3 nömrəli ekspres marşrutların “28 May” Nəqliyyat Mübadilə Mərkəzində təhlükəsiz hərəkətinin təmin edilməsi və avtobus sıxlığının azaldılması məqsədilə mərkəzə daxil olan 2, 10, 20 və 88A nömrəli marşrutların aralıq dayanacaq məntəqələrinin yerləri dəyişdirilib.Bu barədə AYNA-dan məlumat verilib.Məlumata görə,Dəyişikliklər belədir:2 nömrəli marşrut:“Dərnəgül” m/st istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı;Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı.10 nömrəli marşrut:Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.20 nömrəli marşrut:Qaraçuxur qəsəbəsi istiqamətində: Puşkin küçəsi, Muğan bağının qarşısı.88A nömrəli marşrut:Bakı Ağ Şəhər istiqamətində: Puşkin küçəsi Muğan bağının qarşısı;“Azadlıq prospekti” m/st istiqamətində: Puşkin küçəsi, Səməd Vurğun bağının qarşısı....
16 Avqust 2026, 14:12
Çimərlikdə külək əsəcək
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, avqustun 17-də mülayim şimal-qərb küləyi əsəcək.Dəniz suyunun temperaturu:Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.
16 Avqust 2026, 13:54
Bakıda külək əsəcək, rayonlarda leysan yağacaq - PROQNOZ
Avqustun 17-də gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-31° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq....
16 Avqust 2026, 13:38
Xanımına onu aradan götürəcəklərini deyibmiş...
Qarabağ problemi başlayanda Rəşid Behbudov ərazi məsələləri üstündə Mixail Qorbaçovla dalaşır və erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti ona verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır.Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər. Sonralar Şaumyanın Bakıda basdırıldığı iddia olunan yerdə işlər aparılan zaman bu işlə məşğul olan insanlar deyirlər ki, “biz Rəşidə inanmadıq. O, haqlı idi”. Meyitlərin tibbi ekspertizası zamanı Şamuyanın cəsədini orada tapılmır.Atamın böyrəyini əməliyyat etməli idilər. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında...
15 Avqust 2026, 21:36
"AZADLIQ və ANARXİYA"
İnsanın ən təhlükəli parçalanması güzgüdə görünmür. İnsan bəzən zahirən tamamilə normal həyat yaşayır: işləyir, gülür, danışır, ailə qurur, sosial şəbəkələrdə xoşbəxt şəkillər paylaşır, özünü azad və müstəqil hesab edir. Lakin bütün bunların arxasında daha dərin bir sual gizlənir: insan həqiqətən öz həyatını yaşayır, yoxsa ona yaşamalı olduğu həyatın rolunu oynayır? Bəzən insanın daxilində bir-birinə zidd iki ayrı istiqamət yaranır. Bir tərəfi sevgi, ailə, sədaqət və mənəvi bağlılıq istəyir, digər tərəfi isə heç kimə borclu olmadığını, heç kim üçün dəyişməməli olduğunu, həyatın yalnız şəxsi arzular üzərində qurulmalı olduğunu söyləyir. Bir tərəf ailə istəyir, digər tərəf ailəni azadlığın qarşısında maneə kimi görür....
15 Avqust 2026, 21:29